adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: VAQİF ƏLİSOYUN  65 YOX, 60 YAŞI VAR

AQİL ABBAS
237784 | 2020-10-01 11:22

(Təhsil naziri Emin Əmrullayevə açıq məktub)

Bu günlərdə Qarabağ qazisi Bakı şəhər Suraxanı rayonundakı 281 nömrəli məktəbin müəllimi Vaqif  Əlisoyun  təhsil naziri Emin Əmrullayevə ünvanladığı bir müraciətini ürək ağrısı ilə oxudum və həmin müraciəti də saytımızda  yerləşdirdik, qəzetdə də dərc elədik.

Vaqif Əlisoy 65 yaşı  tamam olduğuna görə təqaüdə göndərilib.

Hörmətli nazir, əvvəla Vaqif  Əlisoyun 65 yox, 60 yaşı  var, bu məsələyə qayıdacağıq.

Mən həmişə demişəm,  bu  mənim  subyektiv fikrimdi, orta  məktəb ali məktəb üçün kadr  hazırlayan  təşkilat deyil. Orta  məktəbin  birinci vəzifəsi  vətəndaş  hazırlamaqdı. Canı ilə, qanı ilə , ruhu ilə bu Vətənə, bu dövlətə bağlı olan VƏTƏNDAŞ!

Təbii ki, istedadlıları, savadlıları ali  məktəbə  daxil olacaq, orda  həm  mütəxəssis kimi, həm də bir vətəndaş  kimi daha da yetkinləşəcəklər. Və bütün orta  məktəbləri  bitirənlər də ali məktəbə daxil ola bilmir, ya peşə məktəblərinə üz tutur ki, peşə sahibi olsun, ya da gedib digər  sahələrlə – əkinçiliklə  məşğul olur, sürücülük edir, bənnalıq edir, daş yonur və sair və ilaxır.  Yəni bir  vətəndaş kimi bu millətə, bu dövlətə  qulluq edir.

Ağa Laçınlı «Səmimiyyət» adlı  şeirində deyir:

Bir  ölçü götürsək səmimiyyəti,

Alim var, çobandan aşağı qalar.

Və Ağa Laçınlının  təbirincə desək:

Bir ölçü götürsək vətəndaşları

Alimlər var ki adi bir  çobandan aşağı qalar.

Vaqif  Əlisoy əsl  vətəndaşdı və şagirdlərini də bir vətəndaş kimi yetişdirib. Şagirdlərinin   başqa  uğurlarını qoyuram bir  kənara, şagirdləri bu  Qarabağ qazisini məhz ona görə sevirdilər ki, onları bu millət, bu dövlət üçün  yararlı bir  vətəndaş kimi tərbiyə edirdi . Bu sirr deyil ki, orta  məktəblərdə  kişi müəllimlərin  sayı heç 10-15 faiz  təşkil etmir. Həm də məktəblərdə  kişi  müəllimlərinə  ehtiyac var. Belə bir vaxtda  bir kişi müəllimini  təqaüdə göndərmək  nə dərəcədə məqsədəuyğundur? Özü də həm müəllim  kollektivinin, həm də məktəb direktorunun böyük hörmətlə  yanaşdıqları bir  Qarabağ  qazisini, bir kişini.

Söhbəti  uzatmayım, gələk  yaş məsələsinə. Vaqif  müəllimin 65 yaşı  yoxdu, 60 yaşı var.  Çünki o, ömrünün 5 ilini əlində silah səngərlərdə keçirib. Nə  gecəsi olub, nə gündüzü, nə rahatlığı,  nə yemək-içməyi, nə  ailəsini  görüb, nə şagirdlərini. Qanın-qadanın içində keçən 5 il. Əslində bu 5 il ən şərəfli bir ömürdü, amma bu  5 ili yaşamayıb ki.

Evi-eşiyi, kəndi-kəsəyi, yurdu-yuvası viran qalıb. Özü, ailəsi, nəsil-nəcabəti çöllərə  düşüb. Nə qədər əzizi  şəhid olub.

Vaqif Cəbrayılzadə  Səttar Bəhlulzadə  haqqında yazır:

Ölsəydi

bu   dünyanın qara torpaqları

dolduramazdı

qocanın  üz qırışlarını.

İndi Vaqif Əlisoyun  sifətinə baxmaqla bir insanın nə qədər  ağrı-acı çəkdiyini  görmək  olar.

Vaqif Əlisoy ümumiyyətlə, bəxti gətirməyən  adamdı. Ermənilərlə müharibədə də heç bəxti gətirmədi, döyüşdə vurulub  şəhid olsaydı indi Azərbaycanın  Milli Qəhrəmanıydı.

Hörmətli Nazir!

Siz rəsmi ad almayan  Azərbaycanın Milli Qəhrəmanı Vaqif Əlisoya bir  müəllimliyi  çox görməyin!

Sağ olun!

TƏQVİM / ARXİV