adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Sentyabr 2020 11:11
39988
SİYASƏT
A- A+

"Azərbaycan prezidenti yeni dövlət qurur - Şərqdən Qərbə regional güc formalaşdırır" - MÜSAHİBƏ

Dövlət başçısı İlham Əliyev bir neçə gün öncə yerli mediaya müsahibə verib. Bir sıra məsələlərə toxunan ölkə prezidenti Azərbaycanın neft ölkəsindən qaz ölkəsinə keçid almasından, ekoloji poblemlərdən, Qarabağ münaqişəsindən, müstəqillik dəyərlərindən danışıb. Son müsahibə ilə əlaqədar olaraq beynəlxalq münasibətlər üzrə mütəxəssis, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli ilə müzakirə apardıq.

 

Azərbaycan qazı Avropanın təhlükəsizliyi baxımından önəmlidir

 

-Dövlət başçısı Azərbaycanın neft ölkəsindən qaz ölkəsinə keçid aldığını bildirdi. Neftdən qaza keçid nə ilə bağlıdı?

-Azərbaycan qaz ehtiyatları baxımından zəngindir. Qaz enerjisi diplomatiyası yönündən Azərbaycan istər dünya, istərsə regionda önəmli yerə sahibdir. Son zamanlar dünyada neft enerjisi ətrafında müxtəlif spekulyasiyalar yaşanır. Eyni zamanda daha ucuz alternativ enerji mənbələrinin kəşfi artdıqca və neft hələ də Rusiyanın siyasi maraqları baxımdan diqtəformulu kimi qalmaqdadır ki, bu da anti-neft koalisiyasının yaranmasına, neft qiymətlərinin katastrofik enməsinə gətirib çıxarıb.

Dünyada neftlə bağlı çökmə prosesi getdiyi bir zamanda Azərbaycan da qaz strategiyasında dəyişikliklərə imza atıb.

90-cı illərdən, xüsusən “Əsrin müqaviləsi”ndən sonra, 1998-ci ildən Azərbaycan əsas qaz ixracatçılarından birinə çevrilib. 2019-cu ildə BP-ninaçıqlamasına görə qaz ehtiyatlarımız 3 trilyon kub metr təşkil edir ki, bu da etiyatların 33% artdığını göstərir. Bu az rəqəm deyil, 700 milyard kub metrdən söhbət gedir.

 

-Azərbaycan qazı istər Avropa, istərsə dövlətimiz üçün hansı maraqlara və təhlükəsizliyə hansı formalarda xidmət edir?

-Xəzər dənizi neft bölgəsindən qaz hövzəsinə çevrilməkdə start götürdü. Istər “Qarabağ”, istər “Ümid” istərsə “Abşeron” yatağı gələcəkdə tək bizə deyil, qonşu dövlətlərin də inkişafında, güclənmənsində rol oynayır. Azərbaycandan Avropaya daşınacaq qaz həmin ölkələrindən də bundan yararlanmasına imkan verir.

Bütün bunlar Azərbaycanı önəmli fiqura çevirəcək. Xəzərin dibi məsələsi həll olunsa, bu bizimlə yanaşı Qazaxıstanın, Türkmənistanın da işinə yarayacaq. İran isə bəzi imperialist maraqlarından əl çəksə, o da kifayət qədər yararlana bilər. Transxəzər layihəsi Avropanın da qaz təhlükəsizliyi baxımdan önəmlidir. Rusiya siyasi maraqları naminə Avropanı bəzən qış aylarında dondurur. Avropa üçün qeyd etdiyimiz qaz daşınmaları təhlükəsizlik baxımdan əhəmiyyətli yerə sahibdir.

Ölkə başçısının da neft ölkəsindən qaz ölkəsinə keçid edirik deməsi isə təkcə təchizat ölkəsinə çevirilməmiz deyil, milli təhlükəsizliyimizin təmin edilməsi, dünya bazarında yer tutmağımız və s. amilləri də nəzərdə tutduğunu qeyd etməliyik.

Dövlət başçısı son müsahibəsində də qaz resurslarının işlənməsi, çıxarılması, çatdırılması, nəzarət proseslərinə kimi diqqəti çəkdi. Qaz diplomatiyasının istər siyasi, istərsə maddi dəstəyindən sonra paralel olaraq Qarabağ probleminin həlli yönündə addımların atılması, müdafiə strukturunun güclənməsi də aparılır və aparılacaq.

 

-Maraqlıdır ki, ekoloji problemlər bu müsahibədə əsas tezis kimi xüsusi xətlə keçir.

-Dünyada ekoloji tarazlığın pozulması əlavə problemlər yaradır. Sənaye üsulu ilə neftin çıxarılması Xəzər regionunu da çirkli ərazilərə çevirib.

1987-ci ildən Bruqlend layihəsi var ki, bütün bunlar orada nəzərdə tutulub. Bakının özü də çirkli şəhərə çevrilmişdi. Biz 21-ci əsrin tələbatlarına uyğun olaraq yaşam tərzimizi, ehtiyaclarımızı təmin edərkən gələcək nəsli də nəzərə almalıyıq. Hər hansı məhdudlaşdırmalar qida haqlarının, sağlam yaşamaq hüququnun, insan haqlarının pozulmasına səbəb ola bilər ki, zatən ekoloji təmizliyin pozulmasında da bu haqların təhlükəyə məruz qaldığını deyə bilərik. Həmçinin, iqlim dəyişikliyi su təminatında da problemlər yaradıb. Kür çayının öz mənsəbinə kimi çatmaması və.s-i göstərə bilərik.

Azərbaycan Avropa Şurası, BMT və digər beynəlxalq təşkilatların üzvüdür. Həmin təşkilatların üzvü kimi bır sıra konvensiyalara qoşulub və imza atıb. Burada uşaq haqlarından, sağlam qida, su təminatı, ekoloji tarazlığın qorunması və.s kimi layihələr var. Biz çalışırıq ki, həm bu günün təlabatlarını təmin edək, həm də dayanıqlı inkişafla sahib olduğumuz resursları, təbiəti gələcək nəslə sağlam şəkildə ötürək.

Dövlət başçısı da, onun ailəsi də tez-tez meşə zolaqlarının salınması, təmizlənmiş hövzələrin yaranması ilə bağlı tədbirlərdə birbaşa iştirak edir ki, bu da dövlətimizin qarşısında ekoloji layihələrin necə önəmə sahib olmasını göstərir. Elə müsahibədə çirkli su hövzələrinin təmizlənməsi, istirahət üçün əlverişli yerlərə çevrilməsini qeyd etməsi, ekoloji təmizliyin bizim üçün nə qədər əhəmiyyətə sahib olmasnın göstəricisidir.

 

Neft məqsəd deyil, vasitədir.

 

-Neft tükənən sərvətdir. Həmçinin, neft bizimçün məqsəd deyil, sosial rifahın yaxşılaşdırılması, qüdrətli dövlət yolunda bir vasitədir.

-Neft tükənən sərvətdir və ona görə də iqtisadiyyatın şaxələnməsi aparılmalıdır ki, bu sərvət tükənəndə onun enerjisini, gəlirini əvəz edəcək alternativlərin olsun. Bizdə bu strategiya qurulur. Qeyri-neft sektronun inkişafı, planlaşdırılması alternativ iqtisadi gəlir sahələrini yaradıb. Turizmindən əkinçiliyə,aqrotexniki siyasətə, şərabçılığa və.s kimi iqtisadi inkişaf sahələri yaradılıb.

Digər baxımdan isə neft gəlirləri neft fondunda toplanır ki, onun planlaşdırılmalarından biri də həmin neft gəlirlərinin nəsillər arası ədalətli bölüşdürülməsidir. Onların bu gəlirdən pay almasıdır. Bütün bunlar elə planlaşdırılır ki, hər hansı bir neft böhranında biz digər dövlətlər kimi neftdən aslı olmayaq, onun mənfi təsirləri bizə toxunmasın. Məhz bu səbəbdən iqtisadiyyatın şaxəli inkişafı, dayanıqlı olması bizimçün əsas prioritetlərdəndir. Bu da onu göstərir ki, neft bizimçün məqsəd yox,əhalinin sosial rifahı, dövlətin güclənməsi, qüdrətli olması baxımdan önəmli bir vasitədir.

 

-Ölkə prezidenti əsas dəyərlərimizdən biri kimi, daha doğrusu ən dəyərli sərvətimiz kimi müstəqilliyimizə toxundu.

-Müstəqilliyimizin 30-cu ilinə qədəm qoyuruq. Sovet üzvü kimi müəyyən inkişaf dövrü keçsək də formasiyanın dağılması bizə özünün dağılmış infrastrukturunu miras qoydu. Özəl mülkiyyətin yaranması ilə biz yeni mərhələyə qədəm qoyduq. Yeni müstəqil yaranmış dövlət təcavüzə uğradı, torpaqları işğal olundu. Bu dönəmdə dövləti, dövlətçiliyi təhdid edən amillərin yaşanması gənc bir dövlət üçün təcrübə də oldu.

1993-cü ildə xalqın dəstəyi ilə hakimiyyətə gələn Heydər Əliyevin strategiyasında dövlətçilik əsas qayələrdən birini təşkil edirdi. Dövlətçiliyin qorunması, ərazi bütövlüyün bərpası naminə aparılan işlər, xalqın parçalanmasının qarşısını almaq kimi tədbirlərdən sonra nələr yaşandı?

Biz gördük ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı, 2001-ci ildə Avropa Şurasına, digər beynəlxalq təşkilatlara üzv olduq, müxtəlif layihələrdə iştirakçı olduq. Regional dövlətə çevrildik, resurs dövləti kimi önəmli faktora sahib olduq. Bütün bunlar ona görə baş verdi ki, biz müstəqil siyasət yürütdük, sabitliyi təmin etdik.

Azərbaycan Rusiya, İranla qonşudur. Şərqə çıxış qapısıdır, qərbə keçiddir. Dünyanın əsas ernerji resurslarına sahib olan ölkələrindən biridir. Bütün bunları nəzərə alaraq multikulturalist, mədəniyyətlərin dialoqu vitrinini ortaya çıxardı. Müstəqilliyimizin ilk illərində Qarabağ müharibəsində bizim 500 milyard dollarlıq itkimiz olub. Düşünün, bu itkilər də olmasaydı Azərbaycan beynəlxalq aləmdə hansı siyasi diqtəyə sahib ola bilərdi?!

Qarşımızdan duran əsas prioritetlərdən biri də dövlətçiliyimizin qorunması və ərazi bütövlüyümüzü təmin etməkdir. 2020-ci il büdcəsində 4 milyarddan artıq müdafiə xərcləri nəzərdə tutulub. Təəssüf ki, təhlükəsizliyimizi təhdid edən ünsürlər də var. Ermənilərin Rusiyadan, İrandan, Avropadan idarə etdiyi sosial media, sosial şəbəkələr mövcuddur. Nə yazıq ki, bəzi hallarda bu tora düşən azərbaycanlılara rast gəlirik. Dövlət təhlükəsizliyi baxımdan qırmızı xətlər var ki, onları heç zaman keçmək olmaz. Müharibə şəraitində olan dövlətik. Düşmənin əlinə işləyən, onlara dövlətimizçün zərər verəcək hər hansı məlumatları ötürmək, etnik separatizmi dəstəkləmək istənilən halda vətənə xəyanətdir və onlara qarşı qəti addımlar atılmalıdır.

 

Emin Piri