SON DƏQİQƏ:

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolan yazır

  133282   |  
Şriftin ölçüsü  

Məzuniyyətdə olduğumu, məlum, can sıxıcı pandemiyanın şəhərdə əl-qolumu "bağladığını” nəzərə alaraq, vətənə doğru səfərə çıxdım... Yol boyu insanların maşınlarla rayonlara doğru axışdıqlarının şahidi oldum. Neyləsinlər? Bakıda dörd divar arsında oturmaqdansa, rayonda, təmiz havada, geniş həyətlərdə, sərin bulaqlarda, yaşıl meşələrdə istirahət etməyi özlərinə "çıxış yolu” seçmişdilər. 

Bərdə Qarabağın giriş qapısı sayılır. Bərdəyə çatanda artıq gecə saat birin yarısı idi. Küçələrdə insanlar gözə dəyirdi, marketlər açıq idi...Vaxtilə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdu. Deyilənə görə, şəhər bəzi mənbələrdə "Aranın baş şəhəri” adlandırılmışdı. Bərdənin qədimliyini sübut edən, 1322-ci ildə tikilmiş "Bərdə türbəsi” kimi memarlıq abidəsi var...Qədim şəhərin küçələrində artıq müasir üslubda tikilən və üzərində "əndirəbadi” yazılarla bəzədilən binalar üstünlük təşkil edir. Qədimlik bu "əndirəbadi” yazıların fonunda kölgədə qalır...artıq... Gecəni Bərdədə qaldım...isti olduğundan təmiz rayon havasında yox,  Alman markası olan kondisonerin "istehsal” etdiyi "sərin” havada yatdım...Səhər tezdən yoluma davam edəcəkdim.

Səhər yeməyini bir-iki loxma atışdırıb yola düzəldim. Gözüm yol kənarında quraşdırılan, yaşayış məntəqələrinə qədər olan məsafələri göstərən tabloya sataşdı:

 

"Ağdam,  Ağdərə, Şuşa, Kəlbəcər...

 

Biz, indi o yerlərə gedə bilmirik, ancaq ürək ağrısı ilə tablolarda adlarına tamaşa edirik...Ağdam şəhərinin mərkəzinə 27 kilometr məsafə qalırdı. Bu qədər yaxın məsafə, təəssüflər olsun ki, 27 ildir keçilməz bir müşgülə dönüb...

 

Soltanpud təpəsindəki qürur hissimiz...

 

Vaxtı ilə sovetlər ölkəsinə səs salan bu qəhrəman, geniş şəhər, indi Quzanlı kimi balaca bir qəsəbəyə sığışdırılıb. Ağdamda, Şuşada, Kəlbəcərdə, Laçında, Şahbulaq qalası kimi hündür zirvələrdə dalğalanmalıykən, Soltanpud meşəsində, çoxda hündür olmayan, kiçik bir təpədə dalğalanan üç rəngli bayrağımızı görəndə adam qürur hissi keçirir, ürəyi dağa dönür...dönür, amma xəcalət hissi ilə... Girişdə salınmış "Şəhidlər abidə kompleksi”ndə Qarabağ döyüşləri zamanı şəhid olmuş 6000 ağdamlı şəhidin adı həkk olunub...Bəli, bu qəhrəman şəhər 6000 şəhid verib...qulağı zəif eşidən, "görməsində” problem olanlar üçün bir daha xatırladıram...Şəhər mərkəzi artıq Quzanlı qəsəbəsi sayılır. Quzanlı qəsəbəsi xeyli genişlənib, yerli İcra hakimiyyəti aparatı burda yerləşir, müasirlik burda da hiss olunur.Geniş asfalt yollar, müasir binalar, rəqəmsal işıqforlar, yol kənarında sıra ilə əkilmiş Xan çinar ağacları göz oxşayır. Amma, heç nə o Ağdamı mənə xatırlatmadı. Bir tək, girişdə, Ağdamın simvolu sayılan "Çay evi” nə bənzədilmiş çay evindən başqa...Quzanlıdan keçib üzü Əhmədağalıya doğru gedirəm. Əhmədağalı kəndindən Ağdam daha yaxın görsənir, sanki, əlimi uzatsam çatacaq qədər yaxın...Maşın yolu ilə gedə biləcəyim son nöqtəyə qədər getdim. Artıq burda yol bitir!... yox, əslində yol bitmir, burda söz bitir....danışmağa olmayacaq sözümüz!

Dayandığım yerdən 1751-ci ildə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi qədim Şahbulaq qalası görsənir. Deyilənə görə, qala çay daşı, yumurta sarısı və əhəng məhlulundan istifadə edilərək inşa edilib...İndi bu qalanı ermənilər gələn turistlərə babalarının "əl işi" kimi təqdim edirlər, yallı gedirlər, çalıb-oxuyurlar orda... Utana-utana boylandım o yerlərə...boylandım, bir anlıq uşaqlığımı, məsum, qayğısız, ən xoşbəxt, ən sevincli çağlarımı, "İmarətdə” futbola baxdığım, Kolanıda gəzdiyim, Aidə bulağından su içdiyim günlərimi gördüm oralarda...Mən ora çatanda artıq hava qaralırdı. Aydın seçilmirdi oralar...Bir dəfə dostum Vasif Qurbanzadə yazmışdı ki, "Qarabağda səhər açılmır”.

O səhərin açılıb-açılmadığını görmək üçün səhər tezdən yenidən qayıtdım ora. Qayıtdım...və gördüm ki, səhər açılıb. Əziz dostum, demək ki, Qarabağda səhər açılır, mən öz gözlərimlə gördüm....axşamda düşür, küləkdə əsir, yağışda, qarda yağır, gündə çıxır. Qarabağ öz həyatını yaşayır...amma, bizsiz yaşayır. İndi orda toy edən, yeyib-içən, dincələn, yaşayan, yallı oynayanlarda var, sadəcə onlar bizlər deyilik. Biz qoruya bimədik vətənimizi, indi Qarabağ bizdən küsüb...haqqıda var küsməyə, o küskünlüyü mənə könülsüz baxan, bənizi solmuş Şahbulaq qalasının baxışlarında hiss elədim, "Üzlü-astarlı günlərin” əzablı anlarında hiss elədim, "Baba yolu”nun gedə bilmədiyimiz yollarında hiss elədim... Şair İsrafil Xaçınçaylının Şahbulağa yazdığı bir beytlik bayatısı yadıma düşür:

 

Mən aşıq, Şah bulağı,

Şah dağı, Şah bulağı.

Çağırıram dinməyir,

Yəqin kardı qulağı.

 

Yox, kar o deyil, kar bizik, şair! 27 ildir fəryad edir, yardım istəyir, məni azad edin- deyir, Şahbulaq, Kolanı,Ağdam, Qarabağ!...biz eşitmirik o fəryadı...kar demək ki, bizik!. Soltan babamın, Fərman babamın ruhları gəlmədi mənimlə görüşə, çünki inciyiblər bizdən, yəqin ki, heç vaxtda bağışlamayacaqlar bizləri...Onların qurduğu, yaratdığı, qoruduğu, yaşadığı torpaqları erməniyə verdiyimiz üçün, onların ruhlarını tək qoyduğumuz üçün... Şahbulağın sol tərəfindən baxanda Ağdam şəhəri görsənir. İndi o şəhər yoxdur. Daşı-daş üstündə qalmayıb. Kimisi "Qafqazın Xirosiması”, kimisidə "Ruhlar şəhəri” adlandırır bu şəhəri. Bəlkədə, Ağdam indi xoşbəxtdir, ona görə xoşbəxtdir ki, onu sevənlərin, onu tərk etməyənlərin, onun uğrunda ölənlərin ruhları yaşayır orda...

 

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK