adalet.az header logo
  • Bakı -°C
14 Fevral 2026 08:37
93
ƏDƏBİYYAT
A- A+

Şah İsmayıl Xətai - Turan şahıdır

Möhtəşəm 44 gün Azərbaycanın Şah İsmayıl Səfəvinin ruhuna ən böyük hədiyyəsidir

Son zamanlar sosial şəbəkələrdə və "Youtube" kanalında məni bir məsələ bərk narahat edir. Belə ki, Azərbaycanın ən böyük tarixi şəxsiyyətlərindən biri olan Şah İsmayıl Xətai barədə hədyan fikirlər səsləndirilir və maraqlıdır ki, belə sərsəm fikirlərə önəm verənlərin sayı get-gedə çoxalır. Onların arasında özlərini tarixçi alim adlandıranlar (onların alim olmasına şübhə ilə yanaşmaq üçün əsaslar olur), özlərini dırnaqarası din xadimi adlandıranlar (buna da şübhə edirsən, çünki din xadiminin üzündə az da olsa nur olmalıdır) daha çoxdur. Lakin bir şeyə şübhə etmirsən, onları kimlərsə danışdırır... 
Kiçik bir ölkədə axı nə qədər kənar qüvvə olar? 

Xətaiyə daş atanlar Azərbaycanın tarixinə xəncər vuranlardır. Onların Şah Xətaiyə atdıqları qarayaxmalar əsasən bunlardır: Xətai onu öldürüb, bunu öldürüb, sünniləri zorla şiələşdirib, Sultan Səlimlə əsassız müharibəyə gedib və uduzub. Bu səslənənlər bəsit təfəkkürlərin məhsulu deyilmi?

Mən bu cür əsassız danışanlara, xaos və qarşıdurma yaradanlara üzümü tutub deyirəm: Orta əsrlərdə mövcud olan hansı dövlət müharibə etməyib? Yaxud ona etiraz edən bölgələri öz hakimiyyətinə tabe etməyib, üsyanlar yatırmayıb, işğal etdikləri ərazilərdə qənimət toplamayıb, başlar kəsməyib və s.? Bunlar o dövrün müharibə qanunları və yaşam qanunlarının əsasları olub. Şahlar taxt-tac uğrunda iddialı olan qohum-əqrəbasını öldürür, oğulların gözünü çıxarır, bir qardaş o biri qardaşla taxt-tac uğrunda müharibə aparır, qətliamlar törədir. Bu göstərilənlər orta əsrlərdə bütün şahlara aid olan feodal üsuli-idarəsinə xas olan xüsusiyyətlər olub. Xətaiyə gələndə isə məzəmmət edirsiniz ki, Şirvan və Bakını işğal etdikdə orada qətliamlar törətmişdir. Hər bir halda Xətai o dövrdə nə sosial-demokrat, nə də kommunizm ideyalarının daşıyıcısı olan dövlətin başçısı deyildi, kommunizm dövləti yaratmağı da qarşısına məqsəd qoymamışdı. Amma nəzərə alın ki, kommunizm nəzəriyyəsinin banisi Karl Marks yalnız Şah İsmayıl Xətainin böyük fatehliyi haqqında müsbət fikirlər yazmış, demişdir: "Əgər Yaradan dünyaya bir general göndəribsə, heç şübhəsiz ki, bu, Şah İsmayıldır! Nə Napoleon, nə Sezar, nə Atilla, nə Çingiz, nə də digərləri onun kimi hərbçi, savaşçı deyildi. Çünki bu qızılbaş şahı 14 ildə 14 ölkəni, 357 şəhəri fəth etdi və ordunun önündə savaşaraq cahanda iz buraxdı!"

Qaragüruh qüvvələrin rəğbət bəslədiyi Lenin-Stalin cütlüyünün yaratdığı kommunist dövləti terror, qətliamlar və digər səbəblərdən 60 milyon insanın ölümünə səbəb oldular. Hələ mən başqa faciələri demirəm. İyirminci əsrdə onların törətdikləri qətliamlar on beşinci əsrdə mövcud olan qətliamlardan öz rəzilliyi, qəddarlığı və alçaqlığı ilə qat-qat dəhşətli olmuşdur.

500 ildən çoxdur ki, Türkiyədə, İranda, bizim Azərbaycanda müəyyən qüvvələr (əslində sifarişlə) Xətaiyə daş atır, onu aşağılamağa çalışırlar. Ancaq nə qədər daş atsalar da, o daşlar qayıdıb onların öz başlarına dəyir. Çünki Xətaini Allah özü seçmişdi və kimsə onu alçalda bilməz...

Türkiyədəki anti-Xətai qüvvələrin uydurmaları ondan ibarətdir - Xətai İslam xilafətinə sahib olmaq üçün Sultan Səlimi müharibəyə sövq etmişdir. Özünü tarixçi adlandıranlara üzümü tutub deyirəm: Nəyə görə Sultan Səlimlə Şah İsmayılın Çaldıran döyüşündən əvvəl yazışmalarını xalqa açıb göstərmirsiniz? Əslində, o yazışmalar Xətaiyə atılan çamurların ifşası üçün bəs edərdi...

Həmin yazışmalarda Sultan Səlim israrla Xətaini müharibəyə cəlb etmək üçün hər cür təhqirlərə əl atır. Xətai nə qədər çalışsa da qardaş qırğınına yol verməmək üçün Sultan Səlimi başa sala bilmir. O, yaxşı bilirdi ki, Sultan Səlimi bu müharibəyə Avropa dövlətləri və Vatikan sövq edir. Hətta o ölkələr Sultan Səlimin ordusunu kifayət qədər silahla təchiz etmişdilər. Sultan Səlim Xətaini qorxaq adlandırandan və digər həqarətli ifadələr işlətdikdən sonra o, Sultan Səlimə qarşı müharibəyə getmişdir. Əks halda həmin dövrdə dünyanın ən şərəfli hökmdarı titulunu itirə bilərdi. Əslində bu müharibə Sultan Səlimin, Avropa dövlətlərinin və Vatikanın Xətainin Turan imperiyasına qarşı Səlib yürüşü idi. Xətai bu yürüşün qarşısını mərdliklə aldı. Xətai o dövrün müharibə qanunlarını pozsaydı, həmişə olduğu kimi, özünü şərəfli aparmasaydı, Sultan Səlim ordusunu asanlıqla məğlub edə bilərdi. Lakin böyük Xətainin böyük şərəfi buna yol verə bilməzdi. Sultan Səlimin ordusunun sərkərdələrinin iki dəfə çox olmasını, orduda odlu silahların olmasını səbəb göstərib Xətaiyə Sultan Səlim ordusuna qəfildən hücum etməyi tövsiyə edirdilər. Lakin Xətai buna razı olmadı və razı ola bilməzdi. Çünki o, böyük türk oğlu, əsl Azərbaycanlı idi. 

Hələ onu demirəm ki, Sultan Səlim o dövrün bütün əxlaqi dəyərlərini pozaraq Şah İsmayılın hətta elçilərini belə edam etdirdiyi halda, böyük türk-azərbaycanlı  Şah İsmayıl Xətai belə ucuzluğa heç vaxt getmədi və getməzdi də. Sultan Səlimin hakimiyyətə gəlməsi də qanunsuz olmuşdur. O, hakimiyyətə qətliamlarla gəlmişdir. O, sultan olmaq üçün taxtda oturan atasına qarşı silahlı üsyanlar qaldırmış və ya müharibələr aparmış, bu üsyanlarda yaxın qohum-əqrəbalarına belə rəhm etməmişdir. Son nəticədə o, qardaşlarını da öldürərək sultanlıq kürsüsünə oturmuşdur. Atası II Bəyazid bunun əleyhinə olsa da xilafətin xilası naminə razılaşmağa məcbur olmuş, lakin Sultan Səlim onun mövqeyini bağışlamayaraq həyatdan yox edilməsinə rəvac vermişdir.

Bəzi tarixçilər Çaldıran döyüşünü tarixdə ən böyük qardaş qırğını adlandırırlar. Buna mən də razıyam. Lakin bu qardaş qırğınını kim törətmişdir. Qardaşlarına qarşı qətliamlar və ya qırğınlar törədərək hakimiyyətə gələn Sultan Səlim, yoxsa Xətai? Deməli, qardaş qırğınları Sultan Səlim üçün adi hal idi, Çaldıran müharibəsi bu qardaş qırğınının daha geniş bir fazada ifadə olunmasını təsdiqləyirdi. Xətainin hər addımını pafosla tədqiqat predmetinə çevirənlər niyə bunlara qarşı bəsirət gözlərini yumurlar? Əgər o gözlər onlarda varsa…

Hesab edək ki, Sultan Səlim Xətainin Anadoluda şiəliyi yaymasından qorxub onu müharibəyə cəlb etdi, bəs onda sünni Nadir şahı niyə aradan götürdülər? Hansı ki, ortaq bir təriqət məzhəbini də xilafət sultanlarına o təklif etmişdi.
İranda isə Xətaini ona görə sevmirlər ki, o, mifik Turan şahı Əfrasiyabdan min il sonra İran adlanan coğrafiyada hakimiyyəti farslardan türklərin əlinə keçirdi və real Turan şahı oldu, 400 ildən çox bu hakimiyyət türklərin əlində qaldı. Fars şovinizmi heç vaxt bunu həzm etməyib və etməyəcək. Ona görə İranda Xətainin adının əbədiləşdirilməsi üçün dövlət heç zaman təşəbbüs göstərməmişdir. Lakin fars hökmdarlarının xatirəsinin əbədiləşdirilməsinə İran şovinizmi külli miqdarda vəsait ayırır. Bu gün İranda nəyə görə türklərə qarşı mənəvi soyqırım həyat keçirilir? Səbəb isə sadədir, türklərin onları min illər idarə etməsi fars şovinizmində bir natamamlıq kompleksi yaratmışdır.

Azərbaycanda Xətai əleyhinə olan qüvvələr bir neçə qismə bölünürlər. Bir qisim o təfəkkürdən çıxış edirlər ki, guya Xətai Azərbaycanda zorla şiələşmə kampaniyası aparmışdır. Olduqca bəsit yanaşmadır. Əvvəla, Xətaidən əvvəl də Azərbaycanın bir sıra bölgələrində şiə təriqətinə mənsub olan şəxslər say çoxluğu ilə kompakt şəklində yaşamışlar. Əgər belədirsə, onda Xətai niyə Azərbaycanın şimal-şərq və şimal-qərb bölgələrini şiələşdirmədi? Bu fakt onlara ən tutarlı cavab deyilmi?

Xətai az qüvvə ilə Şirvan və Bakıya yürüş edərək, bu əraziləri öz hakimiyyətinə tabe edib bu bölgələrdə hökmdarlıq edən ərəbləri və farsları məhv etdikdən və babalarına qarşı edilmiş vəhşiliyin qisasını aldıqdan sonra tərəfdarları ilə 6 aya qədər Qəbələ və İsmayıllı bölgəsində düşərgə salmışdır. Qəbələnin Həzrə kəndində Xətainin müridlərinin qəbirləri var. Bundan başqa, Xətai özünü şah elan etdikdən sonra hər il Azərbaycanın şimal rayonlarına ova gəlmiş, günlərlə burada ov etmişdir. Yenə sual olunur: Bu anlarda Azərbaycanın şimal rayonları niyə şiələşmədi? Deməli, Xətainin guya hər yerdə əhalini zorla şiələşdirməsi barədə söylənilənlər cəfəngiyyatdan başqa bir şey deyil. 

Şah İsmayıl Xətainin dini ideologiyası İslam sivilizasiyasının ali dəyərlərini  özündə ehtiva edirdi. Hansı ki, bunun əsasında İslam dininin yaradıcısı olan Peyğəmbərə və Əhli-beytə yüksək ehtiram dayanırdı. Həmişə Azərbaycanda hakim olmuş və dünyaya yayılmış  hürufilik və sufizm dünyagörüşünün dini mahiyyəti Turan imperiyalarının qurulması uğrunda mübarizələrdə ideologiyanın üst qatı kimi çıxış edirdi. Tanrını dərk etməkdə bu müdrik inanc təvəkkülləri kütlələrin dini inanclarını daha da şövqləndirirdi, eyni zamanda bu inanclar əski türk inanclarını, o cümlədən Tək Tanrıya, Göy Tanrıya inamın da izlərini özündə əks etdirirdi.

Turançılıq Tanrıçılıqdır, Xətainin dini dünyagörüşünün üst qatında məhz bu dayanırdı. Bəlkə buna görədir ki, Səfəvilər dövlətinin bir sıra dövlət atributları, geyimləri əski türk ideologiyalarının və türk dövlətlərinin atributları və geyimləri  ilə oxşarlıq təşkil edir. Burada bir amili nəzərə almaq lazımdır; Xətaiyə və onun yaratdığı Səfəvi dövlətinə qiymət verərkən dini dünyagörüşü yox, Turançılığı ön plana çıxarmaq lazımdır. Bu zaman şüurlarda paslanmış qərəzli yanaşmalara son qoyula bilər.

Bir qisim qüvvələrin Xətaiyə qarşı qarayaxmalarının əsasını guya bu təşkil edir ki, Şah İsmayıl Xətainin şiə ideologiyası bu gün İranda hakimiyyətdə olan teokratik rejimin və fars şovinizminin siyasi alətinə çevrilmişdir. Bu gün İranın din və İslam pərdəsi altında etdiklərinin Xətaiyə heç bir dəxli yoxdur. Xətainin dini ideologiyası, yuxarıda dediyim kimi, İslam sivilizasiyasının bir hissəsi idi. İndiki İran rejimi dinimizi və Əhli-beytimizi siyasi alətə çevirməklə İslam dinini hörmətdən salmaq və İslam dünyasını parçalamaqla imperialistlərin (xüsusilə, Fransanın və onun tərəfdarlarının) əlinə oynaq bir siyasət verir.

Şah İsmayıl Səfəvi barədə sosial şəbəkələrdə, xüsusilə, Türkiyə seqmentlərində belə bir qarayaxma kampaniyası aparılır ki, guya Şah İsmayılın ulu əcdadlarından hansısa biri kürd olmuşdur. Bu, tamamilə cəfəng bir fərziyyədir. Şah İsmayılın boya-başa çatdığı Ərdəbil mahalında heç vaxt kürdlər yaşamayıb, bu mahalda həmişə etnik cəhətdən ancaq türklər yaşamışlar. 

Digər tərəfdən, hər bir dövrdə hökmdarların həyatı qarışıq nikahlarla zəngin olmuşdur. Bu amil də dövlətlərin təhlükəsizliyi məsələsində mühüm rol oynamışdır. 

Tutalım ki, Şah İsmayılın hansısa əcdadının kürdlərlə qan qohumluğu olub, bunun Xətainin yaratdığı Böyük Turan İmperiyasına nə dəxli var? 

Belə hallara qalanda rus imperiyalarının başında tatar və alman mənşəli şəxslər olmuşlar. Heç kəs onları nə tatar, nə də alman adlandırmır. Hamı onlara rus deyir, imperiyanı da rus imperiyası adlandırır. Bu qaragüruh qüvvələr Xətaini niyə bu qədər qaralayırlar? 

Bunun bir səbəbi var: Şah İsmayıl orta əsrlərdə Azərbaycan türklərinin ən böyük imperiyasını - Səfəvi-Turan imperiyasını yaratmışdır. Bu imperiyada Azərbaycan ənənələri mütləq hakim idi, ictimai həyatı azərbaycanlılar müəyyən edirdi. İmperiyanın ərazisi iki milyon kvadrat kilometrdən çox olmuşdur. İmperialist dünyası və Azərbaycana əks olan qüvvələr bu dövlətin belə bir qüdrətli və öz dövrünün ən ədalətli imperiyası olmasını həzm edə bilmirlər. Həm də ondan narahatdırlar ki, günlərin bir günü Azərbaycan öz tarixi ənənələrindən çıxış edib bu ərazilərdə Azərbaycan dövlətçiliyinin bərpası üçün haqlı iddiasını ortaya qoya bilər.

Mən bir məqama da toxunmaq istəyirəm; milli və mənəvi dəyərlərə, tarixi şəxsiyyətlərə hörmət, onları həmişə ucada saxlamaq milli şüurun, milli təəssübkeşliyin tərkib hissəsidir. 

Qonşu ölkələr bu sahədə bizdən çox qabaqdadır. Onlar öz tayqulağını da, nasistini də, generalını da, marşalını da hansı düşərgələrdə olmasından asılı olmayaraq, millət üçün etdiklərini göz önünə gətirib, həmişə yüksəkdə saxlayırlar, xatirələrinin əziz tutulmasında yekdillik nümayiş etdirirlər. Bizim isə ali dəyərlərimiz olan böyük tarixi şəxsiyyətlərimizə qarşı nəinki xaricdən, hətta daxildən kənar qüvvələr olduqca idbar şəkildə və həyasızcasına, hansısa şəxsi maraqlar və ya kimlərinsə sifarişi ilə iftiralar, hədyanlar söyləyir, özü də bunu çox rahatlıqla edirlər... Təəssüf doğurur ki, onlara qarşı ciddi bir ictimai mövqe sərgilənmir, sanki boş qalmış meydanda onlar asanlıqla top qovurlar. Bundan başqa, hüquqi cəhətdən onlara qarşı mübarizə aparmaq üçün qanunvericilikdə müvafiq hüquqi normaların azlığı və ya ümumiyyətlə olmaması məsələnin başqa tərəfi kimi də aktuallığını saxlayır. Hətta qonşu Rusiya bu sahədə bizdən öndədir.

Rusiyanın və digər qonşularımızın cinayət qanunvericiliyində milli dəyərlərə və millətin tarixi şəxsiyyətlərinə qarşı təhqiredici ifadələr işlədənlərə qarşı müvafiq normalar mövcuddur. Belə faktlardan biri kimi azərbaycanlı jurnalistin guya Jukovu təhqir etməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsini göstərmək olar. 

İrkutskda azərbaycanlı deputatın vaxtilə bu bölgələrdə özbəklərin də yaşaması barədə bir tarixi fərziyyəni dilinə gətirməsindən sonra ona qarşı yönələn hücumların bu yaxınlarda şahidi olmadıqmı?

Azərbaycanda isə informasiya azadlığından istifadə edərək, bu torpağın çörəyini yeyənlər bizim tarixi şəxsiyyətlərimizi həqarət və təhqir edirlər. Lakin onlara qarşı hər hansı bir cəza mexanizmi və ya yekdil ictimai qınaq işə düşmür. Məsələn, özünü din xadimi adlandıran birinə kim o cəsarəti verib ki, Şah İsmayıl haqqında həqarətli sözlər işlədir və o, hətta cəzasızlıq mühitindən bolluca yararlanır, bu isə digər qaragüruh qüvvələrə imkan verir ki, eyni yolu yenidən təkrar etsinlər, çünki bilirlər ki, cəzalanmayacaqlar.

Hesab edirəm ki, bu cür əməllərə qarşı hüquqi cəhətdən mübarizə aparmaq üçün  Cinayət Məcəlləsində müvafiq normalara ehtiyac var. 

Şah İsmayıl Səfəvi barəsində həqarətə görə Cinayət Məcəlləsində, hesab edirəm ki, hətta xüsusi norma zəruridir. Çünki Xətai Azərbaycan dövləti deməkdir. Dövlətimiz bu böyük oğlunun xatirəsini həmişə əziz tutmuşdur. Azərbaycanın hər guşəsində bu böyük şəxsiyyətin adına küçələr, prospektlər, parklar var. Bakının ən böyük rayonlarından biri bu ulu şəxsiyyətin adını daşıyır. Xətaiyə qarşı çıxanlar dövlətə və dövlət siyasətinə qarşı çıxanlardır, belə hallarda onlar qanun qarşısında cavab verməlidirlər, necə ki, Türkiyədə Mustafa Kamal Atatürkü təhqir edənlərə qarşı xüsusi norma əsasında ciddi bir cəza mexanizmi işə salınır. Bununla bağlı onu vurğulamaq istəyirəm ki, qonşularımız hətta onlara aid olmayan şəxsiyyətləri öz adlarına çıxmaq üçün gecə-gündüz təbliğat aparırlar. Artıq erməni seqmentləri Stalinin də erməni olması barədə yalanlar uydururlar. Biz isə halal canlı tarixi şəxsiyyətlərimizi digər millətlərin ayağına yazırıq. 

İran prezidenti bəyanat verir ki, mənim atam da, anam da türk, azərbaycanlıdır, lakin istər bizdə, istərsə də xaricdə, ən çox Ermənistanda haray-həşir qopardırlar ki, Pezeşkian özü haqqında düz demir, o, kürddür, erməni seqmentləri daha irəli gedərək qışqırdılar ki, əgər Pezeşkian türkdürsə, niyə onun soyadının sonluğu "yan" ilə qurtarır, "yan"dırsa, deməli ermənidir, ya da ermənilərdən dönmüş iranlı atrobatdır. Bizim içimizdəki qaragüruh qüvvələr də ermənilərin dəyirmanına necə də yaxşı su tökməyi bacarırlar... 

Onsuz da ermənilər bizdən çox şey oğurlamışlar, musiqimizi, adətlərimizi, mətbəximizi, tarixi abidələrimizi, - bu sıralamanı daha da artırmaq olar. Ermənilər Qafqaza köçürüldüyü tarixdən belə etmişlər, həmişə də belə olacaq, çünki bu, onların xislətindən və özlərinin heç nəyinin olmamasından irəli gəlir. Hələ müharibə illərində bir erməni dığası Üzeyir Hacıbəyovun dahiyanə əsəri olan "Arşın mal alan"ı  oğurlamışdı. Lakin Üzeyir Hacıbəyov yenidən "Arşın mal alan"ı Azərbaycana qaytarmağı bacardı. "Qarabağ" futbol klubu Avropada uğurlar qazananda seqmentlərdə  ermənilər onun Ermənistan komandası olması kimi feyk xəbərlər yayırdılar. Belə getsə, ermənilər tarixi şəxsiyyətlərimizi, qəhrəmanlarımızı öz adlarına çıxacaqlar. Çünki buna öz biganəliyimiz, laqeydliyimiz rəvac verir. 

Bununla belə, bu yazımı bədbin tonlarla bitirmək istəməzdim. Bu gün biz Xətainin arzularının çin olduğu bir dövrdə yaşayırıq. Xətainin bizə vəsiyyət etdiyi torpaqlarımız bərpa edilir. Möhtəşəm 44 gün Azərbaycan Dövlətinin, Azərbaycan Prezidentinin və Xalqının ulu sərkərdəmiz Şah İsmayıl Səfəvinin ruhuna ən böyük hədiyyəsidir. Bu qələbə münasibətilə yazdığım şeir yəqin ki, burada yerinə düşər:                                                                                                                                                                                                                                      

Zəfər günü

Vətən alqışlayır qədəmlərini,
Çoxdan gözləyirdik bu böyük günü.
Dərbənd gülümsəyir Xəzərə baxıb,
Elə bil açılıb Təbrizin eyni.

Adınla fəxr edib coşur ürəklər,
Yeni Zəfərlərlə yaşa, Vətənim!
Çoxdan tilsimdəydi Şuşanın ruhu,
Ruhun azad oldu Şuşa - Vətənim!

Dünya heyran oldu bu qələbəyə,
Bu Zəfər dillərdən-dillərə gəzər.
Ulu Qarabağın xilası sanki
Böyük İstanbulun fəthinə bənzər.

Bu Zəfər yazılıb şəhid qanıyla,
Azadlıq naminə yüz yol and içdik.
Düşmənin qurduğu istehkamları
Bir "Dəmir Yumruq"la dağıdıb keçdik.

Yurduma tuşlanan xain əllərə,
Bu Zəfər dərs oldu, - etməyin xəta...
Tarixin ən şanlı döyüşləriylə
Zamanı da yendi bu Zəfər hətta.

Yadlara əzəldən gözdağı olub,
Türkün düşmən bağrı yaran ordusu.
Yolundan çıxanı cəza gözləyir,
Tanrı ordusudur Turan ordusu...

Murov dağlarına Ağrı əl edir,
Kəpəz Savalanın görüşündədir.
Behiştdə rahat yat, Xətai babam,
Vətən qələbələr yürüşündədir.


Rafiq ƏLƏKBƏR,
Türk Dünyası Araşdırmaları 
Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru