Nağıl kimi tənha ömür- Əntiqə Kərimzadə yazır
Şair Nüsrət Kəsəmənli deyir ki, “İnsan taleyilə gəlir dünyaya”. Bəs bu tale yolunun enişi- yoxuşu, dağı- daşı, çiçəyi insanla birgə doğulurmu? Doğrudanmı insanın xarakteri, xasiyyəti, peşəsi, mövqeyi onun taleyinə təsir etmir? Düşünürəm ki, təsirsiz ötüşmür. Taleyindən qara buludların yan keçmədiyi insanlardan biri də aktrisa, xalq artisti Zərnigar Ağakişiyevadır.
O, 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. Ömür yolunu incəsənətə bağlayan bu gənc qız 1968-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsinə daxil olur. 1972-ci ildə təhsilini başan vuran aktrisa Tədris teatrında işləməyə başlayır.
Aktirsanın sənətə gəlməsi ilə ailə həyatı qurması eyni ilə təsadüf edir. Lakin həmin evliliyin ömrü 11 il olur. Aktrisa 11il evli olsa da bu nigahdan övladı olmayıb.
O, 1973-cü ilə rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında A.Ostrovskinin “Müdriklər” dramında Mamayeva rolunu oynayır. Məhz həmin roldan sonra 1974-cü ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunur..
Aktrisa ömründə məbədə çevirdiyi teatrdan bir müddət küsür və uzaqlaşır. Buna səbəb isə 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi olur. Lakin 7 ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıdır. Bu qayıdışdan sonra ardıcıl olaraq teatrda səhnələşdirilən tamaşalarda baş rollarda yer alır.
Bununla yanaşı, Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və “Azərbaycanfilm” in istehsal etdiyi bir çox filmlərdə çəkilmişdir. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollarda yer alıb.
Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanmışdır. Aktrisa kimi həmişə diqqət cəlb etmiş və xarakterik obrazlarına görə xanım həmkarlarından fərqlənmişdir.
Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 2014-cü ildə Şöhrət ordeni, 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
O, müsahibələrinin birində oynadığı obrazlarla insanların diqqətini çəkdiyini və fəxri adlarla yanaşı, ən böyük qazancının tamaşaçı alqışı və sevgisi olduğunu etiraf edib.
Uğurlu obrazları ilə yadda qalsa da, taleyi heç də uğurlu olmayan xalaq artisti Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda evində vəfat etmişdir. 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılmışdır.
Həyat yoldaşı və övladı olmadığı üçün aktrisann dəfn mərasimini əmisi qızı təşkil edib.


Bakı -°C

