adalet.az header logo
  • Bakı -°C

Fundamental tədqiqatçı - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
321 | 2026-02-11 12:24
A- A+

(Görkəmli ədəbiyyatşünas Araz Dadaşzadənin 90 illiyi münasibətilə)

Araz Dadaşzadə ədəbiyyata 60-cı illərdə gəlmişdir. Azərbaycan ədəbiyyatında yeni bir yüksəliş dövrü kimi səciyyələnən bu illərdə şeirdə də, nəsrdə də, dramaturgiyada da yeni adlar və əsərlər ədəbi dövriyyəyə daxil oldu. “Yeni Azərbaycan nəsri”, “Yeni poeziya” istilahları daha çox “altmışıncılar” ədəbi nəslinin yaradıcılığına şamil edilirdi. Ədəbi tənqiddə də yeni bir mərhələnin başlanğıcı qoyulur, tənqiddə estetik cəhətlərə,  sənətkarlıq problemlərinə, forma xüsusiyyətlərinə, ədəbi qəhrəman axtarışlarına fərqli bir baxış bucağı müəyyənləşirdi, Yaçar Qarayev, Şamil Salmanov, Akif Hüseynov, Gülrux Əlibəyli, Arif Abdullazadə, Arif Hacıyev, Araz Dadaşzadə, Arif Səfiyev kimi tənqidçi və ədəbiyyatşünasları da mənim fikrimcə, “altmışıncılar” nəslinin tənqid – ədəbiyyatşünas qolu kimi qəbul etmək olar. Araz Dadaşzadə də istedadlı bir ədəbiyyatşünas kimi məhz altmışıncı illərdə parladı – 1966-cı ildə onun “Molla Pənah Vaqif” (həyat və yaradıcılığı) monoqrafiyası çap olundu. Onun  bu monoqrafiyası  vaqifşünaslıqda bir dönüş yaratdı, daha doğrusu, Vaqifi yeni elmi-nəzəri təfəkkür işığında  dərk etməyə səsləndirdi. Araz Dadaşzadənin Vaqif dünyası – bu  haqda bir qədər sonra söz açacağam.  Amma bundan öncə, Araz Dadaşzadəni bir ədəbiyyat adamı kimi səciyyələndirmək istəyirəm.

  1. Araz Dadaşzadə böyük Azərbaycan tənqidçisi akademik Məmməd Arifin ailəsində dünyaya gəlib. Səməd Vurğunun “Tənqidimizin vicdanı” adlandırdığı Məmməd Arif həm də bir şəxsiyyət kimi qibtəediləsi insan idi. Yaşar Qarayev “tənqidçinin müdrikliyi” məqaləsində yazırdı: “Adətən, ədəbi tənqidi müxtəlif obrazlarla müqayisə edirlər. Arif müəllimin adı ilə bağlı tənqiddən söz düşəndə mənim xatirimə yalnız bir müqayisə gəlir: Ədəbi tənqid də, ədəbi kompasa bənzəyir, burada da əqrəb həmişə eyni qütbü – həqiqət qütbünü nişan verir! Arif müəllimin əlində tənqidçi qələmi həmişə məhz “həqiqət qütbünü nişan verən kompas əqrəbi olmuşdur və bu əqrəb, bu qələm Arif müəllimin əllərində heç zaman titrəməmişdir”. Oğul Dadaşzadə Ata Dadaşzadədən nəhz “həqiqət qütbünü” əxz edir. Və Məmməd Arif ədəbi məktəbi təkcə böyük mənada ədəbiyyat aləmində deyil, həm də ailədə davam etdi. Araz Dadaşzadə, Aqşin Dadsaşzadə, Zümrüd Dadaşzadə və Kəmalə Dadaşzadə.
  2. Araz Dadaşzadə əsl ədəbiyyat adamı idi, ədəbi prosesdə fəallığı ilə seçilirdi. Onu həm klassik ədəbiyyatla, həm də müasir ədəbi proseslə bağlı məqalələri, namizədlik və doktorluq dissertasiyalarına verdiyi rəylər, onlarla elmi əsərlərdə redaktor kimi çalışmaları, ayrı-ayrı tamaşalara həsr etdiyi resenziyalar, Yazıçılar İttifaqında keçirilən mötəbər müşavirələrdə çıxışları buna sübut ola bilər. Xalq yazıçısı Elçinin tərtibi və redaktorluğu ilə nəşr olunan “Fikrin karvanı” toplusunda Salman  Mümtaz və Həmid Araslı haqqında qələmə aldığı elmi oçerklər göstərir ki, Araz Dadaşzadə ustadlara qarşı həmişə ehtiramla yanaşmışdır. 1981-ci ildə “Azərbaycan” jurnalının 10-cu sayında “Tənqid və ədəbi proses” silsiləsindən “Tənqidin vəziyyəti: imkan və perspektivlər” adlı  bir dialoq təşkil etdiyimi xatırlayıram: bu dialoqda Yaşar Qarayevlə Araz Dadaşzadə iştirak edirdilər. İndi də o dialoqda səslənən fikirlər öz aktuallığını itirməyib.

Qayıdıram Araz Dadaşzadənin Molla Pənah Vaqif dünyasına. XX əsrdə Vaqifin həyat və yaradıcılığı ilə bağlı xeyli sayda məqalələr diqqəti cəlb edir. Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Məmməd Səid Odubadi, Abdulla Şaiq, Mehdi Hüseyn, Səməd Vurğun Vaqif haqqında (onun poeziyası və dövlət xadimi kimi fəaliyyəti) maraqlı fikirlər söyləmişlər. Araz Dadaşzadənin monoqrafiyası isə mənim fikrimcə, Vaqif  haqqında  ilk sistemli tədqiqat işidir. O, Vaqif dövründən ta XX əsrin ortalarına qədər bütün mənbələrə, yazılanlara doğru-dürüst qiymət verir, şairin həyatı, yaradıcılığı ilə bağlı mübahisəli, hətta yanlış fikirlərə aydınlıq gətirir.

Vaqifin əsərlərinin toplanması, nəşri və tərcüməsi ilə bağlı görülən işlər barədə müfəssəl məlumat verir. Həyatı və dövlət fəaliyyəti ilə bağlı aydın təsəvvür yaradır. Fikrimcə, monoqrafiyanın iki fəsli Vaqif haqqında yazılan sonrakı elmi əsərlər üçün çox qiymətli bir mənbədir.

Araz Dadaşzadənin Vaqif yaradıcılığı ilə bağlı fikir və mülahizələri onun mükəmməl bir ədəbiyyat tarixçisi olduğunu, bu sahədə ustadları olan Həmid Araslı, Məmməd Arif, Məmməd Cəfər yolunu davam etdirdiyini göstərir. O, XVIII əsr Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini təhlil edəndən sonra Vaqif lirikasının özünəməxsus səciyyəsi haqqında söz açır. “Vaqif təpədən dırnağa  lirikdir, onun poeziyasında əsl lirik sənətkara xas xüsusiyyətlər: sadəlik,  təbiilik, səmimilik, emosionallıq vardır. Əgər əruz vəznində şeirin, qəzəlin ustadı Füzulidirsə, heca vəznli şeirin, qoşmanın ustadı Vaqifdir” – deyir. Və sonra yazır: “Vaqifin poeziyası özündən əvvəlki şeirə bir yekun vurmuş, sonrakı şeirə qapı olmuşdur. Vaqif klassik şeir ənənələrindən bacarıqla istifadə etmiş, forma, dil və sənətkarlıq nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edən poeziya yaratmışdır. Vaqifi Vaqif edən əsas amil də budur”.

Vaqif yaradıcılığından söz açan müəlliflər mütləq Füzulini də yad edirlər və bu iki şairin məhəbbət lirikasını müqayisəyə çıxarırlar. Araz Dadaşzadə yazır: “Füzulinin lirik qəhrəmanı gözələ tabedir, onun quludur, gözəlin hər bir əmri onun üçün müqəddəs qanundur. O, gözəldən şikayət etməsə də, ondan nəvaziş də gözləmir.

Mənim tək hiç kim zarü pərişan olmasın, yarəb!

Əsiri-dərdi-eşqü dağı-hicran olmasın, yarəb!

Vaqifin lirik qəhrəmanı daha həyati bir adamdır, o, həyatdan nəşə almağa can atan və buna müvəffəq olan bir aşiqdir. Onun kədərlənib, qüssələnməyə vaxtı yoxdur”. Burada Nizami Cəfərovun bir fikrini xatırlatmağa dəyər: “Füzuli heyrətə salır, Vaqif isə inandırır”.

Araz Dadaşzadə yazır: “Vaqif, Füzuli və başqa klassik şairlərin səmanın yeddi qatına qaldırıb həsrətlə baxdıqları, ülvilik, fəlsəfi məna axtardıqları məhəbbət məhfumunu yerə endirmiş, onu həyatiləşdirmişdir. Vaqif eşqdə nə fəlsəfi məna axtarır, nə də ülvilikdən kömək gözləyir. O, hər gün dəfələrlə gördüyü “tər cıqqalı, siyəh telli, zülfü gərdəndə sallanan” gözəllərdən yazır. Vaqif xəyal aləmində uçmur. Onun ayağı möhkəmcə yerdədir. O, gündəlik həyati məhəbbəti ümüd bəslənən məhəbbətə dəyişmir. Bu nöqteyi-nəzərdən Vaqif realistdir. Daha doğrusu, həyat təcrübəsinə sadiqdir”. Bu “realistdir” ifadəsinə dəqiq yanaşaq. Akademik İsa Həbibbəyli XVII-XVIII əsrlər ədəbiyyatından söz açarkən haqlı olaraq erkən realizm ifadəsini işlətmşdir. Tamamilə haqlıdır...

Araz Dadaşzadə Vaqifi nikbin bir şair kimi təqim edir və dünya ədəbiyyatında – fəlsəfə tarixində gedunizm anlayışına üz tutur (yunanca bu sözün mənası “nəşələnən” deməkdir).

Vaqif Azərbaycan poeziyasında dilimizin ən birinci sərrafıdır – desək, yanılmarıq. Araz Dadaşzadə adını çəkdiyim monoqrafiyada ilk dəfə olaraq Vaqif şeirinin “Vəzn, dil və sənətkarlıq xüsusiyyətlərindən söz aşır. Vaqifin şeirlərində xalq danışıq dilinin ədəbi dillə necə qovuşduğunu misallarla təsdiq edir:

Xumar-xumar baxan ala gözlərin,

Qaldı canda gizli-gizli dərdimiz;

 

Vara-vara artdı zülmü sitəmin,

Həsrətindən öldüm-öldüm dirildim.

 

Gözəl sən tək belə şuxu şən gərək,

Həmdəmi də həm özünə tən gərək,

Sənə Vaqif kimi dərd bilən gərək,

Layiq görməm hər nadanı mən sənə.

Araz Dadaşzadə Vaqifin Azərbaycan ədəbiyyatındakı mövqeyini də düzgün təyin edir və ilk olaraq Mirzə Fətəli Axundova müraciət edir: “Mən əyyami-səyahətimdə səfheyi – Qarabağda Molla Pənah Vaqifin bir para xəyəlatımı gördüm ki, zikr etdiyim şərti bir növ ilə onda gördüm” Və sonra digər müəlliflərin fikirləri ilə bizi tanış edir.

Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyası da (1980) onun necə mükəmməl bir ədəbiyyat tarixçisi olduğunu sübut edir. Bu monoqafiyada Araz Dadaşzadə bizə o dövrün məlum olan şairlərin yaradıcılığından söz açır, eyni zamanda, ədəbiyyat tariximizdə adları az çəkilən bəzən unudulan şairlərə də müraciət edir.

Araz Dadaşzadənin bir vaqifşünas kimi elmi fəaliyyəti haqqında çox şey deyə bilmədim. Amma XXI əsrdə də vaqifşünaslıq elmi ədəbiyyatşünaslığın bir qolu kimi inkişaf edir. Akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif”, akademik İsa Həbibbəylinin “Molla Pənah olan Vaqif” monoqrafiyaları vaqifşünaslığa yeni töhfələrdir.

Və Molla Pənah Vaqifin poeziyası bu gün də öz təsir dairəsini itirməyib, əksinə, əksər qoşma yazan şairlərimizin şeirlərində Vaqif nəfəsi duyulmaqdadır.

Araz Dadaşzadə uzun müddət Azərbaycan Sovet Ensiklopediyasında çalışdı. Son iş yeri həmin ensiklopediyada baş redaktor vəzifəsi idi. Amma təssüf ki, səhhətində yaranan problemlər nəzərdə tutulan böyük içləri görməyə ona imkan vermədi. Ən yaxın dostlarından biri Xalq yazıçısı Anar  onun vəfatı münasibətilə “Arazsız qaldıq” vida yazısını qələmə aldı. Doğrudan da, ədəbiyyat elmimiz ensiklopediyamız Arazsız qaldı. Onun qəhrəmanı – Molla Pənah Vaqif unudulmadığı və əsrlər boyu mənən yaşadığı kimi, Araz Dadaşzadə də yaddaşlarda, xatirələrdə, ədəbiyyat tariximizdə heç vaxt unudulmayacaq

  • Fevral:
  • 6

TƏQVİM / ARXİV