adalet.az header logo
  • Bakı 19°C
25 Iyun 2019 17:48
28375
ƏDƏBİYYAT
A- A+

KÖVRƏK DUYĞULARIN POETİK TƏRAVƏTİ

Söz bir qapıdır. Bu qapıdan keçmək üçün qapını döymək lazım deyil. Döyülməklə açılmır bu qapı; duyumla, duyğuyla açılır. Duyğusu, duyumu olmayanın bu qapıda işi yoxdur. Dünya yaranandan bəri sözlər qapıların, qapılar sözlərin alın yazısıdır. İnsan ömrü də söz kimi bir qapıdır. Zaman-zaman, fəsil-fəsil açılır; gah sevincin, gah kədərin, dərdin üzünə...

Ulu sözə könül bağlayan qələm adamlarından biri də Azərbaycan Yazıçılar Birliyinin üzvü, dörd poetik toplunun müəllifi, istedadli şair Tamella Pərvindir. Öz məzmunu ilə seçilən maraqlı və mənalı bir həyat yolu keçib. Tamella xanımın şeirlərində yurd, vətən, doğma ocağa bağlılıq hissi məxsusi poetika ilə səciyyələnir. Milli-mənəvi dəyərlərin, intizar, həsrət dolu sevginin, valideyn məhəbbətinin, ləyaqət və insanpərvərlik duyğularının bədii tərənnümü onun poetik nümunələrində səmimi bir kaloritdə öz ifadəsini tapır. Həmçinin onun şeirlərində uca Allaha dərin inamın tərənnümü ilə yanaşı, həyatda xeyirxahlıq, həssaslıq və qayğıkeşlik ruhunun təbliği, sadə insanların arzu, istək və amallarının gerçəkləşməsi kontekstində ulu sevgi amillərin rolunun böyüklüyü də səciyyəvi xarakter daşıyır. Şairin şeirlərində zaman, təbiət, insan amili bədii təfəkkürün tərkib hissəsi kimi çıxış edir. İstedadli sairin "Bahar” adlı poetik nümunəsi bu kontestdən səciyyəvidir.

Başımda fırlanan, qəm havasıdır,
Ürək mənə deyir, köklən bahara.
Deyəsən bu dava, bar davasıdır,
Toxuna bilməzsən ki, arzulara...

Könlüm, bu, çiçək tək, bar həvəsində...
Şeirə köklənmişəm, göydəyəm yenə...
Əllərim çiçəyin yar həvəsində,
Öpüşür, uyubdu çiçək eşqinə.

İlahi, çiçəyin köşəsinə bax,
Bu ağac, bu barı neyləyəcək ki?!
Deyirsən, birini dər, sinənə tax,
Qoparsam, bu gəlin göynəyəcək ki...

Ana ağacların deyil vecinə,
Həyatın hər üzü yanaqlarında.
Dəymərəm,onların çicək dəcinə...
Bar fəsli gəzərəm budaqlarında...

Çiçəklər vüsalın gen qucağıdır,
Yaxşı daş hasarlar, qoruyur sizi.
Vallah, sevgilinin qanacağıdır,
Gəzib dolansa da itirir izi...

Ay ağac, bar gətir, gözüm sinəndə,
Gəlin, gəl özünə, çırp ətəyini...
Payızım gəlməsin, payız gələndə,
Di bağla başına öz örpəyini...

Gənc yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərən Tamella Pərvinin qələm təcrübələrinin tarixi xronikası onun püxtələşməyə can atmasından, getdikcə buna nail olmasından soraq verir. Əlbəttə, uğurlu yaradıcılıq prosesi üçün peşəkarlıqla yanaşı, şair ovqatının "sarı sim”də gəzişməsi də vacib şərtlər sırasındadır. Bu mənada da Tamella xanımın öz yaradıcılıq yolunda bu önəmli şərtə diqqət yetirir, yəni könlünə yatan, onu həyacanlandıran mövzular, hadisələr qəlbinin poetik işığında təqdim edir.

Sən arzumdan doğmuşdun, mənim ki,

Harda qaldın, ay ömrümün bir günü?

Sabahlara üz tutmuşdun, dünən ki,

İzləyirəm hər sabahı, hər günü.

Həsrətimin felindəyəm, bir ildi,

Qatarlar şütüdü, günlər silindi.

Nə işarə qandın, nə him bilindi,.

Alınmır ki, eləmişəm, vər günü.

Gümanlarım yolun azıb, bilirəm,

Nələr edib, nələr yazıb, bilirəm.

Baxışların söyləsə də, gəlirəm,

Yox olursan, hər Allahın ver günü.

Çox naşıyam, baxışının dilinə,

Bu sevginin açarı nə, dili nə.

Mat qalmışam, göndərdiyin gülünə,

Demə varmış, bir, "günlərin bir günü”.

Bu poetik misralarda dərin və saf bir sevginin, hicran və həsrət qoxulu bir qəlbin səmimi duyğulari diqqəti cəlb edir. Lirik qəhrəmanın yaşadığı həsrət ağrısının dərinliyi ilə bərabər eşqin ucalığını, qüdrətini daha parlaq və gözəl ifadə etmək üçün istifadə olunan bədii təsvir və ifadə vasitələrinin təravəti şairin poetik bacarığının ehtivasıdır.

Tamella xanımın poetik əsərlərinin lirik qəhrəmanı öz müşahidə qabiliyyəti ilə diqqəti cəlb edir. Onun fərdi poetik siması yalnız qələmə aldığı nümunələrin üslüb cəhətlərində deyil, həmçinin hadisələrə yanaşmasında, onları seçməsində və qiymətləndirməsində, lirik "eqo”nun əhval-ruhiyyəsini təravətli, həm də səmimi çalarlarla ehtiva etməsindədir.

Üzünü döndərib hara gedirsən,

Üz tutan yerin yox, özündən özgə.

Qəfilcik mələklər yazmasın günah,

Özümü asmışdım, sözümdən öncə.

Şəkiləm, heykələm, kimə gərək ki,

"Yenə əyilmədi, deyilən, qadın”.

Uzaqlaş, aydınlaş, səbrimdən get ki,

Mən də bir mələyəm, deyiləm qadın.

Özümü yox, daha "ağlamıram, hec”,

Gəl səni ağlayım, Adəmin oğlu.

Sənin qürurunu qırardımmı heç,

Səni sındırmazdım, adamın oğlu.

Əyib vüqarını, tez get, sən Allah,

Yalançı vüqarım, ağrıyır axı.

Özümdən çox səni düşündüm, billah,

Məni "boş xəyallar” "saxlayır, axı”.

İnsan dühasının ən böyük tapıntısı və insan həyatının ən dəyərli xəzinəsi sözdür. Sözün təbiətinə xas olan keyfiyyətlər çeşid-çeşiddir. Bədii sözün mahiyyəti daha təravətli və çoxmənalıdır. Bədii söz dərin ictimai mənası, əhatəli və güclü realizmi, estetik keyfiyyətləri ilə dolğun məzmun kəsb edir. Bu mənada bədii təfəkkürün, ədəbi yaradıcılığın yolu mürəkkəb mündəricəsi ilə seçilir. Yalnız əhəmiyyətli mövzunun qələmə alınması əsərin ədəbi uğuruna zəmanət verə bilməz. Əsl sənətin gücü dəyərli ideyanın, böyük fikrin obrazlı ehtivasında, təravətli təcəssümündədir. Tamella Pərvinin şeirlərinin lirik qəhrəmanı müşahidə qabiliyyəti ilə fərqlənir. Onun fərdi poetik siması təkcə yazdığı şeirlərin üslub xüsusiyyətlərindən deyil, həm də hadisələrə yanaşmasında, onları seçməsində və dəyərləndirməsində, lirik "mən”in əhval-ruhiyyəsini təbii və səmimi poetik boyalarla canlandırmasındadır. Şairin lirik qəhrəmanı həssas müşahidə qabiliyyətilə həmin proseslərdə fəal iştirak edir. Onun poeziyasında yurd sevgisi, vətənsevərlik, el-oba məhəbbəti, milli özünüdərk və yaddaşa qayıdış duyğusu, böyük önəm daşıyır. Şairin vətən ətirli şeirlərində torpaq ağrısı, yurd həsrəti məxsusi bədii detallarla əks olunur. Bu adsız şeirdə məxsusi poetik özünüifadə şairin bədii qüdrətini əyani sərgiləyir.

Doymuş bulud, dolmuş bulud,

Gəlmə üstümə.

Mən də doymuşam, dolmuşam,

İndicə, özünü üstümə sıxar.

İldırım çaxar,

Yaxşı, məni, yanına apar,

Bulud,
Agah olum sənin sirrinə.

Gəl tökək göz yaşımızı

Mənim vətənimin dərdinə.

Əsl sərhəd deyil ora,

Sərhədlər çox uzaq.

Yollar, hıçqırıq dolu,

Aça bilərsənmi, atəşlər qoruyan bu yolu.

Yox, bulud, yox,

Sən Tanrıya bir bulud yaxın.

Qoy çıxım üstünə, Tanrıya baxım,

Dolub Tanrı.

Qarışıb göz yaşına

Axım.

Mübarək sözünətrini duyanlar az deyil. Min illərdir söz var, sözə könül verənlər, sözün işığında yol gedənlər var. Bəzən adama elə gəlir ki, deyiləsi yeni söz qalmayıb, bir ömür yaşayan insanla, onun həyata gəlişi və həyatdan gedişi arasında Allaha, cəmiyyətə, təbiətə sevgiylə bağlı hər şey deyilib və yazılıb. Ancaq insan təfəkkürünün və düşüncəsinin sərhədləri nəhayətsizdir. Dünyanın, təbiətin, cəmiyyətin saysız-hesabsız görüntüsü mövcuddur və bu vizuallığı uşaqdan tutmuş qocayadək hər kəs özünəxas rakursdan qəbul edir. Şairlər bu görüntüləri, bu mövcudluğu özünəməxsus formada poetik duyumla ifadə edirlər. Bununla da insanı həm riqqətləndirən, heyrətləndirən, həm sarsıdan, həm də heyran edən estetik duyğu aləmi yaradırlar. Şairləri yaşadan da bu estetik aləmdir. Bunların məxsusi lirik, romantik dünyası oxucu üçün maraqlı səyahəti xatırladır. Virtual səyahəti sevənlər, virtual səyyah olmağı bacaranlar belə məqamları gözəl anlayırlar.

Poeziya aləmində elə şairlər var ki, onların istedadının gücü mürəkkəb poetik obrazlar silsiləsində deyildir. Onların istedadının mayası xalq təfəkkürünün zənginliyindən qaynaqlanaraq, insanın arzusunu, ümidini, kədərini, sevincini, bütövlükdə mənəvi aləmini aydın, rəvan və özünəməxsus səmimiyyətlə əks etməsindədir. Bu aspektdə özünü doğruldan, çağdaş poeziya məkanında yaradıcılığının təbii, səmimi və ahəngdar ovqatı ilə diqqət çəkən istedadlı şairdir Tamella Pərvin.

Poetik müstəvidə estetik idealın ifadə formaları çox çeşidlidir. Yaradıcı insanın, daha dəqiq desək, şairin estetik idealının daşıyıcısı müxtəlif formalarda təzahürə malikdir. Şair hər şeydən əvvəl onu əhatə edən həyatda özünün yaradıcılıq idealları ilə mütənasib olan adamları təsvir və tərənnüm edir.

T.Pərvinin obrazlar sistemində özünü göstərən poetik vasitələrdən biri bədii suallar, xitablardır. Şair bədii suallarla təsvir etdiyi surətin duyğu və düşüncələrini, daxili ovqatını və psixoloji məqamını şəraitə uyğun daha təsirli şəkildə üzə çıxardır. Bu məziyyətlər bədii təsvirə konkretlik və əyanilik gətirir.

Vermə mənə, əvəz dünya,

Kişi kimi yandırmısan.

Üfürürsən əbəs, dünya,

Külümü ki, sovurursan.

Yüzüm aldın, bir verdin ki,

Bəndə idim, bilmirdin ki?

Sən özünü endirdin ki,

Kimin yerində durursan?

Bədii xitabların poetik fiqurlar sırasında obrazlılıq yaratması, səmimi ovqat aşılaması diqqətçəkəndir. Bu poetik detallar şeirlərdə obrazın, təsvirin təsirli ifadəliliyinə xidmət edir.

Tamella Pərvin bədii dilimizin zəngin və rəngarəng təhkiyələrindən, bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə edərək, qələmə aldığı mövzuların bədii həllini, poetik ümumiləşdirməsini özünəməxsus ovqatda təqdim edə bilir. Onun yaradıcılığında məxsusi bir məziyyət var ki, onu başqalarından fərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdir və bu sadəlikdə bədii zənginlik və müdriklik mövcuddur. Şairin şeirlərinin məğzini təşkil edən dərin və poetik ictimai məna uğurlu yaradıcılıq səciyyəsi daşıyır. Tamella Pərvinin anasına ünvanladığı poetik məktubun mündəricəsi kövrək və yaddaqalandır.

Gözlərin gözümçün çiçək gətirdi,

Ürəyim çırpındı xoşhallığından.

Həsrətin, can atıb, məni bitirdi,

Qollarım asıldı ucalığıından.

Ana, tamlığımız necə əzizdir,
Sən məni buraxma gözündən Iraq.
Dünya necə əlvan, necə təmizdir,
Sən məni buraxma, gözündən iraq.

Canından ayırıb, can verdin, necə,
Gör bir neçə yerə bölünmüsən sən.
Ömrüm, qucağında məzələnircə...
Özün bir Tanrısan, bilirsənmi sən?!

Şairin lirikasında həsrət və qəm motivlərinin yeknəsəkliyi, sentimental notlar, gərəksiz pafos heç vaxt duyulmur. Onun şeirlərində vətənin, valideyn-övlad məhəbbətinin, doğma ocağın tərənnümü, həmçinin xeyirxahlıq, nəciblik, əzəmət və gözəllik duyğularının bədii müstəvidə səmimi təbliği, bütövlükdə yaradıcılığına dərin ictimai-fəlsəfı mündəricə gətirir.

Söz həm də güzgüdür. Fikirlərin, duyğuların, düşüncələrin güzgüsü. Bu ilahi güzgü xeyirxah və nəcib əməlləri, qəhrəmanlıqları, yurd, vətən sevgisini, həmçinin mayasında Allah işığı olan bütün sevgiləri, gözəllikləri öz mübarək üzündə əks edir. Müqəddəs sözün saf çeşməsindən içənlər o qələm sahibləridir ki, onların alın yazısından ulu Yaradanın təbəssümü boylanır. Belə istedadlı şairlərdən biri olan Tamella Pərvinə yaradıcılıq uğurları arzulayıram.

Balayar Sadiq