adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Mart 2019 00:31
30409
LAYİHƏ
A- A+

MUĞAMLARIMIZDA "BAYAT" GİZLİNCLƏRİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Ən gözəl nəğmeyi-Davudu düşünməz cahil,
Bu muğamatı gərək elmli insan oxusun.

Əliağa VAHİD

Bəri başdan deyim ki, mən özümü qətiyyən muğam bilicisi saymıram. Bu fikirdən də tamam uzağam. Amma özümü xoşbəxt hesab eləyirəm ki, muğamatı qəlbən sevirəm. Muğam bilicilərilə, görkəmli xanəndələrlə ünsiyyətdə olmuşam, onların bəziləri haqqında kitablar da yazmışam. Bütün bunlara baxmayaraq, muğam mənim üçün sirlərlə dolu bir aləmdi. Muğam sonu görünməyən dərya kimidir, onun sahilinə gəlib çıxmaq müşkül bir işdir. İllərlə düşünmüşəm ki, muğam nədir? Ondakı bu hikmət nədir ki, ustad bir xanəndənin otuz il bundan əvvəl lentə alınmış səsinə otuz ildi qulaq asırıq, amma bezmirik? Bu, səsin sehridirmi, muğamatın möhtəşəmliyidirmi? Dinlədikcə xəyalımızı dərinliklərə aparan, sevincli anımızda bizi müdrükləşdirən, dərdli anımızda bəşəri kədər aşılayan muğamlardakı bu hisslər, duyğular bolluğu haradandı?
Muğamatın böyüklüyü bəlkə də ondadır ki, onun ruhumuzda oyatdığı təbəddülatı, əhvalımıza görə təsirini tam aydınlığı ilə şərh etməkdə acizik. Muğamın həm tarixi, həm də mənəvi coğrafiyası olduqca genişdir. Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli özünün ölməz "Azərbaycan xalq musiqisinin əsasları" kitabında yazır: "...Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü "bina" (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi: Əndəlisdən Çinə və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür...
Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun, 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi. On iki əsas muğamlar bunlar idi: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfəhan, Zirəfkənd, Büzürk, Zəngulə, Rəhavi, Hüseyni və Hicaz.
6 avazat isə Şahnaz, Maye, Səlmək, Novruz, Gərdaniyə, Güvaştdan ibarət idi.
XIV əsrlərin axırlarına doğru baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq, bu möhtəşəm musiqi "binasının" divarları çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır.
Yaxın Şərq xalqları uçub dağılmış bu "musiqi binasının" qiymətli "parçalarından" istifadə edərək özlərinin "lad tikinti" ləvazimatı ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda yeni "musiqi barigahi" tikmişdir".
Məni həmişə bir çox Azərbaycan muğamlarının əvvəlindəki "Bayatı" sözü düşündürüb. Nə üçün məhz "Bayatı-Qacar", "Bayatı-İsfəhan", "Bayatı-Şiraz", "Bayatı-türk", "Bayatı-kürd", "Bayatı-əcəm" və s. deyilir? "Bayatı" kəlməsi muğamlara təsadüfənmi əlavə olunub? Qətiyyən! Səbəbsiz heç nə yoxdur. Mən bəlkə də ilk baxışda çox adi görünən bu "Bayatı" kəlməsi ətrafında illərlə düşünmüşəm. Təsadüfən bu barədə "Azərbaycan oxuma məktəbinin yaradıcısı" (Bülbül) Cabbar Qaryağdıoğlunun musiqi tariximizlə bağlı qeydlərində rast gəldim. Cabbar Qaryağdıoğlu yazır:
"Oxucularımıza məlum olsun ki, neçə bayatı nəğmələri var. Əvvəl "Bayatı-İsfəhan", ikinci, "Bayatı-Şiraz", üçüncü, "Bayatı-kürd", dördüncü, "Bayatı-əcəm", beşinci, "Bayatı-türk", altıncı, "Bayatı-çoban", yeddinci, "Bayatı-xan", səkkizinci, "Bayatı-sallama", doqquzuncu, "Bayatı-Qacar". İndi bilmək lazımdır ki, nə üçün bir belə "bayat" ləfzi işlənilir. İmdiyə kimi də heç bir musiqar "bayat"ı şərh etməyib. Ustadlarım Mirzə Əli, Xarrat Qulu və Molla Həmiddən öyrəndiyim üçün, bir də tarixləri aradığım üçün mənə yəqin olur ki, dərəbəylik zamanında, Oğuz xan vaxtı bayatlıların istila etdiyi yerlər olub. Bağdaddan Şama kimi və bütün Orta Asiyanı istila edib, hətta Həştərxanı və Rusiyanın bir çox yerlərini istila edib. İranı fəth edəndən sonra Aras təriqilən keçiblər Göyçə mahalına və Quba həvaləsinə: Qarabağ təriqilən Göyçə mahalına. Onun üçün də hələ mən bildiyim, Azərbaycanda olan Bayat kəndi səkkiz-doqquzdur. Üç Bayat kəndi Quba mahalındadır, üçü də Ağdam (Əslində Ağcəbədi ərazisində - M.Ç.), Bərdə rayonlarındadır. Ona görədir ki, İsfəhandan, Şirazdan, Əcəmstan, yəni İsfəhan bayatlıları Şiraz və Əcəmdə kürd və Qacarlardan Bayat ellərinin hökmüran zamanı sürgün olduqları üçün də nəğmə oxuyanda "Bayatı-filan" ad verilir. Hətta Azərbaycanın köhnə aşıqları, saz-balaman çalanları da həmin bayatlılardan olub. Hərgah yaxşı arayıb bu sözlərin doğru olub-olmağını bilmək istəsəniz, aşıqların da bayatlı olmağını mən sübut edərəm. Çünki hankı bir aşıq oxuyanda axırda gərək bayatı ilən qurtarsın və köhnə aşıqlar əvvəldə bayatı oxuyub, axırda da bayatı oxurlardı. Və bütün bu bayatlıların ləhcəsi də oğuz ləhcəsidir" (bax: "Azərbaycan" qəzeti, 19 noyabr, 1992).
Qoca Cabbarın fikirlərində zərrəcə yanlışlıq yoxdur. Əksinə, düşünürsən ki, o, "Bayatı-xan", "Bayatı-sallama" kimi muğamları dünyadan köçəndə özü ilə qəlbində aparıb.
Bayatlarla bağlı Cabbar Qaryağdloğlunun fikrini türk professoru Faruq Sümər də təsdiqləyir. O, oğuzların 24 boyundan biri olan bayatlar haqqında yazır: "Bayatlar, bilindiyi kimi, tariximizdə mənəvi şəxsiyyətlər yetirmiş bir boydur. Oğuzların dövlət və din adamı Dədə Qorqud, məşhur şair Füzuli bu boya mənsub idi". Faruq Sümər daha sonra yazır: "Şərq musiqisindən bayatı məqamının (muğamının) İran bayatlarının musiqi havalarından alındığına şübhə yoxdur" (bax: F.Sümər, "Oğuznamə". "Yazıçı", 1992. səh. 227-241).
Tarixi qaynaqlara diqqət yetirərkən bayatların çox geniş ərazilərdə məskunlaşaraq fəaliyyət göstərdiklərini görürük.
Quzey və Güney Azərbaycanla yanaşı, İranı, İraqı oymaq-oymaq dolaşan, adət-ənənəsini yaşa-daraq ömür sürən, müharibələrdə şücaət göstərən, "boy boylayan, söz söyləyən" bayatlar İran bayat-ları (Cənubi Azərbaycanda və fars əyalətlərində yaşayanlar nəzərdə tutulur), İraq bayatları, Şam bayatları, Qara bayatlar, Ağ bayatlar ayamaları daşıyaraq bəşər tarixinə öz əvəzsiz töhfələrini vermişlər.
Bu gün klassik ədəbiyyatımıza bələd olan hər kəs Bayat və bayatı sözlərinin bir neçə mənada işləndiyinin fərqindədir.
Bayat məşhur bir qəbilənin adı kimi, bayatı isə lirik şeir və vokal musiqi janrı kimi. Bizim heç bir musiqi təhsili olmayan babalarımız, nənələrimiz gözəl səslə bayatı çağırmağa (oxumağa), bayatı söyləməyə meyilli idilər.
Bayatı demək, bayatı söyləmək, bayatı çağırmaq xalqımızın məişətinin, poetik dünyasının ayrılmaz bir hissəsi idi. Adicə əlifbanı belə bilməyən babalarımız, nənələrimiz özünün düzüb-qoşduğu bayatı ilə bəyan edərdi ki;

Araz qalmaz axmaqdan,
Şimşək doymaz çaxmaqdan.
Gözlərimə qan damdı
O taylara baxmaqdan.

Mətnşünas alim Salman Mümtaz Bayat ellərinin Oğuz xanın nəvəsi, Günxanın ikinci oğlu Beyatla bağlı yarandığını yazır. Salman Mümtaz "...Beyatın öz qardaşlarından hər bir cəhətdən üstün və bay, başqa igidlərdən də cəsur və ötgün" olduğunu söyləyir. Qeyd edir ki, adın mənası da təqribən adlı-sanlı, məruf və məşhur deməkdir.
Beləcə Beyat zaman keçdikcə "ulus, el, xalq, bəyat, boyat və biyad" (S.Mümtaz) və nəhayət Bayat şəklini almışdır.
Salman Mümtaz da belə qənaətə gəlmişdir ki: "Bayatlıların yaratdıqları ədəbiyyata bəyatı adı verilmişdir ki, bu gün belə yurdumuzda məşhur, hafizəmizdə məhfuz olan bəyatılar bəyat elinin hünəri və o xalqın nümuneyi-qabiliyyətidir. Bəyatı söyləmək, bəyatı çağırmaq şərəfi bəyatlılara və o istedadlı elə aiddir. Böyük Füzuli bəyat elindən olduğu kimi, Azərbaycan ədəbiyyatında mühüm bir mövqe sahibi olan Vaqif də bu nəcib elə mənsubdur. Aşağıdakı mətləi ilə Vaqif bunu etiraf etmədədir:

Qarabağ içrə bir şairi-kəlimüllah Musadır,
Cavanşiri içrə bir mövzun bayati dəsti-beyzadır.

Bəyati çağırmaq yalnız bayatlılara münhəsir olub qalmamışdır. Başqa uluslardan, ellərdən yetişən şairlər, aşıqlar da bayatlıların yaratdıqları ədəbiyyatı təqlid edərək özlərini sınamışlar. Onlar da hünərlərini göstərmək üçün bir çox bayatılar çağırmışlar. Nəticədə el ədəbiyyatının bu qismi könül istədiyi qədər çiçəklənmiş və qol-budaq atmışdır" (S.Mümtaz. "Azərbaycan ədəbiyyatının qaynaqları", B: "Yazıçı", 1986, səh. 160-161). Mövzumuza uyğun olaraq bizi ən çox maraqlandıran oxumaq mənasında bayatı çağırmaq ifadəsidir. Yaşlılardan eşitdiyimə görə bayatını nəğmə, şikəstə kimi oxuyanda misra-misra, aramla çağırırsan. Təsadüfi deyildir ki, el arasında belə bir məsəl də var: "Bu çağrılmış bayatıdır". Yəni oxuduğun nəğmədə, söylədiyin fikirdə yeni bir şey yoxdur.

(ardı növbəti sayımızda)

Mustafa ÇƏMƏNLİ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ