SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU:TƏKLİYİMİN MONOLOQU

  13380   |  
Şriftin ölçüsü  

Hər dəfə təklənəndə, kimsəsizləşəndə, tənhalaşanda özümdən də, sözümdən də uzaq düşürəm. Dünyanın qatlarına, sevincinə, kədərinə mənasız, əhəmiyyətsiz bir heçlik kimi baxıram. Yəni düşünmürəm ki, hardasa məni sevinc gözləyir, hardasa yolumun üstünə şadlıq, şadyanalıq kölgə salır. Və yaxud da kədər, qəm öz sırasıyla boy-boya dayanıb gözləyir məni...

Hə, mən bütün bunları artıq keçib getmiş qatarla, başa çatmış günlə eyniləşdirirəm. Ona görə də içimdəki sadəcə bir təəssüf hissidi. O hiss də məni sakitləşdirməyə çalışır. Demək istəyir ki, heç nəyi dəyişə bilməyəcəksən. Bu yazı, bu qismət Haqqdan gəlir. Doğrudur, mən elə bu yazının özünə da asi olmaq, ona üsyan etmək niyyətini içimdə qoruya-qoruya bəzən şeirimdə də yazmışam ki:


Bu qismət yazılıb - sınıq qələmlə

Süstlənib hər sözü dərdlə, ələmlə...

Boyuma biçilmiş ağır şələmlə -

gəlirəm...


İndi bu misraların ovqatına bəlkə də bir az əsəbi, bir az istehzalı, bir az da laqeyd baxanlar olacaq. Hətta aranızda kimsə məni ağrını, dərdi təbliğ edən birisi kimi qınayacaqdı. Mən bütün bunların hamısını rahatlıqla qəbul edirəm. Bilirəm ki, taleyimə yazılan, boyuma biçilən hər şey çəkilməlidi və çəkiləndi. Çünki dərdi-səri insan çəkməlidi, dağ-daş yox. Ona görə ki, Allah dərdi-qəmi insana verir...

Bəzən söz adamları, elə mənim özüm də dağı, daşı, ağacı qınayırıq. Onların bizsiz necə var olduğuna, necə dözüb durduğuna üsyan edirik. Amma bilmirik ki, bizim obrazlaşdırdığımız, canlandırdığımız, nəfəs verdiyimiz dağ, daş, ağac və digər bütün görünənlər, mövcud olanlar öz dillərindən başqa heç bir dili bilmirlər, öz həyatlarından başqa heç bir həyat yaşamırlar. Necə ki, mən sənin dilini bilirəm... sənin üçün yaşayıram. Və hətta bircə anlıq da olsa gözümü yummaq, dilimi dişləmək istəyəndə belə misralar özü-özlüyündə sənə ünvanlanır:


Qəribsədim səninçün

Sözünçün qəribsədim...

Adam dolu dünyada -

Özünçün qəribsədim...


Bəli, bax bu gerçəkliyin, bu yaşamın içində nə qədər özümü toparlamağa, xəyallarımı, yuxularımı gerçəklik kimi qəbul etməyə çalışsam da, amma istəklərim çin olmur. Çünki onların çin olmasına dəstək ala bilmirəm. Və hətta dünyamı alt-üst edən ifadələr, sözlər, fikirlər qapımı döyür. Onlardan hansısa biri mənə güllə kimi dəyir... Və o güllə də qanımda, canımda, varlığımda dolaşa-dolaşa gəlib sənə ünvanlanan məktuba çevrilir... oxumadığın məktuba...


Səndən ayrılıb getmək -

Ağrıtmır! - məni dedin...

Mənisə yola salmaq -

Ağrıdır! - səni dedin...


Sözlər güllə tək yağdı

Yaralarım tağ-tağdı...

Dərənin başı dağdı -

Dağıdır çəni dedin...


Bitdi olan gücüm də

Bu dəyirman içimdə...

Çat yeri var küncündə -

Axıdır, dəni - dedin...


Görürsünüzmü, yaşamımı, duyğumu və bu yaşamın, duyğunun ifadəsi olan fikri. Yəqin ki, görürsünüz! Çünki siz də bu və ya digər formada bu yaşamı köynəyinizdən keçirmisiniz. Özünüz də baş verənlərin daşıyıcısı, iştirakçısı olmusunuz. Yəni məzmun sizin üçün də məlumdu. Sadəcə, siz fərqli formaların görüntülərini izləyirsiniz. Ona görə də öz yaşamınız, öz düşüncəniz sizə daha doğmadır, nəinki mənim yazdıqlarım?!.

***

Əlindən-ətəyindən tutduğum fikirlər hərdən o qədər soyuyur ki, onun sazağı iliyimə işləyir, canımdan soyuq cərəyan kimi keçir. Üşütməsi barmaqlarımı göyərdir, dişlərim bir-birini taqqıldadır. Təbii ki, bunu kənardan kimsə görmür. Çünki bu mənim iç dünyamdı, özəl dünyamdı. Onun qoruyucusu da sənsən, sənə olan sevgimdi. Deməli, həmin yaşamı görmək imkanı ancaq sənə aiddi. Hiss edirəm ki, sən də onu görmək istəmirsən. Bəlkə yanılıram? Kaş ki, belə olaydı! Yanılaydım duyğularımda və:


Gözlərin yol yüklüdü

Gəlmirsən yüngülləşsin...

Dərin bağrını dələn -

Kipriklər süngüləşsin...


İçimdə lövbər salıb

Oturuşmuş qoca dərd...

Bir həmsöhbət də yoxdu -

Alım təzə - borca dərdə...


Göz yüküm sözə hopur -

Misralar ağılaşır...

Ömürdən günlər qopur -

Həsrətim ahıllaşır...


***

Bütün zamanların, bütün

yaşamların özünə görə, çəkisinə, tutumuna görə, ölçüsünə görə, sevinci, kədəri, sevgisi, məhəbbəti təbii ki, həm də həsrəti var. Bunu düşünə-düşünə götür-qoy edirəm. Yəni sənli anlarımı, günlərimi, bütövlükdə həyatımın vərəqlərini çevirirəm. Sanki yuxudan ayılıram. Və içimdən bir sevinc dolu "ah" qopur. İnana bilməzsiniz! Axı sevinclə "ah"ın bir yerdə olmasını kim ağlına gətirə bilər ki?!. Amma mən həqiqətən bunu yaşadım və inandım ki, sevincin də "ah"ı var. "Ah"ın da sevinci olduğu kimi. Mənim sevincimin "ah"ı ömrümün mənası olan sevgimin yaşı demək imiş. Mən bunu indi dərk etdim, indi anladım. Və...

Və bildim ki, əslində bütün həyatm, bütün dünyam, bütün yaşamım sən demə o sevginin özüymüş, o sevginin ifadəsi, diqtəsiymiş... Sən demə mən elə bu həyatı bax, o içimdən qopan "ah"ın özü kimi sevginə sığınıb, sevginə bələnib yaşamışam. Bunu nə sən demisən, nə də mən bilmişəm. Sadəcə, mən ömrün axarında özüm də hiss etmədən, özüm də fərqinə varmadan o sevgiylə birlikdə axıb gedirmişəm.


Bu gün sənə yazmadım...

Susdum ki, qayğısız ol...

Nə ürəyin yüklənsin -

Nə gözün dolsun bir yol...


Bilirəm ki, nə yazsam

Qəlbinə bir xal salır...

Yazdıqlarımdan sənə -

Ancaq sıxıntı qalır...


Mən bir sevgi çaşqını

Qibləsin səndə tapan...

İçimdəki daşqını -

Eşqdi yoğurub yapan...


Duyğularım cilovsuz

Dilbilməzdi ruhum da...

Tutulmuşam tilovsuz -

Ovcundaydım yuxumda...


İçimin, dünyamın ifadəsi olan bu misraların ardınca özüm də bilmədən bir sükuta qərq oluram. Sanki bütünlüklə yoxluğa, ilğıma çevrilirəm. Elə bil ki, bir qəfil külək alıb aparır məni. Və mən də o küləyin caynaqlarında heç çırpınmıram da... heç nəfəsimi də çəkmirəm, səsimi də çıxartmıram. Çünki dünyam təkliyin, tənhalığın diqtəsi altındadı. Bu şəhər mənə tamam bomboş görünür... Boşluqda var olmaq görəsən mümkündürmü? Bilmirəm! Bildiyim odur ki:


Mən duaçı, sən isə

Duaların ünvanı...

İsit pıçıltılarla -

Sinəmdəki yuvanı.


Qanadlanan xəyalım

Pərvanəndi - səbirsiz...

Sənsiz ötən anlarım -

Dəfn olunur - qəbirsiz...


Dayan, arxaya dön, bax

Dizim torpağa çatır...

Göyərib olub tağ-tağ -

Ürəyimdəki yatır...


Dualarla suvarıb

Göz yaşımla yumuşam...

Əl vurma, ürpənərsən -

Tay daş kimi soymuşam...


***

Bəli, mən nə qədər bu təkliklə, bu tənhalıqla vuruşsam da ona qalib gəlmək gücündə deyiləm. Bilirsiniz niyə? Ona görə ki, mənim gücüm özümə aid deyil. Bəlkə də pafoslu səslənir... bəlkə də çox böyük görünür... Amma bütün hallarda bu bir həqiqətdi, bu bir gerçəklikdi. Həmin həqiqətin və həmin gerçəkliyin də adı sevgidi! Bax, mənim gücüm də ondadı. Amma neyləyim ki, o sevginin qarşı tərəfi - onun ünvanı bu Allah bəndəsini görmür, onun səsinə səs vermir. Və beləcə, söndürür bir şamı... qaraldır bir ocağı...Gücsüzləşdirir və süquta aparır bir ürəyi...

Olsun! Bəlkə də elə bununla yaşayacaq sevgi... bununla şərəflənəcək və yaxud da bunun özü də bir yazıdı. Axı, mən əvvəldə mən vurğuladım ki, sınıq qələmlə yazılıb bu ömür yolum. Və mən də onun nöqtə-vergülünə toxunmadam yaşamağı bir zərurət kimi qəbul etmi şəm. Sadəcə, hərdən duyğuların, hisslərin cilovunu ovcumda saxlaya bilməyəndə yazıram:


Mən susuram, danışmaq

İmkanım zədələnib...

Sevmək qadağan olmuş -

Ürəyim hədələnib...


Uyub sözün çapına

Kim var eşqə tapına?!

Ürək sənin qapına -

Verdiyin vədə gəlib!..


Çoxaldıqca yar dağı

Sınıb ruhun bardağı...

Mənə də gün ortağı -

Dərd adlə gədə gəlib!


Yaşadığım gün nəfə

Yer qalmayıb tay səhvə...

Artıq düz iki dəfə -

Ölümdən hədə gəlib!..


Hə, biz, daha doğrusu, mən və sən aid olduğumuz dünyanın, vətəndaşı olduğumuz məmləkətin özünə oxşayırıq. Hopub bizə bu dünyanın bütün problemləri. Və biz də çevrilmişik təbii ki, özümüz istəmədən o problemlərin, o dərdlərin daşıyıcısına. Olsun, daşıyaq dərdimizi, yaşayaq dərdimizi. Yəni yaşadaq sevgimizi, daşıyaq sevgimizi... Büdrəmədən, yıxılmadan Haqqa, İşığa doğru gedənlər kimi gedək yolun qalanını da!..

Sizə də uğurlu yolçuluqlar!..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-20
2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK