SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: İSTİDƏN DƏ ADAM ÖLÜR HA

  18320   |  
Şriftin ölçüsü  

… Yay gələndə deyirik qış olsun, qış da gələndə arzulayırıq ki, yay gəlsin. Ancaq yayın da, qışın da gəlişini heç də biz insanlar müəyyənləşdirmir. Bunu Yaradan belə qurub: əvvəl qış olur, sonra yaz, yay və payız. Beləcə, hər ili biz yaşamağa məcburuq. Və bir də deyirlər ki, a kişi, vallah, bu yay elə əsl kasıb-kusub üçündü. Çünki yayda bütün meyvə-tərəvəz məhsulları bol olur, ucuzluq yaranır və imkansız adamlar da ağır külfətini tərəvəzlə, pomidorla, xiyarla, qarpızla, yemişlə birtəhər yola verir.

Deyəsən bu yay bizə düşərli olmayıb. Bilirsiniz niyə? Çünki bəzi vicdansız işbazlar yumurtanın qiymətini qaldırıb eləyiblər 16 qəpik, pomidorun, xiyarın bir kiloqramı isə 60-70 qəpiyə satılır. Hələ biz başqa mer-meyvənin qiymətini demək istəmirik. O qiymətləri desək vallah, gözünüz kəllənizə çıxacaq. Gör nə günə qalmışıq ki, qarpızın bir kiloqramını bizim Qoşqar 45 qəpiyə satır. Özü də and-aman eləyir ki, müəllim, dədəmin göru haqqı bazardan onun kiloqramını 40 qəpiyə alıram. Mən köpəkoğlu da balalarımı saxlamaq üçün onun üstünə 5 qəpik pul qoyuram. İt itliyiylə bu istidə çölə çıxmır ey! Amma mən bir tikə çörəyə görə və beş qəpik üçün günün altında durub qarpız satmağa məcburam. Qazandığımın da çoxunu Allaha and olsun ki, dava-dərmana verirəm. 6 ay bundan qabaq böyrəyimdə daş vardı. Əməliyyat elədilər, həkimlər 1500 manat pulumu bağırda-bağırda aldılar. Neyləyim, ağrı-acıdan ölürdüm. İndi heç olmasa bir az ağrı-acım azalıb…

… Hava o qədər istidi ki, adam nəfəs ala bilmir. İyul ayının 10-u saat 12-dir. Əvvəlki günlərdə olduğu kimi, yenə göydən od yağır. Yenə biz birtəhər iş otaqlarında sərin yerdə əyləşib işimizi görürük. Mənim yazığım bilirsiniz kimə gəlir? Yazığım o günün altında işləyən, tər tökən fəhlələrə, pambıq alağı eləyən, üzlərini günəşdən qorumaq üçün dəsmalla bağlamış qadınlara və bir də çöldə xidmət edən yol polislərinə gəlir…

Adamın ürəyi az qala istidən dayanır. Amma bu insanlar 46-47 dərəcə və bəzən də daha yüksək temperaturada işləməyə məcburdular. Heç olmasa onların bu cür ağır zəhmətinə qiymət verilə? Bəzən görürsən ki, günün altında işləyən fəhlənin, pambıq sahəsində alaq eləyən qadınların zəhmət haqqını da vaxtında vermirlər. Hətta bəzən görürsən ki, günün altında zülm çəkən və insanların təhlükəsizliyini qoruyan yol polislərinin də bu xidmətini qara qüvvələrə nəzərə almayıb onlara vedrə bağladılar. Yəni bulanıq suda balıq axtarmağa başladılar. Beləsini aparıb qoyasan Hacıqabulun, ya da İmişlinin avtomobil yolunda gün təpəsinə döyə və onda başa düşər ki, ay dadi-bidad, günün altında işləmək nə deməkdir. Bax, onda bəlkə hər şeyi qara görməyə alışan bu cür üzdən iraq adamların ağlı başına gələ.

Deyirlər ki, adamlar ən çox soyuqdəymədən ölür. Yəni istidən və günvurmadan ölən olmur. Hətta bu barədə bir rəvayət də var: qəbiristanlıqda bir qəbir qazan kişinin cavan bir oğlan çox qalın geyindiyini görüb təəccüblənir. Deyir ki, ay ağsaqqal, 45 dərəcə isti var, sən də qalın geyinmisən, ayağına uzunboğaz çəkmə taxmısan, başına da qalın papaq qoymusan. Bəs qəbir qazanda istidən ölmürsən? Qəbirqazan ağağsaqqal da qayıdıb cavan oğlana bildirir ki, ay oğul, mən 50 ildir qəbir qazıram, hələ görməmişəm ki, kimsə istidən ölsün. Mənim qazdığım qəbirdə dəfn olunanların hamısı soyuqdəymədən ölüb…

… İndi qayıdaq bu isti havalara. Və bu isti havalarda çoxlu sayda insanlar günvurmadan və istivurmadan pis vəziyyətə düşüblər. Hətta bir neçə gün əvvəl metronun «Koroğlu» stansiyasında orta yaşlı bir adam ürəktutmasından dünyasını dəyişib. Onunla bərabər Yeni Günəşliyə işləyən 50 nömrəli marşrutdan düşüb evə getmək istəyən 73 yaşlı bir kişi də ürək tutmasından vəfat edib. Biz bunları xatırlamaq və yada salmaqla onu demək istəyirik ki, anomal istilərin davam etdiyi günlərdə insanlar özlərini qorumalıdılar. Xüsusən də hava 41 dərəcədən artıq isti olanda tikinti işlərində, çöldə və təsərrüfat sahələrində işlər dayandırılmalıdır. Çox təəssüf ki, bu qaydalara çoxları əməl eləmək istəmir.

Hətta Bakıda 44 dərəcə isti qeydə alınarkən tikintidə işləyən fəhlələr olub. Və bu gün də onları bir çox sahibkarlar qul kimi günün altında işlədirlər. Bir çox halda tikintidə çalışan o fəhlələrlə sahibkar arasında əmək müqavilələri də bağlanmır. Əgər əmək müqavilələri bağlansa, həmin sahibkar ilk növbədə Sosial Müdafiə Fonduna bir ətək pul verməlidir, üstəlik də fəhlələr sığorta olunmalıdır. Bunlar çox nadir halda bizim tikinti şirkətlərində qanunla tənzimlənir. Əksər tikinti şirkətləri hər şeyi azərbaycanlı təfəkkürüylə düşünürlər. Yəni çöldən-çölə fəhlələri işlət, qəpik-quruş ver və yola sal getsin…

… İstilərsə davam eləyir. Hətta bundan da kəskin istilər gözlənilir. Kəskin istilərdə isə hərə özü barəsində götür-qoy eləməlidir. Yoxsa müdirlərin, sahibkarların insafına qalsa, günün altında o zəhmətkeş insanları qul kimi işlədib axırına çıxacaq. Hansı ki, bu isti havalarda it-itliyiylə kölgəlik axtarır və it itliyiylə kölgəlik axtarırsa, minlərə insanlar niyə adam yerinə qoyulmur? Çünki onları adam yerinə qoymayanların özlərinin adamlığı çoxdan itib…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK