SON DƏQİQƏ:

ELƏ XOŞUM GƏLİR...

  20952   |  
Şriftin ölçüsü  

Təkrar oxuduğum bir kitabdandı bu misra. Arxada qalan həftənin qayğıları elə yüklənib ki, çiyinlərimə, nəfəsim tıncıxdı. Özümə yer tapmaq üçün çox götür-qoy etdim. Yenə əlim çatan, ünüm yetən kitablar oldu... yenə Allahıma şükürlər etdim ki, bu kitablar məni darda qoymur. Necə deyərlər, ən ağır durumda, ən kritik məqamda hayıma çatırlar.

Bax, bu dəfə də az qala eyni ssenari təkrarlandı. Necə deyərlər, ürəyimin yer tapa bilmədiyi məqamda əlimi uzatdım kitab rəfimə... və gördüm ki, ürəyim elə bil ki, üstünə bir damcı su düşmüş köz kimi bir anda özünə qayıtdı. Sönmədi, yox! sadəcə içimdən dərin bir "ah" çıxıb getdi. Çünki o kitabda deyilirdi ki:


Əzabı mən elə gözəl çəkirəm,

Çəkdiyim əzabdan heç kəs usanmır.

Özüm öz başıma sığal çəkirəm

Məndən söz düşəndə söhbət uzanmır.


Dərd məndən əlini büsbütün çəkib,

dərdi sonalayıb qəmi seçirəm.

Əzabın altından pis tütün çəkib

üstündən şipşirin su da içirəm.


Hə, doğrudan da əzab bir ayrı dünyadı. O dünyanın açarı, kilidi kimin əlindədirsə, mənə görə xoşbəxtdi. Çünki hamı ondan qaçır, amma o heç kimdən qaçmır. Bilir ki, ölkə mütləq gəlib dolanaqdan keçdiyi kimi, ayın, günün birində bütün bəndələrin yolu onun qapısından keçəcək.

Ona görə də əzabla bəri başdan dost olmaq lazımdır, onunla dost kimi rəftar etmək gərəkdir. Lap şair dediyi kimi:


Məzə qurtararsa,

özümüz toxdu.

Arağa dost kimi

zakuska yoxdur.


Bəli, yəqin ki, məni başa düşdünüz. Üəyin iki dostu var: biri əzabdı, biri sevinc. Sevinc mənə görə kefi kök, günün xoş saatının dostudu, əzab isə bütün ömrün. Ona görə də təki adamın dostu olsun, təki adama yamanlıq, necə deyərlər, qəsd olmasın. Yəni:


Qəsd olsa

hər palıd

bir dar ağacıdı

hər döngə,

hər tin

pusqu yeri.

Əkil.

mumla,

kiri!

Qəsd olsa,

çəngəl-bıçaqdan ağır

silah yoxdur.

Hər qab

zəhər dolu tuluqdu.


Bunu da anladınız və gözünüzün önünə gətirdiniz ki, qəsdin nə qədər sadə və nə qədər də dərin çalarları, silahlar, üsulları var. İçində qəsd etmək niyyəti olanların sirri də bu səbəbdən gec açılır. Və ən məşhur şerlok holmoslar da, yəni xəfiyyələr də qəsdin üçünü açmaq üçün çox dəridən-qabıqdan çıxırlar. Düzünü deyim ki, onların bu əzalarından da xoşum gəlir. Çünki məqsədə doğru durmadan özünü oda-közə vurur bu adamlar. Sanki bu yuxusuz gecələr, bu narahat günlər onların gününə ömür calayır. Deməli, bu da mütləq xoşa gəlməlidir. Adamın könlünə rahatlıq verməlidi. Necə ki:


Elə xoşum gəlir eyvanımızda

sakitcə oturub oxuyum, yazım.

Bir qom çiçək olsun güldanınızda,

çiçəyin ətrini qoxuyum, yazım.


Bir əsim meh əssin göy məkanından

şəhər Günəş deyim, axşam Ay deyim.

Hərdən bir armudu stəkanımdan,

bir qurtum çay içib bir "oqqay" deyim.


Elə xoşum gəlir tənəkdən dərəm,

yuyub qoyub gedəm sarı salxımı.

Əllərim belimdə qayıdıb görəm,

quşlar dimdikləyib yarı salxımı.


Düşünürəm ki, bu şeirdəki mənzərəni gözünüzün önünə gətirdiniz. Xüsusilə söz adamları yəqin ki, xəyallarının qanadında Bakıdan çıxıb getdilər bağ evlərinə, kəndlərinə, təbiət qoynuna. Mən də onların dalınca baxa-baxa içimdəki istəyi sadəcə cilovayıram. Özümə təsəlli verirəm ki, mən bu mənzərədən qiyabi ləzzət alıram.

Necə deyərlər, xəyala gətirməyin özü də bir müsbət haldır. Əllə toxuna bilməsən də, yaddaşla qapısını döyürəm həmin o məqamın. Elə oradaca yadıma düşür ki, dünyada işıq var, bütün qaranlıqları yaran işıq. Və o işıq yəqin nə vaxtsa mənim də həmin o xəyalımda yaşayan dünyama düşəcək. Onun yolu açılacaq. Və ən də pıçıldayacam:


Yandır tutqun üzünü,

sönmüş işıqlarını,

ürəkləndir həm bizi,

həm də uşaqlarını.


İşıqdan söz düşmüşkən. Qaranlığı qorxulu saymaq bəlkə də olanı dilə gətirməkdi. Amma bir şey də var da. O da qaranlığın nədən, hardan, kimdən və niyə qaynaqlanmasıdı.

Əgər bu sualların kökünü tapa bilsək, onda inanmıram ki, içimizdə qaranlıqlar olsun. Tapa bilməsək, bütün hallarda günah təkcə içimizdə qaranlıqların qoynunda qalmayacaq, həm də öz boynumuza da yüklənəcək. Axı, böyük Yaradan gündüzü işıq, gecəni qaranlıq yaratmaqla sanki ağla qaranı həm qütbləşdirir, həm də üz-üzə gətirir.

Göstərmək istəyir ki, hər birinin öz yeri, öz çaları olsa da, onlar bir-birində yenidən doğulur, bir-birində təkrarlanır. Ona görə də işığı sevdiyin kimi, qaranlığı da dəyərləndirməlisən.

Qaranlığı çözdüyün kimi, işığı da öyrənməlisən. Bax, onda mütləq içinə bir rahatlıq işartısı görünəcək və sən mütləq bu misralara köklənəcəksən.


Deyirsən: - Gəz, dolan, rahat, xatircəm,

qoy bilsin dağ, dərə... sevmişəm səni!

Gör mən nə deyirəm: - ay əziz - bircəm,

elə buna görə sevmişəm səni!


Deyrsən: - Nə qədər dərkə düşmüşük,

demə birdən-birə sevmişəm səni.

Gör mən nə deyirəm: - Birgə düşmüşük-

Elə buna görə sevmişəm səni!


Deyirsən: - Vuruldum sənə hər dəfə,

min yerdə, min kərə sevmişəm səni!

Gör mən nə deyirəm: - Duydum bir dəfə...

elə buna görə sevmişəm səni!


Deyirsən: - Əlimdə, ovcumda qaldın

döndün birə, pirə... sevmişəm səni!

Gör mən nə deyirəm: - Sən də sən oldun,

elə buna görə sevmişəm səni!


Düşünürəm ki, bax, sənin də pıçıldadığın bu şeirin yaratdığı ovqat təkcə sənin, mənim yox, elə hamımızın xoşuna gəldi.

Biz hər birimiz xoşa gəlmək üçün, xoş ovqat yaratmaq üçün nə ediriksə, bunu demədən, göstərmədən gerçəkləşdiririk. Ona görə də görənlərin, izləyənlərin, eşidənlərin xoşuna gəlir. Kimlərsə deyirsə, reklam edirsə, o adamları xoşagəlməli olandan da uzaq salır. Dəyərli oxucu, gəlin əl-ələ verib xoşumuza gələnləri də qiymətləndirək və özümüz də kimlərinsə həyatımızla, sözümüzlə xoşuna gələk. Zənnimcə, pis təklif deyil.

P.S. Bu yazımda həmin o ilk cümləmdə dediyim tıncıxdığım anda əlimə götürdüyüm kitab Əjdər Olun "Günəbaxan zəmisi"ndən kömək aldım. Dadıma çatdığı üçün Əjdər Ola oxucu təşəkkürümü bildirirəm.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30
2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK