SON DƏQİQƏ:

BİR MÜƏLLİF YAZISINA MƏNİM ŞƏRHİM

  293105   |  
Şriftin ölçüsü  

Təəssüflə vurğulayıram ki, bəzən demokratiya yalnış anlaşılır, təbii ki, fürsətçilər tərəfindən

Adətən mənim ünvanıma, eləcə də qəzetin elektron poçtuna daxil olan söz adamlarının yazılarını özüm gözdən keçirir, özüm onlara diqqətlə, sayğıyla yanaşıram. Bunun iki səbəbi var. Birincisi, həmin işin mənə tapşırılmasıdı, ikincisi də özüm hələ ilk yazılarımdan redaksiyalarla təmasda olduğundan bunun nə demək olduğunu, yazı müəllifinin hansı hisslər keçirdiyini, öz yazılarını qəzet səhifəsində görmək üçün necə təlaşlandıqlarını yaşamışam, o hisslər hamısı mənə doğmadı, tanışdı. Bax, buna görə də ən zəif yazını da, xüsusilə şeiri də "rəndələyib" müəllifi sevindirməyə çalışmışam. Düşünmüşəm ki, kiminsə "bir şeiri" qəzetimizin səhifəsində görünməklə ədəbiyyatımıza, təbii ki, böyük ədəbiyyata heç bir zərbə vurmaq gücündə olmayacaq. Əvəzində isə bir könül sevinəcək. Bir imza sahibi həmin şeiri doğmalarına, ən azından sevdiyi qıza göstərib məmnun qalacaqdı. Bax, mən bu məntiqlə, bu düşüncəylə yanaşmışam o cür yazılara.

Digər tərəfdən "Ədalət" qəzeti olaraq 27 yaşlı bir mətbu orqan yarandığı gündən söz azadlığına, fikir azadlığına təkcə qapılarını yox, hətta pəncərələrini də açıbdı. Ona görə də hər kəs bu qəzetdə öz sözünü demək. Öz fikirlərini şərhetmək haqqından istifadə edib. Təbii ki, kimisə təhqir etmədən, kiməsə qarşı qərəzçilik sərgiləmədən, kiməsə nifrətini büruzə vermədən. Çox təəssüf ki, bəzən belələrinə də rast gəlmişik. Elə bu yazını da məhz həmin biçimli adamlara cavab olaraq qəzet səhifəsinə çıxarıram.

Oxuculara xatırlatmaq istəyirəm ki, son 3 ildir ki, qəzetin ünvanına, xüsusilə mənim elektron poçtuma Qubadan AYB üzvü, şair-publisist Cabir Alpoğlu Albantürkün imzası ilə xeyli sayda yazılar daxil olub. Bu yazıların da böyük əksəriyyəti birmənalı şəkildə Azərbaycanın çox dəyərli, çox istedadlı və bugünkü ədəbi camiyəmizin öndə olan nümayəndələrindən biri, eləcə də ölkə hüdudlarından kənarda da kifayət qədər oxucusu olan Ramiz Qusarçaylı ilə bağlı olubdu. Yəni bütün yazılarında Cabir bəy birmənalı şəkildə Ramiz bəylə aralarında olan hansısa problemləri çözməyə, Ramizi bu və ya digər şəkildə "vurmağa" çalışıb. Gah şeirlərinə irad tutub, gah fəaliyyətinə, gah da ictimai mövqeyinə, hətta mən bir neçə dəfə redaksiyamıza telefon açan, təşrif buyuran Cabir bəyə bildirmişəm ki, onların şəxsi münasibətlərinin "Ədalət" qəzetinə dəxli yoxdur. Onların bir-birilərinə olan qarşılıqlı iradları öz aralarında çözülməlidir. Təəssüf ki, mənim söylədiklərim Cabir bəy tərəfindən qəbul olunmayıb və o yenə də öz iradlarını yazı formasına salıb mənim və qəzetin poçtuna göndərməkdə davam edir. Son yazıların da isə Cabir bəy Quba Ədəbi Birliyinin üzvü olmuş mərhum İzmirağa Töhmərliylə bağlı fikirlərini redaksiyamıza göndərmişdi. Həmin yazılardan birini bir xatirə olaraq qələm dostumuzun ruhunu sevindirmək üçün "Ədalət"in səhifəsində şeirləri ilə birlikdə çap etdik. Yəni bir söz adamına öz ehtiramımızı bildirdik. Düşündük ki, ən azından bu bir insanlıqdı, bir həmkar yanaşmasıdı və nəhayət bu, dünyasını dəyişmiş bir şairin ailəsinə başsağlığıdı. Amma...

Qəzetimizin ötən şənbə sayında "İzmirağa Töhmərli 65 yaşında kimə necə görünür" adlı yazı çap olunub. Yazı xeyli vaxtıdır ki, qəzetin və mənim elektron poçtumda qalırdı. Məhz ötən həftənin cümə günü Cabir bəy redaksiyamıza zəng vurub israrla xahiş etdi ki, sentyabrın 10-u mərhum İzmirağanın anım günüdü. Ailəsi də, dostları da, elə özü də çox arzu edir ki, xatirə yazısı bu şənbə sayında oxuculara təqdim olunsun. Biz də yazının mərhum bir şairin ruhuna hədiyyə olduğunu düşünərək onu mətbuat səhifəsinə çıxardıq. Həm də bunun Cabir bəyə "Ədalət"in müstəqil, həm də sərbəst fikir meydanı olduğunu bir daha nümayiş etdirdik. Təəssüf ki, Cabir bəy bu xatirə yazısında mərhum İzmirağanın adından istifadə etməklə yenə Ramiz Qusarçaylıya olan iddialarını, əsəbini, hətta qərəzini belə gizlətməkdən çəkinməyib. O qədər qərəzli yanaşıb ki, hətta "Azərbaycan" jurnalını da yazıya qatıbdı. Üstəlik, 37-ci ilin senzurasının lupası ilə Ramizin yaradıcılığını təftiş etməyə, xəyanət çalarları axtarmağa cəhd göstəribdi.

Mən bir mətbuat işçisi, söz adamı olaraq birmənalı şəkildə vurğulamaq istəyirəm ki, Cabir bəyin fikirləri nə "Ədalət" qəzetinin, nə də şəxsən Əbülfət Mədətoğlunun mövqeyi deyil və biz demokratik mövqeyi ortaya qoyub sonuncu dəfə Cabir bəyə fürsət verdik ki, fikrini, təbii ki, mərhum İzmirağa ilə bağlı fikrini oxuculara çatdırsın. O isə "Ədalət"dən öz marağı üçün istifadə etdi və bununla da nə düşündüyünü özü açıb ortaya qoydu. Amma bir az-çox sözdən xəbərdar olan və Ramiz Qusarçaylının poeziyasını kifayət qədər bilib sevən oxucu kimi vurğulayıram ki, Cabir bəyin söylədikləri qəbulolunmazdı, üstəlik həm də onun özünün mövqeyini əks etdirən güzgüdü. Və nəhayət, "Ədalət"in ədəbiyyat səhifələri Ramiz Qusarçaylı poeziyası üçün həmişə açıq olub, açıqdı və açıq da olacaq. Və bir də kimlərinsə bir-birini qəzet səhifəsində "gözdən salmaq" cəhdi hətta demokratiyanın hansı formasında olur-olsun alınmayacaq. Necə deyərlər, Cabir bəy demokratiyadan ona yaradılmış imkandan yalnış istifadə etdi. Buna bir daha təəssüf edirəm.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK