adalet.az header logo
  • Bakı -°C

ÇAYXANADAN YIĞILMIŞ FUTBOLÇULAR - AQİL ABBAS yazır

AQİL ABBAS
150 | 2026-11-07 14:43
A- A+

Deməli, 70-ci illərdir. Bakıda Azərbaycan üzrə futbol turniri keçirilir. Ağdama da xəbər göndəriblər ki, futbolçular yarışa gəlməlidirlər. Yay idi. Bütün futbolçular hərəsi bir yerdədi. Kimi bağda, kimi dağda, kimi Rusiyada, kimi alverdə, kimi də Şuşa da kef edir...

Allahverdi Bağırov komandanı  bir yerə yığa bilmir. Rəhmətlik gəlir Fazil müəllimin kinoteatrının arxasındakı çayxanaya. Deyir ki, uşaqlar, bizi yarışa çağırıblar. Getməsək, bizə cərimə yazacaqlar. Məsul cəmiyyətin yarışıdır deyə bizi növbəti yarışlardan qova bilərlər. Mütləq getməliyik.

Kim futbol oynaya bilirsə, qalxsın ayağa.  Aparacam Bakıya, 4-5 gün orda qalıb yeyib-içməyi mənlikdir. Lap uduzsaq da, eybi yoxdur. Əsas odur cərimə almayaq. Təxminən 10-15 oğlan ayağa qalxır. Allahverdi gedib avtobus kirayə verilən yerdən “Taksi-motornu”dan avtobus götürür. Beləcə, uşaqları yığıb Bakıya gətirir. Turnir indiki “Şəfa stadionu”nda idi. O vaxt belə deyildi, adi stadion idi. 

Bizə xəbər gəldi ki, Ağdam gəlib, burada çempionat keçirilir. Biz də yığıldıq getdik futbola baxmağa.  Bizdən başqa heç tamaşaçı yox idi. Ancaq futbolçular özləri idi. İndiki kimi tamaşaçı gəlməzdi. Deməli, Saşa (Hüseyn) Əhmədov “Neftçi”nin əvəzedici qapıçısı idi. Futbolçu Adil Nadirov da Bakıda idi. Nəysə, hamımız getdik ora.

Allahverdi uşaqları gətirdi. Peşəkar futbolçular deyil, məhlədə futbol oynayan uşaqlardır.  Biz də yığışmışıq, oyun başlayıb. Saşa durub qapının arxasında  qapıçıya deyir ki, sağa çıx, sola çıx. Çıx qabağa, qayıt geri. Elbrus Abbasov da  dayanıb mərkəzdə deyir, filankəs, topu at. Orda oyuna bunlar göstəriş verirlər. Adil Nadirov dispeçerlik edir ki, filankəs, topu tut, topu at filankəsə.  Bir futbolçuya “qırmızı vərəqə” çıxdı.  Hakimin “qırmızı vərəqə”si olmadı. Gəldi bir polis işçisindən vəsiqəsini istədi. O vaxtı polislərin vəsiqələri qırmızı idi. Onu çıxardıb göstərdi futbolçuya.  Belə maraqlı-məzəli bir oyun idi.  Biz orda oynadıq. “Qarabağ” yaxşı da oynadı.  Komanda futbolçu olmayan futbolçularla oynaya bildi.  Turnirdə qalib gəldi, sevinə-sevinə getdilər.

İndi “Qarabağ”ın oyununa baxanda yadıma Allahverdi Bağırovun həmin oyun üçün çayxanadan yığdığı komanda düşür. Deyəsən, “Qarabağ”ın futbol alverçiləri Avropadakı komandaların çayxanalarına gediblər. Deyiblər ki, kim futbol oynaya bilirsə, dursun gedək, Azərbaycanda yaxşı pul, ev verəcəyik. Futbol alverçiləri də həmin o oyunçuları yığıb gətiriblər Azərbaycana. “Qarabağ”ın oyunlarına baxanda  bunlar futbolçu deyillər. İndiki futbolçular çayxanalardan yığılmış komandadır.

Yadıma Allahverdi Bağırov düşür.  Allahverdinin çayxanadan yığdığı uşaqlar Azərbaycanda çempion olmuşdu.  Amma indi bu qədər pulun qarşılığında gətirilən çayxanadan yığılmış futbolçular heç bir şey edə bilmirlər.

Allah “Qarabağ”a kömək olsun! Yəqin onlardan da Qurban Qurbanov futbolçu düzəldə biləcək. Döyə- döyə, söyə-söyə futbolçu düzəldə biləcək.

  • Noyabr:
  • 6

TƏQVİM / ARXİV