adalet.az header logo
  • Bakı -°C
13 Noyabr 2026 09:00
68
LAYİHƏ
A- A+

ONLAR VƏTƏNİN ƏN ÇƏTİN GÜNÜNDƏ  ÇİYİNLƏRİNİ YÜKÜN ALTINA VERDİLƏR

Hər dövrün, hər zamanın öz dəyəri, öz qiyməti var. Zaman gəlib  gedir, dünya və insanlar isə qalır. Heç  şübhəsiz ki, Yer üzünü yaradan Allah-Təala bunu insanlara ona görə bəxş elədi ki, onlar Yaradana şükür eləsin, baş  kəsib qan tökməsin, dünyanın altını-üstünə çevirməsin, ölkələrin, xalqların və insanların haqqına girilməsin. Amma dünyada hegemonluq edən  insanlar tam bunun əksini həyata keçiriblər və keçirirlər. Yəni kim güclüdür, kim  iqtisadi və hərbi cəhətdən qüdrətlidir, o ölkə başqa bir kasıb dövlətin başına elə bir qapaz endirir ki, az qala o ölkənin gözləri ovuclarının içinə düşsün. Yəni  hər hansı super dövlət kimsə istədiyini  verməyəndə  onun başına olmazın oyunlarını açır.

Ona görə də bu gün dünyanın qarma-qarışıq vaxtında hər bir dövlətin və hər bir ölkənin güclü, ideoloji bazası, təbliğat vasitələri və o cümlədən savadlı, istedadlı insanları olmalıdır. O insanlar ki dövləti qurur, onu idarə edir və eyni zamanda o dövləti yadellilərdən qorumağa çalışır. Heç şübhəsiz, hər aşiqin  öz dövranı olur. Yəni yaşlı və orta nəsli gənclər əvəz edirlər, o gənclər də həyata və cəmiyyətə elə hazırlanmalıdır ki, onlar dövləti, xalqı idarə edə bilsin və qorumaq gücünə malik olsun. 

Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra onun gəncləri, yeniyetmələri də  yeni ruhda, yeni düşüncə tərzində tərbiyə edilməyə başlanıldı. Yəni ən çox uşaq bağçalarında, ailələrdə və məktəbdə gənclərə milli dəyərlər, milli ideologiya və milli irsə sədaqət ideyaları aşılandı. Təbii ki, insan təfəkküründə hər şeyi birdən-birə dəyişmək, inqilab etmək mümkün deyil. Yəni hər bir insanı yetişdirən, formalaşdıran, kamilləşdirən bu ölkədə olan sağlam mühit, sağlam cəmiyyətdir.  

Əlbəttə, Azərbaycanda müstəqillik dövründən sonra belə bir sağlam cəmiyyətin yaranmasına və inkişafına hərtərəfli şərait yaradıldı. Gənclərin azad düşüncəsi, fikrini müstəqil surətdə ifadə etməsi və onların dövlət qulluğunda  iştirakının təmin olunması heç şübhəsiz, prioritet vəzifələrdəndir. Bütün bunlar onu deməyə əsas verirdi ki, ölkəmizin dinamik inkişafı, sosial-iqtisadi və hərbi qüdrəti bütün sahələrdə gənclərin daha fəal mövqe tutmasına və vətənpərvərlik ruhunda böyüməsinə şərait yaradır. 
Heç vaxt mənim yadımdan çıxmaz, bir dəfə İstanbulda olanda mehmanxanada nahar edərkən bir türk qardaşımız dedi ki, siz nə vaxta qədər ermənilərin işğalına dözəcəksiniz? Gücünüz çatmırsa, biz gəlib sizə kömək edərik. Bizim çox yaxşı, mübariz gənclərimiz var. Təbii ki, bu türk qardaşımızın böyük narahatlığı idi. Mən də ona dedim ki, heç narahat  olmayın, bu gün Azərbaycanda elə bir gənclik yetişib ki, onların qabağında nəinki erməni orudusu, heç onlara havadarlıq edən ölkələr də dayana bilməyəcək. 

Bu sözlərimdən sonra türk qardaşımız gülümsədi və dedi:

- Təki elə olsun! Amma bilin ki, sizin ağır gününüz bizim ağır günümüzdür və biz də sizin həmişə yanınızdayıq. 
Təbii ki, hər bir ölkə ilk növbədə öz iqtisadiyyatına, öz hərbi gücünə, öz ordusuna, öz gənclərinə güvənməlidir. Və biz də həmişə Azərbaycan gəncinə, Azərbaycan əsgərinə güvənmişik. Və güvəndiyimiz dağlara ən çətin anda, yəni torpaqlarımız işğal olunandan sonra qar yağmadı. Həmin o gənclər, həmin o igidlər, həmin o cəsurlar bir nəfər kimi vətəni müdafiəyə qalxdılar. 
Mən iki dəfə  sevincimdən ağlamışam. Bir dəfə «Azadlıq» meydanında müstəqilliyimizə görə bir milyondan çox insan toplaşıb müdcadilə və mübarizə aparanda, rus tanklarının qabağına əliyalın çıxanda, bir də Azərbaycan əsgəri Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edəndə. O tarixi günü, o tarixi saatı, o tarixi anı  heç vaxt yaddan çıxarmaq olmur. Minlərlə yox ey, on minlərlə gənc ayağa qalxdı, 44 gündə işğal altında olan bütün Azərbaycan torpağını azad elədi. 

Siz o gənclərin çöhrəsini görməmişdiniz, amma mən müharibə başlayandan ilk gündən o gənclərin çöhrəsini görmüşdüm. Allaha and olsun, onların çöhrəsində bir nur vardı və Allahın verdiyi o nurla Azərbaycan gəncləri torpağımız uğrunda, Vətənimiz uğrunda ayağa qalxdı, bir yumruq kimi birləşib Dəmir Yumruğu erməni ordusunun başına vurdu.  Bu Azərbaycan gəncliyi idi. O gənclik ki həmişə onları qınayırdılar ki, fərsizdirlər, əllərindən bir iş gəlmir, yaşlı nəsil torpaq məsələsini həll edə bilməsə, o gənclərin əlindən bir iş gələn deyil. Biz  düşünürdük ki, ancaq Azərbaycan gəncliyi yeyib-içməyi, idman etməyi, oxumağı bacarır. Amma məlum oldu ki, Azərbaycan gəncliyi vətəni hamıdan çox sevirmiş. O tərbiyəli, mübariz, döyüşkən və yaşlı nəslin çiynindən ağır yükü götürən bir qüvvədir. O qüvvəni biz uzun müddət görməmişdik və hiss etməmişdik. Biz onu 44 günlük İkinci Qarabağ savaşında gördük və hiss etdik.

Azərbaycan gəncliyi  qızıl bir tarix yazdı. O tarixi ki heç onların babaları, dədələri yaza bilməmişdi. Yəni onlar 200 ildən sonra müstəqil və böyük Azərbaycan yaratdılar. O gənclər dəcəl idi, ipə-sapa yatmaz idi, amma sən demə, elə bizə dəcəl, ipə-sapa yatmaz gənclər lazım imiş. Onlar həm bizim, həm də Vətənin borcundan çıxdılar. O borc ki 30 ildən çox yaşlı və orta nəslin çiynində qalmışdı. Dağdan ağır yük çiynimizi əzir, heç sabahımızın hara gedəcəyini bilmirdik. Bax, o dağdan ağır yükü xalqın, millətin, Vətənin çiynindən o dəcəl  uşaqlar götürdülər. 

Musa  Yaqubun bir bənd şeiri yadımıza düşür:

Bəlkə də borcundan çıxmadım, Vətən!
Ömür bahar deyil, bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki mən,
Çürüyüm, bir ovuc torpağın olum.

Şəhid olan oğullarımız  Vətən oldular, torpaq oldular, çiçək oldular, gül oldular və yenidən Vətən torpağından baş qaldırdılar. Çünki şəhidlər heç vaxt ölmürlər və Azərbaycan gəncliyi belə bir döyüş yolu keçdi, dediyimiz kimi, qızıl bir tarix yazdı!

 

Emil Faiqoğlu

Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb