SON DƏQİQƏ:

SÖZ ÖMÜRLÜ SİBİRELLİ

  30161   |  
Şriftin ölçüsü  
Hərdən öz-özümə düşünürəm və elə düşündüklərimə özüm də hərdən bir az uzaqdan dayanıb baxıram. Və əgər o baxdığım anda düşündüklərimin mənə necə təsir etdiyini görə bilsəydiniz, duya bilsəydiniz bəlkə məni dünyanın ən havalı, ən xəyalpərvər adamı sayarsınız. Və siz bir az da məndən uzaq durmağa çalışarsınız. Çünki...

Mənim düşündüyüm və gəldiyim məntiqi nəticə budur ki, dünya Sözün üstündə dayanıb. Ona görə də dünya həmişə çalxalanır, həmişə ləngərlənir, həmişə təzələnir və həmişə də yaşamaq eşqi bu dünyanın ovcunun içindəki çiçək kimi parlaqlayır. Bilirsiniz niyə? Ona görə ki, hər gün təzə söz doğulur, hər gün söz şaxələnir, cilalanır, od püskürür, xəncərə çevrilir, çeşmə olur, şəlalə olur. Bir sözlə, hər gün doğulan söz bax o üstündə saxladığı dünyanı bu cür nəsildən-nəsilə ötürür və hamıya da yaşamaq, yaşatmaq, sevmək, sevilmək haqqını verir. İnanın ki, mən bunu bütün varlığımla inanıb, duyub deyirəm. İnandığıma da səbəb Allahın ilk yaratdığı "Ol!" sözüdü. Bax, ilk söz Allahın hökmüylə dünyanı aldıb çiyninə saxlayır onu. Üstəlik həmin o ilk sözlə Allah öz çevrəsinə dizinin dibinə yaxın buraxdığı insan da məhz şairlər olubdu - Sözü yaradanlar, sözü yaşadanlar...

Hə, mən düşünürəm ki, hər doğulan şairlə yeni söz də doğulur... Hər dünyasını dəyişən şairlə bir söz də ölür. Özü də doğulmamış söz. Amma o şair ki, sözünü deyir, yazır, sözünü dünyaya gətirir, o söz qalır dünyanın yaddaşında, dünyanın boğçasında. Şairlər isə Söz övladlarını səxavətlə, ürək açıqlığı ilə bağışlayır hər kəsə, bağışlayır bu dünyaya. Bax, həmin şairlərdən biri də sözün üstündə duran dünyadan çəkilib getmiş Eldar Nəsibli Sibireldi. Onu tanıyanlar bilirlər ki, həyatı sınaqlardan, ağrı-acılardan, əzablardan keçib. Ömrü dünyaya təkcə söz gətirmək yox, həm də dünyanın qara üzündəki ləkələrlə vuruşda keçibdi. Ona görə də yazıb ki:

Çevirdin üzünü, bu elə dərd ki,
Məhəbbət gümandan asılı qaldı.
Qat kəsmiş kağıza bir ürək sevgi,
Mənim əllərimdə uzalı qaldı.

Və Eldar bu uzanan əllərin heç də nəyisə tələb etdiyini söyləmir. Əksinə deyir ki:

Səni düşünürəm, sənin yerinə
Mənə kim tanıtdı mənə bilmirəm?
Məni sən yanıltdın, səni bilmirəm.

Əslində bu bir sevgi yanlışlığı deyil. Bu, şairin sevgiyə, sözə köklənib ona dar olan dünyaya gəlişinə özünün etirazdı.

Təbii ki, bütün söz adamları həmişə sözün toruna düşürlər, sözü hərif-hərif, səs-səs dünyaya gətirirlər. Və dünyaya gələn söz də onu oxucu üzünə çıxaran yaradıcısının ya üzünü ağ edir, ya da ona tərəf bir selvə kimi üzü geri atılır. Amma xoşbəxt o şairdi ki, sözü yaddaşa köçür, sözü dillər əzbəri olur. Mən görüb tanıdığım, təmasda olduğum Eldar Nəsibli Sibirelin sözün üstə necə əsdiyini, sözü necə urvatlı tutduğunu yadıma salanda onun yadigarı olan sözlərin nədən işıqlı olduğunu bir daha anlayıram. Görürəm ki, Eldar sən demə sözü xəsisliklə yox, ustalıqla, sənətkarlıqla dünyaya gətirib, oxucu üzünə çıxarıbdı. Ona görə də onun sözünün çəkisi var... onun çəkisi olan sözünün fikir yükü var... onun fikir yükü olan sözünün oxucusu var. Məsələn, "yenə qanadını gərib qəm" deyən şairin qəminin nə qədər obrazlı olduğunu, nə qədər uçub ürəkdən-ürəyə çatmaq gücünə yiyələndiyinə heyrət etməmək olmur. Adətən qəmin dağ boyda olduğunu söyləyirlər. Bununla onun çəkisinin ağırlığını ifadə etmək istəyirlər. Ancaq Eldar deyir ki, qəmin qanadı var. burda söhbət qəmin ağırlığından, dözülməz olmasından yox, onun ürəkdən-ürəyə, adamdan-adama, sözdən-sözə uça bilməsindən gedir. deməli, qanadlı qəm bir ürəkdə yuva qurub qala bilməz. O mütləq yuvadan-yuvaya yol axtaracaq.

Bugünlərdə qələm dostum Dərviş Vəli, yəni Vəli Xramçaylı mənə Eldarın özündən sonra dünyaya gələn kitabını təqdim etdi. Doğrudur, bu kitabdakı sözlər Eldarın sağlığında doğulub, sağlığında kağıza, vərəqə köçübdü. Amma sözün qədrini bilən, sözün işığını gün işığından dəyərli sayan insanlar Eldarın "Seçilmiş əsərlər"ini "Yazıçı" nəşriyyatında çap edib sözü sevənlərə çatdırıblar. Sağ olsunlar!

Bilirsiniz, mən bu kitabı təkrar-təkrar oxudum və bir çox xatirələrim təzələndi. Etiraf edim ki, mənim də dünyadan bezdiyim, yorulduğum, əl üzdüyüm məqamlar olub və var. Amma Eldarın "Dəyməz bu dünyada yaşamağına" şeiri məndə öz izini get-gedə daha çox naxışlayan ümidsizliyə sanki bir tərs şillə oldu. Çünki bu şeirdə konkret bir məntiq var. Siz də baxın o məntiqə. Eldar deyir ki:

Əzəldən bu dünya sirlə doludur,
Boylanma gözündə kədər buludu.
Qoru sinən altda alışmayırsa
Babalar çatdığı alovun, odun
Dəyməz bu dünyada yaşamağına.

Və Eldar onu da deyir ki:

Üzə çıxmaq üçün üzün yoxdusa,
Daşları əzməyə dizin yoxdusa.
Səsini işıq tək dünyaya yayan
Sabaha hamilə sözün yoxdusa,
Dəyməz bu dünyada yaşmağına.

Hə, mən Eldarın xatirəsi qarşısında baş əyib deyirəm ki:

- Haqlısan Sibirelli! Kaş sözün üstündə duran dünyada sözə dəyər verənlər yaşayaydı, sözü yaşadanlar yaşayayda, sözü qoruyanlar yaşayaydı və bir də söz ucalığında qalaydı.

Əbülfət MƏDƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK