adalet.az header logo
  • Bakı -°C
19 Yanvar 2026 10:32
97
ƏDƏBİYYAT
A- A+

Yazılmamış məktublar - Tərlanə Yaqubqızı yazır

 2011-ci ilin oktyabrında  Milli Kitabxanaya işə qəbul olunanda sevincimin həddi-hüdudu yox idi. Necə sevinməyim? Həm respublikamızın ən böyük kitabxanasında işləyəcək, həm də düz iyirmi ilə yaxın müddətdə ayrı düşdüyüm tələbə yoldaşlarımın bəziləri ilə burada görüşmək imkanı qazanacaqdım. 

O gün mənim kimi sevinən başqa bir qadın da vardı: universiteti bitirər-bitirməz ailə qurub iş həyatına da elə mənim qədər  gec başlayan keçmiş tələbə yoldaşım- əslən Beyləqan rayonundan olan Gülbəniz İsmayılova. 

Onunla Milli Kitabxanada eyni gündə işə başladıq. Çalışdığımız şöbələr ayrı olsa da ürəklərimiz həmişə bir oldu, tələbəlik illərində olduğu kimi.  

Çox vaxt valideynlərimdən icazə alıb imtahanlara tələbə yoldaşlarımla  birlikdə yataqxanada hazırlaşırdım. Yasamalda babamgilin evinə yaxın yerdə yerləşən qızlar yataqxanası mənə o qədər doğma idi ki... Gülbənizin sözü-söhbəti bizim üçün əlüstü bişirdiyi  o zamanlar "tələbə kartoşkası" adlandırdığımız sadə yemək kimi dadlı-duzlu idi. Gözləri daima gülürdü. Amma az qala  iyirmi il sonra onu görəndə tanıya bilmədim. İllər onu çox dəyişmişdi. İşə qəbul olunduğuna sevinsə də o gözəl gözləri daha gülmürdü. Ailə vəziyyəti ilə maraqlandım. Həyat yoldaşı da universitet məzunu imiş. İki qızı, bir oğlu var idi. Başqa nə dərdi olacaqdı ki?

Həyatdır, hər insanın özünün o qədər problemləri var ki, bəlkə də illər sonra danışmaq istəmir, deyə fikirləşdim. Bəlkə zamanla insanın xasiyyəti də dəyişir. Nə qədər olmasa  köhnə tələbə yoldaşı olsaq da yeni iş yoldaşı idik.

Bu cümlələri yaza-yaza fikirləşirəm ki, işə bax, elə bil hər şey dünən olmuşdu. Artıq on beş ildir ki, bir yerdə işləyirik, amma işimiz o qədər çox olur ki, arada fürsət tapıb dərdləşə də bilmirik. 

Amma ötən günlərin birində Gülbənizlə  kitabxananın birinci mərtəbəsində rastlaşdıq. Əlində nazik bir şagird dəftəri vardı. Kədərlə mənə tərəf uzadıb "Təriş, sənin üçün yazmışam, oxuyarsan" dedi. Əvvəl heç nə başa düşmədim. Yaşla dolmuş gözlərinə baxanda hər şeyi anladım. Demə, Gülbəniz mənə üzbəüz deyə bilmədiklərini o zamanlardan tanıyıb bəyəndiyim səliqəli xətti ilə dəftərə köşürmüşdü. Onun mənə yazdığı məktubu nöqtə-vergülünə toxunmadan oxucularla bölüşmək istədim:

"O, sadə zəhmətkeş ailəsində dünyaya göz açmışdı. Bir qardaşı, iki bacısı vardı. Ürəyi arzularla dolu idi. Artıq əsgəri borcunu verib doğma kəndimizə qayıtmışdı. Təhsilini davam etdirmək istəyirdi. Amma sən saydlğlnı say...

1993-cü il idi. Vətənimizin başı üstünü qara buludlar almışdı. Bədnam qonşularımız torpaqlarımız hesabına Böyük Ermənistan yaratmaq xülyasına düşmüşdülər. Hər gün cəbhədən acı xəbərlər, şəhid cənazələri gəlirdi.Bu azmış kimi ölkədə hərc-mərclik hökm sürür, bir tərəfdən Əlikram Hümbətov, digər tərəfdən Surət Hüseynov respublikamızı parçalamağa çalışırdılar. Bu acınacaqlı vəziyyət orduya da sirayət etmişdi. Ordu mərkəzdən idarə olunmurdu. Ölkənin ağıllı liderə,  ordunun uzaqgörən sərkərdəyə ehtiyacı vardı.

Vətənin bütün qeyrətli oğulları kimi qardaşım Nazimin də səbri daralmışdı. Günlərin birində əmimiz oğlu Fikrətlə cəbhəyə könüllü getmək üçün ərizə yazdılar. Anam onun qərarını eşidəndə çox kədərləndi. Anam büruzə verməsə də Nazimi hamıdan çox sevdiyini hiss edirdim. Üç övladı bir yana, Nazim bir yana. Ana ürəyinə hər şey əvvəlcədən agah olur. Amma Nazimi öz qərarından döndərmək çətin məsələ idi. Anamın Nazimlə bağlı o qədər arzuları, xəyalları vardı ki... Hətta gələcək gəlinini də özü seçmişdi. Amma Nazim artıq qərarını  vermişdi. Bu yolda öldü var, döndü yox idi. Çağırış vərəqəsi gələndə anam göz yaşlarını saxlaya bilmədi.

Heç yadımdan çıxmaz, Nazim bir dəfə macal tapıb cəbhədən evə gəlmişdi. Çox fikirli görünürdü. Anam onu sorğu-suala tutsa da Nazimdən söz ala bilmədi. Amma sonradan Nazimin dostlarından öyrəndi ki, oğlu bir dəstə qız-gəlinin ermənilər tərəfindən əsir götürüldüyünün şahidi olub və bu hadisə ona çox ağır təsir edib. 

Beləliklə, acı günlər bir-birini əvəz edirdi. Füzulidə ağır döyüşlər davam edirdi. Xalq çox gözəl dərk edirdi ki,  nicat yolu Heydər Əliyevin hakimiyyətə qayıdışından keçir. 

Cəbhədən qaçan, ordudan yayınanlara "fərari" adı verilirdi. Qızım Nərminin dünyaya gəlişi Nazimin qəlbinə azacıq olsa da sevinc gətirmişdi. O, körpə Nərminin bir vaxtlar dayısı ilə fəxr edəcəyini vurğulayır, hansı ağır şərtlər olsa belə heç vaxt fərari olmayacağını bildirirdi. Yeri gəlmişkən, hazırda hüquq-mühafizə orqanlarında xidmət edən böyük qızım Nərmin öz şəhid dayısı ilə həmişə fəxr edir və onun adına layiq olmağa çalışır.

Şəhid olmagına az qalmış çox qarışıq bir yuxu görmüşdüm və heç kəsə danışmağa cürət etməmişdim. İndi də o yuxunu xatırlayanda çox pis oluram. Yuxuda Nazim atamla birlikdə soğan daşıyırdı. Deyirlər axı, soğan acılıqdır. Qan-tər içində yuxudan oyanmışdım və Allaha yalvarmışdım ki, qardaşıma heç nə olmasın.

Onsuz da vəziyyətimiz acınacaqlı idi. Evsizlik, işsizlik məni elə hala salmışdı ki, əsəblərim pozulmuşdu. Xalqımızın başına gətirilən qara yanvar faciəsinin ildönümünə də az qalmışdı. Depressiyanın az qala bir addımlığında idim.

Yanvarın 19-da həyat yoldaşım başım qarışsın deyə məni körpə qızımla kəndimizə qonaq apardı. Hər şeydən xəbərsiz, mənə yaxın olan əzizlərimi tezliklə görəcəyimin sevinci ilə yola çıxmışdım. İki saatlıq yolda xəyalımdan o qədər şeylər keçirdi ki... Həyat yoldaşımın bizə elçi göndərdiyi günü xatırladım. O qədər utanırdım ki, özümdən yaşca kiçik olan qardaşımdan əsl həqiqəti gizlətmiş, guya tələbə yoldaşlarımın bizə qonaq gələcəyini demişdim. Evdə hərə bir iş görürdü. Təmizlik işləri, biş-düş...Nəhayət, qonaqlar gəldi. Nazim onların yaşlı-başlı adamlar olduğunu görəndə hər şeyi başa düşdü və gülümsəyərək: "Sənin tələbə yoldaşların bunlardır?" deyə soruşdu. 

Qardaşımla bağlı xatirələrim çox idi. Yolboyu onu xatırladıqca üzümdə təbəssüm yaranırdı. Yaşı az olsa da el içində çox böyük hörməti vardı. Fədakar, səmimi oğlan idi. Ondan yaşca böyük qardaşımız Eldənizin cəbhəyə getməsinə etiraz etmiş, "Mənə heç nə olmaz, qoy cəbhəyə mən gedim" deyərək, bu dəfə də sinəsini irəli vermişdi.

Maşın darvazaya çatanda izdihamı görüb qorxuya düşdüm. Atam evinin qarşısında kimlər yox idi?!  Təkcə mənim gözəl qardaşım Nazimdən savayı...

Hamı ağlayırdı. Arxam-dayağım, anamın gözünün nuru, bir gözəlin istəklisi, Vətənin qeyrətli oğlu Nazim və əmimiz oğlu Fikrət şəhid olmuşdular. 

Beyləqan rayonunun  Cərcis peyğəmbər ziyarətgahının yerləşdiyi ərazidə bir xatirə kompleksi var. Qardaşım Nazimin məzarı burdadır. Deyirlər, şəhidlər də peyğəmbərlər kimi uca məqamdadırlar. Özümə illərdir ki, bununla təskinlik verirəm..."

Gülbənizin mənə yazdığı məktubu oxuyub tamamlayıram. Yox, bu, elə-belə məktub deyil, bu, bir  şəhid bacısının illərlə qəlbində daşıdığı ağrı-acının ifadəsidir, bu, bir ürək fəryadı, bir könül naləsidir.    

Onların həyatı arzuları kimi yarımçıq qaldı. Hər şey başqa cür də ola bilərdi.Amma qeyrət hissi onları addım-addım şəhidlik zirvəsinə apardı. Düşünə bilərik ki, ölüm haqdır. Amma onlar öz ölümləri ilə ölümsüzlük qazandılar.

İnsanlar anadan qəhrəman doğulmur ki... Bəzən elə bir məqam yetişir ki, öz fiziki görünüşü ilə, daxili məziyyətləri ilə heç kəsdən seçilməyən birisi yeri gələndə elə bir hünər göstərir ki, nəinki öz elinin-obasının, həm də bütün xalqın qəhrəmanına çevrilir.

Yeri gəlmişkən, mənim məzunu olduğum Binəqədi rayonu 3 saylı tam orta məktəb indi yanvar şəhidi Rüstəm Əliyevin adını daşıyır. Nə dərs əlaçısı idi, nə də nizam-intizamı, fəallığı ilə seçilən şagird. Amma boy-buxunu, yaraşığı, ötkəmliyi vardı. Bizdən dörd sinif yuxarıda oxuyurdu. Məktəbi bitirəndən sonra avtobus sürücüsü işləyirdi. Lakin 1990-cı ilin 20 yanvar tarixində öz qəhrəmanlığı ilə hamını kölgədə qoydu, həyat imtahanından üzüağ çıxdı.

Bağışla məni, şəhid bacısı! Sənə təsəlli verəcək söz tapa bilmirəm. 
Kim bilir, bu dünyada sənin kimi nə qədər şəhid bacısı var?! 

Kim bilir nə qədər belə yazılmış və yazılmamış məktublar var...

                Səni illər sonra gördüm yenidən,
                Susdun, danışmadın acılarından.
                Qardaşım yoxsa da o zamandan mən
                Utanıram  şəhid bacılarından.
   
                Bu şəhid oğullar yüz il sonra da
                Elə gənc yaşında, cavan qalarlar.
                Gözünü qırpmadan Vətən yolunda
                 Bəlkə milyon dəfə şəhid olarlar.
               
               Şəhid bacıları dərd çəkər elə,
               Dodağı gülsə də, gözləri gülməz.
               Amma anasına təsəlli ilə
               Deyər ki, ağlama, şəhidlər ölməz!

              
Nazim də, Fikrət də, elə bizim məktəb yoldaşımız Rüstəm də başlarını aşağı salıb öz işləri ilə məşgul ola bilərdilər. Amma onlarınkı da belə gətirdi. Şəhidlik-onların alın yazısı imiş. Nə Nazim,  nə  Fikrət, nə də torpaq uğrunda şəhid olan igidlərimiz laqeyd olmağı, Vətənin dar günündə kənarda qalmağı bacarmadılar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!