adalet.az header logo
  • Bakı -°C
19 Yanvar 2026 12:33
93
İQTİSADİYYAT
A- A+

“Bu forum həm dövlət başçıları, həm də biznes-texnologiya liderləri üçün...”

“Bu gün başlayan Davos iqtisadi forumunda bir araya gələn dünya liderləri 2026-cı il üçün aşağıdakı 5 suala cavab axtaracaq:

1. Daha çox qarşıdurmaların yaşandığı bir dünyada beynəlxalq əməkdaşlıq necə təmin oluna bilər?

2. Qlobal iqtisadiyyatda yeni və dayanıqlı artım mənbələri necə formalaşdırıla bilər?

3. İnsan kapitalına investisiyalar necə daha məqsədyönlü və səmərəli qurula bilər?

4. İnnovasiyalar geniş miqyasda və məsuliyyət prinsipləri çərçivəsində necə tətbiq edilə bilər?

5. Planetar məhdudiyyətlər fonunda rifahın davamlı modeli necə qurula bilər?Forumda bu dəfə rekord sayda dövlət başçıları, biznes liderləri və beynəlxalq təşkilat nümayəndələri iştirak edir”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, əsas diqqət Donald Trumpda olacaq:

“O, bu dəfə Davosda ən geniş ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Onun iqtisadi və təhlükəsizlik siyasəti, tariflər, Avropa ilə ticarət gərginliyi, geosiyasi təzyiqlər kimi məsələləri debatların mərkəzində olacaq. Bu günlər ABŞ-nin xarici siyasətində qlobal əməkdaşlıq və beynəlxalq sistemin gələcəyi baxımından proqnozların verilməsində əhəmiyyət daşıyacaq. Avropa İttifaqının liderləri bu forumda Avropa-ABŞ və Avropa-Çin münasibətlərində yaranan yeni dinamikaları, texnologiya, enerji və müdafiə strategiyalarını müzakirə edəcəklər. Bu debatlar Avropanın geosiyasi mövqeyinin gücləndirilməsi qorunması baxımından diqqət mərkəzində olacaq. Amma bu Avropa üçün faydalı olacaqmı, yoxsa bu forum Avropanın daha da zəif tərəflərini üzə çıxaraq? Məncə, ikincinin ehtimalı daha çoxdur. Fakdır ki, ənənəvi əməkdaşlıq modelləri zəifləyir, onların yerini daha çox regional ittifaqlar və məhdud tərkibli əməkdaşlıq formatları tutur. Buna görə də Aİ texnologiya liderliyi və əmək bazarının transformasiyası Davos gündəliyinin əsas mövzularından biridir. Bu proseslər artıq təkcə iqtisadi artım kontekstindən çıxaraq təhlükəsizlik, qlobal rəqabət və siyasi təsir alətinə çevrilir. Əlqərəz, bu forum həm dövlət başçıları, həm də biznes-texnologiya liderləri üçün gələcək qlobal sistemin konturlarını müəyyənləşdirəcək debatların mərkəzi olacaq”.

Vasif ƏLİHÜSEYN