SON DƏQİQƏ:

"SƏNƏ MƏKTUBLAR YAZIRAM"

  25025   |  
Şriftin ölçüsü  
Öncə salam!
Təbii ki, qəzet səhifəsində dədə-baba qaydası ilə məktub yazmaq o qədər də doğru sayılmaz. Düzdür, indi bəzi yazı yazanlar qəzetdə palaz-palaz ərizələr çap edirlər və sonra da həmin qəzeti aidiyyatı orqanları göndərirlər. Məqsəd də yazdıqları ərizənin və yaxud da məktubun ictimaiyyətin diqqətinə çatdırılması, kimlərinsə gündəmə gətirilməsidir. Amma qardaş, inan ki, mənim nə belə bir həvəsim, nə də belə bir marağım var. Sadəcə, sənə yazdığım məktub dostunun deyil, oxucunun öz şairinə münasibətini ifadə etmək istəyidir. Daha doğrusu, oxucu bu məktubu ilə sənin hər kəsə yazdığın məktuba öz payı həcmində cavab verir...
Bəli, bir müddət bundan öncə "Azərbaycan" nəşriyyatının qarşısında səninlə qarşılaşdıq. Tələbə yoldaşım Yusif bəy də yanında idi. heç dəyişməyib. Elə əvvəlki xarakterdə, əvvəlki aurada idi Yusif. Gədəbəydən gələndə gətirdiyi saflığı bu 35 il ərzində qoruyub saxlamışdı. Təsadüfdən olan bu görüş zamanı söz digər dostlardan düşdü. Mövzu fırlanıb kitaba, nəşr məsələlərinə çatanda özündən asılı olmadan bildirdin ki, təzə kitabım çıxıb. Doğrusu, mən bu kitab barəsində mətbuatda informasiya görmüşdüm. Sadəcə gözləyirdim ki, nə vaxtsa qarşılaşarıq və sən də mənim kitab payımı verərsən özümə. Amma sözlərindən hiss etdim ki, deyəsən kitab gətirməmisən. Çünki bu görüşümüz təsadüfdən alınmışdı. Odur ki, mən də bir az ümidsizləşdim. Köməyimizə Yusif çatdı. Yavaşca pıçıldadı ki:
- Ay Taleh müəllim, cibində bir kitab olmalıdı.
Yusifin xatırlatması Talehin də, mənim də işimə yarıdı. Ancaq Taleh bu kitabın başqası üçün nəzərdə tutulduğunu bildirəndə mən israr etdim. Əl çəkməyəcəyimi bilən Taleh cibindən "Sənə məktbular yazıram" kitabını çıxarıb aftoqrafla, yəni "Qardaşım... dostum..." yazıb mənə bağışladı.
O vaxtdan yazı stolumun üstündə mənimlə həmsöhbətdi "Sənə məktublar yazıram" deyən Taleh Həmid. Və mən bu məktubların demək olar ki, hər vərəqini, hər cümləsini təkrar-təkrar oxumuşam.
Etiraf edim ki, bu qədər səmimi məktubun nə vaxtsa qapımı döyəcəyinə heç vaxct ümid etməmişdim. Görünür qismətimdə var imiş. Ona görə də Taleh Həmidin hamıya, o cümlədən mənə yazıdığ məktubları oxuyub şərh etmək yəqin ki. günah sayılmaz. Axı adətən məktub bir ünvana gedir. Orada nədən söhbət getdiyini bir yazan bilir, bir də oxuyan.

Cığır yola uzanır,
Yollar cığıra həsrət,
Necə olursa olsun,
Bu dünyanı yaşadan
Məhəbbətdir, məhəbbətdi-
Sevgiyə bax deyirəm.

Və yaxud:

Mən həyatı sevirəm,
Bu sevgiyə qar yağarmı?
Mən insanı sevirəm,
Bu sevgiyə tay olarmı?

Taleh Həmid oğluna yazdığı "Olarmı" şeirin bütün məziyyətlərini sonda bir cümlə ilə belə ifadə edir:

O, bir xəzinədi, bir dəfinədi,
Nə vaxtsa karına yetəcək sənin.

Yəni Taleh Həmid sadəcə olaraq poetik bir dillə oğluna nələri əmanət verdiyini, nələri ona rəva, layiq bildiyini söyləyərək gəldiyi nəticədə bildirir ki, qazandığı təmiz ad oğlu üçün həmişə hər yerdə xəzinə kimi, dəfinə kimi köməyinə çatacaq, karına gələckdi. Təbii ki, bu böyük arzunu, böyük istəyi hər bir valideyn övladına ərməğan etmək istəyir. Ancaq dünya malına həris olanlar heç vaxt təmiz ad qoyub gedə bilmirlər. Ona görə də şair qardaşımın açıq ürəklə oğluna üz tutması məni də duyğulandırdı. Bu yerdə köməyimə onun öz misraları gəldi.

Bizə nə gətirdi, zaman gətirdi,
Hərdən üzü döndü hicran gətirdi.
Axır ki, vüsallı bir an gətirdi,
Deyirəm, nə yaxşı görüşə bildik.

Həqiqətən də talehinə yazılanla, qarşına çıxanla təmas qurmağın, qovuşmağın, anlaşmağın, hətta can bir qəlbdə olmağın özü böyük xoşbəxtlikdi. Bu xoşbəxtlik elə bir həddə gəlib çatıb ki, özün də bilmədən məhz həmin o "nə yaxşı" sözünü deməkdən özünü saxlaya bilmirsən...
Təbiət də insanla baş-başa qalmağı xoşlayır. Çünki təbiəti duyan insan təbiətdə özünə ovqat yaratmaqla yanaşı, təbiətin özünə də nə isə əlavə edir, onun açılmayan qapılarını arayıb-axtarmağa, o qatlara baş vurmağa çalışır. Beləcə, bəzən "vəhşi" dediyimiz təbiət öz təbii gözəlliyi ilə insanı o qədər qayğılardan, problemlərdən çəkib qoparır ki, bu daxildən uzaqlaşma adamın ruhunu da, əsəblərini də rahatlayır, dincəldir. Bax elə Talehin seyr etdiyi mənzərədə olduğu kimi:

Əl vurma, tökülər, qanı var, qanı,
Bu meh də bir azca tərpənməyə kaş.
Vallah, uşaqdılar, canı var, canı-
Çiçəklər yuxudan oyanır, qardaş.

Və yaxud:

Tumurcuq gözləri açılıb, gülüb,
Üstünə baharın şehi tökülüb
Biri qönçələnib, biri bükülüb,
Çəmənlər açılan istisiz ocaq
Heyf, bu çiçəklər az yaşayacaq.

Hər bir canlı müəyyən bir ömür payına malikdir. Bunu hamımız bilirik. Amma duyğularımız  bəzən bildiyimiz bu gerçəkliklə razılaşmır. Elə Taleh Həmid də açılan çiçəklərin nə vaxtsa solacağını çox gözəl bilir. Amma bilə-bilə də onun üçün təəssüflənir. O çiçəklər üçün içindən bir ağrı, bir qüssə gəlib keçir. Bu da şair dünyasının bir özəlliyidir. Elə o özəlliyin başqa bir məqamı da şairin həmişə düşüncələrdə, obrazlı desək, xəyal dünyasında olmasıdı.

Səni düşünürəm səndən xəbərsiz,
Yenə üz tutmuşam o ötən günə.
Yollar həmin yollar, izlər həmin iz,
Gedirəm bir dəli sevgi üstünə.

Gedirəm qismətim xoş olsun deyə,
Əlçatmaz bir günün duyam dadını,
Sonrası əyilib qumlar üstünə,
Düşünə-düşünə yazam adını.

Məncə bu poetik mənzərədə hər şey o qədər səmimidir ki, onu şərh etməyə, ona hansısa bir müdaxiləni ağıldan keçirməyə nə ehtiyac qalmır, nə də yer. Amma şair qardaşım "Gərək bu sevgini başlamayaydıq" deyəndə içimdən qəribə bir hiss gəlib keçdi. Əgər sevgi qapını döyübsə, ayağına gəlibsə və yaxud sən onun ayağına gedibsənsə, onu necə başlamamaq olar? Bax elə bu sualın ip ucundan tutub həmin yazılmayan məktubu oxuyuram.

Bu ki, ötəcəkmiş belə ötəri,
Nə izi, nə tozu qalmayacaqmış.
Mənim intizarım, sənin həsrətin,
Heç kimə lazım ki, olmaycaqmış,
Gərək bu sevgini başlamayadıq.

Çox duyğusal  notlar üzərində ifadə olunan fikirlərin içərisində mən də müəyyən hisslər yaşadım, mənim də qəlbimdən müəyyən sızıltılar gəlib keçdi və əvvəldə vurğuladığım sual özü-özlüyündə cavabını tapmış oldu. O sualın digər cavabını isə Taleh Həmidin başqa bir şeirində aydınca gördüm. Taleh Həmid yazır:

Məktub gözləyirəm, gözlərim yolda,
Deyəsən hardasa bir ananım var.
Mən tənha qalmıram tənhalıqda da,
Bəlkə bu halıma bir yananım var.
..........................................
Məktub gözləyirəm ilk məhəbbətdən,
Qatsın körpəsini təbəssümünə.
Çatdırsın dostların yanında da mən,
Üz tutub təklikdən qaçdığım günə.

"Sənə məktublar yazıram" kitabının 250 səhifəsinin hər bir misrasında fərqli-fərqli obrazlar, fərqli-fərqli ovqatlar var. Amma bu fərqlər ilk baxışdan hiss olunmur, özünü büruzə vermir. Çünki məktublar sanki bir-birinin davamıdır. Ona görə də şeirləri, yəni məktubları təkrar-təkrar oxuyanda həmin o fərqləri duymaq mümkün olur. Ancaq ümumi götürəndə, oxucu üçün bu məktublar bir ünvan sahibinə aiddir. Mən əvvəldə vurğuladığım fikri təkrar etsəm də, amma bir oxucu kimi yenə demək istəyirəm ki, bu məktubun, yəni kitabdakı hər şeirin mənə görə ayrıca ünvanı mövcuddur. Bax elə bu şeirdə təqdim olunan ovqat, mənzərə, duyğular zənnimcə, dediklərimin sübutu ola bilər.

Məhəbbəti gözündədi,
Nə özündə, sözündədi.
Səadətin düzündədi,
Bu qız yaman eşqə düşüb.

...Oda düşdü bilə-bilə,
Yaş süzülür gilə-gilə.
Gəlin köçər gülə-gülə,
Bu qız yaman eşqə düşüb.

Və yaxud:

İkimiz bir Günəş altında
doğulduq,
Ömrümüz günəşdən
nur payı aldı.
Bir şəhərin sakinləri olduq.
Sənin pəncərəndən
süzülən işıq
Mənim gözlərimi
lap kor eylədi.
Həsrətin nə etdisə,
mənə etdi.
Əməllicə zor eylədi
Hər şeyimiz oldu
Sevgimiz, həsrətimiz
Aşkarda, gizlində
Sözümüz-söhbətimiz
Bir dünyamız oldu
Bir sevgimiz.
Getdik, qumlar
Üstündə qaldı izimiz.
Heyf, olmadı, gülüm,
Sonda ikimizin
bir evimiz...

Kitabın adından da göründüyü kimi, Taleh Həmid ünvanlı şeirlərini də məktub kimi yazıb. Ona görə də oxucu müəllifin ittihaf şeirlərindəki səmimiyyəti də çox rahatca qəbul edir. Şəxsən mənə ünvanladığı və bu kitabda yer alan şeirini ilk dəfə "Sənə məktublar yazıram" silsiləsində görəndə təbii ki, təkcə dosta minnətdarlıq yox, həm də bir kövrək məqam yaşadım. Çünki  Taleh Həmid məni də məktub yazdığı dostların sırasında görmüşdü.

Şair dostum Əbülfət Mədətoğlunun
Ad günündə-
Əllilik yubleyində,
bir yazı yazdım.
Ürək sözlərim,
Kövrək sözlərim,
Varaqlardan üzümə
Baxa-baxa qaldılar.
Dostlarım çap etmədilər
Onu vəd etdikləri gündə...
Gecikən məhəbbətdir-
Gecikən sözlər.
Dostların etinasızlığından
Bir az da vəfasızlığından
Bəzən ürəklərə yox,
Çöllərə, ağaclara, daşlara qonur,
Perikən sözlər.
Pəncərəmdə şəkil çəkir
bumbuz qar.
Yüz yaşa, əziz dost!
Səni də, mənim də intizar qoyan,
Dostlar da sağ olsunlar...

Dəyərli dostum Talh Həmid! Bu oxucu məktubunu mənə yazdığın şeirlə bitirməyim təsadüfi deyil. Çünki  söz adamı üçün dünyada diqqətdən böyük mükafat yoxdur. Sən o mükafatı məndən əsirgəmədin. Düşünürəm ki, bu əl boyda yazımla mən də sənin məktublarına cavab verməyə, onları  oxuduğuma işarə etməyə çalışdım. Yeni məktublarda görüşənədək!
Əbülfət MƏDƏTOĞLU
[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK