SON DƏQİQƏ:

MƏNİ ÜRƏYİMƏ BAĞIŞLAYIN

  49335   |  
Şriftin ölçüsü  

Sizin ürəyiniz də mənim üçün əzizdir

Bu yazını ürəyimlə etdiyim söhbətlə başlamaq istəyirəm. Doğrudur, mən demək olar ki, hər gün ürəyimlə danışıram və mənə ondan yaxın bir kimsə yoxdur. Elə onu da vurğulayım ki, ürəyimin mənə yaxın olmasının bir səbəbi də Sənin o ürəyə sahib olmağındı. Və deməli, mənə ən yaxın olan da elə Sənsən…

Hə, gecənin tən yarısı idi. Yəni saat 3:00 göstərirdi. Yuxum gəlmədiyindən evdən çıxıb akademiyanın qarşısına üz tutdum. Gecənin bu vaxtında burada görünməyim ətrafdakı polislərin diqqətini çəkdi. Yaxınlaşdılar. Barmaqlarımın arasında tüstülənən siqaretə, sonra üzümə baxdılar. Bilmirəm, tanıdılar, ya kiməsə oxşatdılar, hər nəsə ötüb getdilər. Bağda bir az gəzişəndən sonra iş yerimə tərəf gəldim. Onsuz da son vaxtlar yuxumun perik düşdüyün bilən nəşriyyatın mühafizəçiləri bu dəfə də salamımı təbəssümlə qarşılayıb susdular. Amma bu susmaqlarından onların suallarını oxudum. Soruşdular ki:

- Yenə yuxunuz yoxdu?!

Mən də susdum. Və əslində isə onlara dedim ki, «hə!».

Otağa qalxdım. İşığı qaldırdım, bilgisayarı qoşdum, ardınca da Qədir Rüstəmovun ifasını arayıb ekrana gətirdim. Onun ifasında «Neyçün gəlməz» otağımı bürüdü. Mən isə ürəyimlə söhbətə kökləndim. Həmişəki kimi soruşdum ondan:


Yorulmusan bilirəm

Döyünmək istəmirsən…

Yaşadığın həsrətlə -

Öyünmək istəmirsən?!


Tanrının bir simisən

Məhəbbət tilsimisən!

Özgələri kimi sən -

Geyinmək istəmirsən…


Yollardan yığılmısan

Özünə sığınmısan…

Özündən yıxılmısan -

Deyinmək istəmirsən…


Hə, söhbətim deyəsən alınmadı. Çünki ürəyim doğrudan-doğruya yorulub əldən düşüb. Suallarıma ancaq susmaqla cavab verir. Və mən də bu susqunluğu özüm bildiyim kimi yozuram. Yozumlar bəzən heç əhvalımı dəyişmir. Bir də ki, əhvalımın dəyişməsi üçün özünü nəyəsə məcbur etməli deyilsən, o öz axarı ilə gəlməlidi – sevgi kimi, məhəbbət kimi. Onda heç vaxt ağlın ucundan da gəlib keçməyəcək mənim yazdığım bu misralar. Nə özünə, nə də başqasına deməyəcəksən ki:


Yorulmuş ruhum üçün

Ölüm dərman kimidi…

Bir vida təbəssümü -

Sözsüz fərman kimidi!..


Hə, bu halla, bu yaşamla ovqatmı yaratmaq olar? Soruşa bilərsiniz ki, söhbət hansı haldan, hansı durumdan gedir? Doğrudur, soruşmaq sizin haqqınızdı. Amma mənim də sumaq haqqım var. Ona görə də öz haqqımdan yararlanıram - nə dosta zəng vururam, nə tanışa, nə də oxucularıma. Sadəcə susuram. Və bilirəm ki, bu susmağımla ürəyimi özündən çıxarıram, onun halını pozuram, kefinə soğan doğrayıram. Qoy olsun! Az qala 59 ilin 29-nu o mənim kefimə soğan doğrayıb, indi də mən onun əhvalını pozacam. Arayış üçün söyləyim ki, 29 ildir Qarabağsızam… 29 ildi ki, Qarabağ dərdini daşıyıram özümlə… və 29 ildi ki, Qarabağ düyününün çözümünü gözləyirəm... Ona görə də həyatın sınaqları da, sualları da məni yorur, əldən salır və mən də həmin o yorğunluğu, o halsızlığı yükləyirəm ürəyə. Deyirəm, çəkə bildikcə çək! Bilirəm ki, bu mənim tərəfimdən edilən namərdlikdi. Onu da bilirəm ki, mənim çəkdiklərimi bölüşməyə, paylaşmağa, eləcə də kiməsə yük etməyə böyük mənada haqqım ancaq ürəyimə çatır... gücüm ancaq ona yetir. Düzdü, sən də onun içərisindəsən, sənə də təsirsiz ötüşmür bütün bunlar. Hətta bəzən daha çox pay sənə düşür. Ona görə də hərdən sənə heyfim gəlir. Və hətta öz-özümə deyirəm ki, niyə bezib, yorulub günün birində öldürmür məni bu adam. Üstəlik sənə yazıram ki:


Niyə ağlına gəlmir

Məni vurub öldürmək?!

Bu qədər çətindirmi -

Yəni durub öldürmək?!


Oynayıram ölümlə

Söyləyirəm dilimlə…

Çətin olmaz, əlimlə -

Toru qurub öldürmək!..


İtib artıq kölgə də

Qolumdakı bəlgə də!

Öldürməkdi, bəlkə də -

Vaxtsız qürub, öldürmək!..


***

Deməli, bu şeiri sənə oxumağa cürət eləməmişdim. Ürəyimə oxumuşdum. Və ürəyimə oxuyub dərindən nəfəs almaq istəyəndə təkrar yadıma düşdü ki, şeiri həm də sənə oxumuşam. İnan ki, onda canıma buz kimi tər gəldi. Əməlli-başlı qorxdum. Elə bildim ki, arzumu düz anlamayacaqsan, düz yozmayacaqsan. Düşünəcəksən ki, bu adam ölümlə oynayırsa, deməli, həm də mənimlə oynayır? Deməli, həm də özünə dilədiyini ürəyinə diləyir? Əgər belədirsə, o ürək olan şəxs də o diləyin içərisində payını götürür?!

Bax bu, özümün-özümə buz kimi tərin içərisində verdiyim suallar məni sanki yuxudan ayıltdı, sanki özümə qaytardı. Və mən nə boyda günaha batdığımı hiss etdim. Bu günah isə təbii ki, səni incitmək idi. Çox düşündüm, çox götür-qoy etdim. Bilmədim necə üzrxahlıq edim, necə yuyum günahımı. Kimsə deyə bilər ki, etdiyim bu günah yuyulan deyil. Mən o kimsənin söylədiyini qəbul edirəm və ona haqq qazandırıram. Amma onu da mənə irad tutana demək istəyirəm ki, bunu bilərəkdən etmədim, qəsdən, məqsədli şəkildə söyləmədim. Sadəcə, həm söz-sözü çəkdi, həm də mən yaşadıqlarımın ağırlığı altında bir anlıq özümü unutdum… tarazlığım pozuldu… müvazinətimi saxlaya bilmədim… Nəticədə də söz dilimdən uçub getdi. Qaldım həmin uçub gedən sözün arxasınca baxa-baxa. Baxdığım o zaman kəsiyinin içərisində ağlıma gələn ilk istək səndən üzrxahlıq etmək idi. Elə bil ki, onun da yolunu Allah göstərdi mənə… Allah saldı ağlıma, qəlbimə, mən bu anın xəcalətindən çıxmaq üçün yenə qələm-kağıza üz tutdum… yenə qələm-kağızsız ürəyimə pıçıldadım həmin o göy üzündən gələn sədanı. Pıçıltılarım isə misralandı.


«Ah» çəkib «ah»ı sayıram

Etdiyim günah qədərdi…

Yatdığım gecənin sayı -

Açdığım sabah qədərdi!


Qan sızıbdı, gözümə qan

Yuxuya bənzəyir hər an…

Ömrümdəki sevincli an -

Topası gün- ah qədərdi!


İllər sərt olsa da mənə

Düşsəm də dumana, çənə…

Ürəyimdə sevgim sənə-

İnan ki, Allah qədərdi…


***

Deyir ki, daha doğrusu, elə mən özüm də deyirəm ki, sözün ardınca düşəndə adam çox uzaqlara gedib çıxır. Bəzən burda, Bakıda «Azərbaycan» nəşriyyatının 6-cı mərtəbəsində, «Ədalət» qəzetinin küncündəki balaca bir otağında oturub özümün də xəbərim olmadan haralara gedib çıxırsan? Haraları gəzib dolaşırsan? Və getdiyin, gördüyün, gəzdiyin həmin o yerlərin mənzərəsi, adamları da qoşulur o söhbətə, o sözə və çevrilir yazıya, xatirəyə. Mən düşdüyüm durumun içərisində nə qədər havalansam da, xatirə yağışı hərdən köməyimə çatır. Hərdən məni o durumdan çəkib çıxarıb 5-10 dəqiqəlik də olsa bir daşın üstündə otuzdurur. Və o daşın üstündə oturanda hiss edirəm ki, köməyimə çatan xatirə yağışı mənim ruhuma çilənir… mənim cismimi ovudur. Və beləcə ruhumla cismim əl-ələ tutub məhz xatirəsi təzələnən ünvana qonaq gedir. İndinin özündə də belədi, dünən də, ondan öncəki gündə də məndə belə olub. Hiss etmişəm ki, Ərk qalasında, o qalaya qalxan yolun üstündəki bulağın qarşısındakı daşın üstündə oturmuşam. Allaha yaxın olan bu yerdən ətrafa baxıram. Və ətrafda gördüklərim göy üzünün aydınlığı altında mənə son dərəcə doğma gəlir. Sanki yüz ildi bu mənzərəni seyr etmişəm…. Sanki yüz ildi ki, Ərk qalasına qalxan yolun bu daşının üstündə oturub qalmışam…

İlahi, sənin hikmətlərin danılmaz, sənin böyüklüyün səcdə ediləndi. Bunu oxumuşam da, eşitmişəm də, yaşamışam da, görmüşəm də. İndinin özündə də, elə ruhən o daşın üstündə oturduğum məqamda mənə elə gəlir ki, mən əlimi uzatsam, sənin ətəyinə toxunacaq… mən əlimi uzatsam, sənin dərgahına çatmış olacaq. Və sonra onu da fikirləşirəm ki, həmin o hisslər dayandığım məkanın, içində olduğum zamanın paklığının, saflığının və bir də burdakı mühitin təcəssümüdü. Mən ondan kənarda deyiləm. Əksinə, həmin o mühitin, o zamanın, o paklığın içərisindəyəm. Və bu da ilahi bir gücün laylası kimi, səsi kimi, nəfəsi kimi hopur mənə. O məqama qədər ki, mən onun içərisində özümü elə bu qalada doğulmuş kimi hiss edirəm. Və qaladan üzü aşağı düşəndə də həmin o yaşantılar məni tərk etmir. Göy üzündən üzü aşağı gəlsən də, o müstəvidə məni gözləyən naxçıvanlı dostlarımın bütövlüyü, səmimiyyəti, özlərinə xas xarakterləri ilə yaşantılarımı bir az da cilalayır… sanki bir az da bülövlənirəm…

İndi əvvəldə dediyim kimi, balaca bir otaqda həmin o yaşantıları bütün varlığımdan keçirib elə bilirəm ki, içimə bir rahatlıq, bir yaz mehi əsib doldu. Qayğılardan, sıxıntılardan bir anlıq da olsa xilas oldum. Bax, o bir ana görə, Allahıma və onun mənə nəsib etdiyi dostlara minnətdaram, onlara təşəkkür edirəm. O təşəkkür də hardasa, daha dəqiq desəm elə Naxçıvanda yazdığım bir şeiri mənə xatırladır. Bilmirəm yerinə düşəcək, yoxsa yox, amma onu da indi sizə pıçıldamaq könlümdən keçir.


Qoparılıb təkbətək

Sonra oda tutulur…

Yanıb tüstüyə dönür

Sonra da unudulur -


Xatirə yarpaqları?!

Həyat dəyirmanında

Öncə ələkdən keçir

İçdən duyulmayanda


Yır-yığış edib köçür -

Xatirə yarpaqları…

Kəsir yuxu qapısın

Ya da yaddaş yolunu…


Təbəssüm hiss edəndə

Geniş açır qolunu -

Xatirə yarpaqları…

Bunu yaşamaq özü


Özünə qayıtmaqdı

Külünə, ocağına

Közünə qayıtmaqdı -

Xatirə yarpaqları?!


Bu yazının ürəyimlə söhbət olduğunu öncə demişdim. Amma yazının bu qədər ağırlıq yüklü olacağını təsəvvür etməmişdim. Sona gəlib çıxanda duydum bunu. Tam səmimi etiraf edim ki, oxucularımı bu yaşantılara qoşduğuma, onlara bir kədər notları mesaj etdiyimə görə sıxıldım. İçimdən tam səmimi bir üzrxahlıq hissi gəlib keçdi. Ona görə də sizdən yazılı şəkildə o üzrü qəbul etməyiniz ricasını dilə gətirirəm. Və elə bu ricamla da sizin hər birinizə demək istəyirəm ki, hansısa ədibimizin yadımda bir sözü, lap dəqiqi, əsərinin adı qalıbdı. Çoxdan oxumuşam əsəri. Adı belə idi: «Ürək yaman şeydi». İndi siz də məni ürəyimə və ürəyinizə bağışlayın!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK