SON DƏQİQƏ:

XOŞBƏXTLİYİNİ ETİRAF EDƏN ŞAİR

  398770   |  
Şriftin ölçüsü  

Öncə ordan başlayım ki, Azərbaycanın tanınmış söz adamları sırasında özünəməxsus yeri olan Rafiq Yusifoğlu poeziya dünyamızda öz imzasını kifayət qədər sevdirə bilib. Yəni bu imza istər elmi araşdırmalarda, istər poeziya axarında, istər nəğmələrdə, istərsə də baş redaktoru olduğu "Göyərçin" jurnalında oxucular tərəfindən gözlənilir, axtarılır, izlənilir.

Uzun illərdən bəri şəxsən tanıdığım və yaradıcılığının böyük bir hissəsi ilə şəxsən ünsiyyət qurduğum, baş-başa qaldığım Rafiq Yusifoğlu bir söz adamı kimi özü həmişə arxa planda dayanır.

Bir addım sözündən geridə dayanıb, sözünü oxucuya təqdimatsız təqdim edən Rafiq Yusifoğlu birmənalı olaraq başını aşağı salıb öz dünyası ilə. Öz qələmi ilə yol-yoldaşlığı edir. Onun dünyasının qapısı da, pəncərəsi də, yolu-yolarası da sözdü, qapı-pəncərəsi də elə o dünyanın işığı da, sərhədləri də. Mən Rafiq Yusifoğlunu tanıdığım, mütaliə etdiyim gündən bəri özüm üçün müəyyənləşdirmişəm ki, Rafiq Yusifoğlu sözdən uzaqda yaşaya bilmir. Onun nəfəsi də sözdü, qidası da sözdü, bütövlükdə sözdən yoğrulub Rafiq Yusifoğlu. Görünür, bu qənaətində yanılmadığını sübut etmək üçün Rafiq Yusifoğlu yazıb bu şeiri:

Ağlayıb gülürəmsə,

xoşbəxtəm, Allahım!

Kiminsə xoşuna gəlirəmsə,

xoşbəxtəm, Allahım!

Sənin yaratdıqlarını

sevə bilirəmsə,

xoşbəxtəm, Allahım!

Doğrudan da, belə dərindən düşünəndə, məhz bu şeirin içərisinə girəndə xoşbəxtliyin hər kəsin öz ovcunun içində görməmək, ona sahib çıxmamaq adama bir az qəribə gəlir. Yəni qarşında olan xoşbəxtliyi doğrudanmı görə bilmirsən? Axı xoşbəxtlik üçün çox adi, çox elementar şeylər gərəkdir. Taxt, tac, villa, pul-para, şöhrət, mənsəb yox, məhz Rafiqin dedikləri gərəkdi insana xoşbəxt olsun.

Yəni ağlayıb gülə bilsin, sevə bilsin, düşünə bilsin, duya bilsin və bir də kiminsə xoşuna gələ bilsin. Zənnimcə, bu, şairin xoşbəxtlik barəsindəki konkret bir riyazi düsturudur. Mən bu düsturu alqışlayıram.

Rafiq Yusifoğlu məhz o düsturdan çıxış edərək təbiətə də heyranlığını, sevgisini çox rahatlıqla ifadə edib. İstər gül bayramı olsun, istər lalə dənizi, istər Bakının küləkləri, meşələr, ormanlar, fərqi yoxdur. Bunların hamısına Rafiq Yusifoğlu həmin düsturdan yanaşır və yazır:

Meşəyə heyrətlə baxıram,-

Meyvə ağacları kimi

çiçəkləyib içim də...

Bəbəklərim

bahar buludlarına

bənzəyir, -

Bir leysan uyuyur

içimdə...

Ürəyim səksəkədə

gözlərimsə

uşaqlara baxır...

Meşəyə bahar,

qəlbimə isə

həsrət yağışları

yağır...

Bəli, doğrudan da dünyaya içindəki sevgidən baxa bilsən onun sirlərinə də yol tapa bilərsən. Özünə də, hətta sirlərindən agah olduğun, yaşadığın bu dünya səni öz gözəlliyi ilə, öz sehrləri ilə dərddən-qəmdən çəkib qopara bilər. Təəssüf ki, biz bəzən bunun fərqinə varmırıq. Eləcə dərdin, qəmin yaxasından yapışıb ancaq onun izlərini ömrümüzdən silməyə cəhd göstəririk. Belə olan halda isə ömrün qayğılar içərisində necə keçdiyindən bəzən xəbərimiz də olmur. Xəbər tutanda isə... Rafiq Yusifoğlu yazır:

Qoymadı

səpdiklərim bitə,-

ələndi qar şuma...

Ürəyin böyük sevgiyə

hazır deyildisə,

Niyə çıxdın

qarşıma?

Doğrudan da sevgi adlı uzun, ağrılı-acılı, oddan-alovdan keçən yola hazırlıqsız çıxmaq nə deməkdir? Ümumiyyətlə, bu kimə lazımdır? Zənnimcə, sevənlərə gərək deyil. Heç onlar bunun izinə də düşmürlər. Olsa-olsa sevgini əyləncə sayanlara, sevgi ilə oynayanlara gərək ola bilər. Olsun. Bəs son? Sonda dörd divar arasında qalmaq, atılmaq, sınmaq necə bəs? Onu göz önünə alırsınızmı?..

Mən Rafiq Yusifoğlunun üç fəsildən ibarət olan kitabını oxuduqca yuxarıda vurğuladığım sualların cavabları ilə hər misrada qarşılaşdım. Mənə elə gəldi ki, Rafiq təkcə yaşadıqlarını, duyduqlarını yox, həm də özündən bir addım qabaqda olan sözünün diqtəsi ilə tablo çəkir. Bu tabloların hər birində məhz yaşamın, yaşanacaqların cizgiləri üzümüzə gülümsəyir. Bu təbəssüm həm də bir işıqdı.

Elə bil ki, asılıb

Qəlbim göy qurşağından.

Yol gedirəm gecələr

Sevgimin işığında.

Həsrət nuru bərq vurur

Damlasında yağışın.

İçimi nurlandırır

Onun bircə baxışı...

Və yaxud:

Daha sevinc boylanacaq gözündən,

Əzabların baş götürüb gedəcək.

Mənli dünya səni aldı özündən

Mənsiz dünya səni xoşbəxt edəcək...

Və yaxud:

Dərdin əlləri var sənin yaxanda

Gözlərin önündən duman, çən keçir.

Tanrı dərgahından yerə baxanda

Səni xoşbəxt görmək könlümdən keçir...

Zənnimcə, son dərəcə səmimi hisslərin, etirafların işığında ancaq sevməyi, sevilməyi düşünmək dünyanı başdan-başa işıqda görmək mümkündür.

Çünki şair bütün varlığı ilə öz ürəyini alovlandırır, öz varlığını da o alova bükür və sərgiləyir oxucunun qarşısında. Əslində Rafiq Yusifoğlunun sözü budur, poeziyası budur! Özü də vurğulayır ki, başqasının sevincinə sevinməyən tənhalığa məhkumdur. Rafiq həmin fikri poetik olaraq belə misralayır:

Təkcə özünü düşünən

Cücərə bilməyən

çürük tumdu.

Heç kəsin sevincinə

şərik olmayan

tənhalığa məhkumdu...

Bəli, mən Rafiq Yusifoğlunun poeziyasında böyük etiraflarla da üz-üzə gəldim.

Həmin etirafların hər biri də şairin özünün özündən sorğusudu, özünün özünə diqtəsi, özünün özündən cavab umması, özünün özü ilə bir növ haqq-hesab çəkməsidi. Bax, bu şeirdə olduğu kimi:

Mən ki, sənə heç zaman

əziz olmamışam,

indi bu nə umu,

bu nə küsüdü?

Gizli yazışmaların

sənin qəlbinin

güzgüsüdü...

"Könül səltənəti"ni oxuduqca Rafiq Yusifoğlu poeziyasının könlümə hakim olduğunu bir daha hiss etdim. Və birmənalı olaraq duydum ki, söz qələmlə ürək arasında körpüdü. Ürəkdən qələmə, qələmdən kağıza, kağızdan isə təkrar oxucu könlünə qayıda bilən söz yaşayan sözdü. Rafiq Yusifoğlu yaşayan sözün sahibidir.

Mən bu kiçik qeydlərimi elə onun öz misraları ilə yekunlaşdırıram. Düşünürəm ki, bu misralar qələm dostum barəsində söylədiyim fikirlərin daha bir sübutu olacaq:

Məni dinc durmağa qoymur ürəyim,

Qaynar ocaqların közü məndədir.

Bu gözəl dünyadan doymur ürəyim,

Elə dünyanın da gözü məndədir...

Əbülfət MƏDƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-26
2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK