Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi qeyd olunacaq.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"2026-cı ildə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi tamam olur.
Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olmuşdur. Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişinin aydın təzahürlərindəndir. Naxçıvan şəhərindəki ehtişamlı abidələrdən Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilən, misilsiz gözəlliyə malik ölməz sənət inciləridir. Əcəminin parlaq irsi məktəb rolunu oynamış, sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərmişdir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə keçirilmişdir. Qüdrətli memarın 900 illiyinin UNESCO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi bütövlükdə Azərbaycan xalqının çoxəsrlik mədəniyyətinin zənginliklərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasında mühüm addımdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, orta əsrlər Azərbaycan memarlıq sənətinin inkişafında dərin və silinməz iz qoymuş böyük memar Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli
Elmlər Akademiyası ilə birlikdə Azərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Digər Xəbərlər
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10
Xocalı: Unudulmaz yaddaşın musiqi ilə danışdığı axşam
25 Fevral 2026 18:50


Bakı -°C

