adalet.az header logo
  • Bakı -°C
29 Dekabr 2025 13:01
65
ƏDƏBİYYAT
A- A+

Rəşat Kəsəmənli: “Kaş mən də bu sənətdə atam kimi iz qoya bilim”

Bu gün şair, publisist Nüsrət Kəsəmənlinin doğum günüdür.  Bir çox unudulmaz mahnıların mətn müəllifi, oxucular arasında sevgi şairi kimi adlandırılan Nüsrət Kəsəmənli 1946-cı ildə Ağstafa rayonunda anadan olub. Şairin yaradıcılığında sevgi şeirləri, nakam məhəbbət mövzusu əsas yer tutur. Bir sıra qısametrajlı və tammetrajlı  bədii və sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. Şair bir neçə  ekran işində  aktyor kimi də  obrazlar  ifa edib. Bu səbəbdən onun mədəniyyət sahəsindəki fəaliyyətinin geniş olduğunu söyləyə bilərik.

Adalet.az-a danışan şairin oğlu Rəşat Kəsəmənli atası kimi iz qoymaq istədiyini, onunla fəxr etdiyini söyləyib:

“Əvvəla, onu qeyd edim ki, xalqımız sağ olsun ki, atamın yoxluğunu bizə yaşatmırlar. Hər addımda atamın adı xatırlanırsa, məni görəndə  Nüsrət Kəsəmənlinin oğlu deyirlərsə, o deməkdir ki, Nüsrət Kəsəmənli yaşayır.  Bəzən mənə deyirlər ki, sən artıq özün tanınmış insansan. Sənə Nüsrət Kəsəmənlinin oğlu Rəşat kimi müraciət edəndə  qıcıq yaratmır? Deyirəm ki, əslə yox. Hətta bununla fəxr edirəm. Qürur duyuram ki, məni görəndə atamın adı çəkilir. Belə olan halda  zərrə qədər olsa da, atama xidmət etmiş oluram. Bir övlad üçün bundan dəyərli hiss ola bilərmi? Kaş ki, mən də bu həyatda, bu sənətdə atam kimi elə bir iz qoya bilim. Mənim də övladım böyüyəndə övladımı mənimlə xatırlasınlar. Bundan böyük  heç bir  hiss ola bilməz. Atamla həmişə fəxr etmişəm. O mənim qürur yerimdir”.


Əntiqə Kərimzadə