ANA SƏHİFƏ / YAZARLAR

SÖZDƏN SARAY TİKƏN ŞAİR

31120    |   2016-01-23 08:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İki dəfə idi onun evində qonaq oldum. Amma hər ikisində də ağzımı açıb, bir kəlmə soruşmadın. O qədər maraqlı, dolğun, həzin, özünəməxsus sinonimlərlə dolu ifadələrlə söhbətlər edirdi ki, nəsə soruşmağa ehtiyac duymurdum. O, gözlərimin qarşısında bir canlı əfsanə idi. Söhbətləri o qədər şirin, maraqlı idi ki, ancaq susub dunləmək istəyirdim. Özünü gözlərinə yığmaq, sözlərini yaddaşıma həkk edib əzbərləmək, soy-kökünə məxsus ləhcəsini sonsuzadək dinləmək istəyirdim. Amma xəstə ziyarətçisinin ən yaxşısı erkən gedənidir, deyirlər. Söhbətindən doymasam da, müalicədən yenicə dönmüş şairi yormaq istəmirdim. Amma kaş ki, soruşmaq istədiyim bircə sualı da saxlamayaydım...
Onlar - qarşımdakı saç-saqqalı ağarmış, vaxtından əvvəl ahıllaşmış, baxışları sozalmış, xəstəliyin üzündən sifəti saralıb avazımış, nəfəsini çətinliklə alaraq, hərdən öksürərək danışan Zəlimxan Yaqub və qapqara saçları, iri cüssəsi ilə nəzəri cəlb edən, qartal baxışlarına bənzəyən iti gözləri, gur, şaqraq səsi ilə tribunaları cingildədən, divarları titrədən, insanı içindən silkələyib ayıldaraq gözünə işıq, qəlbinə nur verən, vətənpərvərliyə, soyuna, kökünə, ilkinə, əzəlinə, yurd-yuvana, el-obana, adət-ənənənə, milli qüruruna, el sənətinə, xalq musiqisinə, Tanrına, Yaradanına səsləyən, hər şeiri bir gerçək həyat hekayəsini, hər poeması bir yaşanmış dastanı xatırladan, kəskin zəkaya, iti sözə, havalı ürəyə, odlu könülə malik, zəngin təfəkkürün məhsulu olaraq sıraya düzülmüş ilahidən gələn misralara nizam verən ... Zəlimxan Yaqubun arasında susub qalmışdım. Bu xəyaldan çox əsl həqiqəti xatırladırdı. Divarda müxtəlif rəssamların əl işləri olan cürbəcür portretlərinin hamısında şair odlu-alovlu nitqini söyləyirmiş kimi baxırdı. Bu ikiləşməni özümdən uzaqlaşdırıb, nə qədər qarşımdakı böyük ustadı dinləmək istəsəm də alınmırdı. Hər iki Zəlimxan Yaqub eyni anda səslənirdi və mənim sakitcə hər ikisini dinləməkdən başqa əlacım qalmırdı. Bu ikiləşməni özümdən uzaqlaşdırmaq üçün kitabxanasına baxmaq bəhanəsiylə onu həmkarımla buraxıb qalxdım. İş otağının hər iki divarını tutmuş zəngin kitabxanasında nələr yoxdu... dünya ədəbiyyatı - Avropa ədəbiyyatı, sovet ədəbiyyatı, Azərbaycanın təbabət elmindən tutmuş, folkloruna, ensiklopediyasına qədər hər cür rəngarənglik vardı burda. Bu zənginliyin içərisində şair ən müasir gənc şair və yazıçılarımızı da unutmamışdı...
Onun saz muzeyi isə başqa bir aləmdi - saz suvenirlərindən başlamış, cürə saza və əsl saza kimi. Qədim el sənətimizin daşıyıcısı bu tutiyə insanın sazda çaldığı ruhu təzələyən havalarını xatırladım və dönüb şairə baxdım - görəsən sazı indi də dilləndirə bilirmi şair - düşündüm. Soruşsam kövrələr, kədərlənər deyə, içimdə boğdum bu istəyimi.
Ensiklopedik yaddaşa, zəngin təfəkkürə, dərin zəkaya, tükənməz istedada, sağlam ruha malik bu insanı əslində saatlarca dinləmək istərdik, amma onu bu qədər yormaq insafsızlıq olardı.
Onun üçün çətin olduğu halda qarşıladığı kimi, bizi yola salmaq üçün də özü ayağa qalxdı. Təkidimizə, zəhmət çəkməməsini israrla istəməyimizə rəğmən qapıya qədər bizimlə gəldi. Bu, əsl Azərbaycan kişisinin qonaqpərvərliyinin nümunəsi idi.
Ondan ayrılarkən də içimdəkiləri söyləyə bilmədim. Bu, daha çox xəstəlikdənmi, yoxsa soy-kökündən gələn ağsaqqallıqdan, el-oba təəssübkeşliyindən, yurd həsrətli ruhundan bədəninə köçmüş erkən ahıllaşma onu olduğundan çox-çox yaşlı göstərirdi. Onun bir misrasını xatırladım: Şair dağ çayıdır, başı bəlalı... Baxı-baxıb susdum. Nə vaxtsa onu da itirəcəyimizi düşünüb qorxdum. Həmin dəqiqə onun daha uzun yaşaması üçün əlimdən gələni etməyə hazırdım. Üzünə baxıb demək istədiklərimin heç birini deyə bilmədim. Nikbin görünməyə, xəstəliyə qalib gəlməyə çalışsa da, solğun üzündən yorğunluq tökülürdü. Şaqraq səsli, dağ çayını xatırladan natiq susmuşdu, indi qarşımda yalnız ahıl Zəlimxan Yaqub dayanmışdı. Üzünə baxaraq demək istədiklərim çox idi: Amandır ustad, özündən muğayət ol, xəstəliyə məğlub olma! Səndə elat kişilərinin təpərini, türk soyunun mədhini, Göyçə, Zəngəzur, Borçalının, Dəmir Qapı Dərbəndin, Qarabağın, Təbrizin havasını, nəfəsini, el sənətinin dəyərini, zərifliyini, Vətən, torpaq, yurd həsrətinin tərənnümünü, dinə-imana, Tanrıya, Allaha sidq-ürəklə tapınmanın səmimiliyini... hiss edirik, görürük, duyuruq. Sən bizi tərk edərsən, biz Borçalını, Göyçəni, Zəngəzuru... əbədilik tərk etmiş olarıq.
Sən kənd-şəhər mədəniyyətini ortaq məxrəcə gətirən, ədəbiyyatın, mədəniyyətin, adət-ənənənin kəndlə, şəhərlə deyil, insanlıqda, tərbiyədə, əxlaqda olduğunu sübut edən insansan. Sən sonsuz ilhamınla, zəngin təfəkkürünlə özündən müştəbeh çoxlarını susduran söz, nitq, sənət sahibisən. Sənə hələ çox ehtiyacımız var! Səndən öyrənməli çox məchullar var. Allahdan sənə möcüzə kimi əta olunmuş, xəstə halında belə səni yatmağa qoymayıb sabaha qədər yazmağa vadar edən ilham çeşmən qurumasın! Xalq şairi adını almış çoxları var. Amma sən xalqın əsl şairi olaraq o ada möhürünü vurmuş birisən. Xalq şairinin sözləri xalqının ən aşağı təbəqəsinin də dilində, müğənnilərin avazında əzbər olmalı, mahnılarda bəstələnməli, qiraətlərin özəyini təşkil etməlidir - sənin sözlərin kimi. O xoşbəxtliyi Tanrı səndən nəinki əsirgəməyib, hətta sənə bol əlli verib. Bu da açıq ürəyinin, dünyanın hər üzünü görsən də dəyişməyib sabit qalan amalının, sadə insanlığının, Vətən, yurd sevginin, itirilmiş torpaq həsrətinin, imanının, inancının, halallığının mükafatıdır. "Şairə öz xalqı "can!" deməlidi" yazmışdın bir şeirində, gözəl insan! Xalqın sənə "can!" deyir, səni sevir, qiymətləndirir. Sən Azərbaycan İNSANININ canlı portretisən - əxlaqınla, mədəniyyətinlə, halallığınla, savadınla, vətənpərvərliyinlə, sevginlə, ağsaqqallığınla, təəssübkeşliyinlə, varlığınla. Sən də xalqın üçün bu qədər varı qoru, böyük şair, böyük ustad, dəyərli ziyalı, bizim üçün möhkəm ol!
Ayrılarkən, içindəki sonsuz zənginliyi kağıza köçürən əllərindən öpmək istədim. Üzündən öpdüm el ağsaqqalımın.
Qapıdan uzaqlaşınca arxamızca baxdı şair. Məsafə, zaman fərqi olmadan ayrılığa heç tabım olmadığından içimə bu ayrılığın kədəri çökdü. Dönüb şairə baxdım. Eləcə sakitcə, kədərli baxışlarıyla bizi yola salırdı. O an içimdən güclü bir istək keçdi: Görəsən şair bu an nə düşünür?..
Bəli, bir neçə ay əvvəl olmuşdu bu görüş. İçimə dolan o qorxu reallaşdı - itirdik şairi. Eldən getdi, yalnız evindən getmədi. Qədirbilən xalqımız onu layiq olduğu kimi, hər kəsə nəsib olmayan bir təmtəaqla son mənzilinə yola saldı. O, saray şairi deyil, qəlblərdə saray tikən, heykəl olan bir insan olduğunu sübut edib getdi bu dünyadan. Yerin behişt olsun, böyük insan!



YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-19
2018-04-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (41.67%)
"Real" Madrid (58.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Qarabağın məşhur bəstəkarlarından biri Xosrov Fərəcov Musiqi Texnikumunun direktoru idi. Çox zəhmli adamıydı, hətta Texnikumda az qala hərbi nizam-intizam yaratmışdı. Bir məsələ də vardı ki, Ağdamın bütün ünlü xanəndələri və ifaçıları bu Texnikumda müəllim işləyirdilər. Və təbii ki, tez-tez də toylara çağırılırdılar, nəticədə dərsi buraxmalı olurdular. Ona görə də Xosrov müəllim toya gedən müəllimlərə haqq qoymuşdu: 25 manat.

Bir gün Ağdamdan çıxan böyük sənətkarların demək olar ki hamısının muğam müəllimi olan məşhur tarzən Məşədi Nəriman hardasa möhkəm yeyib-içib gəlir məktəbə. Tez qaçıb Xosrov müəllimə satırlar ki, məşədi Nəriman içib gəlib, həyətdə də hamıyla məzələnir. Xosrov müəllim üçün görünməmiş hadisə, dərhal düşür həyətə. Görür, həə, Nəriman müəllim babatdı.

Əsəbi halda deyir:

- Nəriman müəllim, bu nədi?

Nəriman müəllim təbii ki, ayılır, bir diqqətlə Xosrov müəllimi süzür, sonra cibindən bir 25-lik çıxarıb basır Xosrov müəllimin döş cibinə və deyir:

- Xosrov müəllim, mən ölüm, məni bu gün toyda bil.





digər lətifələr
ARXİV
FACEBOOK