ANA SƏHİFƏ / YAZARLAR

Qadağaya qadağa

Etibar Cəbrayıloğlu

36302    |   2015-10-09 19:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səməd Səmədovun itinə, Elza Seyidcahanın pişiyinə bir quş...

Bakı küləyinin elə quruca adı varmış... Heyf şairlərin Xəzri və Gilavar haqqında yazdıqlarından, bəstəkarların həmin sözlərə qoşduğu mahnılardan. Milli Televiziya və Radio Şurası elə bir tufan qopardı ki, hamının canına üşütmə düşdü.

İstəyirsiniz inanın, istəmirsiniz yox, lazım gəlsə and da içə bilərəm. Telekanallardakı gül kimi verilişlərin məzmununa and olsun ki, yorğanı başıma çəkib uzanmışam yerimdə, üşümüşüm üşüyürəm. Bu nə bəla idi düşdük, qardaşlar?

Milli Televiziya və Radio Şurası Nuh deyir, peyğəmbər demir, bu qurumdan gələn hər açıqlama adamı vəlvələyə salır. Belə məlum olur ki, özəl kimi tanıdığımız telekanallardakı bəzi proqramlar ya bağlanacaq, ya da elə bağlanacaq. Yəni əvvəlki dövrlərdən fərqli olaraq bu dəfə bizdən aman gözləməyin.

Milli Televiziya və Radio Şurası telekanalların üzərinə getməyə heç uyğun vaxt seçmədi, qızmar yay olsaydı, yenə bir təhər keçinmək olardı. Uzun qış gecələrində televiziyalar bizə nə göstərəcəklər?

Hər şeyi özünüz görürdünüz də, daha sizlərə nə deyim axı. Az qala doğma ev-eşiyimiz kimi bizə tanış gələn şadlıq evləri, ən bərk gedən restoranlar yalan olmuşdu. Elə efirdəcə kabab bişirirdilər, elçi-filan gedib nişanlanırdılar, veriliş gedə-gedə də evlənirdilər. Yatmaq-durmaq, geyinib-soyunmaq, hətta hamamda çimmək də canlı yayımda idi. Boşanmanı özləri bir-iki veriliş sonraya saxlayırdılar. Şura da deyir ki, daha bundan sonra belə olmayacaq. Yəni lap kəsəsi, ay camaat, uzun qış axşamlarında üşüyün özünüz üçün.

Mən elə indidən, heç qış gəlməmiş üşüyürəm. Dişim dişimə dəyir, bir yandan da əsəb əhədimi kəsir. Necə yəni bir-iki günə efirdə iməclik edin, şou verilişlərini yığışdırın? Tamaşaçıya beləmi zülm edərlər... Bəs Səməd Səmədovun itinin nişanına, Elza Seyidcahanın pişiyinin ad gününə baxmaq üçün hansı ölkənin telekanalını izləyim?

Milli Televiziya və Radio Şurasının nə vecinə, ziyan mənə, sizə, minlərlə, milyonlarla tamaşaçıya dəyəcək. Telli Borçalının səhər qaymaq, günorta yayma xəngəl, axşam isə məhəbbət barəsindəki fəlsəfi fikirlərinə yer olmayandan sonra teleməkanımız necə görünəcək?

Tutaq ki, Milli Televiziya və Radio Şurasının qopardığı tufan bir az da şiddətləndi, efirimizdəki bəzi proqramlar uçub getdi haralarasa, bəs Rəqsanənin canlı efirdə uşaq dünyaya gətirəcəyi ilə bağlı planları necə olsun? Və yaxud, Rəqsanə növbəti dəfə doğmağında olsun, sizə deyim onun böyük qızından. Anasının yolu ilə gedən bu qıza ad günündə nə hədiyyə olunduğundan necə xəbər tutaq?

Heç uzağa getməyək, götürək elə Manaf Manafovu, bu adam bir ətək pul xərcləyib imarət tikdirib, sağlığına qismət olsun, traktor boyda yekə maşın alıb, üstəlik Sudandan su keçirməyən təzə qış ayaqqabıları gətizdirib. Bütün bu bahalı və maraqlı şeylər efirdə göstərilməyəndən sonra mən onları harda görüm, Kənd Təsərrüfatı Muzeyində?

Kişi müğənnilərimizin əksəriyyəti saçına qara ayaqqabı xınası vurur, hələ qulağına sırğa taxan da var. Bu kişilər bütün əziyyəti ona görə çəkirlər ki, xalq efirdən görsün, qiymətləndirsin. Milli Televiziya və Radio Şurasının qopardığı tufandan sonra belə müğənnilərin də çəkdikləri zəhmət bada gedəcək.

Bu qurum nə qədər lap dərinə getməyib, bir şey fikirləşmək lazımdı. Lazım gəlsə qadağanın özünü də qadağan eləmək olar. Amma necə? Sözün açığı, elə üşüyürəm, elə üşüyürəm, ağlıma heç nə gəlmir. Qoy yorğanı çəkim başıma, bir az tərləyim. Sonra nəsə fikirləşərəm...




İmza:

YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK