ANA SƏHİFƏ / YAZARLAR

"Yaramaz"ların "Ad günü" - "Uşaqlığın son gecəsi"

Və yaxud Elnur Əşrəfoğluna təklif - "O olmasın, bu olsun"

17947    |   2011-08-25 01:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Futbolla və idmanın digər növləri ilə maraqlananlar Elnur Əşrəfoğlunu tanımamış olmazlar. Az.TV-də zəhləmizi az aparmayıb. Yarışlardan reportaj verəndə az qala "Bir qalanın sirri"ni danışırdı. Futbolun ən ürək yanan yerində - hücumçu qapıçı ilə təkbətək qalıb zərbə vuran anında Elnur Əşrəfoğlu səsini başına atırdı: "Dünən voleybolçu qızlarımız "Çağırış kuboku"nun növbəti oyununa hazırlıq çərçivəsində növbəti məşqə çıxıblar. Bu bir daha onu göstərir ki, ölkəmizdə idmana böyük qayğı və diqqət göstərilir. Rayonlarımızda bir-birindən gözəl, geniş, beynəlxalq standartlara cavab verə bilən idman qurğuları, Olimpiya Kompleksləri tikilir, istifadəyə verilir".
   
   Çoxdandı onun belə reportajlarından canımız qurtarıb. Çünki "İdman Azərbaycan"da əli vəzifə kürsüsünə çatmayınca "Cin mikrorayonda" göründü. "Ağ atlı" Elnur "Sehrli xalat"ı geyinib "Şərikli çörək" qazanmağa başladı. İndi ən köklü klubumuz-"Neftçi"nin mətbuat və ictimaiyyətlə əlaqələrindən sorumlu adamdı. Sonuncu dəfə qazdığı quyunun dərinliyi deyəsən 4 metr olub və sonda "Bəxtiyar" filminin baş qəhrəmanı demişkən, şokolad kimi neft çıxıb.
   
   Azarkeş olduğumdan gün ərzində tez-tez futbola geniş yer verən idman saytlarına göz atıram. Həmin saytlarda ara-sıra Elnur Əşrəfoğlunun da adı keçir. Kürəyini "Böyük dayaq" tərəfə söykəməyi xoşlayan, bəzən "Arxadan zərbə" alan Elnur Əşrəfoğlu "Neftçi" rəsmisi olduğu üçün hərdən bir açıqlamalar verir. Həmin açıqlamalarda "Qaçaq Nəbi" yeri-gəldi gəlmədi milli filmlərimizdən sitat gətirir, yumor hissini camaata sırımaq istəyir.
   
   Məsələn, ondan soruşandakı yerə-göyə sığmayan iddialarınıza rəğmən Zaqreb "Dinamosu" önündə niyə belə aciz göründüz? Deyir ki, başımıza gələnlər lap "Yol əhvalatı"na oxşayır. Maşınımız "yamaya" düşdü, qoyunları qəbiristanlığa vaxtında təhvil verə bilmədik. "Yeni baş məşqçiniz kim olacaq?" soruşan peşman olur. Elnur təzə lent fırladır- "Babamın babasının babası".
   
   Elnur bəyə deyəndə ki, əfəndim, klub neçə nəfəri transfer etmək istəyir? Qayıdıb nə desə yaxşıdı- "Yeddi oğul istərəm". Soruşursan ki, bəy, bəs yeni transferlər nə zaman düşərgəyə gələcək? Köhnə jurnalistin "kinoşünaslığı" tutur. Başlayır "Bəxtiyar" filmini əzbər danışmağa: "Gələcəklər, pullarını da qabaqcadan vermişəm". Tutaq ki, sabah kimsə "Yaramaz"ı özünə kumir seçən Elnurdan soruşdu ki, futbolçuların geyimi niyə belə səliqəsizdi. "Görüş" filmindəki kimi eşşəklə pambıq suvarmaqdan gələn və yolüstü "Ad günü"nə baş çəkən Əşrəfoğlu həmən "Bizim Cəbiş müəllimi" xatırlayacaq. Deyəcək ki, Cəbiş müəllim sabun bişirməyə razı olmur.
   
   Milli çempionatımızı izləyənlər yaxşı bilir, "Xəzər Lənkəran"la oyunları çıxmaq şərti ilə "Neftçi"nin digər görüşlərinə 500-1000 azarkeş gəlir. "Xalq komandası" azarkeş sarıdan niyə bəs əziyyət çəkir? Elnur Əşrəfoğlu bu sorunu yəqin ki, belə cavablandırar: "Bu məsələ ilə "Uşaqlığın son gecəsi"ndəki Davud məşğul olur. O, da ət kombinatından sosiska vaxtında gəlmədiyinə görə küsüb keçib "26"lar tərəfə. Amma mən həm "Dədə Qorqud", həm "Babək", həm "Nəsimi", həm də "Təhminə və Zaur"la danışıq aparıram. "Ögey ana"nın da məsləhətinə qulaq asmışam. İsmayıl dağ partlayana qədər gedib itburnu çiçəyi dərib gətirə bilsə dərdimizə dərman tapılacaq. Sonra "O qızı tapın" deyib "İstintaq"a başlayacağıq".
   
   "Həm ziyarət, həm ticarət"lə məşğul olan Elnur Əşrəfoğlu son günlər yenidən teleməkanda görünməyə başlayıb. "Speys" telekanalında yayımlanan "Qol" proqramında ekspert kimi çıxış edir. Amma tamaşaçı bilmir ki, Elnur bəy futbol, yoxsa kino ekspertidi. Səviyyəsiz atmacaları onu bir qədər də gülünc vəziyyətdə qoyur, qeyri-ciddi imicinə yeni xallar əlavə edir.
   
   Elnur bəy, əgər milli kinomuzu belə yaxşı bilirsizsə məsləhətimə qulaq asın. Özü də bunun üçün "Uzaq sahillər"ə getmək, "Arşın mal alan" kimi qapı-qapı gəzməyə ehtiyac yoxdu. "Qol"dansa "Speys"in digər verilişinə çıxın. Qonşu studiyada milli filmlərimiz müzakirə olunan verilişə qatılıb doyunca sitat gətirin. Aparıcı da elə sizə bab adamdı-Kamran Həsənli. "Bir məhəlləli iki oğlan" baş-başa verib danışın özünüz üçün.
   
   Necə deyərlər, "O olmasın, bu olsun"...


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK