hacklink Adalet.az | VƏDƏ KÜLƏYİ Adalet.az | VƏDƏ KÜLƏYİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

VƏDƏ KÜLƏYİ

19200    |   2011-03-19 03:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazı ilaxır çərşənbədə öz ürəyimlə savaşdığım anların birində yarandı. İndiki zamanda ( yəqin elə bütün zamanlarda) çoxları kimi, mənim də dərd ortağım, anlayanım öz ürəyimdi. Acımasız davrandığım, gücü çatar-çatmaz deməyib, hər türlü dərdləri-özümünkü, özgəninki bilməyib yüklədiyim zavallı ürəyim. Onun da dili-ağızı yoxdu ki, etiraz etsin-incidiyini, küsdüyünü, bezdiyini desin. Hərdənbir suyu bollaşan çaylar kimi məcrasından çıxıb guppultuynan döyünməyi var ki, onda da yarım stəkan suynan iki dənə valerian verib başını aldadıram. Aldanıb bir az sakitləşən kimi də yenə başlayıram bildiyimi eləyməyə. Bu minvalla da yaşayırıq-savaşa-savaşa, didişə-didişə. Görək, axırda hansımız qalib gələcək?!...
   
   Arada zəng vurub halımı soruşan, fikirlərini, iradlarını bildirən oxucularımdan biri son vaxtlar məni qınamağa başlayıb: "Hiss olunur ki, darıxırsan. Əzab çəkirsən. Belə eləmək lazım deyil. Özünə zərər vurursan." Ona deyirəm ki, ola bilsin, yazılarımda belə görünür, amma mən qətiyyən bədbin adam deyiləm. O gün bir qadın deyir ki, sənin çəkdiklərinlə zahiri ovqatın qətiyyən bir-birinə uyuşmur. Çox bəxtəvər görkəmin var. Elə belə də deyir...
   
   Həyatda əbədi, mütləq olan heç nə yoxdu. Nə həmişə ağlamaq, nə də həmişə gülmək mümkün deyil. Bəzən heç özün də bilmirsən sevinc hardan gəlib sənin ürəyinə doldu. Vücudunu çulğayıb, özünü də tanımadığın qayğısız bir insana çevirdi. Danışıb-gülmək, rastına çıxana xoş sözlər demək, ən qaraqabaq birisinə də sataşıb qıcıqlandırmaq istəyirsən. Özün-özünü tanımırsan. Necə olub ki, indiyəcən belə olmamışam?! Hər xırda şeyi ürəyimə salıb özümə əzab vermişəm. Daha bundan sonra belə etməyəcəyəm. Qoy, adamlar məni həmişə şən, üzügülər görsünlər. Yaşasın deyib-gülmək, xoş hisslər, əyləncələr!...
   
   İçindəki monoloqu bitirməmiş qəm karvanının zınqrovları səslənir.... Bayaqdan bəri ruhunu oxşayan düşüncələr bir anda tüstü-duman kimi başından dağılır. Qalırsan bircə anda dərd yüklənmiş ürəyinlə baş-başa...
   
   Hərdən düşünürəm ki, ya mənim ağlım, ya da yaşadığım aləmdə çox şeylər yerində deyil. Ona görə ki,... Eh, o qədər sadalamalı şeylər var ki,... Ondan başlayım ki, bəzən ətrafdakıların hamısına gərəkli, hətta ömrün ən yadda qalan günləri, toy-bayram kimi görünən hadisələr məni darıxdırır, təəccübləndirir. Hələ desəm, kədərləndirir də. Məsələn, ağlım kəsəndən ərə getmək mənə dəhşətli bir şey kimi görünüb. Düz deyiblər ki, niyyətin hara, mənzilin də ora. Ürəyimə damıbmış. Mən, doğrudan da, dəhşətli bir aləmə düşmüşdüm. Ruhum, qəlbim, canım dəmir barmaqlıqlar arasında sıxılırdı sanki. Suların dibinə çöküb əlinə-ayağına cürbəcür otlar dolaşan, xilas olmaqdan ötrü çabalayan adam kimi boğulur, qaralırdım. İndi hər gün Tanrıya şükürlər edirəm ki, nə yaxşı, mənə güc, iradə verdi, o məhbəsdən xilas ola bildim. Son illərəcən yuxuda görürdüm ki, hələ də onlardayam. Dəli kimi vurnuxub qaçmağa dəlik-deşik axtarıram. Qan-tər içində ayılıb bunun yuxu olduğunu biləndə nə qədər sevindiyimi ancaq başı çəkənlər bilər. Bütün olanları xatırladıqca düşünürəm ki, görünür insanın ağlına gələnlər nə zamansa başına gəlirmiş. Uşaqlıqdakı qorxunc fikirlərim gələcək taleyimin xəbərdarlığı imiş. Aqibətim əvvəldən mənə bəlli olurmuş. Nə edəsən ki, bu gün də əksəriyyət məni düzgün anlamır, öz bildikləri kimi yozurlar. Qətiyyən təəssüflənməsəm də, yeri gəldikcə ürəyimi vərəqlərə açmaq xeyli yüngülləşdirir məni. Əgər hər şeyi danışa bilsəydik, bir-birimizi anlayıb dərdinə şərik olmağı bacarsaydıq, yaşamaq nə gözəl olardı...
   
   Əllərimi etibar etdiyim oğlan mənə düşündüklərimin əksini, xəyallarımda yanıldığımı sübut edə bilərdi... Bacarmadı... İstəmədi...
   
   Yeddi-səkkiz ildir ağlıma sığışdıra bilmirəm ki, yeganə qızım niyə məni tərk edib yad, qətiyyən onu sevməyən, can yandırmayan adamların yanında yaşayır. Bilirəm ki, belə olmalıdı. Ancaq ədalətli deyil...Həmişəlik yanımda qalsaydı, bunu da özümə dərd edərdim yəqin ki,... Nə edəsən, anaların istəyi çox zaman gülünc və məntiqsiz olur... Amma mənim özümə haqq qazandıra biləcək arqumentlərim də var. Bütün bu fikirlər ona görə yaranır ki, qarşılaşdığımız mühit, gördüyümüz rəftar qətiyyən qızlıq xəyallarımızla uyuşmur. Qurulan ailələrin yarıdan çoxunda ən adi insani rəftar yoxdursa, bu çal-çağır, bu toy-büsat nəyə gərəkdi?! Yaxud, mən sevdiyim oğlana qovuşuramsa, niyə millət başıma yığışmalıdı?!
   
   Ölüm... başqa məsələdi. Onda hamı yığışmalıdı. Hamı yığışıb birdəfəlik susan ürəyə, bu dünyanın yaxşısına-pisinə həmişəlik qapanan gözlərə yas saxlamalıdı...
   
   Qasırğalar, tufanlar təkcə təbiətdə olmur. Hər ömür də sakit, rəvan başa yetmir. Taleyimizin elə gözlənilməz tinləri, dolanbacları var ki, çox zaman baş aça bilmir, dolaşıb qalırıq...
   
   
   
   ***
   
   Ürəyimdən başqa bir təsəlli verənim də var mənim. Küləklər... Dili olmasa da, nəfəsi, təması olan küləklər. Bir saniyə belə məqsədsiz əsməyən, idarə olunan küləklər... Qışın ortasında səssiz-səmirsiz əlinə ülgüc alıbmış kimi, ağız-burun kəsən sazağın özü də küləkdi. Nisan yağışlarından sonra buludları dağıdan, torpağı, ağacların yarpaqlarını qurudan küləklər əsir. Payızın sonunda dayanmaq bilmədən vıyıldayıb budaqlardakı son yarpaqları yoluşduran küləklərin gücünü ayaqlar altında qalıb əzilən, xışıldayan xəzəllər yaxşı bilir...
   
   Küləklər saçları oxşamağı, yanaqları sığallamağı bacarırlar...
   
   Küləklər bunu etməsəydi, əllərin tumarını görməyən nə qədər başlar sahibini dəli edərdi...
   
   Küləklər onların dilini anlayan hər kəsə təsəllidi... Qəlbovudandı...
   
   Fevralın sonundan vədə küləkləri əsməyə başlayır. El arasında buna "ağacoyadan" külək də deyirlər. O küləyin nə səsini, nə ətrini, nə də məxmər kimi xəfif təmasını təsvir edə bilmirəm. Kim bilir, bəlkə də cənnətin özündən əsir o küləklər. Elə bu dünyanı cənnət bildiyimiz çağlarda- uşaqlıq illərində o xəfif əsintilərin qoynunda bəndin döşündə, arxların, xəndəklərin qırağında yemlik, quşəppəyi yığardıq. Əynimiz nazik olanda üşüyüb xəndəklərin içinə, arxların qırağına qısılar, yığdıqlarımızı yeyə-yeyə nağıl danışar, böyüklərdən eşitdiklərimizin üstünə beşini də qoyub bir-birimizə çatdırardıq. Bu gün evdə neçə soba yandırsam da, o torpaq sığınacaqlarımızın istisi kimi canımı qızdırmır. O nəm torpağın, şehli otların ətrini ən bahalı ətirlərdən də almaq olmur. İndi də yazqabağı təbiət ağacları oyatmaq istəyəndə öz yellərini göndərir. Bu yellər təkcə ağacları oyatmır, canımızda uyumuş çox şeyləri dirildir, təzədən özümüzə qaytarır...
   
   Dünyanın heç bir yerində Kolanıdakı kimi vədə küləkləri əsmir...
   
   
   
   ***
   
   Bir də vədəsiz küləklər var bu dünyada. Vaxtında əsməyən, qəfil əsib gülləri, çiçəkləri solduran külək. Rahat güzəranı pozan, şirin arzuları çilik-çilik qıran külək. Qapıdan gözlədiyin fəlakəti pəncərədən gətirən külək... Bu külək həm də məndən ötrü qonşu qadının qəhər dolu, həzin səsidi...
   
   
   
   Getdi gülüm, ağlaram
   
   Oldu zülüm, ağlaram.
   
   Bir vədəsiz yel əsdi,
   
   Soldu gülüm, ağlaram...
   
   
   
   Deyirlər, kədərlənmə, əzab çəkmə. Necə dayanım?! Yaponiyada baş verənlərin mənə dəxli yoxdurmu?! Bütün türk ellərinin Novruzu qarşıladığı günlərdə dünyanın ən ecazkar, ən dadlı SƏSlərindən birini susdurdularsa, necə sevinəsən?! "Mən insanam və insanlara aid olan hər şeyin mənə də dəxli var." Mən bu sözləri deyən kəsdən necə soyuqqanlı ola bilərəm?!...
   
   İlaxır çərşənbədə hava çox gözəldi. Niyə də olmasın?! Arzusuna çatıb. Qış can üstə, Bahar beş addımlıqdadı. Günəş də gərdəkdən boylanan təzə gəlin kimi işvəkardı. Tərtəmiz göylərdə cilvələnə-cilvələnə süzür...
   
   Bayramdı. Bayram kimi günləriniz çox olsun!
   
   Ömrünüzə vədəsiz küləklər əsməsin!..


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK