hacklink Adalet.az | ZAMANIN DONDUĞU MƏKAN Adalet.az | ZAMANIN DONDUĞU MƏKAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ZAMANIN DONDUĞU MƏKAN

18 May - Muzeylər gününə

23687    |   2009-05-16 02:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yolboyu düşünürdüm ki, görəsən, muzey yaratmaq ilk dəfə kimin ağlına gəlib? Kim olubsa, çox xeyirxah, gərəkli bir işə qol qoyub. Həyatın, ömrün faniliyini dərk edib, istəyib ki, canlıların əbədi yaşamadığı dünyada heç olmasa, onların ruhunu cansız əşyalara köçürüb nəsillərə çatdırsın. Bir parça daşa, qayaya, ağac gövdəsinə yazılanlar, qazılanlar da bu amaca xidmət edib, gələcək nəsillərə ismarıclanıb: "Bir zaman mən də bu dünyaya gəlmişdim. Bacardığım kimi yaşadım, bir gün gedəsiyəm. İstəyirəm, biləsən ki, mən necə yaşamışam".
   Bir də onu düşünürdüm ki, insan yaddaşı, duyğuları, lap elə başdan-ayağa bütün varlığı muzey kimidi. Fərq ondadı ki, bu "muzey"dəkilər əsrlərdən və eralardan qalma cansız əşyalar deyil, dipdiri yaşantılar, duyğular yığınıdı. Onun xatirə, kədər, həsrət, intizar, nisgil guşələri var. İstənilən vaxt açılıb-örtülə bilən guşələri. Bax ,indi mənim yaddaşımın nisgil guşəsi açıqdı və mən neçə illər bundan qabaq balalarımın əlindən tutub muzeyə baxmağa gətirdiyim o işıqlı günləri xatırlayaraq için-için göynəyirəm...
   İş yerimdən muzeyə qədər yol qısa olsa da, maşın və adamların sıx, qarışıq olduğu yerdi. Bu qarışıqlığın içində varlığımı bürüyən qarışıq hissləri özümdən uzaqlaşdırıb muzeyin iki taylı iri qapısından girirəm... Sakitlikdi. İlk addımdan bilinir ki, bura zamanın donub, tarixin danışdığı məkandı. Lap elə çərçivəyə alınıb divarlardan asılmış sitatların və şəkillərin diliynən də olsa. Muzey ilk dəfə 1978-ci ildə mədəniyyət şöbəsinin binasında "Döyüş şöhrəti" otağı kimi yaradılıb. Açılışında o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyev iştirak edib, Xatirə kitabına ürək sözlərini yazıb. "Döyüş şöhrəti" otağının təşkil olunmasında müharibə və əmək veteranlarından Şirin Məhərrəmov, Zülfəli Əliyev, Baba Əliyev, Ayaz İsmayılov, Püstə Abbasova yaxından iştirak ediblər, 300-ə yaxın eksponat toplayıblar. 1980-ci ildən muzey kimi fəaliyyət gösətərir.
   Salona daxil olan kimi sağda şüşənin altına düzülmüş pambıq diqqəti cəlb edir. Bu simvolikdi. Axı, "gümüş telli, saçaq-saçaq" şöhrət bitkisi Sabirabadın üzağlığı sayılırdı. Qulağıma səngimək bilməyən alqış və çəpik səsləri, gözümün önünə sıralanan qotazlı, qumaş bayraqlar gəlir. Gözlərim axtarır: hanı onlar? Görmürəm. Elə şeylər var ki, onları muzeylər də saxlamır. Biz hələ əməyimizi də köləlikdən çıxara bilməmişik. Başqasına lazım olanda əkirdik, indi özümüzə- əynimizə, ev-eşiyimizə lazımdı, əkmirik. Nə vermişik nədən hazırlandığı bilinməyən qara-qura geyimlərimizə, ağac kimi xalça-palazlara. Geydiklərimiz nə tər götürür, nə də cırılıb-dağılmaq bilir. Yayda istini artırır, qışda soyuğu. Qaranlıqda əynindən çıxaranda çıqqaçıqla qığılcım buraxır.
   Soldakı eksponatlar Kür qırağının fauna və florasını əks etdirir. Şüşə bankada xüsusi maye içində qıvrılıb yatmış ilan da simvolikdi. Düz yetmiş il dilimizdən bir təşbeh düşmədi: "İnqilabdan əvvəl Muğanın susuzluqdan cadar-cadar olmuş şoran torpağında ilanlar mələyirdi". O qədər deyirdilər ki, elə mən də özümü bu yerlərin ilk sakinlərindən sayırdım. Torpaqlarımızı duzdan yuyub əvəzinə o qədər zəhər səpdilər ki, nəvə-nəticələrimizin nəvə-nəticələrinə də bəs edəcək... İlanın beynimdə yaratdığı zəhərli düşüncələrdən ayrılıb, torpağımızın əsl gözəllərinə baxıram...
   Bilmirəm, Kür qırağının seyrangahı Molla Pənah Vaqifin niyə xoşuna gəlməyib?! Bu yerlərin nəinki yaşılbaş sonası, üstəlik, xınabaş ördəyi də var. Adama deyərlər, ay şair, könlünə Qarabağ sənəmləri düşmüşdüsə, day bu camaata niyə sataşırdın? " Pəri çoxdu, nə fayda, heç birinin, adamlıq ədası hayıf ki, yoxdur". Vallah, əməlli-başlı xətrimizə dəymisən. Çiyni səhəngli, əli sərnicli çaydan su götürən, sahildə pal-paltar, qab-qacaq yuyan, bağ-bostan becərən elat qadınları niyə döşünə yatmayıb? Sənə naz-qəmzəli, dedi-qodulu saray xanımları lazım idi? Bir də, hamının cəvahirli əsası olmaz ki, hədiyyə versin. Pərilərimizə nə gəlib?! Hələ gəl, gör elə bu muzeydə necə pərilər var... İndi isə, ana dilimizdə yazdığın o şirin, şəffaf qoşmalara görə, Kür qırağının bütün pəriləri adından sənə qəni-qəni rəhmət diləyib o biri eksponatlara keçirəm. Bax, heç kəslə müqayisə olunmayacaq Səməd Vurğun ceyranlarımızı da ovlayıb, şəninə şeirlər də yazıb. Bu da onun qaragözlü "çöllər qızı". Məhzun-məhzun üzümə baxır. Nə yay kimi dartılmağa, nə də ox kimi süzməyə heyi-hərəkəti qalmayıb. Ömrümdə diri ceyran görməmişəm. Deyəsən, heç görməyəcəyəm də. O traktorların, kombaynların gurultusundan bu yerlərdə heç fil də qalmazdı, onda ki, bu zərif varlıq ola. Bu incə yaradılmışın "ölü"sü belə gözəldisə, gör dirisi nə aləmmiş. Hayıf...
   İndi oxucu nə deyir, bu adam bura yazmağa gəlib, yoxsa, yüz illərin giley-güzarını eləməyə? Muzey dediyin bəs nədi ki? Elə əsrlərin, min illərin umu-küsüsünü eləməkçindi də. Yoxsa, tarixdə qalanların elə hamısı təriflənməlidi? Qoysanız, ürəyimi boşaldım. Hər gün bura gələsi deyiləm ki,.. Şehi qurumamış kolların dibindən pırıltıynan qalxıb ürəyimizi qopardan turac niyə belə büzüşüb? Çöllərdə, tarlalarda nəğmə oxuduğu günlərin xiffətini çəkir bəlkə? Nə bilmişdin, elə bilirsən, tarixə düşmək asandı? Qurbansız heç nə yoxdu, əzizim...
   
   Kürçaylı adlanan kəsin,
   Dərmanıdı sənin səsin.
   Sən oxu, o, şeir desin,
   Qıyma əhli-hala, turac..
   
   Hələ çöl pişiyimiz, iri-xırdalı qu quşlarımız, su samurumuz da var...
   ***
   
   Kim bilir neçədir
   dünyanın yaşı,
   Tarixin nə qədər
   yazısı vardır.
   Hər saxsı parçası,
   hər məzar daşı
   Nəsildən-nəsilə
   bir yadigardır.
   (Səməd Vurğun)
   
   Əliləmbəyli kəndindən bir traktorçunun tapdığı küp-qəbir muzeyin ən maraqlı saxlanclarındandı. İçində sür-sümük varmış. Traktorun tırtılları bu küpdə yatanların neçə əsrlik, eralıq yuxusunu pozub, görəsən?! Adamın yadına Misir fironları düşür. Bəlkə elə Muğanda da fironlar yaşayıb? Muğan fironları... Qulağa qəribə gəlsə də, adam özünü bu fikrə alışdırmaq istəyir... Orta əsrlərdən qalma xəncərləri qurşanan ərənlər yəqin ki, ancaq tüfəng çıxınca- "bic əyyamı, namərd dünyası" gəlincə özlərini basılmaz saya biliblər. Görəsən, müasir raketlər muzeylərə qoyulanda yerini hansı silahlar tutacaq? Və ümumiyyətlə, bu gün taleyi bir düyməcikdən asılı, səksəkəli insanlıq o dövrəcən mövcud ola biləcəkmi?! Xəncərlərin yanında 12-13-cü əsrlərdə Şirvanşahlar və Eldəgizlər sülalələrindən olan hökmdarların adına kəsilmiş sikkələr düzülüb. Elə sikkələrin yanındaca mərcandan düzəldilmiş qadın qolbağının yarısı qoyulub. Zamanına görə çox zərif işdi... Muğan arxeoloji tapıntılarından bilərziklər, muncuqlar, boyunbağılar, balıqqulaqları da burdadı. Şirli gil nümunələri- kasa, duzqabı qalıqları da... "Nümuzimatika" bölməsindəki pul nümunələri bu qədim diyarın yunanlarla, romalılarla, ərəblərlə ticarət əlaqəlirinin olduğunu isbat edir...
   Budur, Şükufə xanım Əsgərova da gəlir. Ötən əsrin səksən üçüncü ilindən burada işləyir, səksən altıncı ildən direktordu. İndi gəlib özünü tərifləyəcək. Elədi ki, var, çatan kimi deyir; "Mən burda can qoymuşam". Mən də dilimi saxlamıram: "O dəqiqə bilinir". Onunla uzun müddət rayon qəzetində birlikdə işləmişik. O vaxtdan bir-birimizi sancmaqdan ləzzət alırıq. Həm eksponatlar barədə məlumat verir, həm də onları necə çətinliklə əldə eləməyindən danışır. Bu samovarı qonşusu zibilliyə atanda götürüb. Üstündə 14 ölkənin möhürü var. Sərgilənib mükafat qazandığı ölkələrin möhürü. Altında yanacaq doldurmaqçın yer var. Həm kömürlə, həm də yanacaqla qaynadılır. Bu yaraşıqlı, nəfis Fransa lampasını da muzeyə hədiyyə ediblər.1880-ci ildə İngiltərənin Mançester şəhərində hazırlanmış 4 filtrli su daşı. Bu daşdan keçən sudan təbiblər otlardan dərman hazırlamaq üçün istifadə edirdilər. Digər qeyri-adi samovar da 1830-cu ildə rayonun Surra kəndində tapılıb. Şükufə xanım 19-cu əsrdən qalma daş güzgüdən, zər-bafta ilə işlənmiş yüz yaşlı qanovuz arxalıqdan, közlə qızan parovoz dudkeşli ütüdən, 19-cu əsrin yadigarı səkkizguşəli saatdan da həvəslə danışır. Bu saxlancların hər birinin ondan ötrü nə qədər qiymətli və əziz olduğu sir-sifətinin haldan-hala düşməsindən bəlli olur. O, bu muzeyə daha nələr yığmayıb?! Mis qazan, ləyən, sini, aftafa, çilovsüzən, kasa, badya, sərnic, birəlli, çalov, saxsıdan nehrə, bardaq, kuzə, piti qabı, dolça və s.
   Qəbriniz nurla dolsun, xanım-xatınlarımız. Tanrı sizi nə qədər zövqlü, qabiliyyətli yaradıbmış. Hər barmağınızda on mərifət varmış. Əyirib toxuduğunuz xalçalar, kilimlər, xurcunlar, heybələr, məfrəclər, örkənlər hələ də şux rəngini itirməyib.Hələ tikib bəzədiyiniz pərdəbaşıları, asmalıqları, daraqqabılarını, qrafin altılarını, iynə, sap taxmaqçın yastıqçaları, duz, düymə, möhür qablarını, qaşıq, çömçə torbalarını demirəm. Bu hanalara, cəhrələrə, həvəyə, kirgidə əllərinizin istisi, doğmalığı hopub. Əl dəyirmanının yanında xeyli dayanıram... Uzun qış gecələrində uzun hörüklərinin ucları una bulaşa-bulaşa, dəyirmanın sapını bir-birinə ötürə-ötürə işləyən iki yeniyetmə qız gözümün qabağına gəlir.Anaları çörək dalınca uzaq yerlərə gedib. Onlar da yorulanda bu əl dəyirmanını sürüyüb qapının dalına söykəyəcəklər. Sonra qorxa-qorxa yerlərinə girib Rusiyanın qarlı səngərlərində faşistlərlə döyüşən qoşa qardaşlarına dua edə-edə səksəkə içində yuxuya gedəcəklər. O qızların biri mənim anam, o birisi də xalamdı...
   Əkinçilik, heyvandarlıq, atçılıq alətləri. Bunların hər biri öz zamanının kəşfi sayılırmış yəqin...
   Şükufə xanımı harasa çağırırlar. İndi də muzeyin işçilərindən Gülcahan Sətiyeva, Fatimə Yadıgarova, Kimyə Sadıqova mənimlədilər. Hər biri maraqlı, dolğun məlumat verməyi bacarırlar. Halal olsun, Şükufə xanıma! Adamın başının üstündə Allah var. Kişinin qızı əməlli-başlı iş görüb, bənzərsiz bir aləm yaradıb burda. Laqeyd rayon rəhbərlərinin, ancaq özünü düşünən oxumuşların içində bu işləri görmək hünər istəyir, vallah. Sağ ol, əzizim, sən hər cür mükafata, fəxri ada layiqsən!
   
   ***
   
   Qızlar dedi ki, ikinci mərtəbədə nisbətən müasir eksponatlar, müharibə iştirakçıları haqqında materiallar var. Ancaq mən əməlli-başlı yorulmuşdum. Saat yarım əsrləri, eraları dolaşmaq sizə asan gəlməsin. Ancaq unudulmaz, bənzərsiz yolçuluq idi bu. Dedim, sabah gəlib ikinci mərtəbəyə də baxaram. Həmin gün mayın 8-i, Şuşanın işğalının 17-ci iliydi. Axşam İctimai televiziyada erməni əsirliyində olan vətəndaşlarımıza necə divan tutulmasından bəhs edən veriliş gedirdi. Dedilər ki, xüsusi qəddarlıqla qətlə yetirilən Fərhad Atakişiyevin bədənində hər biri bir insan ölümünə səbəb ola biləcək 72 işgəncə yeri sayıblar... Yox, mən daha muzeyə gedib ikinci mərtəbəyə çıxmayacağam. Getsəm nə yazacağam?! Yazacağam ki, Fərhad kimi oğullarımızın, o cümlədən, iki yüzə yaxın sabirabadlı şəhidin qanını hələ almamışıq?! Yazacağam ki, mayın 8-də başqa bir televiziya kanalımızda vurçatlasın idi, hər biri əsgər, paşa, qazi, şəhid yaşında cavanlarımız çırtma çalıb meyxana deyirdilər?! Yazacağam ki, qonşusuynan ağızlaşanın da işinə münaqişə deyirik, o boyda Qarabağ savaşına da?! Yox, indi yox! Nə vaxt qələbə qazanarıq, mən də o muzeyin ikinci mərtəbəsinə qalxıb özümün tarixi yazımı yazaram!!!
   Muzeylər təkcə keçmişi xatırlamaqçın deyil, həm də xoş gələcək naminə şirin xəyalların qurulduğu məkandı...
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK