ANA SƏHİFƏ / YAZARLAR

QAPISINDAN BƏLLİ OLAN TEATR

Lənkəran Dövlət Dram Teatrı "Ezop"u da götürüb Bakıya gəlir

16506    |   2009-04-11 00:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyirlər ki, teatr asılqandan başlayır. Bu fikri aksioma kimi qəbul etməyənlər də yetərincədi. Hər halda Azərbaycanda öz binası, səhnəsi, asılqanı olmadan da baxımlı tamaşalar hazırlayan teatr var. Yəqin ki, söhbətin Bakı Kamera Teatrından getdiyi məlum oldu. Deyəsən teatr asılqandan başlamır fikrini dəstəkləyənlərin cərgəsinə qoşuluram.
   
   Yazının girişində uzağa getmədim ki? Amma yazını hazırlamaq üçün uzağa getməli oldum. Axı Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı paytaxtdan nə az, nə azacıq, 270 kilometr uzaqda fəaliyyət göstərir.
   
   Mənim üçün doğma olan bu kollektivdə teatral mühit qapıdakı səliqə-səhmandan başladı. İşgüzarlıq, intizam, aktyorların bu şəraitdə özlərini rahat hiss etməsi məni yaxşı mənada təəccübləndirdi. Bir gün əvvəl yaradıcı kollektiv yeni bir tamaşanı təhvil vermişdi. Bu barədə bir qədər sonra da yazmaq olar. Onsuz da teatrın direktoru İslam Həsənov görülən və görüləcək işlər barədə həvəslə danışacaq. Amma yaxşısı budu əvvəlcə müsahibimi oxuculara təqdim edim.
   
   İslam Həsənov 1973-cü il dekabrın 5-də fəaliyyətə başlayan Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının sayca dördüncü direktorudu. Onu bu teatra Bakıdan göndəriblər. Lakin gəlmə direktor əsl yerli adamdı. Bu teatrın yetişdirməsi kimi ali təhsil aldıqdan sonra doğma Lənkəran səhnəsinə qayıdaraq müxtəlif rollar oynayıb. Sonra bir müddət Teatr Xadimləri İttifaqında çalışıb. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin 2007-ci il 29 yanvar tarixli əmri ilə Lənkərana göndərilib. Bu dəfə teatrın direktoru kimi.
   
   - Teatr daha bir yeni tamaşanı təhvil verib. İndi hamı "Sezarın qətli"ndən danışır...
   
   - Arif Mədətovun "Sezarın qətli" tamaşasına ictimai baxış oldu. Əsərə teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayevlə mən birlikdə quruluş vermişik. Müəllifin iştirakı ilə keçirilən ictimai baxışda tamaşa müsbət qarşılandı. İnanıram ki, tamaşaçılarımız Əlibala Əsgərovun (Sezar), Qızılgül Quliyevanın (Kleopatra), Adil Zeynalovun (Brut), Sücəddin Mirzəyevin (Antoni), Allahverən Babayevin (Siseron) və Elnur Əkbərovun (Kimvar) ifasından razı qalacaqlar.
   
   - Repertuarda "Şah Edip", "Ezop" kimi necə deyərlər, ağır əsərlərin olması teatrın səviyyəsi barədə müəyyən bilgi verir...
   
   - Biz klassik əsərlərə müraciət etməkdən qorxmuruq. Çünki belə mürəkkəb rolları ifa etmək üçün aktyorlarımızın potensialı var. Klassik əsərlər aktyorların bütün imkanlarını açır, onların inkişafına müsbət təsir göstərir. Ona görə də tez-tez belə əsərlərə müraciət edirik. Bu yaxınlarda repertuarımız daha bir klassik tamaşa ilə zənginləşəcək. Mikloş Hubayenin "Neron oynayır və ya İblisin yeddi komediyası" əsərinin məşqlərinə başlayacağıq. Əsərə quruluş vermək üçün Gürcüstanın tanınmış rejissorlarından biri, Kutaisi Gənclər Teatrının bədii rəhbəri Zurab Pxekadzeni Lənkərana dəvət etmişik. Zurab Pxekadze əməkdaşlıq etdiyimiz yeganə əcnəbi rejissor olmayacaq. Türkmənistanın xalq artisti Xakacan Aşurov teatrımızın sənhəsində Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinə quruluş verəcək. Sentyabrdan tamaşanın məşqlərinə başlamaq istəyirik.
   
   - Yarandığı gündən yalnız Özbəkistan qastrolu ilə öyünən Lənkəran teatrının sorağı indi tez-tez beynəlxalq festivallardan gəlir...
   
   - Son iki ildə Gurcüstanda , Qazaxıstanda qastrol səfərlərində olmuşuq. Türkiyənin Konya şəhərində keçirilən "Min nəfəs, bir səs" adlı beynəlxalq teatr festivalında "Məhəbbət və ölüm" əsəri ilə çıxış etmişik. Antalyada düzənlənən festivalda xalq yazıçısı Elçinin "Dəlixanadan dəli qaçıb" tamaşasını uğurla oynamışıq. Dənizlidə keçirilən XXIII Uluslararası Teatr Festivalında çıxışımız da tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Biz həmin nüfuzlu tədbirə Üzeyir Hacıbəyovun əsərləri əsasında hazırladığımız "Olanlardan, keçənlərdən" tamaşası ilə qatılmışdıq. Qonşu İran İslam Respublikasından da dəvət almışıq. Bu dəvətin nə zaman reallaşacağı yaxın zamanlarda məlum olacaq. Qeyd etdiyim kimi, son illər teatrımız nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Bütün bu səfərləri təşkil etmək üçün böyük əmək sərf olunub. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Teatr Xadimləri İttifaqının rəhbərliyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu işlərdə teatrımıza yetərincə qayğı və diqqət göstəriblər.
   
   - Teatrın binasını gəzərkən bir neçə paralel məşqlərin aparıldığını gördüm. Sözün açığı bu, məni təəccübləndirdi...
   
   - Burda təəccüblü heç nə yoxdu. Kollektivin bütün gücünü səfərbər etmişik. İstər yaradıcı heyət, istərsə də texniki işçilər işlərinə məsuliyyətlə yanaşırlar.
   
   - Lənkəran Teatrı paytaxtdan xeyli uzaqda yerləşir. Əyalətdə çalışmaqla ölkənin mədəni həyatına təsir etmək imkanınız varmı?
   
   - Əyalət-paytaxt bölgüsünün tərəfdarı deyiləm. Lənkəran Dövlət Dram Teatrı öz dəst-xətti ilə ölkə teatrları arasında həmişə seçilib. Ənənələri olan teatrımızın yerini qorumaq və inkişaf etdirmək üçün çalışırıq. Yeri gəlmişkən, bu günlərdə mənə Teatr Xadimləri İttifaqının təsis etdiyi "Səhnə işığı" mükafatı təqdim olundu. İlk dəfə təsis edilən bu mükafatı tək mənə yox, teatrımızın bütün kollektivinə verilən bir ödül kimi dəyərləndirirəm. Deməli, zəhmətimiz hədər getməyib.
   
   - Desəniz ki, tamaşaçı problemimiz yoxdu, o qədər də inandırıcı görünməz...
   
   - Təbii, bütün tamaşalarımız anşlaq olmur. Amma sevindirici hal odur ki, insanlar kassadan bilet alır, tamaşalarımıza baxmaq istəyir. Əgər zalda cəmi beş tamaşaçı olsa da biz o tamaşanı oynayacağıq. Kənddə yaşayan insanların teatra daha rahat gəlməsini təmin etmək məqsədilə axşam tamaşalarını onlar üçün daha münasib vaxta təyin edirik. Son vaxtlar reklam məsələsinə də ciddi önəm veririk. Yerli "Cənub" telekanalında tamaşalarımızın pulsuz anonsları verilir. Şəhərin müxtəlif yerlərində afişalarımızı vurmaq istəyirik.
   
   - Eşitdiyimə görə, teatrın nəzdində studiya da fəaliyyət göstərir...
   
   - Yerli kadrların, gənc istedadların yetişməsi üçün bu addımı atmışıq. Aparıcı aktyorlarımız, rejissorlarımız gənclərlə məşğul olur, onlara dərslər keçirlər. Bunun müsbət nəticəsini də artıq görürük. Studiyaya cəlb etdiyimiz gənclər tamaşalarda rol oynayır, təcrübə qazanırlar. Bu onlarda heç də pis alınmır.
   
   - Deyəsən Mədəniyyət və İncəsənət Universitetindən teatra aktyor gəlmədiyindən bu addımı atmağa məcbur olmusuz. Sonuncu dəfə teatra nə vaxt yeni aktyor gəlib?
   
   - Səhv etmirəmsə, 1996-cı ildə. Gənc mütəxəssislərin teatra gəlib işləməsi hələ də bir problem olaraq qalır. Bu problemin müxtəlif səbəbləri var.
   
   - Paytaxt tamaşaçıları teatrınızın növbəti çıxışını nə zaman görə biləcəklər?
   
   - Aprelin 20-də Bakıya bir günlük qastrola gəlirik. Musiqili Komediya Teatrının səhnəsində paytaxt tamaşaçılarına Q.Fiqereydonun "Ezop" faciəsini təqdim edəcəyik. Ezop rolunda əməkdar artist Təvəkkül Əliyev, Ksanf rolunda xalq artisti Qabil Quliyev çıxış edəcək. Xalq artisti Böyükxanım Əliyeva Kleya rolunda oynayacaq. Bu tamaşanı "Zirvə" mükafatına təqdim etmək istəyirik. İnanıram ki, tamaşaçılar bizim "Ezop"u bəyənəcək.
   
   Teatrın binasını tərk edəndə qapıda maraqlı elana rast gəldim. Lənkəran teatrında bayram gözlənilir. Aprelin 19-da xalq artisti Qabil Quliyevin 60 yaşı qeyd olunacaq. Bu teatrın yaranmasında və inkişafında müstəsna rolu olan tanınmış aktyorun yubileyini bayram kimi qeyd etməyə dəyər.
   
   


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK