hacklink Adalet.az | "DƏMİR" ADAM ƏRİDİ... Adalet.az | "DƏMİR" ADAM ƏRİDİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"DƏMİR" ADAM ƏRİDİ...

("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən)

13414    |   2008-11-15 02:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən saylarımızda)

İnqilaba qədər Feliksin bir neçə ləqəbi olub. "Dəmir" ayamasının meydana gəlməsinin isə qəribə tarixçəsi var. Günlərin birində iş kabinetinə pəncərədən qumbara atıblar. O, cəld tərpənərək yan otaqdakı dəmir seyfin içinə sığınıb. Partlayış baş verəndə hamı onu ölmüş bilib. Feliks heç nə olmamış kimi, qapını açıb bayıra çıxanda heyrətləndirib. "Dəmir Feliks" adı belə meydana gəlib. Sonralar məna yükü dərinləşərək komissarın xarakterindəki mətinlik, qətiyyət, idarə və əqidə möhkəmliyinin ifadəsi kimi mənalandırılıb. Sovet ideoloqları belə işlərin öhdəsindən məharətlə gəlməyi bacarırdılar.
   
   Vaxtilə "mən var-dövlətə nifrət edirəm", deyərdi Dzerjinski. Amma böyük mövqe sahibi olanda dəbdəbəli və rahat həyatın şirnikləndirici məqamlarından heç də imtina etmədi. Əvvəllər onun barəsində yazardılar ki, sutkada 16-18 saat çalışan dəmir iradəli bu insan istirahət, məzuniyyət nə olduğunu bilməzdi. SSRİ dağılandan sonra arxivlərdən qatı açılmamış xəbərlər bir-bir üzə çıxdıqca aydın oldu ki, bütün bunlar təbliğat maşınının məqsədyönlü şəkildə yaydığı şişirdilmiş uydurmalar idi. Feliks ailə üzvləri ilə birlikdə səmərəli dincəlməyə, asudə vaxtını mənalı keçirməyə yetərincə imkan taparmış. Həyat yoldaşı Sofya Ziqmundovna, eləcə də Varşava həbsxanalarından birində dünyaya gəlmiş yeganə oğlu Yan öz xatirələrində açıq-aydın yazmışlar ki, bazar günlərini ailəliklə şəhərkənarı bağ evində keçirməyə üstünlük verərdik. Oğlu deyir, atam Moskva ətrafındakı meşələrdə ov etməyi xoşlayardı. Aleksandr Melenberqin araşdırdığı arxiv sənədlərindənsə belə məlum olur ki, Dzerjinskinin ixtiyarında 3 mənzili, 3 bağ evi var imiş. Bağ evlərinin biri Sokolnikidə, digəri Kuntsevada, üçüncüsü də Novo-Fo-minsk rayonunda yerləşirdi. Bu tikililərin hamısı Çar dövrünün varlılarından müsadirə olunmuş malikanələr idi. On illərlə kənar, göz-qulaqdan uzaq qalan sənədlər baş çekistin özəl həyatının çoxlarına bəlli olmayan məqamlarını açıqlayır. Sən demə, uzun ətək şinelini əynindən çıxarmayan "dəmir Feliks"in istirahəti həftə sonları Moskva ətrafında qısamüddətli uikendlə kifayətlənməzdi. Keşməkeşli həyatına nəzər salsaq, görərik ki, İsveçrədə ailəsilə Cenevrə gölü sahilində (1918-ci il), Odessada (1921-ci il), Suxumidə (1922-ci il), Krımda (1925-ci il) dincəldiyi rahat günlər də olub. Onun mənzil problemi də yüksək səviyyədə həll olmuşdu. Kremldə Silah Palatası yerləşən binanın ikinci mərtəbəsində üç otaq Dzerjinskinin ailəsinin ixtiyarında idi. Mərkəzi Komitə üzvlərinin əksəriyyəti o dövrdə Kremldə yaşayırdı. Feliksin Moskvada Petrovka küçəsi və Uspensk döngəsində də iki ayrı mənzili vardı. Onun rəsmi qeydiyyatı sonuncu ünvanda idi. Üç nəfərdən ibarət ailə paytaxtda üç mənzil və üç bağ malikanəsinə sahib idisə, ona təvazökar bolşevik deməyə də adamın heç dili gəlmir. O illərin başqa bir sənədində ÇK sədrinin rəsmi maaşı göstərilib - 13.500 rubl. Yəni, 1300 Nİkolay qızılı. Bunun üstünə 355 manat da gəlmək lazım idi. Çünki Moskva müəssisə-lərindən birinin əmək kollektivinin qərarı ilə Feliks Ed-mundoviçi fəxri çilingər vəzifəsinə götürmüşdülər. Məsələ rəsmiləşəndən sonra hər ay baş çekistin hesabına əlavə 355 rubl da göndərilirdi. Bu barədə Aleksandr Melenberqin 5 il öncəki yazısında oxumuşdum.
   
   
   
   ***
   
   
   
   1926-ci ilin iyul ayının 26-da Ümumittifaq Kommunist (b) Partiyasının plenumunda çıxış edərkən hamının gözü qabağında halı xarablaşır. Ona sakitləşdirici dərman verirlər. Bir qədər özünə gəlir. Fəqət, üç saat sonra ürəyi dayanır. Dzerjinskinin qəflətən baş verən ölüm xəbəri hamını heyrətləndirir. Pataloji-anatomik ekspertizanın nəticələri çoxlarına qəribə göründü. Adətən dövlət və hökumət rəhbərləri dünyadan köçəndə tibbi ekspertizanı hərtərəfli aparırlar ki, gələcəkdə heç bir sual meydana çıxmasın. Meyidin yarılmasında məşhur professor A. Abrikosov iştirak edirmiş. Onun gəldiyi nəticə belə olub ki, ölüm ürək fəaliyyətinin dayanması nəticəsində baş verib. Lakin indiyə kimi mütə-xəssislər heç inana bilmirlər ki, Abrikosov kimi böyük alim belə bir natamam arayışa imza atıb. Burada mərhumun digər xəstəlikləri, orqanizmində baş verən dəyişikliklər barədə bir kəlmə də olsun deyilmir. Hətta onun vərəm xəstəliyi barədə də heç nə danışılmır. Bütün bunlar Dzerjinskinin öz əcəliylə ölməsi faktını müəyyən mənada şübhə altına alır. Hər şeyi belə ört-basdır eləmək kimə lazım idi və nə məqsəd daşıyırdı? Bir sözlə, hamının gözü qarşısında möhkəm iradəli "dəmir Feliks" əridi...
   
   
   
   ***
   
   Leninin vəfatından sonra ilk növbədə siyasi dayaqlarını güclənmək, hakimi-mütləq olmanın eşqilə yaşayan Stalin yeni üsuli-idarəsində rəhbər vəzifələrdə müstəqil düşüncəli, yeri gələndə sərbəst qərar qəbul etməyi xoşlayan adamlara arxalana bilməzdi. O səbəbdən 1926-cı ildə Dzerjinskinin vəfatı Kobaya problem yaratmadı, bəlkə də mövcud olan bəzi narahatçılıqları, böyüyə biləcək narazılıqları təbii şəkildə aradan qaldırdı. Çox ehtimal ki, vaxtsız əcəl Dzerjinskinin də qarşıda başına gələ biləcək bir çox bəlalardan, ictimai rüsvayçılıqdan, daha dəqiq desək, Sovetlərin "xalq düşməni" mükafatından hifz etdi. İnqilabın qələbə çalmasında xidməti olan bir çox tanınmış simalardan fərqli olaraq vəfatından sonra da onu yıxıb sürümədilər, əksinə, xati-rəsini əbədiləşdirdilər. Amma qəlbinin dərinliklərində gizli qalan incikliyi 11 ay sonra Stalin ilk və son dəfə Mərkəzi Komitənin fevral Plenumunda rəsmən dilə gətirdi. Məhz bu Plenumda bütün cəbhə boyunca "xalq düşmənləri"nə qarşı irimiqyaslı hücum başlandı. Adları qara siyahıya düşənlərin arasında görkəmli partiya və dövlət xadimləri də az deyildi. Dünənki xidmətlər artıq nəzərə alınmırdı. Bugünkü real siyasi şəraitin (yəni, şəxsən Stalinin - E.B.) irəli sürdüyü konkret tələblərə cavab verməyənlər düşmən elan edilirdi. "Düşmənimin dostu mənim düşmənimdir" fikrini tam paylaşan Stalin bu Plenumda Trotskidən danışarkən, lazım gəlsə, Dzerjinskinin də külünü göyə sovurmağa hazır olduğunu nümayiş etdirdi. Çıxışında xatırlatdı ki, bir ara hətta Föv-qəladə Komissiya belə Trotskinin xidmətində idi. Dzerjinskinin özü də Lev Davıdoviçin siyasi baxışlarını paylaşırdı. Stalin sözünə davam edərək onu da xüsusi vurğuladı ki, Feliks Edmundoviç öz səhvini dərk etdi və tezliklə düzəldə bildi. O, yaranmış vəziyyətdən doğru nəticə çıxarıb istiqamətini dəyişdi və ömrünün sonuna kimi partiyaya sədaqətlə xidmət elədi.
   
   1917-ci ildən bu yana ÇK-ya rəhbərlik edənlərdən bircə Dzerjinskinin xatirəsi əbədiləşdi, onun ömür yolu nəsillərə nümunə göstərildi. Bu təşkilatın digər rəhbərlərinin demək olar ki, heç biri öz əcəliylə ölmədiyi kimi, öz adlarını ləkəsiz saxlaya bilmədi. Bəli, vaxtında həyatdan (indiki halda bunu "siyasi səhnədən" kimi oxu -E.B.) gədən "dəmir Feliksi" yumşaltmaq üçün Stalinin əlində geniş imkan, istənilən qədər əşyayi-dəlil vardı. Rəhbərin ətrafında o qədər buyruq gözləyən, onun bir himinə bənd olan qul xislətli yüksək qulluq sahibləri var idi ki, gəl görəsən. Pişik kimi, hamısı sakitcə dayanıb tapşırıq gözləyirdilər ki, bircə anda quzğuna dönüb kimi desən parçalasınlar. Amma milyonların gözündə Baş katibin böyüklü-yünü, qüdrətini, partiyanın haqq işini, quruluşun sağlam dayaqlar, möhkəm təməllər üzərində dayandığı xülyasını qoruyub saxlamaq üçün hamını murdarlamaq olmazdı. Seçilmişlər bütləşdirilib bütün sovet xalqına örnək olmalı idi. Nəsillərə nümunəni yüzlərlə, minlərlə, milyonlarla adamın içindən yalnız Koba seçirdi. Kimin adının necə əbədiləşdirilməsinə də o qərar verirdi. O, rəvac verməsəydi, keçmiş silahdaşları olan bolşevik rəhbərlərinin heykəllərini ölkənin müxtəlif şəhər və kəndlərində, zavod və fabriklərində, elm, təhsil, səhiyyə ocaqlarında, hətta istirahət mərkəzlərində kim ucaldardı? Bu da onun ideoloji sahədəki siyasətinin tərkib hissəsiydi. Siyasət onun üçün şahmat idi. Bu şahmat taxtasında kimin vəzir, kimin piyada olacağını da otuz illik hakimiyyəti dövründə şəxsən özü müəyyən edirdi. O, nə ağlarla oynayırdı, nə də qara-larla. Taxtanın o biri tərəfində kim olursa olsun, hansı rəngi seçirsə seçsin, onun üçün fərq etməzdi. Birinci gedişi də həmişə rəqibinə buraxardı. Bununla qarşısında dayananın niyyətini daha tez öyrənmiş olurdu. Sən istər qaraları seç, istər ağları, onsuz da Koba xə-yalən yalnız qırmızı fiqurlarla oynayacaq, qalib gələcəkdi. Çünki bəxtinin yar olduğu otuz illik hakimiyyəti dövründə onun "böyük uğur" adlı səda-qətli yol yoldaşı var idi. O, dünyanın ən böyük imperiya-larından birinin ən qüdrətli hökmdarı idi. Hökmdar öz səltənətini böyütdükcə, qüdrətləndirdikcə heç özü də hiss etmədən yavaş-yavaş zəifləyirdi. Əsr yarıya çatanda artıq Koba tarixə yazılan təzadlı ömrünün son illərini yaşayırdı...
   
   (ardı var)


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK