ANA SƏHİFƏ / YAZARLAR

CAKONDANIN SİRRİ VƏ YA DA VİNÇİ KODU

(esse)

94853    |   2014-06-18 00:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son Avrovizion musiqi yarışmasında Avstriyanın nümayəndəsi Konçita Vürst qalib gəldi, böyük xal fərqi ilə. "Böyük" sözünü xüsusilə vurğulayıram! Avropanın musiqi beşiyi öz şah nəğməsini bizlərə bəxş etdi.
Çoxları onun transseksual azlıqların nümayəndəsi olmasını və xarici görünüşündəki qəribəlikləri ("saqqallı qadın"...) nəzərdə tutub hiddətlərini müxtəlif sözlərlə ifadə edirdilər.
Mən bu cinsi azlıqların nümayəndələrini patoloji mutasiyanın nəticəsində fərqli, xəstə doğulmuş insanlar sayıram və bir həkim kimi talassemiyalı xəstəyə necə baxıramsa, hansı hissləri keçirirəmsə, onlara qarşı da həmin duyğuları keçirirəm. Çox dərindən mütəəssir oluram və təəssüflənirəm ki, onlar yaşadıqları ölkələrdən asılı olaraq az və ya çox dərəcədə əzabkeşdirlər.
İkincisi, bu xəstəliyin əzabkeşlərini həkim səhvinin "qurban"ları sırasına daxil edirəm. Çünki həkim-pediatrlar, genetiklər, endokrinoloqlar müasir təbabətin imkanlarından qədərincə yararlanıb, doğuşdan sonrakı ilk günlərdə uşağın əsl cinsiyyətini xarici əlamətlərinə görə deyil, mahiyyətinə görə (endokrin sisteminin fəaliyyətini nəzərə almaqla) müəyyənləşdirə bilsələr, bu körpələr böyüyəndən sonra cinsiyyətlərini dəyişdirib məlum azlıqların çox-çox ölkələrdə təqib olunan çoxluğunu yaratmazdılar. (Həkimlər kliniki ölümü əsl ölümdən elmin bugünkü inkişaf səviyyəsindən yararlanıb seçdikləri, ayırdıqları kimi).
Əgər hər hansı dünyaya gələn körpə böyüyəndə cinsiyyətini dəyişməsə, qız elə qız kimi tanınsa, oğlan da oğlan kimi, onda nə gey paradlara, nə də təqiblərə və ya müdafiələrə ehtiyac qalmazdı!..
Xülasə... Konçita Vürst niyə böyük xal fərqi ilə qalib gəldi? Ona görə ki, bu performansı hazırlayan komanda, ya bəlkə bir professional, bu gün bu sahədə dünyada tayı-bərabəri olmayan istedad sahibidir.
Qarşıya qoyulan məqsəd ideal yönümlü musiqini çox-çox nüfuzlu mənbədən təlqin etmək, onu Peyqəmbər duası kimi dünya əhalisinə qəbul etdirmək olub.
Günəş göylərdən hamının üstünə necə ələnirsə, elə...
Bir ifaçıda hamının (kişi, qadın, ana, uşaq...) özünün özünü görməsini təmin etmək üçün təşkilatçılar çox riskli bir eksperimentə əl atmışdılar...
Musiqi gözəl, şeir yüksək əyarlı, ifa olanın üstündə idi. Ancaq bu deyilənlər belə böyük fərqli qələbə üçün kifayət deyildi.
İfaçı İsa Peyğəmbərin surətindəydi. İsa Peyğəmbər yalnız xaçpərəstlərin deyil, həm də müsəlmanların Peyqəmbəridir axı. Onun duaları demək olar, bütün yer kürəsi əhalisi tərəfindən qəbul olunur. O gün oxuyan, zahiri və daxili aləmiylə birin-birə eyni olan çarmıxdan indicə endirilmiş İsa Məsih idi. O nəğmə deyildi, Peyğəmbər duasıydı!
O dualar xaçpərəstlərə və müsəlmanlara birləşin! - deyirdi, münaqişələrə, ikili standartlara, terrorizmə, qarşıdurmalara yox! - deyirdi.
Oxuyan adamın cinsiyyəti yoxuydu. O, həm kişiydi, həm qadın, həm uşaq, həm Ana... Müxtəlif rəngli parçalardan, dəridən, daşlardan, iplərdən toxunan Nizami Gəncəvi, Eynşteyn, Nehru pannoları kimi. Yox, yox, o canlı idi. Ancaq ona toxunmaq mümkünsüz idi ("ne trojte muzıku rukami" - A. Voznesenski). O, başdan-ayağa nəğmədən və duadan ibarət idi.
Ey mənim mühafizəkar, hörmətli opponentim! Sən mənə etiraz edə bilərsən. Bir insanda kişi, qadın, uşaq, Ana ruhu ola bilməz deyərsən.
Ay kişilər, əsl kişilər! Siz bilirsinizmi artıq genetika elmi sübut edib ki, bizim bir gözümüz atamızdan, bir gözümüz anamızdan gəlib. Və bizim hər gözümüz o tərəfdə nə müsbət və mənfi xüsusiyyətlər, əlamətlər varsa onu özündə cəm edib.
Hər gen cütünün bir surəti (kopiyası) anadan, digəri atadan gəlir. Alimlər belə bir eksperiment ediblər: Əgər portretin (şəklimizin) sol yarısından (üzün sol yarısı) iki nüsxə götürüb (birini güzgüdə çevirib) bir bütöv üz (sima) yaratsaq, anamıza, bacımıza oxşayacaq, sağ tərəfdən eyni qurama atamıza, qardaşımıza.
Beyinin sol yarımkürəsi kişi (ata) bazisində, sağ isə qadın (ana) təməlindədir. Və hər yarımkürə bədənin əks tərəfindəki orqan, əza və ətrafları idarə etdiyi üçün, bu eksperimentin nəticələri belə alınır.
Bir üz-gözü qadın olan kişi, necə deyə bilər ki, mən yüz faiz kişiyəm.
Gecə yarı həyat yoldaşımız uzun yuxusuzluqdan bərk yuxuya gedəndə, körpəmizin üstünü örtəndə biz anayıq, bəlkə anadan daha həssasıq, istənilən yaşda, başda olsaq da, bir gözəl bizi aldadanda uşağıq, uşaqdan daha betərik. Elə deyilmi, kişilər?!.
Konçita Vürst İsa Məsihin obrazında nəğməsini dualarla Günəşin şüaları kimi, dünya əhalisinin ürəyinə çiləyən qadın, kişi, uşaq, Ana idi. Oxuyan insan deyildi, ruh idi. O həssaslıqda, o zirvədə onu bir daha tapmaq olmaz. O, görüntülərdə qaldı. O, din pərdəsiylə ikiyə bölünmüş dünya əhalisinə nəğməyə çalınmış, Günəşə bələnmiş dualar çilədi, getdi... O, böyük, möhtəşəm sülhə, birliyə gedən yolun əvvəliydi...
Əvvəliydimi, yox! Bu yolun əvvəli mənim bildiyim qədər böyük, dahi Leonardo da Vinçidən başlayır...
"Mona Liza"nın müəmmalı təbəssümündən...
Leonardo da Vinçinin Mona Lizasının müəmmalı təbəssümü...
O, bir dahi rəssam və insan ruhunun böyük bilicisi kimi o zamanki elmlərin demək olar ki, hamısına bələd olan ensiklopedik biliklərə, yüksək həssaslığa, müşahidə qabiliyyətinə, nadir yaddaşa malik, oxuduqlarından, gördüklərindən, duyduqlarından ağlının və fəhminin gücüylə dürüst, elmi nəticələr çıxaran alim, filosof, eksperimentator idi. Onun növbəti eksperimenti ən xırda detallarına qədər yüksək elmiliklə hesablanmışdı... Bəzi elmlərin beş yüz il sonra gələcəyi nəticələr ona zəmanəsində bəlli idi. O, təbabətin, indiki dillə desək, anatomiya, genetika, nevrologiya, kardiologiya, oftalmologiya, psixiatriya və s. bölümlərini bəzilərinin hələ də bizlərə gəlib çatmayan qədim kitabələrdən öyrənmiş, fundamental bilikləri, böyük alim fəhmiylə bu əsərin yaradılmasına sərf etmişdi.
O, ağlının üçüncü gözüylə bilirdi ki, insanın üzünün hər yarısı bir valideynə məxsusdur. Böyük yaradanın qüdrətiylə RUH ölməzdir və o NURdan ibarətdir. İnsan qəlbinin dərinliklərində olan, vaxtaşırı simada görünən o NURu üzümüzdəki təbəssümdən ayırmaq mümkünsüzdür. Necə ki, Braziliya karnavalının allı-güllü geyinmiş hər hansı iştirakçısını əhvalına görə digərindən ayırmaq çox çətindir. Ancaq yetər ki, o karnaval iştirakçılarından birini xəyalən də olsa, gətirib qatasan hamının qara libasda olduğu bir gürcü matəminə. Leonardo da belə etdi:
Mona Lizanın müəmmalı təbəssümünü ("müəmmalı" sözünü xüsusi vurğuyla deyirəm, çünkü bütün dünya bu təbəssümə belə deyir: "sirli"...) böyük Leonardo Mona Lizanın çöhrəsinə özü çağırdı və onu fırçayla çəkdi.
Yazıçının, rəssamın, bəstəkarın ən ümdə vəzifəsi ən böyük kədərin belə içində bir ipucu, işıq tapıb, ondan tutub xilas olmaqdır.
Dərin depressiyada olan, ağrıların yarasa qanadları kimi örtdüyü simasında bircə təbəssüm işığı yaratmaq üçün və bu işıqdan tutub öz ruhunu və bəşəriyyəti xilas etmək üçün Leonardo da Vinçi musiqiçiləri, müğənniləri və təlxəkləri dəvət elədi. Onlar çalışdılar, çox çalışdılar. Nəhayət, Cakondanın sifətinin sağ tərəfində o təbəssüm göründü. Onun sağ gözü gülür və bu gülüşün NURu sağ üzünə çilənir. Sol göz, üz-gözünü turşudub dəyişməz qalmışdı. Bir insanın bir üzü gülür, bir üzü qəm dəryasında...
Leonardo bu anlar bir balıqçı misalında idi. Kiçik gölə çörək doğrayıb atanda, balıqlar suyun üzünə çıxan kimi, o təbəssüm də Cakondanın sağ üzündə göründü. (Eksperiment baş tutdu).
Xanım Liza de Cakondanın bir üzü gülür, bir üzü kədərlidir.
Yuxarıda qismən diqqətinizə çatdırılan genetika elminin nailiyyətləri bu qəribəliyi izah edir. (Axı biz fərqli xasiyyətli və quruluşlu valideynlərdən yaranmışıq və bizim hər üz-gözümüz bir valideynindən gəlir. Sağ üz-gözümüz atamızdan gəlib. Cakondanın sol gözü ömrü boyu dərin kədərlə doğmalaşmış anasının gözüdür. Özünün də taleyi bu dünyada Allahın yazısıyla anasına bənzəyirdi...
NUR işıqlı qapıdan keçib güzgülənmişdi!..
Mən göz həkimiyəm. İngilis oftalmoloqu Klayv Nays Cakondanı anadangəlmə çəpgöz sayır. Mən cənab professor Naysa səslənirəm: Aşırı həssaslıqla yanaşsaq bütün cüt orqanlarda bir asimmetriya var (səbəbi elmə məlum). Bir əlimiz o birindən zəifdir, ayağımız, gözlərimiz də elə (çəkilərində, hərəkətlərində, funksiyalarında...). Dünyada elə bir insan tapılmaz ki, onun hər iki gözünün uzağa və yaxına görməyi mütləq mənada eyni olsun və ya obyektivə baxanda on şəkildən bir, ya ikisində cüzi də olsa çəplik aşkarlanmasın. Mona Liza da o insanlardan biri. Əgər gözümüzün biri aparıcıdırsa, o biri gözün xüsusilə də obyektivə qarşı müəyyən bucaq altında sola meylli azca çəp oturuşda çəpələnmək ehtimalı qədərincədir. Bu vəziyyət xəstəlik yox, anın şəklidir, fiziolojidir, keçicidir. (İnadlı, uzun müddətli müşahidədə xüsusi alətlər olmadan belə, istənilən adamda bu dərəcədə çəplik aşkarlamaq mümkündür).
Professor Anri Qrepponun düşündüyü kimi, Cakondanın sağ qolu nə qısadır, nə də iflic, Cakonda sadəcə solaxaydır. Portretdə güclü sol qol daha zəif sağ qolun altındadır. Əslində dahi rəssam Cakondanın solaxay olmasını, yəni sağ qolun sol qoldan daha zəif olmasını çox incə, real cizgilərlə təsvir edə bilib.
Leonardo bu əsərində təkrar-təkrar insanda və əslində kainatda asimmetriyanı - təkrarsızlığı, bərabərsizliyi, bənzərsizliyi, Tanrının mütləqliyini, insanın müxtəlifliyini tamaşaçının diqqətinə çatdırır.
Amerikalı həkimlər Leon Qoldman və Allen Uordven o gümandadırlar ki, Mona Liza bədənində və başında tüklərin qismən tökülməsindən əziyyət çəkirmiş.
Kanadalı tarixçi və həkim Klod Şinpelə görə isə, sağ gözün qapağı və burun arasındakı dərinin üstündəki düyünlər Liza Herardininin qanında xolesterinin çoxluğundan, yəni düzgün qida qəbul etməməsindən xəbər verir.
Amerikalı sənətşünas, ixtisasca həkim-stomatoloq olan Jozef Barkovski belə hesab edir ki, portretin çöhrəsindəki ifadəyə görə o bir neçə dişini itirib. Həkim Cakondanın ağzının ətrafında çapıq olduğunu da aşkara çıxarmışdı.
Böyük rəssam çox asanlıqla çöhrədəki, dodaqlardakı, saçlardakı hər adamın görə-eşidə bilmədiyi qocalığa doğru gedən bu xəfif xəbərçiləri silə bilərdi. Ancaq o "xətti-xalın, gül camalın" qüruba doğru gedişinin güclə sezilən başlanğıcını ilahi həssaslıqla, böyük ustalıqla göstərə bildi...
Kədərli və dərdli dahinin portreti çəkən zaman olan əhvalı, onun qəhrəmanı (Florensiyalı tüccar Françesko de Cakondanın üçüncü həyat yoldaşı, beş uşaq anası, artıq bir neçə dişini, gənclik parlaqlığını itirmiş) Liza Herardininin əhvalı ilə qafiyələnirdi. Bəzi sənətşünasların fikrincə, rəssam guya özünü çəkmişdi. Bəli, özünü, ancaq özünün əhvalını, həyat, qocalıq, insanlıq haqqında gəldiyi qənaətləri mütləq reallıqla çəkmişdi.
O "apoptozu" (hüceyrə ölümünü) qocalığa, ölümə gedən mütləq yolun başlanğıcını, müvəqqəti dünyadan əbədi dünyaya keçidi və ölümsüz ruhun şəklini çəkə bildi.
Tarixdən məlumdur ki, portretin sifarişçisi parça ticarəti ilə məşğul olan varlı Florensiyalı tüccar əsəri hansı səbəbə görəsə bəyənib almamışdı. Səbəb aydındır. O, şəkildə vaxtilə bəyənib evləndiyi 16-17 yaşlarındakı Lizanı görmək istəyirdi. Ancaq portretdə ölümsüz Leonardonun həyat-ölüm haqqında fəlsəfi dünyasını gördü, anlamadı, çaşdı və təbiidir ki, anlaya da bilməzdi...
Leonardo da Vinçi öz qanadlı təxəyyülü, bənzərsiz təfəkkürü, üçüncü gözü, çox sayda elmlərə dərindən bələd olması, nadir istedadı, zəhmətsevərliyi ilə genetika elminin, gen mühəndisliyinin, fəlsəfənin, riyaziyyatın, musiqinin bu günkü yüksək səviyyəsinə hələ bizdən 500 il əvvəl çatmışdı.
Mənim fikrimcə, həyat marafon dairəsidir. Bizdən arxada görünən nöqtədə olanlar bəzən bizdən öndədirlər. Və bilmək olmaz ki, bu dairəni neçənci dəfədir tamamlayırlar, biz olan nöqtəni keçirlər...
Leonardo da Vinçi bizdən beş yüz neçə il öndədir və onu daha heç kim keçə bilməyəcək...
NƏTİCƏLƏR

1) Leonardo da Vinçinin "Mona Liza" əsəri rəngin diliylə yazılmış, insanın ölümə qədərki həyatının fizioloji mahiyyətini və ölümdən xilas olub, qurtulub yeni əbədi dünyaya İlahi keçidini həyati, real cizgilərlə təsvir və sübut edən elmi-fəlsəfi traktatdır.
2) "Mona Liza" əsərində dahi Leonardo da Vinçi insanlarda gənc yaşlardan başlayan, hələ çoxlarının sezə bilmədiyi apoptoz (hüceyrə ölümü) prosesinin başlanğıcını böyük ustalıqla təsvir etmiş, onun son nəticədə qocalığa, ölümə aparacaq istiqamətini müəyyənləşdirmiş və həssaslıqla tamaşaçıya təlqin etmişdir.
3) Bu əsər - həyatın əbədiliyini, ruhun ölməzliyini, axirətin əməli-salehlər üçün işıqlı, cənnətməkan dünyasına keçidi maddiləşdirən, əyaniləşdirən bir qüdrətli sənətkarın fövqəladə yaradıcılıq uğurudur.
4) Cakonda sifətinin sağ tərəfi ilə gülür, sol tərəfindənsə üz-gözünü turşudub. Sağ gözdəki təbəssüm insan ruhunun şəklidir. Ruhu qəlbin dərinliklərindən çağırıb, onun şəklini çəkmək səlahiyyətini Tanrı dünyada bir nəfərə verdi. O, son ölüm anında ölümsüz ruhdan - işıqdan tutub xilas olmağın mümkünlüyünü əyaniləşdirdi. Bəşəriyyətin xilas yolunu göstərdi. O, yer üzündə həyatın mahiyyətini çəkən yeganə rəssamdır.
5) Bu əsərin müəllifi dünyanın timsalında - bir insanın vücudunda əksliklərin, (qaranlıqla işığın...) mübarizəsini, kişi-qadın varlığını, simmetrik görünən hər şeyin asimmetriyasını - bənzərsizliyi, təkrarsızlığı, bərabərsizliyi, hərəkəti, yalnız Tanrının mütləqliyini sübut edir.
6) Müəllif bu portretin üzərində 16 il işləsə də, əsər tamamlanmayıb. Leonardo bu əsəri özü bilərəkdən, məqsədyönlü tamamlamayıb. Allahın sirlərinə sonadək vaqif olmağın mümkünsüzlüyünü göstərmək üçün.

PAŞA QƏLBİNUR


İmza:

YAZARIN ARXİVİ

2014-02-26 : CAHAD!!!
SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK