adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

ABBASAĞA AZƏRTÜRK

VAQİF YUSİFLİ
86403 | 2014-01-11 00:33
"Azərbaycan ədəbiyyatına ağır itki üz vermişdir. Vaxtsız əcəl sıramızdan tanınmış şair Abbasağa Azərtürkü apardı".
Bu acı xəbər "Ədəbiyyat qəzeti"nin 1998-ci il avqust nömrələrinin birində verilib. Qara çərçivədə şairin şəkli, altında nekroloq.
Altmış dörd illik ömür. Bu ömrün yarısı poeziyaya həsr olundu (ilk şeiri mətbuatda dərc olunanda 30 yaşı vardı). Bir müddət Bakıda fəhlə işlədi, amma bütün qalan ömrü Cəlilabadda keçdi, dil-ədəbiyyat müəllimi kimi orta məktəbdə dərs dedi.
Mən onun mətbuatda çıxan şeirlərini oxuyur, o şeirləri təqdir və təbliğ edir, içimdə bu şairlə tanış olmaq istəyi baş qaldırırdı. Bu istəyimə doxsanıncı illərin ortalarında çatdım. Elə bil dünən idi Abbasağa ilə Masallıda, Cəlilabadda, Bakıda, küçədə, avtobusda, yol qırağında, redaksiyada, Yazıçılar İttifaqında görüşdüyümüz, dərdləşdiyimiz, şeirləşdiyimiz. Deyirlər ki, əslən şamaxılı idi, amma o, Cəlilabadda doğulmuşdu və Cəlilabadı onun kimi sevən olmazdı. Teymur əminin oxuduğu "Cəlilabadım" mahnısının sözlərini də o yazıb. Muğanın bu dəli-dolu, başından heç vaxt qəzavü-qədər əskik olmayan bu insanla əvvəl-əvvəl heç isnişə bilmirdim. Hansı məclisdə olurdumsa, görürdüm Abbasağa heç kəsə aman vermir, elə hey şeir oxuyur (insafən, çox gözəl oxuyurdu) və sanki sübut eləmək istəyir ki, ŞAİR bax belə olar. Bir şeyə heyrətlənirdim ki, ilahi, onu necə də səbrlə dinləyirlər, heyranlıqla qulaq asırlar. Və bir də ona heyrətlənirdim ki, Abbasağa yorulmadan, bir şeiri ilə o birisi arasında heç fasilə vermədən qətiyyən çaşmır, bir yerdə də ilişmir. Mənə elə gəlirdi ki, Abbasağa oxuduğu şeirləri heç vaxt yazmayıb, bu şeirlər elə əvvəldən onun sinəsindəymiş. Həmyerlisi Saday Şəkərlidən öyrəndim ki, Abbasağa olan məclisdə hamı onun ruhu üstə köklənməlidir. Və elə bir gün gəldi ki, mən də Abbasağa ruhu üstə kökləndim.
Mən şair deyiləm və təbii ki, Abbasağa olan məclisdə şair olmadığım üçün öz şeirlərimi oxuya bilməzdim. Amma Füzulidən çoxlu sayda qəzəl əzbər bilirəm, yeri gələndə söyləyirəm (bu, mənim şakərimdir). Belə məclislərdən birində Abbasağa dedi: "Hə indi də Füzulidən deyəcək Vaqif qardaşım və burda oturan şairlərin şair olmadığını sübut eləyəcək".
Hərçənd, çox gec tanıdım Abbasağanı, onun özünə təzəcə "Azərtürk" təxəllüsü götürdüyündən (1991-ci il) bir neçə il keçmişdi. Amma gec tanış olsaq da, bir-birimizə hörmətimiz artdı. Ağasağa "Azərbaycan" jurnalına şeir gətirəndə mənimlə də görüşürdü. O, İsa İsmayılzadənin dostu idi.
Abbasağa çılğın adam idi. Rayonda hamı onu həqiqətpərəst bir insan kimi tanıyırdı. Yetmişinci illərin sonları, ya səksəninci illərin əvvəlləriydimi, onu tutmuşdular. Belə məlum oldu ki, rayon rəhbərləri bunu əvvəlcədən gözləyirmişlər. Ki, Abbasağa bir xəta törətsin, onu həbs eləsinlər. Balaca padşahların rayonlarda diktatorluq elədiyi, kalan-kalan rüşvət yığdığı, vurub-kəsdiyi illər idi. Xasiyyətcə ötkəm, dəli-dolu, amma təmiz ürəkli Abbasağa heç kimdən çəkinib eləmirdi, həmişə haqsızlığa düçar olan adamları müdafiə edirdi. Günlərin birində o, bir haqsızı müdafiə elədiyi üçün bada getdi, amma ürəyini də yaman boşaltdı, PADŞAHI - rayon rəhbərini ağ yuyub qara sərdi. Abbasağa həbs olundu. Bu xəbər bütün respublikaya yayıldı. Abbasağa o türmədə çox qalmadı. Azərbaycanın tanınmış şairləri lazımi yerlərə müraciət edib, onu türmədən çıxardılar. Mən onda bildim ki, bu misraları da Abbasağaya yazdıran elə o illərin ağrı-acılarıymış:

Canı həsrət alovunda
Həzin-həzin yanan mənəm.
Ayrı düşmüş sahilləri,
Yurd-yuvası sanan mənəm.

Dərdim oldu fəryadkimi,
Sinə dəmir inad kimi.
Cilalanmış polad kimi,
Əyilməmiş sınan mənəm!


Onun "Avtoportret" şeirində isə bütün xasiyyəti, xarakteri tam, dolğun halda gözlərimiz qarşısında canlanır:

Haqqa qurban edər həyatını da,
Dözər çətinliyə dəyanət ilə.
Özünün sonuncu manatını da
Xərcləyər misilsiz ləyaqət ilə.

Nə könül sındırar, nə qəlbə dəyər,
Birinci hay verər dostun səsinə.
Hamının səhvini üzə şax deyər,
Baxmaz mövqeyinə, vəzifəsinə.

O qədər sadədir, sanki uşaqdır,
Olar qəzəbinin ömrü bircə an.
Məqamı gəldimi, danışacaqdır,
Olmayıb meydanda onu susduran.

Şairdir, oğuldur, atadır, ərdir,
Ümidi qəlbində işıq yandırar.
Başını göylərə ucaldar mərdin,
Namərdin boynunu burub sındırar.

Yaşayıb dünyanı duyandan bəri
Maneə adlayır, acılar dadır.
Soruş sahibini bu sifətlərin,
Min yerdən cavab al - Abbasağadır!


Öncə dedim ki, Abbasağa ömrü boyu Cəlilabadda yaşadı (Bakıda fəhlə işləməyi istisna olmaqla), sübut elədi ki, əyalətdə yaşayıbodlu şair ilhamı ilə məmləkətdə tanınmaq olar. Əlbəttə, onun yaradıcılığı diqqətdən yayınmadı. Bir sıra görkəmli sənətkarlar Abbasağanın şeirləri barədə öz fikirlərini elə onun sağlığında söylədilər. Xalq şairi Bəxtiyar Vahabzadə ona iki məqalə həsr etmişdi. "Məharət" adlı birinci məqalədə Bəxtiyar müəllim yazırdı: "Cəlilabadda yaşayan Abbasağanın şeirlərini çoxdan izləyirəm. O, bugunkü poeziya ansamblında özünəməxsus səsi ilə seçilən şairdir. "Anam Ülfətin xatirəsinə" şeirində şair anası öləndən sonra onu daima xatırladığını "Səni unutmamışam" deyə birbaşa deyil,

Ana, evimizdən məzarınadək,
Ot basmaz, qar örtməz bir cığır düşüb, -


şəklində fikrini bədii sözün qüdrətinə, yəni hər gün qəbrini ziyarət etdiyimdən qəbrinə gedən cığırı "ot basmır, qar örtmür" şəklində yəniləşdirib deyir. Ata ocağına bağlılığını da ana məzarına bağlılıq faktıyla izah edir:

Ata ocağına bənd edib məni
Ana məzarına həsrət qorxusu


Qorxudan bağlılıq! Mənfi emosiya ilə müsbət emosiyanın qarşılaşdırılmasından alınan bədiilik diqqətə layiqdir.
Bəxtiyar müəllimin ikinci məqaləsi isə Abbasağaya açıq məktub şəklində yazılıb: "Falçı yalanı, şair həqiqəti". Bu yazıda B. Vahabzadə Abbasağanın "Ədəbiyyat və incəsənət" qəzetində (6 oktyabr, 1989) dərc edilmiş "Qaraçı nəğmələri" əsərindən söz açır. Yazır ki: "Oxucuya demək istəyirəm ki, "Qaraçı nəğmələri" son zamanlar oxuduğum ən gözəl əsərlərdəndir. Nədir burdakı gözəllik? Yenə həqiqət! Mənim aləmimdə həqiqət yaradıcılığın şah damarıdır. "Qardaşım Abbasağa, sənə bir məsləhətim var, gördüyün eybəcərliklərə olan qəzəbini o eybəcərliyi törədən adamların üzünə tökmə, bax, beləcə kağız üstünə tök! Nədən ki, şairin silahı qılınc deyil, qələmdir. Şair qılınc götürəndə onu tez məğlub edərlər. Sən sözünlə döyüşməlisən!"
Xalq şairi Nəbi Xəzri də Abbasağanın yaradıcılığını izləyir, onun uğurlarına sevinirdi. 1983-cü ildə, "Azərbaycan gəncləri" qəzetində Nəbi müəllimin Abbasağanın yaradıcılığından söz açan "Cavabsız məktublar" müəllifinə məktub" yazısı dərc olunmuşdu. Nəbi müəllim Abbasağanın təkcə şair kimi deyil, bir insan və ziyalı kimi də səciyyələndirirdi: "Çoxları ali məktəb qurtarıb şəhərdə qalmağa çalışdı. Qaldı da. Sən isə müəllimlik sənətini seçib doğma rayonun Cəlilabada qayıtdın. Şeiri də unutmursan. Az yaz, yaxşı yaz! Bu sənin çoxdankı xasiyyətindir. Sənin yeni lirik şeirlərini xüsusi maraqla oxudum.

Ümidsiz ürəklə ölən sevgidən,
Ümidə bürünmüş həsrət yaxşıdır.


Bu məğrur bir ürəyin səsidir! Bəli, sən ümiddən inamla yazırsan:

Düşün taleyimi, bəşər qızısan,
Qoy barı köksündə ümid közərsin.


Ona görə də bu məhəbbətə ümidsiz məhəbbət demək olmaz. Burda ümid zahiri deyil, düşüncələrin dərinliyində, arzuların inam dolu ruhundadır. Sən də bu duyğuları çox şairanə qələmə alırsan.gMəgər sənin bu obrazlı ifadənə heyran qalmamaq olardımı?
Qocalıq kətili şahlıq tacıdır.
Burada sən qocalığı necə də poetik dillə ucalıq taxtına qaldırmısan".
Abbasağanın ölümündən altı il sonra şair Ədalət Salmanın tərtibi və redaktorluğu ilə "Abbasağa Azərtürk xatirələrdə" adlı bir kitab nəşr olundu. Bu kitabda Abbasağanı tanıyanlar, onu sevənlər, onunla dostluq edənlər ürək sözlərini söylədilər.Tənqidçi Vaqif Yusifli, şairlər-Ağasəfa, Adil Mirseyid, Bilal Alarlı, Misir Alarlı, Faiq Balabəyli, yazıçı dostları: Əlövsət Bəşirli, Böyükxan Bağırlı, Zakir Sadatlı Abbasağanın bir şair və insan kimi özünəməxsus olduğundan söz açdılar. Şairin arxivindən çap olunmayan şeirləri ilə də tanış olduq. "Kəfəninə bükülüm" şeiri 90-cı illərin ab-havasına köklənmişdi:

Tək mənəm yer üzündə gül əkib, tikan dərən,
Yaradanın özüdür başıma kül əndərən.
Varmıdər mənim kimi milləti pərən-pərən,
Vətənəi bölüm-bölüm?

Yuvasız didərginəm, acıdır qismətim də,
İntiqam qığılcımı işarır niyyətimdə.
Ən ümdə arzum budur-öz doğma həyətimdə
Kəfənimə bükülüm!


Doxsanıncı illərin ictimai-siyasi hadisələri, torpaqlarımızın bir qisminin işğalı, şəhid oğullarımızın kədəri, ölkədə baş verən xaos və hərc-mərclik bir şair kimi Abbasağanın şeirlərində də öz əksini tapırdı və o, bu hadisələrdən sarsıldığını izhar edirdi:

Gəzdikcə Vətəni bölgəbəbölgə,
Olaylar səhvimi qandırır mənə.
Altı da, üstü də zəngin bir ölkə,
Dilənçi ovcunu andırır mənə.

Dövran gücsüzləri tez əyir indi,
Kim belə dərdləri çiyninə yüklər?
Böyük şəhərləri bəzəyir indi,
Evlər yıxanların saldığı mülklər!

Köhnə niskillərim təzələnibdir,
Köhlənim yollarda yorulub mənim.
Bir gözüm Laçında nizələnibdir,
Bir gözüm Şuşada kor olub mənim!

Vicdan harayını içində boğsun,
Millətin haqqını basıb yeyənlər.
Sərkili başını qoy yerə soxsun,
Oyduğu torpağa Vətən deyənlər!


Abbasağanın "Mənəm" şeiri mənim ən xoşladığım şeirlərdən biridir Bu şeirdə Azərbaycan şairlərin obrazı yaradılıb və elə bilirəm, Abbasağa bu şeirdə "mənəm" deyirsə də, əslində, "bizik" anlayırıq. Yəni XX əsrin şairləri..

Canı həsrət alovunda
Həzin-həzin yanan mənəm.
Ayrı düşmüş sahilləri
Yurd-yuvası sanan mənəm.

Qoy dərdimi deyim, bilin,
Girinciyəm ayın, ilin.
Gözlərinə Ərdəbilin
Qubar kimi qonan mənəm!

Xətailər yatan yerdə,
Dan sökülür pərdə-pərdə.
Yaxa yırtan üfüqlərdə
Qan köynəkli o dan mənəm!


Eh, Abbasağa, Abbasağa...gHeç kimin ağlına gəlməzdi bir gün sən də bu dünyadan köçəcəksən. Hərdən Cəlilabada yolum düşür, səni soruşmaq, anmaq, görüşmək arzusu baş qaldırır içimdə və birdəngayılıram ki, sən yoxsan. Sən bu ölümündlə şeirimizin bir az həzin, bir az dəli-dolu ikicə misrasını da öldürdün. Sən bu ölümünlə dostlarının da Abbasağa adında bir duyğusunu kədərə boyadın. Amma ölüm haqdır deyiblər. Tanrıya qovuşdun. Şeirin qaldı, sözün qaldı, xatirələrin qaldı və bir də ...Cəlilabadda bir məzar... Allah ruhunu şad eləsin!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV