ANA SƏHİFƏ / Layihə

ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV VƏ ANA DİLİ MƏSƏLƏLƏRİ

6258    |   2020-05-21 19:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəhs açdığımız "Ədəbi dilimiz haqqında" əsərində Azərbaycanda ədəbiyyatın və mətbuatın keçdiyi inkişaf yoluna dərindən nəzər salan ədib kitabların dilindəki ədəbi qüsurların da hədsiz dərəcədə olmasını faktlarla sübut edir. Və bu qüsurların Azərbaycan dilinin ədəbiləşməsinə, ədəbi dil normalarının sabitləşməsinə mənfi təsir göstərdiyini qeyd edir.

Müxtəlif fənnlər üzrə ana dilində dərsliklərimizin olmaması, həmçinin dilimizlə bağlı dərs vəsaitlərinin, dilimizin morfoloji quruluşunu, sintaksisini əks etdirən qrammtika dərsliklərinin yoxluğu onu narahat edir və "Xalq Maarif Komissarlığı yanında, ya Ümumittifaq Akademiyasının Azərbaycan şöbəsində xüsusi bir təşkilat, Azərbaycan türk lisanı üçün mükəmməl sərf-nəhv və əbədi dil yaratmaq üçün qurulmalıdır" təklifini irəli sürməkdən çəkinməmişdir. O, təhsil sahəsindəki dil problemlərini bir pedaqoq kimi dolğun şəkildə təhlil etdərək maarifçiliyin alovlu təbliğatçısına çevrilmişdir.

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ictimaiyyəti üçün dil quruculuğu məsələsi ana dili probleminin əsası olsa da, nəticə etibarilə ədəbi dil normalarının müəyyənliyinə xidmət etdiyindən əlifba mübahisələri də geniş mədəni siyasi dairələri əhatə edir. Ərəb əlifbasının Azərbaycan dilinin fonetik sisteminə uyğunsuzluğunu M.F.Axundovun əməli şəkildə qaldırmasını təqdir edən Ə.Haqverdiyev "Mirzə Fətəli və ərəb əlifbası" məqaləsində M.F.Axundovun bu əlifbanı həyata keçirmək üçün gördüyü işlərdən ətraflı danışır, onun bu təşəbbüsünün tarixi əhəmiyyətini izah edir. Ərəb əlifbasının çətinliklərindən, onun bu əlifbanı dəyişmək uğrundakı mübarizəsi haqda belə yazır: "Ərəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi-müsəvvitənin yazılmamasıdır". Böyük ictimai xadim Ə.Haqverdiyev konkret misallarla izah edir ki, saitləri əvəz emək üçün hərflərin altında və üstündə qoyulan işarələr olmadıqda bu əlifba ilə yazılmış mətnləri oxumaq daha da çətinləşir.

Ə.Haqverdiyevin "Böyük islahat" adlı məqaləsi də əlifba məsələsinə həsr olunan maraqlı yazılardan biridir. Burda o, türk dillərinin qədim abidələri ilə bağlı tədqiqatları yaxından izləmiş, türkoloji ədəbiyyatla yaxından tanış olmuşdur. Ardıcıl və sistemli təhlillərdən sonra "Latın əlifbasının altı illiyi münasibətilə" məqaləsində türk əlifbalarının keçdiyi tarixi inkişaf yolunu təhlil etmişdir.

Yeni-yeni bədii əsərlər yazmaqla bərabər pedaqoji sahədə də uğurlu fəaliyyət göstərən Ə.Haqverdiyev Azərbaycan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi ilə məşğul olmuşdur. O, bu sahədə də ədəbi dilin inkişafına mane olan çətinlikləri aradan qaldırmaq üçün ciddi müzakirələr aparır, Azərbaycan dilinin tədqiqi və tətbiqi üçün zəmin yaradan təkliflər irəli sürmüşdür. Maarif, mədəniyyətin inkişafında ölkənin qabaqcıl ziyalılarını səfərbər etməkdə mütümadi çıxışlar etmiş, təqdirəlayiq işlər görmüşdür.

Ə.Haqverdiyev Azərbaycan dilinin bəzi sahələrinə dair ilk elmi əsərlər də yazmışdır. 1926-cı ildə yazdığı N.İ.Aşmarinin "Nuxa şəhəri türk xalqı şivələrinə bir nəzər" adlı kitabı dialektologiya sahəsində ilk qiymətli əsərlərdən biridir.

Ə.Haqverdiyev bədii tərcümə məsələlərinə mədəni inkişafın mühüm hissəsi kimi baxmışdır. Mədiniyyətlərarası qarşılıqlı inkişafa xidmət edən bu işə də öz töhfələrini vermişdir. Belə ki, Ə.Haqverdiyev Şekspirin "Hamlet", Şillerin "Qaçaqlar", Volterin "Soltan Osman", Zolyanın "Qazmaçılar", Andersenin "Bülbül", "Şahın təzə libası", Lanskoyun "Qəzəvat", Çirikovun "Yəhudilər", Korolenkonun "Qoca zəng çalan" əsərlərini dilimizə tərcümə etmişdir. O, tərcüməçilik işinə çox ciddi və məsuliyyətlə yanaşmışdır. Onun tərcümə əsərlərinin dili öz milli ruhunu saxlamaqla, Azərbaycan ədəbi dilinin də zənginliklərini özündə əks etdirməkdədir.

Ə.Haqverdiyev istər elmi-nəzəri fikirləri, istərsə də bədii nəsr nümunələri, publisistik məqalələri ilə Azərbaycan ədəbi dilinin düzgün istiqamətdə inkişafına, ana dilinin saflığının qorunması məsələlərinə kömək etmişdir. Son olaraq qeyd edək ki, milli ədəbi dilimizin sürətli inkişafı dövrünün görkəmli nümayəndəsi olan Ə.Haqverdiyev Azərbaycan ədəbi dilinin varlığını şübhə altına alanlara qarşı mübarizədə fəal mövqe nümayiş etdirir. O, həmçinin xalq dilini dərindən bilir, bəzi mətbuatın zərərli meyillərinə baxmayaraq, öz əsərlərin geniş xalq kütləsinin dilindən süzülüb gələn söz və ifadələr, ana dilinin zəngin təbii imkanları əsasında yaradırdı. Ə.Haqverdiyev öz yazılarını nə müasiri olduğu bəzi ədəbiyyat adamlarının dilinə, nə də mövcud mətbuatın dilinə uyğunlaşdırmağa çalışmamış, əksinə mətbuat dilini öz üslubuna uyğunlaşdırmağa cəhd etmişdir. Milli dili xəlqi zəmindən ayırmağa çalışan qəzet və jurnalların qarışıq dilinə qarşı mübarizə aparmış, demək olar ki, öz dili, öz üslubu ilə mövcud mətbuatın arasında sədd çəkmişdir. Ədibin orijinal bədii dilinin və orijinal üslubunun başlıca məziyyəti ümumxalq canlı dilinə yaxınlıq və yad dillərin təsirinə məruz qalmamış xəlqi bir dil olmasıdır. Öz xalqını daim mədəni oyanışa və tərəqqiyə səsləyən, sadə xalq adamlarının arzu və istəklərini əsərlərinin mövzu və ideyasına çevirən yazıçı real həyat həqiqətlərini bədii ruhla dolğun şəkildə əks etdirmişdir. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri ümumxalq danışığı, xalq dilinin hikmət xəzinəsi daha da zənginginləşdirir. Bu cür xəlqiliklə yoğrulan əsərləri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur.

Yuxarıdakı qeydlərimizdən belə aydın olur ki, Azərbaycan tənqidi realizminin qocaman nümayəndəsi olan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında ədəbi dil məsələsi və doğma ana dilimizin, ümumxalq danışıq dilinin zəminində Azərbaycan ədəbi dilinin formalaşmasının tərəfdarı olduğunu təkidlə ifadə etmişdir. 1933-cü ildə "Molla Nəsrəddin" haqqındakı xatiratım" yazısında "jurnalın dili haqqında çox danışıqlar oldu" və s. bu kimi sağlam ədəbi dil uğrunda mübarizədə məsləkdaşı və qələmdaşı böyük yazıçı Mirzə Cəlil Məmmədquluzadənin mövqeyindən çıxış etmiş, hər daim "Molla Nəsrəddin" ədəbi məktəbinin nümayəndələri tərəfində dayanmışdır. Azərbaycan ədəbi dilini rəsmi dövlət dilinə çevirmək, ədəbi dil probleminin müzakirəsinin keçirildiyi bütün tədbirlərdə birmənalı mövqe nümayiş etdirmişdir.


Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.




İmza:
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK