ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Bir zolaq gün işığı, yaxud “Koronaqoca” - Pərvanə Bayramqızı yazır

16643    |   2020-04-29 14:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daşların üstündən hoppana-hoppana çayı adladı. Canındakı təpəri hiss edib məmnun halda gülümsündü. Bu çay onun üçün uşaqlıqdan indiyə ən yaxşı idman növü olmuşdur. Gündə bir neçə dəfə üzərindən keçməli olurdu. Neçə daşdan adlamalı olduğunu da əzbərləmişdi. Hərdən çaya baxıb kövrəlməyi də vardı. O vaxtlar çox gur axardı, uşaqları məktəbə aparanda hərəsini bir qoluna alıb adladardı. Onda həm də dumduru axırdı. Dibindəki ən xırda daşlar, o daşların arasında var-gəl edən tələskən çömçəquyruqlar da görünürdü. Qızlar-gəlinlər çayda xalça yuyardılar. Yağış yağanda necə daşırdısa, iki kəndin bir-biri ilə əlaqəsi kəsilirdi. Belə vaxtlarda adına Araz da deyirdilər. Zəmanə kimi çay da dəyişdi, elə bil su da insanlardan üz döndərdi. İndi zəif axsa da, bulanıq olduğundan dibini görmək mümkün deyildi. Deyirlər, kənd camaatı kanalzasiya sularını çaya yanlayıblar. Bir vaxtlar çirkli əşyaları təmizləyən çay indi özü çirkab sularına dönmüşdü.

Qış sərt keçməmişdi, amma yaz yaxınlaşsa da, hava soyuq idi. Əvvəlcə evə getmək istədi, çaydan beş-altı addım aralıda illərdir özünə "yurd-yuva salan”, ən gur sellərdə belə yerindən tərpənməyən hündür, yastı daş gözünə sataşanda ayaq saxladı. Cavan vaxtlarında ot biçib yorulanda dincini onun üstündə alardı. Uşaqlar körpə olanda arvadına kömək edib su daşıyanda da vedrələri üstünə qoyardı. Qış aylarında çayın üzü buz olardı. Sürüşə-sürüşə üstündən o yana-bu yana keçən uşaqlara acıqlanar: "Buz qırılar, suya düşərsiniz, gedin başqa yerdə sürüşün” deyərdi. Xatirələri yar-yoldaş kimi başına töküldü. Köks ötürmək istədi, qüruruna sığışdırmadı, elə bil kiminsə eşidəcəyindən ehtiyat edirdi. Kiminsə ona yazığı gələcəyini düşünəndə qanı qaralırdı. Xizəkli uşaqları qovduğu yerdə indi də xatirələri qovmağa çalışırdı. Həyatı olduğu kimi qəbul etmişdi. Ömrünü keçmişə və gələcəyə bölmək istəmirdi. İndi onun üçün bircə zaman var – bu gün. Keçmişi unutmağa çalışır, gələcəyə də bel bağlamırdı. Yaşadığı anı tumarlayıb, dünyanı özünə tərəf çəkməyə cəhd edirdi. "Yaşamaq gözəldir; ya tək ol, ya da külfətlə - fərqi yoxdur, əsas gümrah olmaqdır” deyərək xiffəti özündən qovurdu.

Üst tərəfdən gələn səs-küyün içində qulağına ən çox gurultu səsi dəydi. Boylanıb çayın yuxarı hissəsində saldığı bağın çəpərində beş-altı cavanın zarafatlaşdığını gördü. Çəpərə toxunub daşı tökmüşdülər. Yerindən dik atıldı. Ötüb-keçdikcə çaydan uşaq kimi qucağına alıb daşıdığı daşlarla hördüyü çəpər uçmuşdu. O çəpərin bircə dənə daşı tərpənəndə elə bilirdi, dünya uçub-tökülür. Çəpəri uçmuş görüb hirsləndi. Cavanlara tərəf gedib yanlarına çatmamış qaş-qabaqla:

– Dağıtmayın, a bala. Zəhmətlə əmələ gəlib, niyə uçurursunuz? – deyib aşağı əyildi. O, daşı götürmək istəyəndə:

– Bağışla müəllim, bu dəqiqə düzəldərik – deyərək cavanlar yaxınlaşıb daşı əlindən almaq istədilər.

– Çəkilin, özüm yığacam. – Elə qətiyyətlə dedi ki, oğlanlar "Yallı” gedirmişlər kimi cərgə ilə arxaya çəkildilər. Əyilib daşları bir-bir götürüb, yerinə qoydu. Ən iri daşı da asan götürdü. Ürəyində sevindi: "şükür səksənə yaxınlaşmağıma baxma, hələ canım suludur. Bu cılız uşaqların beşini bir əlimdə göyə qaldıraram” deyərək özünə ürək-dirək verdi. Daşlar o qədər köhnəlmişdi ki, çəpərə baxdıqca adam özünü qədim abidələri seyr edən kimi hiss edirdi. Yamyaşıl mamırdan bir-birinə yapışmışdılar. Amma yerə düşənlər əvvəlkitək durmurdu, oynayan diş kimi laxlayırdı.

– Müəllim, elə ölçüb-biçmisiniz ki, elə bil çəpər yox, pazldır – gəncin biri zarafat etdi. Yanındakı oğlan ona "sus, ayıbdır” işarəsi verib, astadan pıçıldadı:

– İstəyirsən müəllim bizi biabır etsin?

Bu dəfə əl çəkməyib oğlanlar qollarını çirmələyib işə başladılar. Müəllimin şalvarının enli qıçlarını külək titrətdikcə pırıltı səsi çıxırdı. Əyilib-qalxdıqca əl-ayağına dolaşırdı. Oğlanlar bir-birinə baxıb xısın-xısın gülürdülər. Biri dilini dinc qoymayıb dedi:

– Müəllim, şalvarınız çox enlidir ey, işləməyinizə mane olur.

O biri oğlan başını bulayıb: – "Ay səni, axırda dedin də” deyə etiraz etdi. Müəllim də bunu gözləyirmiş kimi oğlanın yerindəcə cavabını verdi:

– A bala, bu şalvarın keyfiyyətindən danış ey, sən geyinən finkadan deyil ki, iki gündən sonra dizləri deşilsin. Bunu Tapdığın dükanından almışam.

Cavanlar uğundular.

– Hə, Nazim payını aldın?

Dostlarının sözünündən inciməyən Nazim yenə zarafat etdi.

– "Tapdıq” butikin malları sovet vaxtı brend olub, müəllim?

Bu dəfə daha ləzzətlə gülüşdülər.

Onun dediklərini başa düşməyən müəllim: – bu vaxtadək cırılmayıbsa, soyunanda iki nəfər güclə çəkib çıxartmırsa, demək, şalvar belə olmalıdır. – deyə konkret cavab verdi. Əlindəki daşı oyuğa yerləşdirib, başını buladı.

– Eh, ay oğul, biz müəllimimizlə latayır deməzdik, – deyə təəssüflə bildirdi, – müəllimimizə baxıb həvəslənərdik, hamımız müəllim olmaq istəyirdik. İndi hanı elə şagird?

Oğlan əlindəki sonuncu daşı ona verib:

Biz pis uşaqlarıq, müəllim? – deyə incik halda soruşdu.

Bircə salamat olun, bala, bircə salamat olun. – müəllim təkrar-təkrar söylədi. – Ruzunuz bol olsun, qalan şeylər yoluna düşəcək. Zarafatlaşa-zarafatlaşa çəpəri düzəldib dağılışdılar. Müəllimin də eyni açılmışdı.

Soyuq təsir etmişdi, üşüyürdü. Evə gələndə elə bil cənnətə düşdü. Ocaq yanırdı. Çaydan da ahəstə-ahəstə zümzümə edirdi. Elə bil on iki il deyildi evə qadın əli dəymirdi. Hər şey əvvəlki kimi səliqəli idi. Bircə xörək bişirməyə çətinlik çəkirdi. Tez-tez bazara gedir, ürəyi istəyənləri alırdı. İştahası yaxşı idi. Hövsələsiz olduğundan külfətlə yaşamaq ona çətin idi. Cavanlığından gediş-gəlişi də sevən olmamışdı. Maşınla getməyi də xoşlamırdı. Piyada gəzəndə elə bil təzədən cavanlaşırdı. Tanışlar yanında maşın saxlayanda minməzdi. Ayaqlarını göstərib "mənim təkərlərim onunkundan keyfiyyətlidir” deyirdi. Xasiyyətinə bələd olduqlarından artıq heç kəs onun üçün maşın saxlamırdı.

Kasada saxladığı protez dişinə tərəf baxmadan almanı sürtkəcdən keçirib qaşıqlayıb qurtardı. "Görək nə danışırlar yenə” – deyib televizoru işə saldı və divana uzandı.

Son günlərin xəbərləri ürəkaçan deyildi. Hansı kanala çevirirdisə, virus yayıldığından xəbər verdilər. "Bircə bu çatmırdı” deyə narahatlıq keçirirdi. Bütün proqramları izləyirdi ki, məsələnin nə yerdə qalacağını bilsin. Sovet dönəmindən həmişə hökumətə inanıb, hansı qayda tətbiq edilsə, birinci o əməl edib. Televizorda nə deyilsə, onu da dəstəkləyib. "Hökumət vətəndaşına yalan danışmaz” deyirdi. Amma bu koronavirus söhbətinə nədənsə şübhə ilə yanaşırdı. Bəlkə də, şübhə deyildi, altmış beş yaşdan yuxarı insanların evə qapılmalı olduğu xəbəri ürəyindən olmamışdı. Axı gün ərzində bir neçə dəfə xeyli yol getməyə alışmışdı. Evdə qalmaq ürəyindən deyildi. İlk dəfə idi ki, qoyulan qaydaya əməl etmək istəmirdi. Bu il qrip tutmamışdı. Deyirdi ki, virus qorxusundan mənə yaxın gəlməz, immunitetim güclüdür, bilir ki, bədənimdə boğulub öləcək. Şəhərə övladlarının yanına da getmirdi. "Öz tikib-qurduğum evdən heç yana gedən deyiləm” deyib höcətlik edirdi. Hər gün dükana gedəndə qonşunun çəpərindən düşən daşları da qaldırıb yerinə qoyur, şosselərdəki şüşə qırıqlarını maşınlara zərər verməsin deyə təmizləyirdi. İş görərkən heç kəsin kömək etməsini istəmirdi. Ruhunu qocalmağa qoymurdu.

Tıqqıltı eşitsə də, televizordan gəldiyini zənn edib tərpənmədi. Səs daha da bərkidi. Bu dəfə qalxıb qapıya tərəf getdi. Qapını açanda vaxtilə şagirdi olmuş oğlanı gördü. Salamlaşdılar. Təklif gözləmədən oğlan içəri keçib əlindəki ayın-oyunu stolun üstünə qoydu: – Necəsiniz, müəllim? – deyə soruşdu.

Onun neynədiyinə təəccüblə baxa-baxa dilucu: – Sağ ol, bala, şükür Allaha, gümraham. – dedi.

– Yox, müəllim, gümrahlığa çox bənd olma, vəziyyət pisdir, çölə-bayıra çıxma, xəstəlik tutarsan.

– Nə xəstəlik, a bala. Mən heç qrip də olmuram. Qüvvəm də ki əladır.

Oğlan bir az da ciddiləşdi.

– Hökumət qayda çıxarıb, müəllim, yaşı 65-dən yuxarı olanlar evdə oturmadılar. Bax bu da sənə ayın-oyun, otur ye-iç, heç hara getmə. Nəyə ehtiyacın olsa, zəng edib xəbər elə.

Elə bil birdən-birə gücünü itirdi. Ona elə gəldi ki, bir daha çəpərə daş düzə bilməyəcək, uçub-dağılacaq, maşınların pəncərəsindən cavan oğlanlar ona rişxəndlə baxıb: "Hə, qoca, bəs sənin təkərlərin daha etibarlı idi, niyə gəzmirsən?” deyəcəklər.

Oğlan onun tutulduğunu hiss edib ürək-dirək verdi:

– Narahat olma müəllim, bizə xoşdur. O qədər qayğımıza qalmısan ki. Atamla Moskvaya gedib qardaşımın işini düzəltməyin də yadımdadır.

Oğlan vaxtında getməsəydi, bəlkə də, hövsələsini saxlaya bilməyib "mənə heç kimin ayın-oyunu gərək deyil” deyəcəkdi. "İndiyəcən bir dəfə də olsun, qapımdan içəri girməyib, indi mənə canıyananlıq edir. İstəmirəm, lazım deyil” deyib istədi ərzaqları geri qaytarsın, özünü birtəhər ələ aldı. Ovqatı təlx olmuşdu. Özündən qərar qəbul etdi: – "Demək istəyirlər ki, artıq əl-ayağını dəstələ. Zorla qocalığı qəbul etdirmək istəyirlər”.

Evi toy evinə dönmüşdü. Gələn-gedənin sayı artmışdı, indiyəcən yada salmayanlar da gəlib baş çəkirdilər. Qayğıdan yumşalsa da, gətirdikləri ərzağa etiraz edir, geri qaytarmaqlarını istəyirdi.

– Bala, vallah, hər şey var, götür apar bunları. Billah, heç nəyə ehtiyacım yoxdur.

Heç kim onu eşitmirdi.

Qonşular elə bil onu izləyirdilər. Həyətə çıxan kimi xəbər tutub tələsik gəlib birtəhər evə ötürüb gedirdilər. Elə bil həbsxanada idi. İllərlə səhhətindən şikayət etməyən adam yavaş-yavaş kefsizləyirdi. Dondurma kimi anbaan əriyir, yavaş-yavaş özünü gərəksiz hiss etməyə başlayırdı. Dincliyi pozulmuşdu. Təbiəti pəncərədən seyr etməyə alışmamışdı. Bu onun üçün işgəncə idi. Sıxıntı içində idi. Hər gün bir az qocalırdı. Getdikcə gözləri zəifləyirdi. Üzünü çətinliklə qırxır, yerindən qalxanda özünü tarazlaya bilmirdi. Yavaş-yavaş nəfəsi təngiyirdi. Birdən ağlına qorxunc fikir gəldi: "Yoxsa, o xəstəlikdən tuturam? Yox, nədən ölsəm də, bu yalançı xəstəlikdən ölən deyiləm. O, yoxdur, onu uydurublar. Yoluxa bilmərəm. Getməyəcəm həkimə. Elə evimdə öləcəm”. İçində qorxu hissi baş qaldırmışdı. "Yollar da bağlanıb, uşaqlar gələ bilmirlər, birdən ölərəm, birdən tabutumu yadlar daşıyar. Yoxsa balalarım son nəfəsimə çatmayacaqlar?” Pəncərənin qarşısında əyləşib çay içir, çəpərə tamaşa edirdi. Boğazından ötüb qurtum-qurtum mədəsinə yuvarlanan çay kimi beynindən də "qurtum-qurtum” fikirlər gözlərinə tərəf yuvarlanıb, suya dönürdü. "İndi heç kəsə lazım deyiləm, indi hamıya yük olmuşam”. İcazəsiz-filansız pəncərədən stolun üstündəki qənd qabına düşən gün işığının zolağına xeyli tamaşa edib qapağı qabın ağzına qoydu. Elə bil o işığı tutub saxlamaq istəyirdi. Azalan ömür payına bir gün də qənimət idi. Təbiətlə təmasını hiss etməyə bircə zolaq şəfəq də bəs edirdi.

Nəzarət, tövsiyə, gələnlərin maska və əlcəkləri onu bezdirmişdi. "Nə oyun çıxarırlar bunlar?” – deyə hər dəfə dodağının altından söylənirdi. Gül kimi dinc yaşayırdım, hardan çıxdı bu zəhirmar. Bundan əvvəl lap yaxşı idim, elə özləri xəstələndirəcəklər məni”. Sakitləşə bilmirdi.

Gətirilən ərzaqlardan istifadə etmirdi. Heç bağlamalara əl vurmamışdı. Gözünə göründükcə narahat olurdu. Ağlına gəldi ki, onları yığıb daha çox ehtiyacı olanlara versin.

Bir gün rayonun mərkəzinə getmək bəhanəsi ilə çıxıb, ayın-oyunları yığıb tanıdığı imkansız ailəyə verməyi planlaşdırdı. Bir xeyli ora-bura vurnuxdu. Əgər qonşunun həyətində o balaca "mərdimazar”la rastlaşmasaydı, hər şey istədiyi kimi olacaqdı. Pilləkənləri enib həyətə yenicə düşmüşdü ki, qonşunun nəvəsi qabağına gəlib təəccüblə soruşdu:

– Baba, 8103-dən icazə almısan?

Dilxor oldu. Ayağını saxladı. Bu vaxt uşağın nənəsi də pəyədən çıxdı. Evdən kimisə səslədi. İçəridən qız uşağı çıxanda əlindəki sərnici ona verib özü nəvəsinə tərəf gəldi. Qonşusunun qaş-qabaqla dediyi – "Nə icazə, a bala, heç ömrüm boyu rəhmətlikdən icazə almadım, indi üzünü görmədiyim adamdanmı icazə alacam?” sözlərindən nəvəsinin nə dediyini təxmin etdi.

– Amma nənəm icazə istəyir, onlar da verirlər. Soruş özündən. Atamın canı üçün düz deyirəm – Doğru dediyini sübut etmək üçün çönüb: – Nənə, səni qoydular elə dükana getməyə? – deyə soruşdu.

– Hə, nənə qurban.

Bu dəfə babanın üzünə baxdı. Bu baxış "gördün düz deyirəm” sözünü əvəz edirdi.

– Nənə, sənin neçə yaşın var?

Ədə, sus, – deyə nənəsi acıqlandı. Pıçıltı ilə – Qurban müəllim yaşlıdır üzünə vurmaq olmaz. – dedi.

– Eee nənə, yaşdır də, burda nə var ki? – Uşaq razılaşmadı.

– Fərqi var ki, yaşı 65-dən yuxarı olanları çölə çıxmağa qoymurlar də. – Üzünü müəllimə tərəf tutub:

– İndiki uşaqlar hər şeyi bilir, ay Qurban müəllim, – deyərək nəvəsinə haqq qazandırdı. Gərək indi hökumətdən icazə alıb çıxasan. – Zarafat etməyindən də qalmadı, – yoxsa, sən də Kərbəlayi kimi belə hökumət tanımırsan?

– Yox, ay Səyyarə bacı, hökumətin dediyi qanundur, nəsə bu xəstəliyə inanmağım gəlmir.

Sözünün gerisini demədi. Ağlından keçən fikri gizlətdi. Nədənsə ona elə gəlirdi ki, bu "oyunu” onun üçün qurublar ki, evdə qalsın, çıxıb yıxlıb-eləməsin. Həmişə övladları "ata, küçəyə çıxma yıxılarsan, əzilərsən, özünü soyuqdan qoru, xəstələnərsən” deyib zəhləsini tökürdülər. İndi də televizordakılar başlayıblar. "Lənət şeytana, bunlar niyə əl çəkmirlər məndən?”.

– Baba, qayıt evinə, atama deyəcəm, sənə bazarlıq etsin – uşaq sevincək evə tərəf qaçdı.

– Uşağın sözünü yerə salma, müəllim. Görün necə həvəslə qaçdı atasının yanına.

Başqa çarəsi qalmadığından könülsüz geri qayıtdı. Ona elə gəldi ki, daha bu dünyanın sakini deyil. Kainatın öz sahibləri var. Yer də Göy də indi kiminsə şəxsi mülkü olub. "Bu gedişlə çəkib Günəşi də Yerə gətirəcəklər” deyə kiminsə qarasınca deyinə-deyinə pilləkəni qalxıb qapının ağzında dayandı. Əllərini cibində dolandırdığı vaxt beynində də veyil-veyil fikirlər hərlənirdi: – "Bu insanlardan nə desən çıxar. Göyə göndərdikləri adamın izi-tozu bilinmədi, yenə ürəkləri soyumadı. Nə Yerdə gəzməyə qoyurlar, nə Göyə çıxa bilirik. Hər şeyə də əl atırlar. Allah axırımızı xeyir eləsin” Duadan sonra indiyəcən boğazında güclə saxladığı qəhəri "sən də cəhənnəm ol” ifadəsinə bənzər şəkildə dərindən köks ötürməklə qovmaq istədi. "Nə günlərə qaldım...Elimdə-obamda qərib kimi dolanıram”. Sonuncu sözləri elə bil kiməsə eşitdirirdi.

Yeganə ümid yeri televizor idi. Ekrana gözləri ilə deyil, sanki qulaqlarıyla baxırdı. Düz gəlib televizorun qarşısında əyləşirdi. Gözləyirdi aparıcı sevinə-sevinə desin ki, daha karantin bitib, əl çəkin müəllimdən, o, sağlamdır, çox yaşayacaq, o, təbiəti sevir, qoyun gəzib-dolaşsın. Bu sözləri eşitsə, yenə hökumətə inanacaq, yenə televiziyada deyilənlərə əməl edəcəkdi.

Səhərdən axşamacan ekranın qarşısında mürgüləyirdi, yuxuya düşəndə də qonşuların onu izlədiyini görürdü. Bəzən hövlank oyanırdı. Yuxu ilə gerçəyin elə də böyük fərqi yox idi. Yenicə söz öyrənən uşaq kimi ancaq bir cümləni təkrarlayırdı: "bircə bu zəhirmar qurtarsaydı...”.

18 aprel 2020



İmza:
SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK