ANA SƏHİFƏ / YAZARLAR

İçimizdəki məni oyadan aprel - Emin Piri yazır

36597    |   2020-04-03 09:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox vaxt işğal günlərində rast gəlirəm, xatırlayanlar daha çox Qarabağdakı səfalı meşələrdən, bulaqlardan, yeyib-içmək məclislərindən bəhs edirlər.


Əlbəttə, Qarabağ dünyanın səfalı yerlərindəndir. Bəs, biz onu bu səfasına görəmi sevməliyik?

Əgər o torpaqların yerində şoran, hər hansı təsərrüfata yaramayan ərazilər olsaydı, unutmalıydıqmı? Vətən axı qum dənəcikləri ilə də, daşıyla da əzizdir, müqəddəsdir.

Ya da bir məktəblinin sarkazmla ifadə etdiyi "hər il 8 mayda ermənilərin Şuşanı tutacaqlarını bilirik - bəs niyə qabaqlarını almırıq?” sualı qarşısında əzilməkdən daha yaxşıdır ləyaqətli cavabı verə bilmək cəsarətinə sahib olmaq...

Heç nə yox, böyük türk sərkərdəsi Metenin bu məsələ ilə bağlı kiçik olayını xatırlatmaq torpağın hansı anlama gəldiyini göstərər.

"Hun İmperatorluğuna Mete xanın yiyələnməsini həzm edə bilməyən Çin onun güclənməsinə imkan verməmək üçün hunların üzərinə hücum üçün bəhanə axtarırdı. Belə bir bəhanə isə ələ düşmürdü. Ona görə də Mete xanın üzərinə hücum etmək üçün Çin müxtəlif planlar hazırladı. Çin hökmdarı Hun sarayına elçisini göndərərək, onun ən sevimli atını istədi. Daima ölkədaxili problemləri demokratik yolla həll etməyə adət edən Hun sarayında bununla bağlı böyük bir qurultay keçirildi.

Mete xan sarayın başbilənlərinə Çin hökmdarının istəyini çatdırır. Saraydakılar atın verilməsinin əleyhinə çıxırlar. Lakin Mete xan: "At mənimdir, mən onu verəcəyəm”, - deyir və sevimli atını Çin hökmdarına göndərir. Mete xanın bu hərəkəti qorxaqlıq kimi qiymətləndirilir və bu dəfə Çin hökmdarı vaxtilə Hun sarayına göndərilən şahzadə xanımın verilməsini tələb edir. Mete xan bu dəfə də qurultay çağıraraq məsələni onlara danışır. Bu dəfə də qurultay iştirakçıları Çinin təklifinə rədd cavabı verirlər. Amma Mete xan bu məsələnin də onun özünə aidiyyəti olduğunu bildirərək, şahzadə xanımın verilməsi barədə qərar qəbul edir. Çin sarayında isə Mete xanın bu hərəkətlərindən heyrət içində idilər. Hun İmperatorluğunun ən cəsur bir sərkərdəsi hesab edilən Mete xan bir-birinin ardınca onlara güzəştə gedirdi. Bu da Çin hökmdarında Hun torpaqlarını işğal etmək iştahı əmələ gətirdi.

Bu dəfə Hun sarayına göndərilən elçi Çinlə sərhəddə yerləşən daşlıq və qayalıqdan ibarət olan ot bitməyən bir ərazinin verilməsini tələb etdi. Yenə də Mete xan qurultay topladı və onların məsələ ilə bağlı fikirlərini soruşdu. Qurultay iştirakçıları: "Ey hökmdar, o torpağı ver getsin, onsuz da orada heç ot da bitmir” - dedilər. Mete xan isə bunun qeyri-mümkün olduğunu bildirdi. Belə olduğu halda, qurultay iştirakçıları ona dedilər: "Axı sənin ən sevimli atını istədilər verdin, ən sevimli çinli şahzadəni istədilər, verdin. Bəs indi bir parça ot bitməyən daşlıq və qayalığın verilməsinə niyə razı olmursan?”.

Mete xanın onlara cavabı isə çox ibrətamiz oldu: "Atımı istədilər, verdim, çünki mənə məxsus idi. Şahzadəni istədilər, verdim. Çünki onun üzərində mən hökmran idim. Amma torpaq millətindir və babalarımız onu qan axıtmaqla qoruyublar. Millətin malını isə heç kimə vermərəm. Torpaq istəyənlərin bircə cavabı var: onlarla savaşa girmək. Ona görə də mən əmrimi verirəm: hazırlaşın, düşmən üzərinə gedirik!”.

Və dörd il öncənin apreli...
Göz yaşları axdı. Anlamamaq mümkün deyil. Amma qurban verilən canlar bizə nələri qazandırmadı ki... İşğal altında olan torpaqlar tam azad edilməsə də, elə o bir neçə yüksəkliklə ruhumuzda o azadlığın təməli qoyuldu. Qazanmağın yolunu göstərdilər. Qələbə qoxusunun nəfəs qədər yaxın olduğunu sübut etdilər.

Onlar bizə anlatdı. Anlatdı ki, əsgəri anlamaq üçün, azadlığı duymaq üçün bulvarın yox, səngərin qoxusunu udmalısan!

Utandırdılar. Utandırıb içimizdəki ölmüş məni oyatdılar. Anlatdılar ki, vətən sevgisinin, azadlığın nə olduğunu, əsgərin nə çəkdiyini bilmək üçün virtual inqilabçı yox, gecə sübhə kimi, - 20 dərəcədə və ya yayın qaynar istisində çiynində silah düşmən qarşında durmalısan!

Hamı gördü ki, heç nəyə baxmayaraq, xalq bəzilərinin dediyinə rəğmən, yatmayıb. Qarabağı unutmayıb. Əsgərinə biganə deyil. Ürəyi cəbhənin nəbzilə vurur. Və hər an əsgərinə sahib çıxmağa hazırdır.

Xalq göstərdi ki, ölkənin işğaldan kənarda olan bütün ərazisi hər an arxa cəbhə olmağa hazır və qadirdir.

Bəzi bəsit köşələrlə kosmopolit siması yaradıb bəlkə də gələcəyin hansısa mükafat almaq iddiasında olan, özünü fərqli göstərmək istəyən yazarların xalq üçün heç bir əhəmiyyət daşımadığını göstərdi. Göstərdi və xalqın ürəyinin səngərlə döyündüyünü sübut etdi.

Vətən statuslarını yazanları lağ oyektinə qoyanları da gördük, gələcək siyasi karyerasını düşünüb lağa qoymasa da, susanları da. Gördük və qeyd etdik beynimizin bir guşəsinə... Kiminin ayağını mina qızdırır, kiminin ayağını Bakı asfaltı. Və durub yayın istisindən, Azərbaycan haqqında deyilən şirin sözlərin qaynarlığından şikayət etdilər.

Kiminin alnından, kiminin ürəyindən, kiminin gözlərindən öpdü güllələr. Qarşısında bir məzar və şəkil qalan anaların əlindən öpürəm. Bu xalqı titrədib, içindəki mənliyi oyatdığını görə, Azərbaycanı ruhən bir etdiyinə görə!



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK