hacklink Adalet.az | Batumidə ermənilərə necə acıq verdik? - Eminquey yazır Adalet.az | Batumidə ermənilərə necə acıq verdik? - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Batumidə ermənilərə necə acıq verdik? - Eminquey yazır

5895    |   2019-09-10 14:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazı bəzək-düzəksizdir. Mən Batumini sadəcə kamera gözüylə izah etməyə çalışacam.

Nəhayət ki çatdıq.

Qara dənizin ulduzu - Batumi...

Liman şəhəri...

Neftimizin son mənzili...

Acarıstan Muxtar respublikasının paytaxtı...


Saat qülləsi, Əlifba binası, hündürmərtəbəli binalar, bulvar boyu açıq çimərlik, çınqıllı sahil, Qara dəniz...

Otelə çatanda yağış başlamışdı. Hamımız dilxor idik. Bu yağışda haranı gəzə biləcəyik ki? Əşyalarımızı yerləşdirdik. Tapşırdılar ki, gözləyək, gəzintiyə çıxsaq xəbər edəcəklər. Hamının üzündən otel narazılığı yağırdı. Otaqlarda Allahın başmağı belə yox idi.

İstirahətin dadını çıxarmaq lazımdır, dadını. Neyləmək lazımdır? Marketə gedib qəşəngcə pivə almaq, eyvanda oturub mənzərəni seyr edərək keflənmək lazımdır. Bakıda 4 manata içdiyimiz pivəni marketdə 2 manata görüb sevindik.

- Həsən, pivəni götür, getdik e…

Biz pivəmizi içməkdə olaq, zaman keçsin, qəfil yağış kəssin və Gün özünü göstərməyə babaşlasın. Elə bil göylər də bizim otel dilxorluğumu görüb könlümüzü almaq istəyirdi. Xəbər gəldi ki, saat 4-də çıxırıq gəzməyə. İlk səfərimiz Batuminin "Botanika bağı" olacaq.


Düşündük ki, yolda ac qalmayaq deyə nəsə yeyək. Batumi öz xaçapurisi ilə məşhurdur. Acariya xaçapurisini yeyəndən sonra adam 4-5 saat acmır. Təndir çörəyinə bənzəyir. Qayıq formasında hazırlanır. İçində acı pendir, yumurta və yağ olan bu acarurini yemək səbr tələb edir. Bir qırağından qırıb içinə batırıb yavaş-yavaş yeyirsən. Bizim yanımızda sarı bir pişik də uzanıb özü üçün şellənirdi. Dostlaşmışdım. Adını da Acaruri qoymuşdum.

Amma ağız dadıma uyğun olmadı bu Acaruri, elə yoldaşım Həsənin də. Nədənsə kafelərdə, restoranlarda gürcülərin servisi çox zəifdir, ləngdir.

Qara dəniz ayaqlarımızın altında


Biz Botanika bağına çatanda günorta idi. Botanika bağının girişində bazar var. Cürbəcür suvenirlər satırlar. Dondurma, çay, şirə, nə istəsəniz var. Ləzzətli dondurma alıb dəmir yoluna yaxınlaşdıq. Mənzərənin gözəlliyinə valeh oldum. Mütləq burada bir fotom olmalıdır. Yol yoldaşım Həsənə dedim:

- Relslərin üstündə otururam, elə çək ki, qatar gəlib vurmasın.

Gülüşdük...

Sonra bağın girişindəki bazara qayıtdıq. Alış-veriş üçün vaxt veriblər. Müxtəlif suvenirlər, əşyalar satılan yerdi. Həm də kiçik kafelər var. Yaşlı qadın satıcılar üstünlük təşkil edir. Xaç işarəsi olan bir boyunbağını bəyəndim.

- Skolko lari?

- 10.

Danışığından erməniyə bənzətdim. Tez-tez "ara” sözündən istifadə edirdi.

- Kakoy narod? – deyə soruşdum.

"Gürcüyəm” – deyə cavab verdi.

Sonra üstündə Batumi yazılan fincan, külqabı da aldım. Hərəsi 3 lariyə.


Bağa daxil olan kimi ağacların, otların qoxusu ciyərlərinə yağ kimi yayılır. Yollarsa üzü yuxarıdır, dikdir. Gəzdikcə dayanır, bağın qoxusunu ciyərlərimizə doldurub yenidən davam edirik. Müxtəlif ağaclar var, üstlərində adları yazılsa da, geniş məlumat yoxdur. Onsuz da insanlar bu bağa sadəcə gözəllikdən zövq almaq üçün gəlirlər. Adlar önəmli deyil.

Batuminin Botanika bağı – dünyanın ən iri botanika bağlarından biridir. Faunanın ən nadir və gözəl nümayəndələrinin toplandığı bu yer 1880-ci ildə rusiyalı alim Andrey Krasnov tərəfindən salınıb və hamı üçün qapılarını 1912-ci ildə açıb.

Botanika bağı 21 hissəyə bölünür. Sahəsi 110 hektar olan bağda beş mindən çox bitki növü var: yapon sakurası, maqnoliya, ekvalipt, müxtəlif növ kaktuslar, bambuklar, palmalar, kiparislər və sairə. Botanika bağında hətta dünyanın ən yaşlı ağacı belə qorunub saxlanır. Botanika bağı Acarıstanda turistlərin ən çox üstünlük verdiyi yerlərdən biridir. Bağa giriş bileti 15 laridir.

Yolumuz Botanika bağının ən hündür nöqtəsinədir. O qədər böyükdür ki, buranı gəzmək üçün ən azı 7-8 saat lazımdır. Çatmışıq. Eyvana yaxınlaşanda hündürlükdən görünən mənzərəni görən kimi ürəyimin döyüntüsü sürətləndi. İlahi, bura cənnətdirmi? Bəlkə Adəmlə Həvvanı burdan qovmusan? Bəlkə bu gözəlliklər içində yaşadığı üçün Adəmin ömrü o qədər uzun olmuşdu? Yoldaşım Həsən bu məqamda dilləndi:

- Emin, burada adam yaşasa ən azı 120 il yaşayar e.

- Hə, mən də bunu düşünürdüm. Burda siqaret çəkmək də ziyan olmaz. Burdan ciyərini zəhərləyirsən, ordan da təbiət ciyərlərinə dolur, təzələnirsən.

Hamı axışdı eyvana. Şəkil çəkdiririk durmadan. Qara dəniz ayaqlarımızın altındadır. Bizə verilən vaxtın bitməyinə az qalıb. Çıxışa doğru irəliləyirik.

Növbəti dayanacaq Maxunçeti şəlaləsidir.

***


Batumidən 30 kilometr aralıda Tamara körpüsü və Maxunçeti şəlaləsi yerləşir.

Ümumilikdə Acariyada 25 tağlı körpü qalıb, Tamara körpüsü onlardan ən böyüyüdür. Adjariçxali çayının üzərində qaya daşlarından tikilən körpü konstruksiyasının dəqiqliyi və sıxlığı ilə heyran edir. Körpünün təxminən 900 il bundan əvvəl inşa edildiyi ehtimal olunur. Tamara körpüsü Gürcüstan mühəndisliyinin möhtəşəm nümunəsidir.

Körpünün yanlarında heç bir təhlükəsizlik tədbiri görülməyib. Əgər başın fırlansa, ayağın büdrəsə, vəssalam, aşacaqsan çaya.


Dar cığırla gəlib çatırıq şəlaləyə. Oksigen bolluğuna düşmüşük. 7 metrlik şəlaləlidir. Töküldüyü yeri iri daşlarla bağlayıb gölməçə yaradıblar. Qırğıza oxşayan oğlan bumbuz suda çimir. Kimdisə əməllicə hazırlaşıb. Saatı suda da işləyir. Ayaqqabıları rezindi. Bir qız da var, qaraşındı. O da qırğızdan geri qalmır. Onu görürəm, canıma üşütmə düşür. Qız sudan çıxdı, köynəyini yaş-yaş əyninə geyinib getdi. Mən belə etsəm, gərək bir ay xəstə yatam.

Daşa söykənib bir siqaret yandırdım.

Adamlara baxıb düşünürəm. Bizim təbiətə olan sevgimiz, istirahət üçüb dağa, şəlaləyə, çaya qaçışımız min illər əvvəlki yaşayış tərzimizlə bağlıdır. Amma min illər qabaq telefon yox idi. Bura istirahətdən çox şəkil çəkdirməyə gələnlər çoxdur.

Nahar vaxtıdır.

Bizi buranın ən hündür yerində yerləşən restorana gətirdilər. Artıq şəkili Rəhim dayı və doktor Yalçınla tanış olmuşuq. Onlar birnəfəsə lətifələr danışır, gülüşürük. Həsən sanki birinci dəfə idi şəkili görürdü.

- Siz lətifə danışmasaz belə adam gülmək istəyir. Çox şirindi danışığınız.

Menyuya göz gəzdirdikdən sonra qərar veririk ki, Batumidə əsl gürcü xəngəlinin dadına baxmaq olar. Amma sizə deyim ki, buraların ofisiantları kobuddur. Biz gürcü xəngəlini sifariş verənə kimi bir neçə dəfə fikrimizi dəyişdiririk. Oİfisiant qız əsəbləşir:

- Vay meeeee!

(söyüşdür, amma siz elə bilin ki, "vay dədəəə” deyir)

Xəngəl acı olsa da, çox dadlı idi. Həqiqətən də bura gəlib xəngəl yeməmiş getmək günahdır.

Batumidə məni cərimələdilər


Qayıtdıq otelə. Burada keçən günlərdə artıq səhər saat 7-də durmağa vərdiş etmişəm. İnsan vaxtını yuxuya qıymır. Elə istəyirsən ki, oyaq qalasan. Vaxtını ancaq buraları görməyə sərf edəsən.

Gecəni az yatıb səhər oyandım. Acqarına bir siqaret çəkib düşdüm bufetə. Artıq şəkili yoldaşlarla birgə əyləşirik. Söhbətimiz əla tutur. Hamı burdadır. Hərənin əlində bir boşqab yaxınlaşır ümumi masaya. Yeməklərdən, salatlardan seçir, çayını süzür, keçib oturur masa arxasına. Bakıda səhər yeməyimi yağ-pendirlə açan adam idim. Burada adama iştah gəlir. Həm də axı hər şey hazırdır. Kolbasa, sosiska, xiyar-pomidor, pendir, yumurta, qaymaq...

Yeməkdən sonra Namiq yaxınlaşır bizə:

- Orda demək istəmədim ki, camaatın yeməyi zəhərə dönməsin, bufetdə, yeməklərin olduğu yerdə tarakan gördüm.

Hamımızın üzü turşuyur...

Artıq Batuminin bulvarına getmək vaxtıdır. Əvvəlcə "Metro city” adlanan ticarət mərkəzinə getməliyik, axşamüstünə yaxınsa girişi 15 lari olan yaxtada Qara dəniz turu olacaq.


"Metro city”dən bircə bunu deyə bilərəm ki, bahalıq və kasadlıqdır. Yəni ən azı mənim üçün belədir. Qalanlarını bilmirəm. Mən burada vaxtımı itirmək istəmədim. Elə burayla üzbəüz olan bulvara çıxdım. Gördüm ki, ayaqla gəzsəm həm yorulacam, həm də bu uzunluqdan bulvarı gəzib qurtara bilməyəcəm, yaxınlaşdım kirayə velosiped verilən yerə.

- Privet. Velosiped skolko lari? ( rusca bildiklərim elə bu qədərdir)

- Odin ças 15 lari.

15 larimi verdim, şəxsiyyət vəsiqəmi də üstündə, velosipedimi seçdim. Bulvarda qırmızı xətt ayrılıb velosiped sürənlər üçün. Yolda bizimkilərlə rastlaşdım. Onlar elektron, üç nəfərlik velosiped seçmişdilər. Qırmızı xətt boyu onlarla birgə velosiped sürürdüm. Yolun bir tərəfi şəhərin gözəl binaları, kafelər, bir tərəfi isə Qara dəniz. Sağıma, soluma doyunca baxıram. Vaxtımın bitməyinə az qalmış velosipedi kirayəyə götürdüyüm yerə çataçatda velosipeddən səs gəlməyə başladı.

- Xırrrrrrrrt...

Vəssalam, zibilə düşdük.

Dayandım. Velosiped yiyələri məni görən kimi başladılar qıy-qışqırığa.

- Şto eta?

Və başa düşmədiyim başqa sözlər...

Nə dərdimi izah edə bilirəm, nə də başa düşürəm. Solda dayanan kişi türkcə danışmağa başladı. Aha, türkdür deyə sevinməyə başladım. Amma bunun qışqırığı o birilərdən də çox oldu.

- Bunlar seni bırakmazlar. Diyorlar ki, 30 lari vermeli.

- Ne? 30 larimi? Benim o kadar param yok üstümde.

- Bana ne arkadaş? Onlara söyle derdini.

- Ya ben seni türk bildim, ama sen...

Sən demə bu türk deyilmiş, gürcü imiş, velosipedi kirayə verənsə erməni.

- Sen 30 lariyi vermezsen, polisi arayacaklar.

- Ya ben müsafirim? Sizde müsafirə böylemi yapıyorlar?

- Sen şükr et ki, ben sana onların söylediklerini çeviriyorum. Tercümanlığıma göre 400 lari istesem napıcaksın?

Həyəcanım bir az da artdı. Ən azı 10 dəqiqə sakitcə 30 larini verim-verməyim deyə düşündüm. Lap polis gəldi, ona da dərdimi izah edə bilməyəcəm. Həm də vaxtım boşa gedəcək. Cibimdəki son 25 larimi çıxarıb erməniyə uzatdım. İçimdə isə "halal eləmirəm” deyib kor-peşman uzaqlaşdım.

Tur yoldaşlarım yavaş-yavaş görünməyə başlayır. Kimi görürəmsə başıma gələni danışıram. Hamının da reaksiya belədir:

- Bura Gürcüstandı, jurnalist!

Axşamüstüdür...

Sahildə dayandıq. Yaxtaların olduğu yerdə xeyli adam var. Biz də öz dəstəmizlə dayanmışıq. Biletlərimizi isə tur bələdçiləri qabaqcadan alıb hazır qoyublar. Yaxta yaxınlaşdı, düşənlər düşdü. Yaxtaya minməyə başladıq. Qalxdıq ikinci mərtəbəsinə. Möhtəşəm mənzərədir. Günün batışı, dənizin durğunluyu, şəhərin işıqlı binaları və əzəmətli "Şeytan çarxı”.

Hamı yerini tutdu. Yaxta asta-asta tərpənməyə başladı.

Qəfil bir rəqqasə peyda oldu və musiqi başladı. Özümü padşah kimi hiss edirdim. Gah əl çalırdım, gah da sakitcə dayanıb rəqqasəni süzürdüm. Bir-iki rəqsdən sonra bizim bələdçilər meydanı ələ aldılar. Yaxtada Eyyub Yaqubovun "Azəri torpağı” adlı mahnısı eşidilməyə başladı. Sanki Azərbaycandan bir parça Qara dənizi gəzirdi. Amma Qara dəniz çırpınmırdı.

Bir az keçdi.

Bələdçilər bizim passivliyimizi görüb meydanı qızışdırdılar.

Yallını eşidən kimi bir-bir ayağa qalxdıq. Yaxta bizi atıb-tutur, bizsə buna məhəl qoymayıb bir-birimizin əlini buraxmırıq. Bu, bizim tur camaatı ilə ilk birliyimizdir.

Niyə çox çətinliklə birləşə bilirik?!

Yaxta gəzintisi sona çatır. Axşam naharının vaxtıdır. Qərar verilir ki, bulvarın sonunda "Əli və Nino” heykəlini də görək, sonra "Meduza” adlı restoranda axşam naharı edək.

Dənizkənarı bulvarın ən möhtəşəm abidələrindən biri də "Əli və Nino”nun heykəlidir.

Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən "Əli və Nino” romanından ilhamlanaraq yaradılıb. Abidənin müəllifi heykəltəraş Tamar Kvesitadzedir.

Əli və Ninonun sevgi hekayəsini sizə hər bir batumili danışa bilər. Müsəlman Əli və xristian Ninonun metal fiqurları hərəkət edir. Mexanizm elə qurulub ki, heykəllər hər gün səhər saat yeddidə hərəkətə başlayır və on dəqiqədən bir qovuşurlar. Gecələr isə, heykəllər, xüsusi olaraq quraşdırılmış vasitələrlə işıqlandırılır və bütün proses kompüter texnologiyalarının köməyi ilə idarə olunur.

Mən Bakıdakı dostlarıma söz vermişdim ki, məhz burada onların sağlığına çaxır içəcəm. Bir az anamı xatırladı. O burda olduğum ərəfədə mənimlə yazışır, hal-əhvalımı soruşur, çox içmə, özünü soyuğa vermə deyə tənbeh edir, bir sözlə varlığını hiss elətdirir. Bir qurtum da onun sağlığana içirəm.

Sevginin, eşqin sağlığına!


Restoranda yaxtadakı birliyimiz pərən-pərən düşdü. İki-iki, üç-üç əyləşdik. Mən özümə alkoqollu kokteyl sifariş etdim. Balaca səhnədə gürcülər (biz gürcülər bilirdik) mahnı oxuyurlar. Arada gürcü rəqsi də nümayiş olunur. Bələdçilər işarə etdi ki, bizim mahnılar çalınacaq, hamı rəqsə dursun. Sonra dedilər ki, ermənilər bura gəlir. Mütləq hamı oynamalıdır. Mən onsuz da rəqs etməyi sevirəm, eşitdim ki, ermənilər gəlir, daha da coşdum. Özbək yoldaşımız da çiyinlərini oynada-oynada qoşuldu mənə. Çal oynasın, vur çatlasın.

Ermənilərə acıq verdik...

Buranın ofisiantları həm gürcücə bilirdi, həm türkcə, həm də rusca. Kobud deyildilər. Bu mənə nəsə qəribə gəldi. Burda bir iş var.

Hesabımızı ödəyib restorandan çıxanda yağış başlayır. Tam romantik havadır. Amma mənim yanımda bığı burma kişilər gəzir. Bir anlıq tənhalığımın dibinə düşdüm.

Delfinariyaya getməliyik.


Axşam seansı olduğu üçün 20 lari pul vermişik biletə.

Qara dəniz sahilində keçmiş Sovet İttifaqının ilk delfinarisi yerləşir. 1975-ci ildən buraya dünyanın müxtəlif yerlərindən turistlər gəlir. Delfinariyə giriş 15 laridir ( 10 manat). Delfin şousu açıq səma altında keçirilir. Tamaşaçılar zalı amfiteatrı xatırladır. Yay aylarında delfin şousuna maraq çox olduğundan, biletləri əvvəlcədən əldə etmək məsləhət görülür. Şou üç dildə keçirilir: gürcü, rus və ingilis. Delfinlər öz təbəssümü və məharəti ilə bizdə əsl uşaq sevinci və xoşbəxtliyi oyadır. Delfin şousu unudulmaz xatirələr və müsbət əhval-ruhiyyənin zəmanətidir.

Arxamda oturan türklər idi. Onlardan biri tez-tez yerindən qalxır, şəkil çəkdirmək üçün dizləri üstə oturur və tez-tez də arxası mənə dəyər. Az qalır ki, kürəyimdə otura. Bakıda olsaydıq, buna görə indi əlli dəfə üzr istəmişdilər məndən.

Delfinlər dəridən-qabıqdan çıxırlar. Amma onlardan biri deyəsən yenidir. Ya da yaşı azdır. Delfin dostlarından geri qalır. Hovuzdan kənara çıxanda delfin dostları əziyyət çəkməsə də, bu balaca delfin çox əziyyət çəkir. Şou ustaları balaca delfinə bir neçə dəfə yem atsalar da xeyri olmur. Məncə, onların atdıqları yem yox, dopinq idi. Çünki qoz boyda yemlə bu boyda delfinlər doyası deyil ki. Atdıqları dopinq idi ki, delfinləri o dəqiqə cuşa gətirirdi.

Şounun sonuna yaxın şou ustalarının bir işarəsilə delfinlər tamaşaçılar tərəfə yaxınlaşdı. Quyruqları ilə suyu o yan-bu yana dağıtmağa başladılar. Hətta tamaşaçılardan bir neçəsinin üst-başı suya qərq olmuşdu. İslanan adamlar o dəqiqə zalı tərk edirdilər.

Bu tamaşadan ən çox zövq alan isə uşaqlar idi...

Delfinariyadan çıxıb avtobusun dayandığı yerə getdik. Bir az uzaqda idi. Biz avtobusda olanda baxdıq ki, otaq yoldaşım Həsən yoxdur. Sürücümüz Zöhrab dayı Həsənə zəng vurur, ona avtobusun yerini başa salmağa çalışır, amma rominqdə olduğu üçün balansı qurtarır. Bir az gözləyəndən sonra səbrimiz tükənir, hamı Həsəni qınamağa başlayır. Axırda tərpənirik. Zöhrab dayı deyir ki, diribaş uşaqdır, otel də uzaqda deyil, taksiylə gələr.

Biz otelə çatanda artıq Həsən taksiylə bizdən qabaq çatmışdı. Taksi isə hələ də ordaydı. Həsən bizdən bir az incimişdi. Ki, niyə onu gözləmədik?! Həsəndən necə gəldiyini soruşduq.

- Taksi tapdım, erməni idi sürcüsü.

Hamnın diqqəti Həsənə kəsilir.

- Nə, erməni?

- Hə...

- Söhbət elədin?

- Hə...

- Nə deyib-elədi?

- Haralı olduğumu soruşdu, azərbaycanlı olduğumu dedim.

- O nə dedi?

- Dedi, bizim sizinlə problemimiz yoxdu. Problem hakimiyyətlərdədir. Biz burada bir-birimizlə can deyib can eşidirik. Heç Ermənistanda da camaat Qarabağı istəmir, əsgər getmək istəmir. Hə, bir də, mən ona get desəm də, o gözlədi ki, siz gələsiz, sonra getsin.

Hamımız mat-məətəl Həsənə baxa-baxa qaldıq.

Oteldə öyrəndik ki, oturduğumuz "Meduza” restoranı elə ermənilərin imiş...

Qeyd: Gürcüstanı bəyənsəm də, gürcüləri heç sevmədim, heç. Soyuq, quru millətdirlər. Hiss olunur ki, bizdən də zəhlələri gedir. Baxmayaraq ki, bizim neftimizlə dolanırlar.



İmza:Eminquey

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO