ANA SƏHİFƏ / YAZARLAR

KOLANILARIN ƏMİOĞLU DAVASINI MİLLİ DAVA KİMİ TƏQDİM EDİRLƏR

13646    |   2010-07-09 00:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzi qəzetlər sevindiriyə düşüblər sanki. Utancverici hadisədir. Bir qarabağlı kimi mən də utandım ki, camaatımız belə bir utancverici iş tutub. Amma qəzetlər buna o qədər rəng vurub şişirdirlər ki, hətta Qırğızıstanın Oş şəhərində baş verən faciə ilə də eyniləşdirirlər. Ay nə bilim, PKK yandaşları Tərtəri dağıtdı, yandırdı, ay kürd-türk davası düşdü, ay nə bilim Şotlanlı PKK-nın dayaq nöqtəsidi. Yəqin bir az keçəndən sonra Abdulla Öcalanın da nəslinin bu kənddən köçüb getdiyini yazacaqlar və sair və ilaxır. Ekspertlər də müxtəlif cür izahlar verirlər. Özü də bu ekspertlərin çoxu heç nə Ağdamı tanıyır, nə Tərtəri, nə də Şotlanlı camaatını.
   
   Biri deyir Şotlanlı camaatı filan yerdən köçüb, o biri deyir bəhmən yerdən köçüb. Başqa birisi yazır ki, Şotlanlı camaatı 1905-ci ildə köçüb. Qardaşım, Şotlanlı Ağdamın özü qədər qədim bir kənddi. Ocağa su səpib söndürərlər. Ocağın üstünə "A-95" benzini tökməzlər. Çox təəssüf ki, qəzetçi dostlarımız ocağı körükləməyi üstün tutublar.
   
   Hətta bəzi qəzetlər yazır ki, hadisənin kökündə Tərtərin icra başçısı da durur. Hansı icra başçısı rayonundu belə bir hadisənin olmasını istəyər. Hətta iki nəfərin davasına da icra başçıları narahat olurlar. Ondakı bir tayfanı başqa tayfanın üstünə qaldıra. Absurtdu.
   
   Qəzetlərin bəziləri də yazır ki, Şotlanlı camaatı kürddü, sonra türkləşiblər, dillərini unudublar, amma ləhcələri elə kürd ləhcəsidi.
   
   Ən çox deyilən sözlərdən biri. Məsələn, götürək Laçın rayonunu. Bu rayonun dörd və ya beş kəndində kürdlər yaşayır. Öz dillərində danışırlar, adət-ənənələrini də qoruyub saxlayırlar. Amma bizlər Laçının kürd olmayan kəndinin camaatına da kürd deyirik. Deyirlər ay qardaşlar, biz kürd deyilik, deyirik, yox, nə danışırsınız, siz kürdsünüz, sadəcə olaraq türklər sizi assimlyasiya edib. Bu necə ola bilər ki, bir-birindən iki kilometr aralı olan kəndin biri assimlyasiyaya uğradı, digəri yox? O cümlədən Qubadlıda da, Kəlbəcərdə də belə hallara rast gəlirik.
   
   Qarabağın dağlıq zonasında kürdlər yaşayıblar, indi onların da hamısı məcburi köçkün və qaçqındı. Və Qarabağ savaşında da öz qardaşları ilə bərabər erməni işğalçılarına qarşı çiyin-çiyinə vuruşublar, şəhid veriblər, qazi olublar. Hələ işğal altına düşməmişdən öncə də kəndlər arasında örüş yeri üstündə, əkin yeri üstündə, mal-qara üstündə zaman-zaman savaşlar olub, amma bu savaşların heç biri etnik kökə dayanmayıb.
   
   Mən həmin bölgədə böyümüşəm, bilmirəm ömrümün nə qədərini də Laçın və Kəlbəcərdə keçirmişəm. Mənim də qohum-əqrəbalarım baş yarıb, başları yarılıb belə davalarda.
   
   Orta məktəbdə, institutda oxuyanda özüm də belə davalarda iştirak eləmişəm. Kəlbəcərin dağlarında yerli camaatla bizlər (ilin üç ayını yaylağa çıxardıq - İstisuyu, Yüzbulağa, Dəlidağa, Kirsə, Turşsuya və sair və ilaxır) mərcə futbol oynayardıq. Təbii ki, biz şəhər uşaqlarıydıq daha yaxşı futbol oynayırdıq və həmişə də udurduq. Bir də görürdün dava düşdü. 50-60 nəfər biz, 50-60 nəfər də yerli camaat. Başa, topuğa dəyən ağacın biri bir qəpik.
   
   Sovet hökuməti vaxtı belə davalara nə hökumət, nə də hüquq-mühafizə orqanları müdaxilə etmirdi. Adətən belə davaları kəndlərin ağsaqqalları kəsərdilər, vəssalam. Adam tutdurmağı sevməzdilər, adam tutdurana da pis baxardılar. Əmioğlu davalarını əmilər kəsərdi.
   
   Şotlanlını kürd kimi təqdim edənlər, buna başqa rəng verənlər yəqin ki, nə bu kənddən xəbərləri var, nə camaatından, nə də tarixindən. Kənd Ağdamın Nəmirli kəndi ilə Tərtərin arasında yerləşir. 3 min nəfərdən də çox əhalisi olan bir kənddi. Davakar camaatdı, ağzıbir camaatdı. Hələ Sovet hökuməti vaxtı da Sovet hökumətiynən hökumətlik eləməyən bir camaatdı. Hətta mən "Dolu" romanımda da bu camaatın Sovet hökuməti ilə hökumətlik eləməyən qaçaqları və igid oğulları haqqında da müəyyən epizodlar yazmışam. Kənd əsasən xalis Kolanılardan ibarətdi. Kolanılarla kürdlər də bir-birlərinə əmioğlu deyərlər. Zaman-zaman dağdan arana yenən əmioğlular da bu kənddə yaşayıblar. Və bu kənddə bir kimsə PKK-nın nə olduğunu bilə bilməz. Şotlanlı camaatına PKK damğası vurmaq ayıb bir şeydi.
   
   İndi Tərtərdə həqiqətən utancverici bir hadisə olub. İki nəfərin davası kəndlərin davasına çevrilib. Əslində baxsanız, Tərtər camaatının bəlkə də 70 faizi Kolanıdı, Şotlanlıların əmisioğlanlarıdı. Nə kürd, nə PKK, nə türk? Hər kəs də bu davada etdiyi əmələ görə cəzasını alacaqdı. Amma hökumətdən də daha çox hər iki camaatın ağsaqqalları bir süfrədə otursalar, necə biz İstisuda bu gün dalaşıb səhər bir yerdə futbol oynadığımız kimi, səhər də şotlanlılarla tərtərlilər, daha dəqiq desək, dava eləyənlər bir süfrə arxasında oturacaqlar. Burda ağsaqqal sözünə daha böyük ehtiyac var.
   
   Və qəzetdə yazılıb ki, guya bu hadisədən sonra şotlanlılar Tərtərdən köçürülür. Heç kim heç hara köçürülmür. Ağdamın öz ərazisində neçə-neçə qəsəbə salınıb, çadır şəhərində ağdamlılar həmin qəsəbələrə köçürülüb. Bu təxminən 40 minə yaxın əhali deməkdi. İndi Ağdamda daha 3 qəsəbənin salınması planlaşdırılıb, bu qəsəbələrə də Dördyol deyilən ərazidə (bu kəsişmədə bir yol Tərtərə, bir yol Ağdama, bir yol Ağcabədiyə, bir yol da Bərdəyə gedir - ona görə Dördyol deyirlər) vaqonlarda və çiy kərpicdən tikilmiş daxmalarda yaşayan, eləcə də Tərtərin ərazisində çiy kərpicdən tikilmiş evlərdə yaşayan Ağdam camaatı köçürülməlidi, eləcə də Şotlanlılar.
   
   Şotlanlı camaatının əsasən Tərtərin ərazisində yaşamalarının bir səbəbi var. Əvvəla, bu kənd Tərtərə yaxın olduğundan daha çox Tərtər camaatına qaynayıb-qarışıb. Əkin-biçin, örüş yerləri də bir olub, həm də bu camaat indi məskunlaşdıqları ərazidən öz doğma kəndlərini görə bilirlər və bundan da bir təsəlli alırlar.
   
   Və sonda. Əmioğulların davasını Oş faciəsi səviyysinə qaldırmayın. Bu heç kimə siyasi dividend gətirməz, əksinə. Qardaşlar, ətlə dırnağın arasına girməyin də, sonra da iylənib çıxasınız.
   
   


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-24
2018-02-23


VİDEO