hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: KƏLƏ-KÖTÜR BİNALAR... Adalet.az | Faiq QİSMƏTOĞLU: KƏLƏ-KÖTÜR BİNALAR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: KƏLƏ-KÖTÜR BİNALAR...

Son vaxtlar Bakıda tikilmiş bir çox binalar şəhərin memarlıq görünüşünə xələl gətirir

4245    |   2019-09-03 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heç kimə sirr deyil ki, bu gün Bakı şəhərində inşa edilmiş bir çox çoxmərtəbəli binalar memarlıq baxımından lazımi tələblərə cavab vermir. Bunu biz demirik, bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə bildirir. Həqiqətən də Bakı səliqəsiz, səhmansız, necə gəldi inşa edilmiş bir çox binaların görkəmində xələl yaranıb. Yəni layihəsi bəsit, primitiv və bir qədər də sadə dildə demiş olsaq, pinti olan belə işlərin də təbii ki, keyfiyyətsiz binaları olacaq.

Elbəy Qasımzadə bildirib ki, Bakının memarlıq üslubuna xələl gətirən çoxlu sayda binalar inşa edilib. Təbii ki, bu binaların da layihəsini memarlar verib. Heç bir memarın layihəsi olmadan tikinti şirkətləri çoxmərtəbəli binalar inşa edə bilməz. Elbəy Qasımzadə onu da deyib ki, sifarişçilər binaların ucuz tikilməsi üçün icraçılar axtarırlar. Elə bil ki, biri binanı 3 manata tikir, biri də 50 qəpiyə. Həmin sifarişçilər ucuz olsun deyə o 50 qəpiklik iş görən icraçılara şərait yaradırlar. Aydındır ki, belə mənzillər həm görünüşünə, həm də keyfiyyətinə görə, aşağı səviyyədə olacaq. Belə ki, indi tikilmiş bir çox binaların mənzillərinin dəhlizi 30 kv-dır, otaqlar isə 12 kv. Otaq balaca, dəhliz böyük. Bu harda görünüb? Axı mənzil alan adam otağın daha geniş və rahat olmağını düşünür.

Göründüyü kimi, Memarlar İttifaqının sədri, təcrübəli memar Elbəy Qasımzadə çox mühüm, vacib bir məsələyə toxunub. Hamıya gün kimi aydındır ki, bir neçə ilin içərisində xalq dilində demiş olsaq, "basməmmədi” tikilən bu binaların nə estetik görünüşü var, nə də keyfiyyəti. Çox yox, bir-iki ildən sonra həmin binaların üzlüyü sökülür, tökülür, kommunikasiya sistemində problem yaranır. Hələ biz onu demirik ki, illərlə insanların yaşadığı yeni binaların bir çoxuna nə təbii qaz verilir, nə də liftləri normal işləyir.

Ayrı-ayrı şirkətlər müəyyən qurumlarla əlaqəyə girərək bu keyfiyyətsiz və görünüşü bəsit olan binaların istismarına da icazə alırlar. Bayaq dediyimiz kimi, bir müddətdən sonra həmin binalarda bir çox problemlər yaranır. Hələ biz onu demirik ki, keyfiyyətsiz binalar Allah uzaq eləsin, Bakıda 7-8 bal gücündə zəlzələ olsa, o təkana dözəcək, ya yox?! Amma fakt budur ki, 2000-ci ildə Bakıda zəlzələ olanda Sovet dövründə inşa edilmiş əksər binalara heç bir zərər toxunmadı. Bir-iki bina yüngül zədələndi, sonradan bərpa işləri nəticəsində həmin problemlər aradan qaldırıldı. Bax, onda Bakıda bu qədər çoxlu sayda yüksək mərtəbəli binalar inşa edilməmişdi. Əgər inşa edilsəydi, Allah bilir nə qədər keyfiyyətsiz tikilmiş binalar uçmuşdu.

Bir dəfə İstanbulda zəlzələ olanda keyfiyyətsiz tikilmiş binaların çoxu sıradan çıxıb. İstanbulun da hüquq-mühafizə orqanları həmin binaları tikmiş şirkətləri axtarırdılar. Camaatın evi-eşiyi dağılandan və özü öləndən sonra o dağılan binaları tikmiş şirkətlərə hansı cəzanın verilməsindən asılı olmayaraq, heç bir məsələ öz həllini tapmır. Bax, bizdə də Elbəy Qasımzadənin dediyinə görə, kifayət qədər keyfiyyətsiz və şəhərin memarlıq üslubuna xələl gətirən binalar var.

Elbəy müəllim onu da deyib ki, o binalara layihəni verən memarlardı. Memar layihə verməsə, inşaatçılar onu özbaşına heç vaxt tikə bilməz. Verilən layihələr də çox bərbad gündədi. Bizdə əksər memarların lisenziyası belə yoxdur. Biri cızmaqara eləyirsə, bir layihə özündən düzəldirsə, bu o demək deyil ki, həmin layihə peşəkar memarın işidir. Hər hansı bir layihə mütəxəssislər tərəfindən müzakirə olunmalı və bundan sonra təsdiqini tapmalıdır. Hər yerindən duran layihə verə bilməz və memar da deyil. Layihə versə də, bu cür primitiv işdən keyfiyyətsiz, memarlıq baxımından qüsurlu binalar tikilər.

Göründüyü kimi, Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Bakıda son vaxtlar inşa edilmiş bir çox binaların memarlıq layihələrinə öz iradını bildirib. Təbii ki, təcrübəli memar vicdanının səsini eşidib və bu məsələyə laqeyd qala bilmir. Aydındır ki, onun fikriylə digər memarlar da razılaşarlar. Bu gün Bakı şəhərində çox pinti və primitiv üsulla evlər inşa olunur. Bir də görürsən ki, beş mərtəbəli, doqquz mərtəbəli binanın yanında 16-20 mərtəbəli mənzil ucaldıblar. Elə bil ki, balaca bir təpənin yanında dağ görünür.

Aydındır ki, Bakı dünyanın ən gözəl şəhərlərindəndi. Və əcnəbilər də bu şəhərin gözəlliklərinə baxanda onun memarlığına və görünüşünə xələl gətirən bu cür eybəcər binaları görəndə istər-istəməz şəhərimiz haqqında fikirləri dəyişir. Hansı ki, Avropanın və dünyanın gözəl şəhərlərində yeni binalar inşa edilərkən tarixi binalara, şəhərin görkəminə xələl gətirməmək üçün yeni layihələrə xüsusi diqqət yetirilir.

Təəssüf ki, bizdə belə deyil. Kimin bir balaca imkanı varsa, istənilən qurumla əlaqəyə girib çox mərtəbəli bina inşa edə bilir. Yəni "basməmmədi” eləməklə bir neçə ilin içərisində 20 və daha yüksək mərtəbəli bina hazır olur. Hansı ki, elə texnoloji proseslər var ki, yüksək mərtəbəli binalar inşa edilərkən həmin amillər binanın keyfiyyətli olması üçün diqqət mərkəzində olmalıdır. Bizdə isə bu məsələlər yaddan çıxır. Təcrübəli memar Elbəy Qasımzadənin dili ilə demiş olsaq, bu cür binalar nəyə oxşayır, bilinmir.

Hər halda, Bakı qədim və tarixi bir şəhərdi. Yeni tikilmiş və tikiləcək binalar isə onun memarlıq görünüşünə və üslubuna xələl gətirməməlidir. Çünki adiyyəti qurumlar hər hansı yeni bina tikilməmişdən öncə zəhmət çəkib onun layihəsini ətraflı müzakirə etməli, müzakirə zamanı memarın işindəki qüsurlar aşkar olunarsa, aradan qaldırılmalı və bundan sonra o yüksək mərtəbəli binanın tikilməsinə icazə verilməlidir. Əgər bütün layihələr və memarların işi mütəxəssislər və ekspertlər tərəfindən vaxtında saf-çürük edilsə, Bakının memarlıq üslubuna xələl gətirən binalar da inşa edilməz.




İmza:
SON XƏBƏRLƏR
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK