ANA SƏHİFƏ / YAZARLAR

TÜRK SİYASƏTİNİN DEVİ DƏNİZ BAYKALA QURŞAQDAN AŞAĞI ZƏRBƏ

Türkiyə açıla-açıla əldən gedir

17392    |   2010-05-13 01:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türk siyasətinin zaman-zaman böyük devləri olub. Bu devlər Türkiyəni yönləndiriblər, fəlakətlərdən çıxarıblar, inkişaf etdiriblər, dünyada söz sahibi eləyiblər. Amma elə ki, bu devlər arasında şəxsi maraqlar üstündə münaqişələr yaranıb, onda da Türkiyə yenidən fəlakətlərə düçar olub. Vətəndaş müharibələri başlayıb, nəticədə hərbçilər ölkəni ağır fəlakətdən xilas eləmək üçün hakimiyyətə gəlmək məcburiyyətində qalıblar və sair və ilaxır.
   
   Bu gün də türk siyasəti devləri arasında bir qardaş qavğası başlayıb. Əslində türk siyasətində bu gün üç dev qalıb: Ərdoğan, Baykal, Baxçalı. Devlərdən biri Möhsün Yazıçıoğlu idi ki, helikopter qəzasına uğradıb öldürdülər. Biri də Doğu Perincekdir ki, iki ildən çoxdur Ergenekon adı altında sorğusuz-filansız həbsdədi. Əvvəlki devlər ya siyasətdən gediblər, ya da cırtdan onları su dalınca göndərib.
   
   İndi devlərdən birini vurdular, özü də qurşaqdan aşağı. Yəqin ki, söhbətin Dəniz Baykaldan getdiyini bildiniz. Son illər Türkiyə açılımların içində biçarə qalıb: kürd açılımı, erməni açılımı, Kipr açılımı, Ruhban okulu açılımı, Anayasa açılımı, çingənə açılımı, nə bilim ey, qalanları yadımdan çıxıb. Qısası, qardaş Türkiyə açıla-açıla əldən gedir. İndi bu açılıma biri də əlavə olundu - Dəniz Baykal açılımı.
   
   Əslində elə ən böyük açılım da budu. Dəniz Baykal siyasi səhnədən gedərsə, iqtidar bütün istəklərinə çata bilər. Deyəcəksiz, bəs Dövlət Baxçalı? Dövlət Baxçalı hələ ki mısmırığını sallayıb oturub, qazanında nə qaynatdığını özündən başqa kimsə bilmir.
   
   Türkiyənin siyasi səhnəsinin belə qarışıq bir zamanında Dəniz Baykalın vurulması əslində Dəniz Baykalın vurulması deyil, elə Türkiyənin özünün vurulması deməkdi. Baykalın uzun illər bundan əvvələ aid edilən bir qadınla intim ilişkilərinin belə bir zamanda meydana çıxması və internetdə yayımlanması (özü də 62 internet saytında yerləşdirilib) heç də təsadüfi deyil. İqtidarın Anayasa paketinin parlamentə sunduğu və parlamentdən keçirdiyi bir zamanda ona qarşı duran əsas qüvvə Baykal və onun partiyası idi. İndi Dəniz Baykalın və onun partiyasının nüfuzdan düşməsi iqtidarın önünü tam açır. MHP CHP ilə birlikdə güclüdür. Hələ ki təklikdə AKP ilə döşləşə biləcək gücdə deyil. Bundan başqa, Baykalın və CHP-nin ləkələnməsi MHP-nin də meydanda tək qalması deməkdir.
   
   Sayın Ərdoğanın göstəriş verməsinə, savçılığın işə qarışmasına baxmayaraq, hələ ki məlum görüntülər internetdən qaldırılmayıb. Qaldırılsa nə olacaqdı ki? Artıq cin şüşədən çıxıb. Mütəxəssislər bunun montaj olduğunu söyləyirlər. İndiki kompüter əsrində "Avatar" kimi bir filmin ortaya qoyulduğu bir zamanda Dəniz Baykalı nəinki həmin qadınla, hətta Culiya Robertslə də bir yataqda çəkmək iki vur ikidi.
   
   Bu vicdansızcasına, namərdcəsinə bir tələdi.
   
   Dəniz Baykal bu məsələdə iqtidarı suçlasa da bu hələ fərziyyədi. Fətullah Gülən xoca da ABŞ-dan Dəniz Baykala mesaj göndərərək bundan böyük üzüntü duyduğunu söyləyib və bildirib ki, o və onun camaatı qətiyyən belə bir alçaqlığa əl atmaz. Baykal da onun sözlərini səmimi qəbul edib.
   
   Əslində bu, Türkiyəni dağıtmaq, parçalamaq istəyən xarici qüvvələrin işidi. Və məlum oldu ki, bu görüntülər internet saytlarına Kanadanın Toronto şəhərindən yerləşdirilib. Və beləliklə, Türkiyəni çalxalayırlar. Bir həftədir Türkiyənin bütün problemləri, açılımları qalıb bir kənarda, ölkənin bütün televiziya və qəzetləri yalnız və yalnız "Baykal açılımı"nı müzakirə edir.
   
   Baykal istefa verdi və CHP başsız qaldı. Doğrudan başsız qaldı. Çünki CHP-də Baykalı əvəz edə biləcək elə bir ciddi fiqur yoxdur. Bu da bir çox siyasətçilər kimi Baykalın ən böyük səhvlərindən biridir ki, öz yerinə bir kadr hazırlamayıb. Əslində böyük siyasətçilər öz yerlərinə bir yox, bir neçə kadr hazırlamalıdırlar. Məsələn, Turqut Özal, Dəmirəl, Türkeş belə siyasətçilər olub. Amma Bülənt Ecevit də onun partiyasını qoruyub saxlaya biləcək kadr hazırlaya bilmədi. Nəticədə partiyası məhv oldu. MHP-də Dövlət Baxçalını əvəz edə biləcək altı-yeddi şəxsin adını çəkmək olar, AKP-də də bir-ikisinin adını çəkmək olar, CHP-də isə güclü şəxsiyyətlər olsa da (məsələn, Kılıçdaroğlu, Onur Öymən, Livanəli) Baykalı əvəz edəcək ciddi fiqur yoxdur. Yalnız Ömər Zülfü Livanəli Baykalı əvəz edə bilər ki, onun da bu addımı atacağı gözlənilmir.
   
   Çünki CHP-çilər bir şantaja da əl atıblar. Deyiblər ki, kim özünü qurultayda başqanlığa aday versə, deməli, elə bu tələni o qurub. Bundan sonra kim belə bir cəsarətdə bulunar?
   
   CHP-çilər tələb edirlər ki, Baykal ayın 22-də keçiriləcək qurultayda yenidən başqan seçilsin. Bu da mümkündü. Yaxın illərdə Baykal bir dəfə istefa verdi, getdi, amma sonra yenidən qayıtdı. Yəni indi də qayıda bilər. Amma Baykal bu addımı atarsa həm özünü, həm partiyasını zərbə altına qoymuş olar. Seçki də yaxınlaşır.
   
   İndi Baykalın bircə yolu var, o da bunun tələ olduğunu sübut etmək və ona tələ quranları ifşa edib cəzalandırmaq. Əgər Baykalın buna gücü çatsa, CHP ana müxalifətdən çıxıb ata müxalifət olar.
   
   Biz də buna üzülürük və inanmırıq. Sayın Dəniz Baykala keçmiş olsun deyirik.
   
   Və bir də Dəniz bəy, dilxor olmayın, kişinin başına iş gələr də. Özü də belə şeylər bizə dədələrimizdən yadigardı. Sultanların hərəsinin 30-40 arvadı olub. Odur ey, sultan Əbdülhəmidin 230 arvadı var.
   
   Və sonda bir şaka etməsəm olmur. Belə deyirlər ki, türkün 50-yə qədər qurşaqdan aşağısı , 50-dən sonra yuxarısı işləyir. Ona görə də ermənilər deyir ki, türkün sonrakı ağlı məndə olsa, dünyanın sahibi olaram. Bizim də sonrakı ağlımız çox gec gəlir.
   
   "Viaqra" çıxanda yazdım ki, türkün evi yıxıldı. Əvvəllər heç olmasa 50-yəcən qurşaqdan aşağısı işləyirdi, indi ölənəcən belə davam edəcək. Və ən maraqlısı da odur ki, statistikaya görə "Viaqra" ən çox Türkiyədə satılır. Bəlkə elə buna görə Türkiyə bu gündədi?


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK