hacklink Adalet.az | İki milyonluq saat, yoxsa zaman maşını? - Ulucay Akif yazır Adalet.az | İki milyonluq saat, yoxsa zaman maşını? - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İki milyonluq saat, yoxsa zaman maşını? - Ulucay Akif yazır

23693    |   2019-06-27 17:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 22 yaşlı oğlu Sübhan Məmmədlinin İspaniya, İbizada 1.5 milyon avroluq, yəni təxminən 2.2 milyon manatlıq saatı oğurlanıb.

Hal-hazırda ölkədəki bütün məmurlar saatın kimin oğluna məxsus olduğunu müəyyənləşdirməyə çalışır. Adı saatla hallanan bütün məmurlar isə bunu inkar edirlər. Hamı öz boynundan atır ki, o saat mənim oğlumun saatı deyil, filankəsin oğlunun saatıdır.

Ölkədə 2.2 milyonluq saata sahib çıxan bir adam tapılmır. Yaxşı deyiblər: qələbənin "atası” çox olur, məğlubiyyət isə həmişə "yetim” olur. Bu deyim düz yerinə düşür.

Saat oğurlanıb deyə heç kim sahiblənmək istəmir.

Yaxşı! Mən o oğurlanmış saata sahiblənirəm! Etiraf edirəm ki, o saat mənim idi. Kitabımın satışı və yazılarıma görə aldığım qanorar hesabına almışdım.

İndi işdir İspaniya polisi həmin oğurlanan saatı tapsa, xahiş edirəm ki, elə özümə də qaytarsınlar. Ümid edirəm bütün inkar edən məmurlar yenidən o saata sahiblənməyə çalışmayacaq.

Əslində bu xəbəri eşidəndə şok oldum, beynim dondu, gözlərim doldu. Bunu heç cür qəbullana bilmədim. Axı necə? Necə belə şey edə bilirlər?

Kimsə halal zəhmətilə pul qazanıb 1.5 milyon avroya oğluna saat alıb hədiyyə etsin, oğlunu İspaniyanın ən məşhur, ən bahalı otellərindən birinə tətilə göndərsin. Orda da hansısa vicdansızın, şərəfsizin, alçağın biri utanmayıb həmin saatı oğurlasın. Heç mi vicdan yoxdur bu oğrularda?!

İndi o uşaq həmin saatsız nə edəcək? Sizcə başqa saatlar o saatla eyni zamanı göstərə bilər? O saatın göstərdiyi zaman fərqlidir. O saatda problemli, kreditli, ac, yetim, qaçqın saniyələrə yer yoxdur. O saat ancaq qayğısız, borcsuz, kreditsiz saniyələri göstərir.

Sosial şəbəkələrdə həmin saatla bağlı çox fikirlər deyildi. Həmin saatın qiymətinə nələr etmək olduğu müzakirə olundu.

Bir nəfər yazmışdı ki, mən saata o qədər pul versəm, saat yorulmasın deyə onun yerinə "tik-tak-tik-tak” eliyərdim. Kasıb ki kasıb! O boyda pulu olsa da saatın yerinə nəsə etmək istəyir. Yenə qurtula bilmir bu kasıblıq və köləlik sindromundan.

O saatın puluna bu xalq üçün nələr etmək olardı, nələr!

Mən bir saata o qədər pul versəydim, o saatı zaman maşını kimi işlədərdim. Əmr edərdim ki, məni aparsın keçmişə. Aparsın Şuşanın, Kəlbəcərin, Ağdamın, Laçının bizdə olduğu illərə. Əmr edərdim ki, məni Dərbənddən Təbrizə kimi at çapdığımız illərə aparsın.

Aparsın məni o illərə ki, görüm tarix kitabları bizi aldatmırsa, nə oldu ki, biz bu hala düşdük? Bizi necə bu günə qoydular? Harada səhv etdik? Qayıdardım o illərə ki, həmin səhvlərimizi görüm. Nəsə edə bilməsəm də o səhvləri öyrənib gəlib hamıya başa salım, bir də o səhvləri etməyək.

Ya da o saatdan tələb edərdim ki, məni aparsın gələcəyə! Bütün bu olanları unudacaq qədər uzaq gələcəyə!

Yoxsa gələcəyimiz də keçmişimiz qədər qaranlıqdır?

Bilmirəm.

Bəlkə bütün bu sualların cavabını bilmirəm, amma bütün xalqlarda olan bir atalar sözünü yaxşı bilirəm. Elə hadisənin baş verdiyi İspaniyada da olan bir atalar sözünü demək istəyirəm: Ladron que roba a ladron!

Yəni "Oğrudan oğruya halaldır”.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK