ANA SƏHİFƏ / YAZARLAR

TOP-TOP OYNAYANLARIMIZ YENƏ UDUZDU

16027    |   2007-10-19 11:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə öz meydançasında Yunanıstana 0:1 hesabı ilə yenilərək Avropa çempionatında iştirak hüququnu demək olar ki, itirdi.
   
   Bu sensasion hadisə deyil. Alışdığımız, vərdiş etdiyimiz bir şeydi. Və bunu heç böyük bir faciə də saymıram. Mən top-top oynayanlarımız dedim, futbolçularımız demədim, çünki biz hələ futbol oynamırıq. Vaxtilə oynamışıq, sonra tərgitmişik, indi top-top oynayırıq. Futbol ayrı şeydi, top-top ayrı şey. Və belə getsə biz hələ uzun müddət top-top oynayacağıq.
   
   Azərbaycanda idmanın bütün növləri inkişaf etməkdədir. İdmanın demək olar ki, əksər növləri üzrə də dünyanın çox böyük yarışlarında, olimpiya oyunlarında bayrağımız qaldırılıb, himnimiz çalınıb. Bu dövlət idmanın inkişafı üçün çox sərmayə qoyur. Eləcə də futbola. Bəs niyə o biri idman növlərində söz deyə bilirik, futbolda yox? Səbəbi də odur ki, futbola qoyulan sərmayə təyinatı üzrə xərclənmir. Yox, mən demirəm ki, o pullar mənimsənilir və ya nə. Qətiyyən bu fikirdə deyiləm. Sadəcə olaraq həmin pullar futbolun inkişafına deyil, işlənib işdən düşmüş, artıq muzey əşyasına çevrilməkdə olan, başqa ölkələrin klublarında əldə-ayaqda qalan futbolçulara külli miqdarda pul ayırıb Azərbaycana gətirilməsinə sərf olunur.
   
   Futbol mədəniyyətdi. Başqa ölkələrin də futbol mədəniyyətindən bəhrələnmək, başqa ölkələrin futbol mədəniyyətini öyrənmək çox vacibdir. Məsələn, almanlar, ingilislər, fransızlar külli miqdarda pul buraxıb Braziliyadan, Argentinadan, Perudan, Meksikadan futbolçular gətirirlər ki, həmin futbolçular öz ölkələrinin futbol mədəniyyətini Avropaya gətirsinlər. Eləcə də Avropanın daxilində də bu proseslər gedir.Çünki İtaliyanın öz futbol mədəniyyəti var, Fransanın öz futbol mədəniyyəti, İspaniyanın ayrı bir futbol mədəniyyəti, Hollandiyanın da ayrı bir futbol mədəniyyəti. Və bu ölkələr bir-birlərinin bu mədəniyyətini götürürlər, amma sonda ortaya təbii ki, öz futbollarını qoyurlar.
   
   Yəni mən heç də başqa ölkələrdən futbolçuların gətirilməsinin əleyhinə deyiləm. Amma baxır kimi gətirirsən. Bəli, indi klublarımız futbola sərf etdikləri sərmayələri futbolun inkişafına yox, xaricdən hansısa bir Subaşiçi və ya kimsəni gətirməyə xərcləyir. O da bir az top qovalayır, bir-iki dənə də top vurur, pulunu alıb qoyur cibinə, sonra da çıxıb gedir evinə-eşiyinə.
   
   Neçə illər bundan qabağın söhbətidi. FİFA-nın bir kitabında bizim AFFA-nın bir məlumatına rast gəldim ki, guya Azərbaycanda 1 milyon 100 min adam futbolla məşğuldu. Yarım saat güldüm. Bir hektara bilmirəm neçə futbolçu düşürdü. Və həmin məlumatda uşaq futbolu haqda elə şeylər yazmışdılar ki, uşaq futbolu ilə məşğul olan oğlanların sayı bütün orta məktəblərdə oxuyan şagirdlərin sayına bərabər idi. Bu yalan kimə lazımdı axı?
   
   Futbolun inkişafı üçün birinci amil uşaq futbolunun inkişaf etdirilməsidir. Azərbaycanda da uşaq futbolu yox dərəcəsindədir. Yəqin ki, dərhal AFFA bizə bir məlumat göndərəcək ki, nə danışırsınız, Azərbaycan uşaq futboluna görə Braziliya və İtaliyadan sonra ikinci yerdədi, 200-300 min uşaq bütün günü futbol oynayır. Qardaşım, bizə spravka lazım deyil, bizə uşaq futbolunun özü lazımdır. Düzdür, ölkədə azyaşlılardan ibarət komandalar var, amma bu komandalar çox azdır və onlar böyük futbolun inkişafı üçün elə bir əhəmiyyətli rol oynaya bilməzlər və bilmirlər.
   
   Keçmişdə Azərbaycanda iki futbol məktəbi vardı, biri şəhər futbol məktəbi, yəni Bakı, biri də rayon futbol məktəbi. Şəhərdə böyük stadionlar olmadığı üçün məhəllə futboluydu, yəni daha çox texnikaya üstünlük verilirdi, məsələn, deyək ki, Rafiq Əlizadə, İsgəndər Cavadov, Valeri Hacıyev və sair və ilaxır. Rayonlarda isə təbii ki, torpaq bolluğuydu, təkcə Ağdam şəhərində səkkiz futbol stadionu vardı, burda əsas nəfəs idi, güc idi, zarafatla desək, bey-beqi, məsələn, deyək ki, Asim Xudiyev, Asif Əliyev, Elbrus Abbasov və sair və ilaxır. Və son nəticədə bu iki məktəb birləşirdi, nəticədə Azərbaycanın öz futbol məktəbi yaranırdı.
   
   İndi nə o var, nə bu. Şəhərdə heç məhəllə də qalmayıb ki, uşaqlar futbol oynasın. Şəhərdəki stadionların da çoxu məhv olub gedib. Və mən hələ də təəccüblənirəm ki, Yasamal rayonundakı 13 nömrəli məktəb o stadionu necə qoruyub saxlaya bilib. O məktəbin direktorunun adını bilmirəm, ona təşəkkür edirəm ki, hələ də stadionunu qoruyub saxlaya bilib. Şəhərdə var olan iki-üç, sayını bilmirəm olsun dörd stadion isə hansısa təşkilata məxsusdur, orda gedib futbol oynamaq mümkün deyil. Əslində bu stadionların qapısı həmişə uşaqların üzünə açıq olmalıdır.
   
   Yadıma köhnə bir hadisə düşdü. Bir rayonda yeni stadion tikirlər, açılışı olur. Qonşu rayonu da qonaq çağırıblar ki, gəl futbol oynayaq. Birinci hissədən sonra Birinci katib qalxır ayağa, deyir day bəsdi, otu xarab eləməyin.
   
   Həmin stadionların sahibləri də otun xarab olmağından qorxur yəqin.
   
   Rayonlarımızda da, bir neçə rayonu çıxmaq şərtilə, futbol təmiz unudulub. Yəni futbolla maraqlanan yoxdur. Futbola sərmayə qoyan rayonlar isə öz futbolçularını yetişdirmək əvəzinə, yuxarıda dediyim kimi, hardansa futbolçu gətirməklə yarışa giriblər. Bu yarışda uduzan isə Azərbaycan futboludur.
   
   AFFA, İdman Nazirliyi, digər əlaqədar təşkilatlar qolunu çırmayıb uşaq futbolunu inkişaf etdirməlidirlər. Yoxsa Subaşiçə möhtac qalan futbolumuz həmişə bu vəziyyətdə olacaq.
   
   Və çox istərdim ki, möhtərəm prezidentimiz İlham Əliyev Azərbaycan futboluna bir əl bulasın, Azərbaycan futboluna rəhbərlik edənlərdən bir hesab sorsun! İnanıram ki, bu belə də olacaq. Prezident özü bu işə qarışmasa nə uşaq futbolumuz inkişaf eləyəcək, nə də qələbə sevinci yaşayacağıq.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK