ANA SƏHİFƏ / YAZARLAR

QƏDİR RÜSTƏMOV AQİL ABBASIN YANINA NİYƏ GƏLMİŞDİ?

(Öldürmək üçünmü, yaşatmaq üçünmü)

17042    |   2007-02-07 23:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kim istəyir inansın, kim istəyir inanmasın, mən kiminsə inanması və ya inanmaması üçün yazmıram. Eləcə də kiminsə inanması və ya inanmaması üçün yaşamıram. Allahın verdiyi ömürdü yaşayıram və Allahın yazığı gəlib bir az istedad verib, o istedadın hesabına da yazılar yazıram.
   
   Qədir Rüstəmov oxuyanda mən Qədirin səsini eşitmirəm, görürəm. Özü də təkcə Qədirin səsini yox, sevdiyim xanəndələrin (xanəndə ilə müğənni ayrı-ayrı adamlardı, hamı müğənni ola bilər, amma hamı xanəndə ola bilməz)...
   
   ... Sözün birini qoyub o birisinə keçirəm. İlk dəfə Barış Manço ilə tanış olanda dedim ki, siz çox böyük sənətçisiniz. O da mənə belə maraqla baxdı, dedi, mənə şarkıçı yox, sənətçi dediniz. Dedim, Barış bəy, hamı şarkıçı ola bilər, amma hamı sizin kimi sənətçi ola bilməz...
   
   ... yəni mən Bülbülün də səsini görürəm, Rəşid Behbudovun da, Xan əminin də, Akif İslamzadənin də, Arif Babayevin də, Alim Qasımovun da, Mənsumun da... Uşaq vaxtı Demis Russosun da səsini görürdüm, Müslüm Maqomayevin də, amma indi görmürəm...
   
   ... Və özüm də bu gördüyüm səsin içində oluram. Bu səslər əvvəl Səttar Bəhlulzadənin rəsmlərinə oxşayır, sonra qaynayıb-qarışır olur Toğrul Nərimanbəyovun əsəri, sonra bir az da qaynayıb-qarışır olur Salvador Dalinin yaratdıqları, sonra bir az da qaynayıb-qarışır, heç bilmirəm nə olur. Və mən bu rənglərin içində özüm də hansısa bir rəngə çevrilirəm. Qaynayıb-qarışıram bu rənglərə...
   
   ... Ağdamda məşhur olmayan, çox talesiz bir rəssam vardı- Çingiz Abdullayev. Bir az özünün ağlı olsaydı və daha çox bir sahibi çıxsaydı elə Səttar Bəhlulzadə kimi (o Səttardan daha çox Daliyə yaxın idi, onu da bilirəm ki, Çingiz nə Dalini tanıyırdı, nə də əsərlərini görmüşdü, Allahın ona da yazığı gəlmişdi, ona Dali kimi beyin vermişdi, amma Dali kimi bir məmləkət verməmişdi) məşhur olardı. Onun məndə əsəri var, Rəmişə həsr edib. Yorulanda, ağrıyanda dururam o əsərin qabağında, amma artıq o rəngləri görmürəm, bir Rəmişin barmaqlarını görürəm, bir də Rəmişin "Sənsiz"ini eşidirəm...
   
   ... Bəli, qaynayıb-qarışıram bu rənglərə və bu rənglərin içində itirəm. Və bəzən mənə elə gəlir ki, elə bu rənglərin içində qalaram, geri dönə bilmərəm...
   
   ... Qədir Rüstəmov srağagün gəlmişdi. Dedi, elə ürəyimdən səni görmək keçirdi, gəldim, görüm necəsən. Mən də it günündəydim. Bir həftə Bakıda olmamışam, işlər tökülüb qalıb, bir tərəfdən də dəhlizdə dərdi olan adamlar. Mən dəfələrlə yazmışam, yenə yazıram, 17 ildir bu qəzetdə bir otağım var və bu 17 ildə bu otaqda hələ heç kəs mənə sevgi izhar eləməyib, ürəkaçan bir söz deməyib, hamı dərdini deyib. Və bu dərdləri üst-üstə yığsam, Füzuli yazmış və ya "Qur?an" söyləmiş, bir dəvənin belinə yükləsən dəvə iynəlib iynənin ucundan keçər və cəhənnəm əhli əzabdan xilas olar. Və həmişə dərdlərin bu ağır yükü altında yaşamışam və yaşayıram. Əsəbləşirəm, filan, amma sonda görürəm ki, bu da bir yükdü mən çəkməliyəm və günlərin bir günü iynəlib iynənin ucundan keçməliyəm ki, cəhənnəm əhli əzabdan xilas olsun...
   
   ... Qədir Rüstəmov srağagün gəlmişdi yanıma. Bir az Ağdamdan danışdı, bir az dünyasını dəyişmiş dostlardan danışdı, bir az ordan-burdan gileyləndi, sonra da dedi"::
   
   - İstəyirsən sənin üçün bir oxuyum.
   
   Hamı Qədirin xasiyyətinə bələddi. Ürəyi istəməsə başına güllə çaxsan da oxuyan deyil. Dedim ki, Qədir, ürəyin nə təhər istəyir. Mənim otağımın qapısı həmişə açıq olur, qapını örtdü, otaqda qaldı bir mən, bir Qədir Rüstəmov, bir 17 ildi bu otaqda eşitdiyim dərdlər və bir də məni bu dərdlərin altında ölməyə qoymayan Allah.
   
   ... Qədir oxudu...
   
   ... Bulaq var, yerin ən dərin qatından, daşların, torpağın arasından süzülə-süzülə, süzüldükcə saflaşa-saflaşa gəlib çıxır üzə, İsa bulağı kimi. O suyu ovuclayıb içirsən, min illərin suyudu, səni təpədən-dırnağa öz ağuşuna alır, hətta Zəm-zəm suyu da o suyu əvəz edə bilməz. Mənim üçün İsa bulağının suyu Zəm-zəmdən daha müqəddəsdi. Dostlarım Həccə getmişdilər, gələndə də hamısı mənə Zəm-zəm suyu gətirib, hələ bir qurtum içməmişəm. Amma o gün Tofiq adlı bir döyüşçü yanıma gəlmişdi və bir butılka çıxartdı, dedi ki, 92-ci ildə bunu İsa bulağından doldurmuşam. Çox istərdim ki, o suya barmağımı vurum və sonra dodaqlarıma, gözümə sürtüm. Amma qıymadım, çünki özü Qarabağdan olmayan bu döyüşçünü 15 ildir o su yaşadır və inanır ki, günlərin bir günündə həmin suyu Cıdır düzündə tökəcək sifətinə, gözlərinə...
   
   ... Qədir oxudu...
   
   ... Bura Qarağacı qəbiristanlığıdı, əzizlərim yatır. Yanından ötüb keçirik. Əsgəran qalası, "Koroğlu"nu burda çəkiblər. Solda Qar-qar, sağda Əsgəran. Bu qalanı Pənah xan bir gecəyə tikdirib. Dünyanın yeddi möcüzəsinə daxil deyil. Amma dünyanın heç bir yeddi möcüzəsi bir gecədə belə bir qalanın tikildiyinin şahidi olmayıb. Və üzü Şuşaya gedirik. Hətta Qarağacıda əylənib əzizlərimin mənim üçün müqəddəs olan qəbirlərini öpə bilmirəm. Çünki hamı üçün müqəddəs olan bir yerə gedirik. Al yaşıl dünyadı. Mən həmişə yaz gələndə kövrəlirəm, ağaclar ilk yarpaq açanda, ilk çiçək açanda, otlar ilk dəfə yerdən boy verəndə kövrəlirəm. Və həmişə də torpağa uzanıb torpağın qoxusu qarışıq otları qoxlayıram. Cənnət budu ey. Və hər yaz gələndə cənnətə bir ekskursiya edirəm. Bu çəkir təxminən 20-25 saniyə. Bu hisslər də məndə yaranıb 67-ci ildən. 40 ildi. Deməli, üst-üstə 15 dəqiqə cənnəti görmüşəm. Əşi, bu da bəsimdi. Yəqin cəhənnəmdə olanda da bu 15 dəqiqənin havasıyla yaşaya biləcəm...
   
   ... Hələ yaza təxminən ay yarım var. Hələ 41-ci 20-25 saniyəni yaşamağa var. Qədir təxminən bugünki saat hesabıyla 15 dəqiqə oxudu. Amma nisbiliyi nəzərə alsaq, Qədir mənim bir ömrümü oxudu və ya bəlkə də ömrümün bir saniyəsini oxudu. Bu önəmli deyil...
   
   ... Qədir oxudu...
   
   ...Və mən Qədirin səsini bir daha gördüm. O rəngləri gördüm, o rənglərin içindən boy verib görünən Ağdamı gördüm, Qarağacını gördüm, Əsgəranı gördüm, amma Şuşaya çata bilmədim. Namərd Şuşaya çathaçatda səsini kəsdi. Sanki demək istədi ki, buracan səni mən gətirdim, kişiliyin var burdan belə özün get...
   
   ... Qədir oxudu...
   
   ... Gördüyüm rənglər məni Üzeyir bəyin yanına apardı,Bülbülün yanına apardı, Rəşidin yanına apardı, Akif İslamzadənin yanına apardı... Hamısı da o rənglərin içindəydilər, amma Pənah xanın yanına apara bilmədi, İbrahim xanın yanına apara bilmədi, Məmməd bəy Cavanşir Batmanqılıncın yanına apara bilmədi. O qaynayan rənglərin içində onları görə bilmədim . Görünür, küsüblər məndən...
   
   ... Qədir gəlmişdi. İstəyirsiniz inanın, istəyirsiniz dünəndən inanmayın. Mən Qədirin səsini gördüm.
   
   Üç Qədir var. Biri hamının televizyonlarda gördüyü Qədir Rüstəmov, biri hamının həyatda gördüyü Qədir Rüstəmov, biri də mənim tanıdığım, mənim otağımda oxuyan Qədir Rüstəmov. Kaş hamı mənim tanıdığım, mənim otağımda oxuyan Qədir Rüstəmovu görəydi. Bu, heç zaman olmayacaq...
   
   ... Ən azı ona görə ki, iki qəpiklik bir səsi olan müğənniyə yüz min dollarlıq maşın alanlar bu millətin, bu torpağın, bu çayın, bu suyun, bu daşın, bu göy üzünün və əstəğfürullah, Allahın səsi olan Qədir Rüstəmovu, elə Qədir Rüstəmov kimi - yəni mənim tanıdığım, mənim otağımda oxuyan Qədir Rüstəmov kimi - millətə tanıtmaq üçün beş-on manatından keçmək istəmir.
   
   Görən, Akif İslamzadə bu ay işıqpulun verə bildi, yoxsa yox?..


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK