ANA SƏHİFƏ / YAZARLAR

Darıxma, nə mən, nə anam, nə də atamın şəkli unutmarıq səni... - Eminquey yazır

7330    |   2018-09-29 10:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çölə pəncərəsi olmayan evimiz...

Otağım...

Bircə sənin çölə pəncərən var, o da qonşunun pəncərəsinə açılır.

Pəncərəm...

Bir bilsən, necə doğmasan mənə. Qonşunun pəncərəsinə açılmağın da bir ayrı qəribəlikdir. Hər səhər işıqları yanır o pəncərənin. Kimsə Azan səsinə oyanır. Anama deyirdim ki, dünya ədəbiyyatına qonşunun evindən çıxacam. Hər şeir yazandan sonra gəlib bu pəncərənin önündə öz-özümə oxuyaram həmin şeiri. Hərdən öz-özümə deyinərəm. Ki, bir qız ola, qonşunun pəncərəsindən şeirlərimə qulaq asa. Mənsə hər dəfə daha gözəl şeirlər yazam, oxuyam o qız üçün. Səni o qədər sevirəm ki, yazı masamı qarşında qoymuşam.

Yazı masam...

Qarşında bir yol oturub yaza bilmədiyim yazı masam. Oturub yaza bilmirəm, ona görə. Ancaq uzananda yaza bilirəm. Ayaqlarımı üstündə cütləyib az kitab oxumamışam. Orhan Pamukun "Kara kitap”ını, Aziz Nesinin "Ah, biz eşekler”ini. Mənim sayəmdə pintiləşirsən.

Gözəl yazı masam...


Sənə anamın əlləri dəyib. Səni anam səliqəyə salıb. Necə doğma olmaya bilərsən mənə. Atam sağ ikən sənin arxanda oturub işlərini həll eləyib. Səni necə sevməyə bilərəm ki?!

Səni tör-töküntü, pinti bir hala gətirdiyim üçün bağışla. Az olmayıb əsəbiləşib yumruğumu sənə çırpdığım. Az olmayıb üstünə çıxıb o pəncərənin pərdələrini açıb-tutduğum. Səni də, pəncərəni də çox istəyirəm, nə onu səndən artıq, nə də səni ondan artıq.

Otağım...

Divarlarının üzünü rütubət qaraltmış, amma yenə də ayaq üstəsən, yıxılmırsan. Üzünə anamın əlləri dəyib, qarasını hər siləndə. Səni necə yıxacaqlar? Sənin yıxılmağına necə dözəcəm?

Az olmayıb, evimizə qonaqlar gələndə döşəmənin üstündə sıra ilə yer saldığımız. Atam ölən gün səndə gizlənib ağlamamışdımmı? Hər gecə saat 3-də oyanıb boğula-boğula atamdan ötrü hönkürməmişdimmi?

Düzdür, qışda səni unuduruq, unuduram. Çox soyuq olursan. Bütün günü o biri otaqda keçir günümüz. Neyləyək, bizim evimiz belədir. Yayda üç otaqlı olur, qışda bir. Amma yenə də əynimi qalın eləyib yazdığım şeirləri qoynuna girib var-gəl edə-edə oxumurammı?

Bizim otağımız...

Qonaqların otağı...

Hə, divarının başından atamın şəkli asılan otaq. Atam baxmırmı bizə divarından asıla-asıla? Anam mən olmayanda şəklinə baxıb ağlamırmı? Atamdan danışanda o şəkli göstərib kövrəlmirmi? Necə sevməyə bilərəm səni? O divar var deyə, o divardakı atamın şəkli var deyə anam gecələr rahat yatmırmı? Məndən çox, anama doğmasan, divarının başından atamın şəkli asılan otaq. Doğmalarımız bu otaqların başından çıxıb getmirmi ömürlük?

Evimiz...

Qışda küləkdən divarları, damı silkələnən evimiz. Yağış, qar yağanda bizi çətinə salan evimiz. Az olmayıb, leysanlı günlərdə anam həyətində durub yağışın kəsməyini gözləyib. Güdüb ki, birdən sel basar həyətini, sonra səni. Sənin bütün açıq yerlərini atam bağlamışdı sağ ikən. Bir quş da yuva qurmaz evimizin damında. Amma çox etibarlısan, atam səfərə çıxanda da, mən evdə olmayanda da sənə güvənirik. Ki, anam təhlükədən uzaqdı içində.

Sən bizim bu dünyada sığındığımız yeganə yersən, torpaqsan, Vətənsən.

İndi söz-söhbət gəzir ki, səni sökəcəklər. Yerində ya park salacaqlar, ya bina tikəcəklər, ya da yol çəkəcəklər. Hə, içimizdə bir sevinc var ki, əzab-əziyyətdən canımız qurtulur, amma... biz səni 20 ildir tanıyırıq. 20 il tanıdığın doğmandan ayrılmaq asandırmı?

Sən bizim çox adamda olmayan rahatlığımızsan. Hələ nə qədər ki, taleyimizə yazılmısan, dözərik hər əzabına. Darıxma, nə mən, nə anam, nə də atamın şəkli unutmarıq səni...




İmza:Eminquey

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK