ANA SƏHİFƏ / Layihə

GƏRDİŞİ SİTƏMLİ, ƏLİ QƏLƏMLİ ŞAİR

2545    |   2018-08-07 00:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Əli müəllim "Yenilik" rayon qəzetinin redaktoru vəzifəsindən və raykomun büro üzvlüyündən çıxmışdı. Bir axşamüstü biz rəhbər heyət "Qonaq evi"nin həyətində dayanmışdıq. Yanımızda Mərkəzi Komitədən gəlmiş qonaqlar da vardı. Əli müəllim bizi görəndə ayaq saxlamadan salam verib getdi. İnqilab Nadirov dedi ki, yəqin Əli bizdən küsüb, ona görə belə biganə, etinasız yan alıb getdi. Heç olmazsa ayaq saxlayıb qonaqlarla da görüşmədi.
Dedim:
- Yoldaş Nadirov, yox, Əli müəllim elə kobud adam deyil, yəqin fikirlidir. Həm də onun anası bu yaxınlarda rəhmətə gedib, bəlkə ona görədir... Ta heç bu söhbətə bir də qayıtmadıq.
Əli müəllim haqqında bu xatirəmi yazanda ev arxivimdə saxladığım bir məktubu diqqətimi daha çox cəlb elədi və həmin hadisə gəlib düz gözümün qabağında dayandı.
Əli müəllim yazmışdı:
"Əzizim Misiroğlu, salamlar!
Mən minnətdaram ki, o günü məni elə müdafiə eləmisiniz. Demisiniz ki, Qurbanov Əli acıqla, hikkəylə, nəirzalıqla, saymazyana deyil, nəsə özündən ixtiyarsız səbəbdən elə keçib gedirdi. Düz demisiniz, qardaş. Mən büro üzvlüyündən çıxacağımı may ayından bilirdim. Allahın köməyi ilə avqust ayının 27-də Qaqra şəhərində "Məlikməmməd dastanı"nın əlyazmasını tamamlamışam. Xoşuma gəlib, ürəyimcədi. Orda həmin bu vəziyyət, bundan sonrakı hadisələr var. Elə mən necə yazmışamsa elə də olub... Bildiyiniz kimi, mənim huşum elə də cəm deyil. Çox vaxtlar isə çox, lap çox dağınığam. Mən Nadirova da and içib dedim ki, mənim elə keçməyim acıqdan, laqeydlikdən deyildi. Bir balaca yozdurdum ki, (bunda da həqiqət var ha) sir-sifətimə görə (əsəbdən Əli müəllimin üzünü ala basmışdı, bəzi yerləri tam ağappaq olmuşdu), bir də rus dilini bilmədiyim üçün yan keçirdim...
Qeyd. Həqiqətən yadıma düşdü ki, o vaxtlar bizim yanımızda Mərkəzi Komitədən gəlmiş nümayəndələr arasında ruslar da vardı.
Əsl səbəbi isə bilirsiniz...

Donub mənim üçün həyat,
Yetimləşib kainat.
Yer də, göy də narahat,
Ağlar, halıma hər yan,
Anam köçüb dünyadan.
Bəli,
Anam məni yetim qoydu dağlarda,
Anam olmaz dağlar mənim, ay dədə!
Bu dərdimi heç bir qüvvə ovutmaz,
Könlüm qübar bağlar mənim, ay dədə!

Öz bağrımı kabab eylər öz dərdim,
Bənövşə tək boynun bükər sözlərim.
O cahanda nur verdiyi gözlərim
Ana deyib ağlar mənim, ay dədə!

Anam getdi, təndə canı unutdum,
Əliliyi, adı-sanı unutdum.
Dünya məni, mən dünyanı unutdum,
Daha olmaz çağlar mənim, ay dədə!

Ay qağa, bir də onu deyirəm ki,

Misiroğlu, varlığımın, ruhumun
Şirin röyasını itirmişəm mən.
Öyünərdim dostlarımın xasıynan,
O dostlar xasını itirmişəm mən!

Dədəm öldü, yetimliyi bilmədim,
Necə deyim, şad olmadım, gülmədim?
Həyat sürdüm, yaşa doldum,ölmədim,
Ömrün dünyasını itirmişəm mən.

Anasızlar Əli kimi səslənir,
Analılar dövran sürür süslənir.
Nəvələrim anasız da bəslənir,
Anam laylasını itirmişəm mən.
Sağlıq olsun, ay Misiroğlu! Həm də qismət olsun, "Məlikməmməd dastanı" hər şeyin bədini deyəcəkdi...!

Sizin Əli müəllim.
18.11.1985-ci il.

***
Haylı-haraylı Kəlbəcərli günlərimiz arxada qalmışdı. Hamı pərən-pərən düşmüş, perikmiş quş kimi hərə özünə bir yuva axtarışındaydı. Əli müəllim də qədim Gəncədə özünə məskən seçmişdi.
Amma məsafələrin uzaqlığına baxmayaraq insanların bir-birinə mənəvi ehtiyacı, səmimiyyəti, qaynarlığı yenə də hamını bir yerə yığırdı, həyat yenə də öz axarına düşürdü. Amma yaddan çıxmayan bir nisgil, bir dərd varıydı ki, o da yurd göynərtisi, torpaq həsrətiydi. Bu ərəfədə yazıb-yaradanlar hamıya yaddaş simsarı, dərd dağıdan olublar. O qədim məskənlərimizi, doğma ata-baba yurdlarımızı, onun aqil insanlarını, ulu dağlarını gələcək nəsillər tərəfindən unudulmaması üçün xatirələr, şeirlər, əsərlər yazdılar, dastanlar yaratdılar. O adları əbədiləşdirdilər, onların abidələrini öz yazılarıyla ürəklərə köçürtdülər.
Kəlbəcərdən ayrılandan sonra Əli müəllim bütün yaradıcılığını Göyçəsiz, Kəlbəcərsiz, Qarabağsız keçən həsrətli günlərə həsr elədi. O özünün dediyi kimi, təkcə bu illər ərzində 10-dan çox dastan yazıb tamamlamışdı.
...Bir gün Bakı şəhərində "Azərsu"dakı iş otağıma gəldim ki, Əli müəllim stolun üstünə iki kitab qoyub gedib. Kitablara da keçən günləri xatırladan müəllif qeydləri yazıb.
Birinci kitabda yazıb:
"Bəli, Misiroğlu!
Dünən Məşədisənin adını daşıyan xeyirxah nəvəsi çox böyük savaba batıb bizi görüşdürdü. Mən "Çıraqqala dastanı"na qoşmamın haça beytini yazıb sizə hədiyyə elədim.
Əslində mən bu kitabı əvvəldən götürməli, sizə hədiyyə etməli idim. Səhvim bizi təkrar görüşdürdü.
Katibənə müqəddəs "Allahu-Əkbər" kitabını hədiyyə elədim.
Qoşmanı belə tamamlamışdım:

Zamandımı, dövrandımı, vaxtdımı
Bizi görüşdürdü, ay Misiroğlu?!
Taleydimi, qismətdimi, baxtdımı,
Nə qızıl, nə dürdü, ay Misiroğlu!

Yanşaqda bal, Qamışlıda qoz hanı?
Büro hanı, şeir yazhayaz hanı?
Dağlar hanı, Misir hanı, Moz hanı?
Bəxtimizmi kürdü, ay Misiroğlu?

Niyə orda gözəlləri süzmürəm,
Havalanıb sözü-sözə düzmürəm.
Mən Əliyəm, ümidimi üzmürəm,
Dilimdə şükürdü, ay Misiroğlu!

Müəllif...
16.02.2000-ci il.

İkinci kitabda yazıb:
"Bu gün mənim üçün çox fərəhli, sevincli gündür. Məşədisənin nəticəsi- adını daşıyan İsa Əzizoğlu məni Vəliyəddin Misiroğlu ilə görüşdürüb... Yad elədik keçən günləri xeyli...
Bəli, belə yerdə belə məqamda dil ürəyin dediyini izhar eləməkdə aciz olur...

Xoş arzularla: Əli Qurbanov.
17.02.2000-ci il.
Səhəri isə Əli müəllim yenidən iş yerimə gəldi. Həsrətlilər bir-birinə qovuşan kimi çox mehribanlıqla öpüşdük, görüşdük, keçən günləri xatırladıq. İtirdiyimiz çox mehriban dost-tanışları, iş yoldaşlarımızı, doğma-əzizləri yad etdik. Bir-birimizlə şeirləşmələrimizi və yerində olan atmacalarımızı yaddaşımızın aynasına gətirdik, əzbərdən dedik.

***
Son olaraq mən Əli müəllimin yaddaşımda qalan bir baməzə əhvalatı ilə xatirəmi yekunlaşdırmaq istəyirəm.
Rayon Xalq Maarif şöbəsinin müdiri İbrahim Vəliyev təhsil şöbəsinin işçilərini Zar-Zəylik zonasındakı məktəbləri dərsə davamiyyətin və təhsilin səviyyəsini yoxlamaq üçün təhkim edir. İşçilər şərtləşirlər ki, səhər bir yerdə getsinlər. Əli Qurbanov deyir ki, uşaqlar, mənim işim var, işdən tez gedəcəm, səhər görüşərik.
Səhər Əli müəllim işə gəlir ki, paho, lələ köçüb, yurd ağlayır. Bunlar dünəndən çıxıb gediblər. Telefonu götürüb Zəylik kəndinə zəng vurur. İş yoldaşı Nüsrət Tağıyevi tapır və deyir:
- A Nüsrət müəllim, ay dədə, sən niyə onlara qoşulub belə etibarsıqlıq elədin? Mən elə indicə öydə arvada əmr verib gəlmişəm ki, az... sən xəngəlin suyunu as, təpitməni kəs, öyə qonaq gətirəcəm. Səki, deyirdim sənnən bir xəngəl yeyək yola çıxaq. Eləysə qulaq as.
Qeyd. Yaddaşımda bircə bəndi var.

Arvadı döymüşəm, asıb xəngəli,
Özünü tez bizə at, döşə, qardaş!
Geciksən əzilər, çıxar əngəli,
Çalış, vədəsində çat, döşə, qardaş!

Nüsrət müəllim deyir:
- Şair, keçəl suya gedən döyül. Narahat olma bizdən ötrü, xəngəli sifariş veriblər, süzülməyə az qalıb, qurudun da axşamdan əziblər, lap həlimləşib.
Əli müəllim deyir:
- A qıvlasız, lap ağzımızın suyunu axıtdın. Onda qafiyəni dəyişmədən şeirin o biri bəndini Zəyliyə köçürtdüm.

Göyçənin qurudu, Zəyliyin yağı,
Urvası xəlisdi, göndərib Nağı.
"Çolpa qarası"na tünd sarımsağı
Özün öz əlinlə qat, döşə, qardaş!

Heyif ki, o biri bəndlər yaddaşımdan silinib.
Qeyd. Rayonun Zəylik kəndində cins Qaragöz inəklər vardı və onların südü də çox yağlı olurdu. Nağı da çörək sexinin müdiriydi. Şair bunlara işarə edir. Aradan bir müddət keçdikdən sonra təkrarən maarif işçilərini Zəylik orta məktəbinə göndərirlər. Bu səfər Nüsrət müəllimin təcili işi çıxır, Zəyliyə gec gedir. Yoldaşları yoxlamanı qurtarıb yekun aktını yazan vaxt Nüsrət müəllim gəlib çatır. Əli müəllim həmin an bədahətən yazır (onların arasında çox yaxşı zarafatları vardı):

Axı, sən də gələsiydin Zəyliyə,
Niyə qaldın dal, başına dolanım?
Axır gəlib vədəsində çatdırdın,
Yaxşı çəkdin qol, başına dolanım!

Yeri gəlsə, Sədrəddin tək cığalla,
Kazımov tək düzünü de, zoğalla.
Əfqan kimi ütüsün çək, sığalla,
Yelmar kimi yol, başına dolanım!

Qeyd. Adları çəkilənlər təhsil şöbəsinin işçiləriydi.
Başqa bir xatirə. Əli müəllim kasıblıq ucbatından "Qarağız" inəyini Ət Tədarük İdarəsinə satır ki, pulunu alıb institutda oxuyan uşaqlarına göndərsin.
Xeyli müddət keçməsinə baxmayaraq, ha gedib-gəlir, pulu ala bilmir. Bir gün iş yoldaşı Kazımov Əli soruşur ki, ay Əli müəllim, niyə belə kefsizsən, şair əhvalatı danışır.
Kazımov Əli deyir:
- Ə, burda nə var ki, mənim də başıma belə oyun açdılar, mən də onlara bir şeir yazdım, səhərisi gətirib pulumu verdilər.
Bu fikri göydə tutan şair aşağıdakı şeiri yazıb idarənin xəzinədarına göndərir.

Sizin olsun "Qarağız"ın pulu da,
Paylaşdırın yüzlükləri, minnəyin.
Şirələyin küpələrin başını,
Sığallayın, ütüləyin, çinnəyin.

Allah sizi arzunuza yetirsin,
Dəfnəniz üstündə palıd bitirsin!
İmamqulu yığdığını itirsin,
Dalısınca tökülüşün, dənnəyin!

Qeyd. İmamqulu rayonda şikəst nəziryığan bir dilənçi idi, şair buna işarə edir.
Səhərisi gün inəyin pulunu gətirib Əli müəllimə verirlər. Əli müəllim də o dövrün eybəcərliklərini yarızarafat, yarıciddi qamçılaya-qamçılaya aşağıdakı şeirini yazır:

Hərə söküb bir yanını dağıdır,
Mənmi düzəldəcəm kəmini, dünya?!
Ölsəm də çəkmərəm daha qəmini,
Təzəcə tapmışam çəmini, dünya!

Əli müəllim çox mehriban, tez isinişən, şirin kəlmələri ilə səmimiyyət körpüsü salan adam olduğundan onun haqqında mənim və onunla oturub-duran hər bir kəsin ürəyində bəlkə də yüzlərlə xatirələr var. Mən ancaq onun az bir hissəsini sərh elədim. Əli müəllim Kəlbəcər ədəbi mühitinin çox oturmuş, ləngərli yetişdirməsidir.
Şairin iyirmidən çox kitabı çap edilib. Yəqin ki, gələcəkdə onun geniş yaradıcılığının tədqiqatçıları artacaq, bu işlə bizim folklorşünaslarımız, söz-sənət xiridarları və yaradıcı adamlar daha böyük maraqla məşğul olacaq.
Azərbaycan poeziyasının hansı sahəsinə əl atsan, orada Əli müəllimin şeir nümunələrinə rast gəlirsən. Yəqin ki, gələcəkdə bu sahələr daha geniş araşdırılıb oxuculara çatdırılacaqdır. Allah rəhmət eləsin! Ruhu şad olsun!

Vəliyəddin MİSİROĞLU
(İsmayılov),
Yazıçı-publisist, AJB-nin üzvü,
"Qızıl Qələm" mükafatı laureatı



İmza:
SON XƏBƏRLƏR
2018-10-24
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK