ANA SƏHİFƏ / YAZARLAR

100 cavan oğlan

İradə TUNCAY

40293    |   2018-05-27 10:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Respublika gününə həsr olunur)




Hər bir qlobal hadisənin içində kiçik insan taleləri var. İndi bayram etməyə hazırlaşdığımız cümhuriyyətin 90 illiyi ərəfəsində yenidən onları xatırlamaq istədim. Hələ 88-ci ildə jurnalist dostum Çingiz Kərimov danışmışdı mənə bu barədə. O vaxt düşünmüşdük ki, cümhuriyyətin xaricə təhsil almağa göndərdiyi 100 tələbə haqqında bir proqram hazırlayaq. Alınmadı. Sonralar, yəni beş il əvvəl 85 illik ərəfəsində yenidən bu mövzuya qayıtmaq istədim. Qayıtdım və onları da qaytardıqca nə qədər ağır bir yükün altına girdiyimi anladım. Onların taleyini araşdırdıqca, əslində bizim bu böyük dünyada nə qədər gücsüz və köməksiz olduğumuzu bir daha dərk etdim. Həmin vaxt artıq mənim də oğlum xaricdə təhsil alırdı. Və mən bu nakam taleləri səhifə-səhifə öyrəndikcə bu gün Vətəndən kənarda oxumaqda olan gəncləri düşündüm. Onların aqibəti necə olacaq görəsən? Dünya köhnə dünyadı, elə biz də dəyişməmişik. İndi sizə təqdim etdiyim yazı beş il əvvəl çəkilmiş 40 dəqiqəlik filmin ixtisar olmuş mətnidi. Qəzet səhifəsinə nə yerləşə bilərsə onu yerləşdirməyə çalışdım. Və bir də o zaman bu araşdırmalarda mənə böyük yardımı toxunmuş Ramiz Abutalıbovu xoş sözlərlə xatırladım.

***

Xatirələrə ölmüş xatirə demək olarmı? Xatirədirsə, demək xatırlanır. Lap bir nəfər xatırlasa belə. Solmuş, saralmış arxiv materiallarının yaddaşını necə adlandıraq? Yaddaşla xatirə arasındakı səddi necə qıraq, necə dağıdaq? Bu sədd qaldıqca özümüz qırıq-qırıq, parça-parça oluruq. Yaddaşı xatirəyə çevirib onları xatırlayacam. Dediklərimin onların hər birinə aidiyyatı var. Ayrı-ayrılıqda hər birinin adını çəkə bilməsəm də, dediklərim onların hər biri haqqında olacaq. İstəyirsiniz yaddaş deyək, istəyirsiniz xatirə...

Onlar 100 nəfər idi. 100 cavan oğlan.

1919-cu ilin sentyabrında Demokratik Respublikanın parlamentində qərara alınır ki, məmləkətin mütəxəssis ehtiyacını ödəmək üçün xaricə oxumağa tələbə göndərilsin. Bu tələbələrin oxuması üçün 4 milyon qızıl pul ayrılır. Çox arayıb-axtarandan sonra xaricdə oxumaq üçün 100 nəfər gənc tapılır. Hər tələbəyə 36 min manat, yol xərci üçün 5 min manat pul hesablanır.

19-cu əsrin sonlarından Rusiyada, Avropada təhsil alıb məmləkətə qayıtmış ziyalılar yenicə yaranmış müstəqil dövlətin bel sütunu, onurğası idilər. Onlar çox gözəl anlayırdılar ki, Azərbaycanın gələcəyi üçün sənayenin müxtəlif sahələrini idarə etməyə, dövləti idarə etməyə yeni kadrlar lazımdır. Məhz buna görə gənc cümhuriyyətin belə ağır durumunda 4 milyon qızıl pulu tələbələrin xaricdə təhsil alması üçün ayırırlar. Bu gəncləri planlı şəkildə elmin, mədəniyyətin, təsərrüfatın müxtəlif sahələrini öyrənmək üçün Avropanın məşhur universitetlərinə göndərirlər. Dağ-mədən, mexanika, kimya, gəmiqayırma, yol- nəqliyyat, memarlıq, aviasiya, rəssamlıq, toxuculuq və sairə və sairə kimi fakültələrdə təhsil nəzərdə tutulur. Azərbaycanın müxtəlif bölgələrindən Realnı Gimnaziyaları bitirmiş savadlı və həm də boy-buxunlu, yaraşıqlı oğlanlar seçilir. Onlar Avropada vətəni təmsil edəcəkdilər və xarici görünüşləri də millət haqqında təsəvvür oyatmalı idi. Tanrının və bəndələrin seçilmiş oğulları sonralar taleyin qara qələmlə yazılmış yazısının seçilmişləri olacaqlar.

Mənə elə gəlirdi ki, bu yazını çox asanlıqla yazacam. Sanasan arxivdə yatıb qalmış sənədlər, saralıb-solmuş məktub vərəqləri çox mətləblərdən danışır. Ancaq danışdıqları qədər də susurlar. Bu sətirlərin arasından onların lal üsyanını, ağrısını-acısını dinləyib yazıya çevirmək çox ağır idi. Hər birinin taleyini, hisslərini içindən keçirmək çox ağır idi. Onlar 100 nəfər idi. 100 cavan oğlan.

***

1920-ci ilin yanvar ayında onları dəmiryol vağzalından oxuyacaqları ölkəyə yola salılar. Gedənlərlə vidalaşmaq üçün stansiyaya qohum-əqrəba, dost-tanış, dövlət xadimləri, elm və mədəniyyət adamları da gəlmişdilər. Vağzalın böyük salonuna toplaşıb gedənləri böyük təntənə ilə, musiqinin, gözəl, bəlağətli nitqlərin müşayiəti ilə uğurladılar. Bu gözəl, bəlağətli nitq söyləyənlərin arasında hakimiyyətdə olan partiyaların da nümayəndələri vardı, hakimiyyətə gəlməyə hazırlaşan bolşeviklərin də. 1920-ci ilin yanvar ayı idi. Demokratik Cümhuriyyətin süqutuna cəmi bir neçə ay var. Havadan qan iyi gəlir...

Havadan qan iyi gəlir. Böyüklər, əlbəttə ki, vəziyyətin nə qədər ciddi olduğunu anlayırlar. Düşünürlər ki, hakimiyyətdə olsalar da, olmasalar da oxumağa göndərdikləri bu uşaqlar məmləkətə lazımlı, faydalı insan olaraq dönəcəklər, Vətənə xidmət edəcəklər. Gedənlər isə yəqin ki, böyüklərin düşüncələrindən fərqli sevinc və həyəcanla uzaqlara boylanır, gedəcəkləri Avropa şəhərlərinin eşqi ilə qürurlanırlar. 18-20 yaşlı uşaq sabahkı gün haqqında nə fikirləşə bilər? Bəlkə də ürəklərinin dərinliklərində nə isə bir nigaranlıq, narahatlıq var. Qürbətə gedirlər, orda onları nə gözləyir? Getdikləri yol boyu qatarın dayandığı stansiyalarda onlara uğurlu yol arzulamağa çıxan insanların sayı-hesabı yoxdur. Qatar irəliləyir. Avropaya istiqamətlənmiş bu dəmir yolları ilə onların əksəriyyətini sonradan gedər-gəlməzə - Sibirə aparacaqlar. Bu sonralar olacaq. Hələlik isə qatar işıqlı gələcəyə yol gedir. Tiflisə çatanda Batumiyə getmək üçün onlara xüsusi vaqon ayırırlar. Batumidən İstanbula, ordan Romaya gəlirlər və nəhayət, fevralın 11-də Parisin Lion vağzalında Azərbaycan nümayəndə heyətinin üzvləri onları qarşılayıb mehmanxanalarda yerləşdirirlər. Nümayəndə heyəti Parisin "Klariç" otelində fəaliyyət göstərirdi - elə burada Əlimərdan bəy Topçubaşov gənclərin qarşısında çıxış edir və elə buradaca otelin önündə şəkil çəkdirirlər. İlk baxışda adi bir fotodu. Parisin ortasında bir qrup cavan oğlan şəkil çəkdirir. Bəlkə sonra evlərinə göndərdikləri məktubun içinə bu şəkli də qoyacaqlar. Evdə isə ata-ana fərəhlənəcək, qonum-qonşuya göstərəcək - "oğlum bir gün evə dönər, inşallah. Arzu-kama çatarıq"- deyəcəklər. Fələyin saydığından kimin xəbəri olur ki?

Parisdən onları müxtəlif ölkələrə göndərirlər. Almaniya, Belçika, İtaliya, İsveçrə. Tale hərəsini bir tərəfə səpələyir. Daha heç vaxt beləcə bir yerə yığışıb şəkil çəkdirməyəcəklər. Havadan qan iyi gəlir. 1920-ci ilin fevral ayı idi. Demokratik Cümhuriyyətin süqutuna bir neçə ay qalır və bu bir neçə ay onların həyatının ən xoşbəxt vaxtları olacaq. Taleyin seçdiyi Vətən oğulları, tale sizi çox döyəcək!

Bir yaz səhəri xəbər tutdular ki, hər şey dəyişilib. Onları bura oxumağa göndərənlər ya qətlə yetiriliblər, ya da özləri mühacirətə getməyə məcbur olublar. Çaşqınlıq içində qürbətdə pulsuz-parasız qalırlar. Hələ 19-cu ildə xaricdə tələbələrin təhsili ilə məşğul olan doktor Bəhram Axundov İstanbuldan Parisə Ceyhun Hacıbəyliyə təşviş dolu bir məktub göndərir.

"Əziz Ceyhun! Tələbələrdən çox nigaranam. İki aydan da bir az artıq müddətdə Bakıda çox çalışdım. Öz əllərimlə 200 brilyant seçib tələbələrlə yola saldım. Sata bildilər, ya yox, məlumatım yoxdu. Nərimanov bu barədə Berlin nümayəndəliyinə sorğu göndərmişdi. Nərimanın Moskvaya gedişi ilə hər şey alt-üst olub. Sabah nə olacaq deyə bilmərəm. Məchulluqla üz-üzə dayanmışıq. Mən onları unutmuram, unutmayacağam da. Bakıya qayıdan kimi yenə onlara yardım etməyə çalışacam. Təki oxusunlar, bizim bu uşaqlara ehtiyacımız var".

Bizim bu uşaqlara ehtiyacımız var idi. Nə qədər ki, Nərimanov Azərbaycanda idi, bütün varlığı ilə bu tələbələrə yardım edirdi. Kiminsə pulu ilə oxumağın nə demək olduğunu o çox gözəl anlayırdı. Və ömru boyu bunu onun başına qaxınc eləmişdilər. Nərimanın gedişindən sonra tələbələrin ümid yeri Avropadakı mühacirlər, xüsusilə də Ceyhun bəy Hacıbəyli olur. O illərdə cavan yaşına rəğmən bu tələbələrə ağsaqqallıq edir, onlara həm maddi, həm də mənəvi dəstək olur. Və bu tələbələrin ona yazdığı məktubları da ömrünün son günlərinə qədər arxivində xüsusi qayğı ilə qoruyub saxlayır. Sonradan Ceyhun bəyin oğlu bu arxivi Ramiz Abutalıbova verəcək, o da respublikaya gətirəcək.

***

Məktublardan sətirlər:

"Sayğıdəyər Ceyhun bəy! Bu ağır dəqiqələrdə mənə etdiyiniz qardaş köməyinə görə sizə təşəkkür etməyə bilmərəm. Artıq iki aydır ki, sahibkarın yanında işə başlamışam. Əvvəlcə Parisdə işləyirdim. Və orda işin öhdəsindən birtəhər gəlməyə çalışırdım. Amma yayda onlar kənddəki villalarına köçdülər və mənim işim onqat artdı. Səhər 6-da yuxudan durur, iki verst uzaqdan süd alıb gətirirəm. Yorğun-arğın qayıdıb evləri yığışdırıram, ayaqlarım zəiflikdən titrəyə-titrəyə mətbəxdə işləməyə başlayıram. Bu çirkabın içində gecə saat 11-ə qədər dayanmağa məcburam. Bağışlayın, artıq göz yaşlarımı saxlaya bilmirəm. Əllərim titrəyir, sözümə baxmır. Allah xatirinə məni qurtarın. Qorxuram ki, dəli olam. Sizin Əjdər bəy".

Dəli olanlar da oldu, intihar edənlər də, acından ölənlər də, Vətəndən üz döndərənlər də, qayıdanlar da. Onların izlərini aradım. Mətbuatda dərc olunmuş yazılarla, ailə üzvləri ilə tanışlıq bu insanların həyatını film kimi gözlərimin önündən keçirdi. Bu 100 nəfərin taleyi mürəkkəb və təzadlı XX əsrin ağrılı-acılı səhifələridi. Dünyanın sərsəm gedişi onları pərən-pərən saldı. Bəziləri qorxudan Vətənə dönə bilmədi, bəziləri döndü və həyatını həbsxanalarda və sürgündə bitirdi. Bəziləri də gizlənə-gizlənə, istedadını-bacarığını içində boğa-boğa narahat bir ömür yaşadı. Onlar Vətənə oğul oldular, amma Vətən ana ola bilmədi...

İsrarla demək istəyirəm ki, kimlər haqqındasa geniş danışsam da, bu yazı bütövlükdə onların hər birinə həsr olunub. Bəziləri haqqında ailə üzvlərindən öyrəndim, bəzilərinin qohumları ilə söhbət etdim, bəzilərinin məktublarını oxudum. Elə də oldu ki, zəng edib tanış olmaq istədiyim ailələrdən mənə dedilər ki, nə danışmaq istəyirik, nə xatırlamaq. Üstündən bu qədər vaxt keçib, yenidən bunları çözələməyin nə yeri? Onları anlamaq olar, vaxtilə xaricdəki qohumlarına görə başları o qədər ağrıyıb ki, yenidən qan qaraltmaq istəmirlər. Amma mənə elə gəlir ki, xatırlamalıyıq. Uzun illər beynimizə yeridilmiş, içimizdə kök salmış yanlışlıqları söküb atmaq üçün xatırlamalıyıq. Sənayemizin də, elmimizin də, mədəniyyətimizin də əsaslarını özümüz qurmuşuq, başqa millətlər yox. Vaxtilə 100 tələbəni oxumağa göndərənlər haqlı idi. Bu gün hansı tərəfə baxsaq, hara nəzər salsaq onların yaratdıqlarını, qoyub getdiklərini görəcəyik. Məktublardan sətirlər:

"Əziz Ceyhun bəy! Uzun müddət bu məktubu yazmağa tərəddüd edirdim. Ancaq son günlər maddi vəziyyətim elə ağırlaşıb ki, sizə müraciət etməyə məcbur olmuşam. Diplomumu almağa cəmi 7-8 ay qalır. Diplom alandan sonra lap elə İtaliyanın özündə də iş tapmaq olar. Odur ki, sizin köməyinizə ehtiyacım var. Əgər müavinət almaq mümkün deyilsə, öz pulunuzdan borc verin. Söz verirəm ki, gələn ilə qədər qaytararam. Dörd ili iki ilə başa vurmuş tələbə kimi, həm də yeganə heykəltəraş kimi güman edirəm ki, siz mənə dəstək olacaqsınız. "Polifonika" musiqi cəmiyyəti məni öz fəxri üzvü seçib. Onların sifarişi ilə bəzi işlər görmüşəm. Məktubla bərabər əsərlərim haqqında çıxmış rəyləri də jurnallardan kəsib göndərirəm. Yaxın günlərdə iki incəsənət toplusunda mənim işlərim və onlar haqqında resenziya dərc olunacaq. Əgər siz mənə yardım etsəniz, güman edirəm ki, gələn ilin yazında Romada fərdi sərgimi açaram, ya da ümumi sərgidə iştirak edərəm. Səbrsizliklə cavab gözləyirəm.

Zeynal Əliyev".

Təsəvvürünüzə gətirin, uzaq İtaliyada incəsənət toplularında gənc bir azərbaycanlının adı keçir. Həmin bu gənc çırpına-çırpına yaşam savaşı verir. Zeynal Əliyev Azərbaycanın ilk professional heykəltəraşı idi. İtaliyanın Peruca şəhərində təhsil almışdı. Onun haqqında geniş məlumatımız yoxdur. Ceyhun bəyin arxivindəki iki-üç məktub Zeynal Əliyev haqqında kiçicik təsəvvür yarada bilər.

***

Qəzetlərdə çap olunan nekroloqlar həmişə standart sonluqla bitir. Filan şəxsin işıqlı xatirəsi daim qəlblərimizdə yaşayacaq. Həmin şəxsin xatirəsi sönükdü, ya parlaq - kimsə fərqinə varmaz. Və işıqlı xatirəni qəlblərdə yaşatmaq üçün də kimsə bir iş görməz. Nekroloqlarda kimin harda, neçənci ildə doğulduğu, nə iş gördüyü yazılar. Nə iş görmədiyi, daha doğrusu, görə bilmədiyi yazılmaz. Nə nekroloqunda, nə də bioqrafiyasında. Cəmil Musai Berlin universitetinin memarlıq fakültəsini bitirib vətənə dönəndə yəqin ki, ürəyində böyük arzular vardı. Qəlbində ucaltdığı sarayları Vətənində də ucaltmaq istəyəcəkdi. Bunun əvəzində isə rayon mərkəzlərində klub binaları tikməli oldu. Qabiliyyətinin, bacarığının yüzdə birini də göstərə bilmədi. Əksinə, mümkün qədər gizlətməli idi, çünki dövr, zaman bunu tələb edirdi. Matrosların, maşinistlərin, muzdurların meydan suladığı bir vaxtda ağıllı, təhsilli, istedadlı bir adama nə ehtiyac? Özü də bu ənənələri biz günümüzdə də yaşadırıq. Ağıllı adamlar çox vaxt öz ağlını gizlətmək məcburiyyətindədirlər.

Hələ bunlar azmış kimi 33-cü ildə Hitlerin hakimiyyətə gəlişi ilə Almaniyadakı hadisələrin başlanması onsuz da əskisi tüstülü olan keçmiş tələbələrin - xaricdə oxuyub gəlmiş tələbələrin - gününü lap qara eləyir. Bu çox təbii bir haldır. Gənclik illərin harda keçirsə, təhsili harda alırsansa, həmin xalqın düşüncəsi də, həyat tərzi də şüuruna birbaşa təsir edir. O ki ola Almaniya kimi bir ölkə. Nə qədər and-aman eləsən də ki, biz Stalinin sadiq təbəələriyik, içinin gizlin guşələrində Almaniyaya dərin bir rəğbət də var. Və gecələr evinin qabağında dayanan qara maşınlar da, qara gödəkçəli adamlar da elə-belə yerə gəlmirdəlir. Səhərə qədər başına dirənmiş tapançanın qorxusu ilə hər axtarış zamanı ələk-vələk olunmuş evin "ürəkaçan" mənzərəsinə baxa-baxa, yandırdığın şəkillərin, kitabların külü ilə oynaya-oynaya anlayırsan ki, sənin də bu küldən heç bir fərqin yoxdur. Əzilmisən, sınmısan, zərrələrə bölünmüsən və dünyanın heç bir möcüzəsi səni birləşdirə bilməz. Hələ Sovetin qorxulu dönəmlərində Cəmil Musai öz əli ilə yazdığı tərcümeyi-halında qeyd edir ki, 1897-ci ildə Şuşa şəhərində doğulub. Atası İbrahim Tahir ədəbiyyatla məşğul olub, şairiymiş. Şuşada Realnı məktəbi bitirib, 19-cu ildə Bakıya gəlib, Bakıdan isə Müsavat onu Berlinə oxumağa göndərib. Məni təəccübləndirən nədir? O dövrə aid sənədləri araşdırdıqca Sovet hökumətinin şəninə yazılmış tərifnamələri çox oxumuşam. Amma burda, öz tərcümeyi-halında Cəmil Musai bütöv bir səhifəni öz təhsil dövrünə ayırır və xüsusi qeyd edir ki, "19-cu ilin sonlarında mən öz xahişimlə Müsavat hökumətinin xaricdə oxumağa ezam etdiyi tələbələrin tərkibinə daxil edilmişəm, Berlində oxumuşam. 1925-ci ildən bu günə qədər öz ixtisasım üzrə işləməkdəyəm". Vəssalam. 50-ci ildə bioqrafiyanda yazasan ki, öz istəyimlə xaricə getmişəm. Bunu da yəqin alman tərbiyəsi görmüş dürüst adam söyləyə bilərdi. Alman tərbiyəsi bu adamların həyat tərzinə elə sirayət eləmişdi ki, hətta yaxın qohumları da bunu birmənalı qəbul etmirdilər. Cəmil Musai 1970-ci ildə Bakıda vəfat etmişdi. Respublikanın əməkdar inşaatçısı Cəmil Musaiyə Mərkəzi Komitənin orqanları olan qəzetlərdə başsağlığı, nekroloq yazmışdılar. Bir balaca sütunda nə etdiklərindən yazmışdılarg Edə bilmədikləri çox yer tuta bilərdi.

***

Sənədləri araşdırdıqca XX əsr mərhələ-mərhələ gözümün qabağından keçir. Dəyişən rejimlər, dəyişən əlifbalar, dəyişən sifətlər. Dövrün-zamanın günahı var idi, ya yox, tarixi yaradan bizlərik. Amma bu günün prizmasından baxıb o dövrə qiymət vermək də çox çətindir. Milli Təhlükəsizlik Nazirliyinin arxivində xaricdə oxumuş tələbələrin cinayət işləri ilə tanış oldum. Ayrı bir qovluqda dövrün məşhur hüquqşünası Mustafa Vəkilovun diplomunu, hərbi biletini, attestatını da gətirdilər. Diplomu diqqətlə nəzərdən keçirdim - Sarbonna universitetinin diplomu. Bu diplom sonra Sibirə birbaşa təyinat vərəqəsi olmuşdu. Amma biz günahdan qaça bilmərik. Arasında addımladığımız axının içində simalar yox, sifətlər görürüksə, özümüz günahkarıq. Kütlənin içində fərd görə bilmiriksə, özümüz günahkarıq. Vaxtilə bizləri insan edə biləcək şəxslərə bəlkə elə bu gün də sahib çıxa bilmədiyimiz üçün günahkarıq. Onlar 100 nəfər idi, 100 cavan oğlan. Ayrı-ayrılıqda hamısının adını çəkə bilməsəm də, dediklərimin onların hər birinə aidiyyatı var. Onların xatirəsinə baş əyib həzin-həzin pıçıldamaq istəyirəm - TARİX UTANSIN!

P.S. Bu gün də Vətəndən kənarda nə qədər gənc təhsil alır. Min bir müsibətlə oxuyub-öyrənirlər, qayıdanda bir nadanın, bir ağlıçaşın buz baxışlarına tuş gəlirlər. Bizim bu uşaqlara ehtiyacımız var. Bunu anlamaq üçün 90 il vaxt lazım deyil.

(Yazarın arxivindən)



İmza:

YAZARIN ARXİVİ

2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2018-10-19
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK