Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | AQİL ABBAS: QİYAMƏT GECƏSİ - IV (DAVAMI) Adalet.az | AQİL ABBAS: QİYAMƏT GECƏSİ - IV (DAVAMI) Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: QİYAMƏT GECƏSİ - IV (DAVAMI)

16692    |   2018-02-16 17:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Povest)


Anasının səsi gəldi:
- Ə, Könül, gəlmisən?
Amma O, Könül deyildi, Könül Onun özündən balaca qardaşıydı.
- Mənəm ana! - dedi, əlindəki stəkanı qoydu stolun üstünə və keçdi kitabxanaya anasının yanına. Anası qalxıb çarpayıda oturmuşdu, əlləri ilə dağılmış saçlarını topalayırdı, onu görcək:
- Buy! Sən nə vaxt gəldin, oğul? - dedi və istədi qalxsın ayağa.
Anasını ayağa qalxmağa qoymadı, qucaqlayıb öpdü:
- Bir az olar.
- Bəs məni niyə oyatmamısan?
- Elə qəşəng yatmışdın ki, ürəyim gəlmədi.
- Gör ey, səki dedim bir az dincimi alım, yuxu tutub. Kömək elə qalxım.
- Yox, nəyə qalxırsan ki, uzan.
Anası:
- Qorxma, əlini ver görüm, day ağrıyıb eləmirəm ha, sağalmışam. O gün Rauf həkim də dedi ki, day ürəyində heç nə yoxdu, durub gəzə bilərsən, - dedi və heç Onun köməyini gözləmədən ağır-ağır çarpayıdan yendi, şəpitlərini geydi ayaqlarına və ağır addımlarla da keçib oturdu kresloda.
- Həmişə deyirəm, Allahın Aqilə yazığı gəldi məni sağaltdı. Yoxsa xəstəxanaların qabağında dayanmaqdan, dərman axtarmaqdan, həkimlərin quşunu götürməkdən lap əldən düşmüşdü. Oğul, sənə o qədər əziyyət verirdim ki, öz-özümə utanırdım, deyirdim bir tikə süd vermişdim, onu da yazığın burnundan gətirdim.
- Nə danışırsan, ay ana? Bəs məni nədən ötrü doğmusan?
- Səni ondan ötrü doğmamışam ha əziyyət verim, səni doğmuşam ki, əziyyətini çəkim.
- İndi yaxşısan?
- Allaha min şükür. Elə bil təzədən doğulmuşam. Demirəm ki, Rauf həkim deyir heç nəyin yoxdu. Oğul, mən də səndən icazəsiz burda nə qədər tibbi kitablar vardı hamısını yığıb bağışladım ona. Sənin nəyinə lazımdı. Tibb kitabları ona lazımdı, həkim adamdı. Bir az da atan İsrail həkimə bağışladı. İndi Ağdamda cəmi üç-dörd həkim qalıb, - dedi, sonra kitabları göstərib: - Pal-palçığın içindəydilər. İt uşağı çoxun yandırıblar. Bir-bir yığmışam, elələri vardı lap cırıq-cırıq olmuşdu, onları da yığıb saxlayıram. Salamatlarını təmizləyib daşıyırdıq içəri, ələ gəlməyənləri Kişi istəyirdi ata, qoymadım. Dedim qoy qalsın, yerimizi dar eləmir ha, durub də. Apardı yığdı qaraja. Bu taxçaları da Kişi özü düzəldib. O qədər gülmüşəm, deyirəm ay Kişi, sənin heç əl qabiliyyətin yoxuymuşku!
- Könül nə təhərdi?
- Könüldü də. Heç üzünü görürük ki, tezdən gedir, gecə saat ikidə-üçdə gəlir. Yığışırlar o dostu Famil var ey, onun pavilyonuna, domino oynayırlar. Deyirəm ay bala, bütün günü o pavilyonda nə var axı? Deyir Famil xəbər göndərib ki, Könül mən gələnəcən pavilyonu yiyəsiz qoymasın. Kişi danlayır, amma nə xeyri, bilmirsən, söz eşidən deyil. Nə qədər ki, Kişi Bakıdaydı, yenə bir az babatıydı. Kişi gələndən heç sifəti açılmır. Hətta Kişi gələndə təzə vaxtlar görürdüm evin dalına çəkilib ağlayır. Soruşurdum, ay bala, sənə nə olub. Deyirdi, ay ana, sən bilməsən yaxşıdı. Bir dəfə beş-altı gün itdi. Qayıdanda soruşduq ki, ay bala, hardaydın? Dedi getmişdim Bakıya. Sənin də ad gününüymüş. Hamı da sizdəymiş.
- Gəlməmişdi axı.
- Axmaqdı də, burdan durub gedir Bakıya, sənin ad gününə, amma başıxarab oğlu başıxarab heç kimlə görüşməyib qayıdır. Deyirəm, ay bala, bəs onda niyə getmişdin? Guya sənin ad günündə zəhləsi gedən adamlar varmış, ona görə də görüşməyib qayıdıb gəlib.
- Boş sözdü. Görünür yenə Stepanakertdə kimə ilişib qalıbmış, yalandan deyib ki, guya Bakıya gedib.
- Nə bilim, vallah.
- Kişi hanı?
- Gedib kəndə. Deyir sovxozu da yaman günə qoyublar. İndilərdə gələr. Nə yaxşı gəlib çıxdın, ürəyi qalmışdı elə sənin yanında, deyirdi içir. İçirsən?
- Yox.
- Düzünü de.
- Arada olur.
- İçmə, ay bala. Kərbəla nəvəsisən, Allaha ağır gedər. Heç sənin atan evinə içki buraxmırdı.
Atası içən deyildi, içən adamlardan da zəhləsi gedirdi, nəinki evinə, heç həyətinə də içki buraxmazdı, Onun toy mağarını da küçədə qurdurdu ki, kim nə qədər istəyir bayırda içsin, amma siqaret çəkirdi.
- Ata, həkimlər deyir ki, siqaret içkidən pisdi.
- Həkim elə söz deməz. Onu hansı həkim deyirsə qələt eləyir, o həkim deyil, mal otarandı. Mən hələ kiminsə siqaret çəkib kimisə bıçaqladığını, ya küçədə yıxılıb yatdığını, ya qusub özünü batırdığını görməmişəm. Amma o nədirsə, onu içən adam sifətindən çıxır, itdən düşmüş olur. Əgər o yaxşı şey olsaydı Allah onu qadağan eləməzdi.
Və çox qəribə idi ki, içkidən və içənlərdən zəhləsi gedən atası şərabçılıq sovxozunun direktoru idi.
- Özün içəni söyürsən, bəs niyə sovxozun çaxır düzəldir?
- Mənim sovxozumun düzəltdiyi çaxırı göndərirəm gedir Ursetə, qoy uruslar nə qədər istəyirlər içsinlər. Allahın bizlərə yazığı gəlib ki, onları piyanıska yaradıb, yoxsa bütün dünyaya qan uddurarlar.
Qorbaçov şərabçılığı qadağan eləyəndə atası uzun müddət əsəblərini cilovlaya bilmirdi:
- Köpəyoğlu, bu xalqın düşməniymiş! Gəlib Azərbaycanı məhv eləsin!
- Niyə ata, sənin ki dostundur, içkini qadağan eləyib.
- İçkini qadağan eləməyib, bala, siz hələ bunu başa düşmürsünüz. Xalq milyardlarla pul töküb üzüm bağları salmışdı, zavodlar tikmişdi, hamısını məhv elədi. Dağıtdı bu respublikanın iqtisadiyyatını. Azərbaycana elə bir zərbə vurdu ki, düz iyirmi il bunun altından çıxa bilməyəcəyik. Allah hələ sonrasını saxlasın.
Amma Allah sonrasını da saxlamadı.
- Gördün, ay oğul, deyirdim sənə. Köpəyoğlu bu xalqın düşmənidi. İndi də erməniləri qızışdırıb, əllərinə də silah verib salıb bu millətin üstünə.
Qışda rayona gələndə dostları hələ xoruzlar banlamamışdan, çünki xoruz banından sonra Ağdamın yaxşı xaşxanalarında çətin ki xaş tapaydın, Onu götürüb aparırdılar xaş qonaqlığına. Atasının qorxusundan heç vaxt rayonda içməzdi, atası bunu yaxşı bilsə də dostlarının səhər-səhər onu xaşa aparmasından həmişə dilxor olurdu:
- Qoyma, çox içsinlər.
- Əşi, mən neyləyim? Araqsız xaş olar?
- Ay oğul, bax bu kitabxanadan bir kitab tap mənə göstər ki, orda yazıblar xaş yeyəndə mütləq araq içmək lazımdı.
Təbii ki, nə onun kitabxanasında, nə də hansısa bir kitabxanada belə bir kitab yox idi.
Zarafatla deyirdi:
- Ata, bu şifahi xalq ədəbiyyatıdı...
- Oğul, Bakıda işıq var?
- Var.
- Qaz da var?
- Qaz da var.
- Burda yoxdu. Kişi deyir şəhərdə nə qədər məftil var hamısını söküb aparıblar. Məktəbinizi də yandırıblar. Bəs indi uşaqlar harda oxuyacaqlar?
- Hamısını təzədən tikəcəyik. Camaata da söz vermişəm ki, məktəbi özüm tikəcəyəm.
- Dünən dayın gəlmişdi, onların da evini yandırıblar. Deyirəm gəlin bizdə qalın, gəlmirlər. Zirzəmidə köhnə bir çadır qalmışdı, onu aparıb həyətdə bir alaçıq qurublar. Səhər bir dayıngilə dəy. Hər dəfə danışığından hiss edirəm ki, səndən yaman inciyib. Soruşuram, demir. Get könlünü al, həm də gör birtəhər dilə tutub gətirə bilərsənmi? Yoxsa bu soyuqda qırılacaqlar, xəstə də adamdı.
- Gedib gətirərəm.
- Bir Raufgilə də dəy. Sağ olsun, iki gündən bir gəlir, dava-dərman da tapıb gətirir. O olmasaydı bəlkə də ölmüşdüm. O Raç Kapura oxşayan dostun var ey, onunla gəlir. Nədi onun adı?
- Eynur?
- Hə, hə, Eynur. Maşallah, qocalıb eləməyiblər. Bir yerdə şəkliniz var ey, bax elə o şəkildəki kimidilər. Vallah, elə bil sən onların ataları yaşdasan. Bilmirəm niyə hamı cavan qalıb, sən belə qocalmısan? Başında bircə dənə də qara tük yoxdu. Heç Kişinin də saçı belə ağarmayıb. Amma sənə yaraşır, bığın da olsa lap Süleyman Rəhimova oxşayarsan. Süleyman Rəhimov durur?
- Yox, ölüb, çoxdan ölüb.
- Hayıf, Sabir dayın kimi nurlu kişiydi.
Qapı açıldı. Atası ağappaq qarın içində girdi içəri, Onun otaqda olduğunu hiss eləmədi, üst-başının qarını çırpa-çırpa dedi:
- Gülçöhrə, nətərsən?
Anasının adı Gülçöhrə deyildi, amma atasının bu addan xoşu gəlirdi və xanımını bu adla çağırırdı. Elə qohum-əqrəba da bu ada öyrəşmişdi, hamı Gülçöhrə deyirdi.
- A kişi, sənə yüz dəfə demişəm üstüyün qarın evin içində çırpma. Özü də bu boyda uşağı görmürsən?
Və atası onu indi görürdü.
- Buy! Buy! Sən nə vaxt gəldin ə?
Paltosunu divardakı mismardan asmaq istədi, palto düşdü yerə, amma buna fikir vermədi. Yüyürdü Onun üstünə və elə qucaqladı ki, qabırğaları şaqqıldadı.
- Nə yaxşı gəldin. Ürəyim qalmışdı yanında. Gələn günü gedib hamıyla bir-bir görüşdüm. Sizə də getdim, dedilər, yoldasan, rayondan gəlirsən. Xeyli gözlədim ki, gələsən, gəlib çıxmadın. Tapşırdım ki, gələndə heç olmasa mənə bir zəng eləsin, zəng də vurmadın.
- Yolda dostlarıma ilişib bir az ləngimişdim. Şəhərə çatanda da heç evə dönməmiş birbaşa sənin yanına gəldim, çata bilmədim, dedilər bir yarım saat olar getmisən.
- Gülçöhrə, nə bişirmisən?
- Çığırtma. Elə bil ürəyimə dammışdıkı gələcək.
Çığırtma Onun ən çox sevdiyi xörək idi, özü də hər adamın bişirdiyi yox, anasının bişirdiyi.
Anası manqalın böyründəki mis qazanı qoydu sobanın üstünə, kişinin də yerə düşmüş paltosunu götürüb asdı.
- Gülçöhrə, yemək qızanacan bir çay ver, şaxta əhədimi kəsib. Bəlkə otuz ildi belə şaxta görməmişəm. Otur görüm nə var, nə yox.
Oturdu atası ilə üzbəüz.
- Kişi kimi düzünü de, de görüm içib eləmirsən?
- Əşi, rəhmətliyin oğlu, sən də məni lap alkoqolik eləmisən ey, içmək nədi...
- Ağzından içki iyi gəlir.
Yadına düşdü ki, bayaq yolda qalanda maşında beş-on qurtum viski içib, qızardı. Onun qızardığını görən Kişi də day içki söhbətinin üstünə gəlmədi.
- Qəzetin çıxır?
- Çıxır.
- Rəşadın qəzeti də çıxır?
- O da çıxır.
- Bir-birinizdən muğayat olun, axmaq zamanadı. Bu tərəflərə qəzet-zad gəlib çıxmır ha, dünyadan xəbərimiz yoxdu. Poçtu nə təhər söküblərsə yerində qamış bitib. İşıq da yoxdu barı televizora baxaq. Özünlə qəzet gətirməmisən?
- Maşında var, amma...
- Maşınla gəlmisən?
- Hə. Amma batıb qaldı şəhərin ayağında.
- Bu gün-sabah əlli yaşın olacaq, hələ ağıllanmamısan. Yüz dəfə demişəm ki, belə havada maşın sürmə. Özün də hamıya ağıl öyrədirsən.
Götür, götür çayını iç, soyutma. Bu da mənim ağıllım. Uşaqlar nə təhərdi?
- Böyüyürlər.
- Uşaqlarını qoru, şəhər yeridi, ona-buna qoşularlar. Çox ərköyün eləmisən.
(ardı gələn sayımızda)



YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK