Elə bilirdim ki, dünya əbədiyyən onundur- Əntiqə Kərimzadə yazır
Həmişə bu haqda düşünmüşəm: insanın düşüncələri ona yük olmamalıdır. Bəlkə də çoxları üçün bu belə deyil. Normaldır, hər kəs fərqli düşünə bilər. İnsanlar kimi fikirlər də müxtəlifdir axı. Yəni mənə xoş gələn hadisə kimdəsə qıcıq yarada bilər.
Düşünürəm ki, dünyada hər şeyin müxtəlifliyi var. Hətta ölümün də. Axı insanlar həyatlarını fərqli məkanda, fərqli formada itirə bilirlər. Kimisi sulara qərq olur, kimisi yanğında həlak olur, kimisi qəzaya uğrayır, kimisi şəhid olur, kimisi də qəfil əcələ tuş gəlir... Ancaq mənim üçün bir nəsnə var ki, onun rəngi də, ruhu da, ölçüsü də, qədəri də - bir sözlə hər şeyi eynidir. Bəs o nədir?
-VİCDAN!
Əlbəttə, bu, hər insanda olmur. Yaxud da deyə bilmərik ki, kimsə bir az vicdanlıdır. Çünki vicdan ya olur, ya olmur. Yəni bir az əvvəl qeyd etdiyim kimi, onun ölçüsü, qədəri dəyişmir. Heç vicdanlı insanların özləri də dəyişmirlər. Olduğu kimi qalmağı bacarırlar, lap elə vicdanın özü kimi. Bu yaşıma qədər hələ bir adam görmədim ki, desinlər ki, filankəs vicdanlı idi, sonradan vicdanın itirdi. Yox, əzizlərim, vicdan insanla birlikdə doğulur. Yəni onu sonradan qazanmaq mümkün deyil. O nəsnə insanın qanında-canında olmalıdır. Bu da hər adamın payına düşmür. Əgər hər adam vicdanla doğulsaydı, dünyada ağla yanaşı qara, yaxşılıqla yanaşı pislik, düzlə yanaşı əyri yaranmazdı.
Təxminən 3-4 gündür ancaq xalq artisti İlhamə Quliyeva haqqında düşünürəm. O qadının həyatı, sənəti, xarakteri məni düşündürməyə başlayıb. Necə ola bilər ki, tanınmış bir ailənin övladı, bu cür səsin, bu qədər maddi imkanların sahibi olan bir insan daha kiçik işlərlə məşğul olsun? Görəsən, bilmirdi ki, bu kiçik işlərlə məşğul olmaq onu kiçildir? Yoxsa İlhamə xanımın daha çox asudə vaxtı olurdu?
Bilmirəm, nədənsə o qadının dəfn səhnəsi göz önümdən çəkilmir.
Dəqiq xatırlayıram, şaxtalı- boranlı bir qış günü dünyasını dəyişmişdi. 25 fevral- Xocalı faciəsinin ildönümünə təsadüf etmişdi. Ancaq görünür, onun vəfatı incəsənət aləminin faciəsinə çevrilməmişdi. Kim idi günahkar- özü, xəstəliyi, ya xarakteri?
Onun dəfninə gələn hər kəs vidalaşmağa, halallıq verməyə gəlmişdi? Əlbəttə, bu mövzu da sual altındadır.
Onlarla sənətçilər vardı ki, onu “çörəkkəsən”, mərdiməzar adlandırırdılar. Uzun illər həmkarları xalq artisti Flora Kərimova ilə düşmənçiliyi, xalq artisti Nazpəri Dostəliyevanın efir qadağaları, əməkdar artist Elza Seyidcahanı alçaltması heç kəsə sirr deyildi. Bütün bunlar sənətkarın sənətinin işığına kölgə salırdı. Özü də fərqinə varmadan mənəvi uçrumun bir addımlığında idi.
Onun bir çox müsahibələrini xatırlayanda “Süleymana qalmayan dünya” deyimini unudurdum. Elə bilirdim ki, sanki dünya əbədiyyən İlhamə xanımındır. Çünki iddiaları, tələbləri, özündən maddi və fiziki kiçik olan adamları hədələməsi məndə bu təəssüratı yaradırdı.
Ancaq onun vəfatından sonra Nazpəri Dostəliyevanın “xalq artisti”adına layiq görülüb, yenidən səhnəyə qayıtması, Flora Kərimovanın və Elza Seyidcahanın ona verdiyi cavablarla insanların gözündə ucalması, hər üç sənətçinin mərhumun dəfnində iştirak etmələri mənə xalq şairi Məmməd Arazın o məşhur “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeirini xatırladırdı.
Dünyanın gərdişini bu hadisələrin içində çözmək heç də çətin olmur. Həmişə düşünürəm, İlhamə xanım nəyi itirmişdi ki, ömrünün ahıl çağında bu qədər xoşagəlməz hadisələr yaşayırdı. Bəlkə də özü də bu sualın qarşısında aciz idi. Yaxud da bilirdi, etiraf etməkdən qorxurdu...
Onun saysız-hesabsız ürək yandıran ifalarını dinləyəndə kədərin içində, insanların nifrətini də görürəm. Mənə elə gəlir ki, onun heç bir mahnısı insanı daxilən dərin kədərə qərq etmir. Sanki dinləyicinin ona qarşı kini daxilən kədərlənməyə imkan vermir.
İndi hər xoşagəlməz hadisə ilə rastlaşanda, kimsə “sənin yolunu kəsəcəm”, “səni işdən çıxartdıracam” deyərək hədələyəndə, maddi olaraq məni özündən aşağı səviyyədə görəndə ilk ağlıma İlhamə Quliyevanın həyatı, taleyi gəlir. Doğrudanmı o hədələr məni sarsıdacaq? Doğrudanmı mənən sınacam? Əsla belə deyil, çünki mübarizənin nəticəsi nə olursa olsun, əxlaqlı və vicdanlı insan həmişə qalibdir. Bu qədər maddi varlığın içində mənəvi yoxluq yaşamaq ən böyük bədbəxtlikdir.
Sənət üçün, səhnə üçün çox uğurlu “fiqur” idi. Ancaq qadın kimi qətiyyən xoşbəxt deyildi. Bəlkə də mahnılarındakı yanğının ilk və əsas səbəbi bu idi.
Ancaq İlhamə xanımı ona görə qınayıram ki, bu yanğını kifayət qədər nəğmələrinə səpə bilirdi axı. Belə olan halda insanlara nifrət saçmağa nə ehtiyac var idi? İnsanlar onun yanğısını səpdiyi nəğmələri daha çox sevirdi, nəinki davalarını, təhqirlərini...
Hələ sosial şəbəkələrdə onu son mənzilə yola salan minlərlə insanların yazdıqları rəyləri dilə gətirmək istəmirəm. O rəyləri bir- bir oxuyurdum. Çünki həmin sözlərin hər biri həyat dərsi idi, bu dünyadan necə köçməyin təsviri idi... Ürpənsəm də, titrəsəm də, üzülsəm də sənətlə xarakterin üst-üstə düşməməsinin fərqinə varırdım...


Bakı -°C

