adalet.az header logo
  • Bakı -°C
05 Oktyabr 2026 13:31
57
ƏDƏBİYYAT
A- A+

Günəşi gözləyirəm... - Nigar Arifin şeirləri

GÜNƏŞİ GÖZLƏYİRƏM

 

Bir gün sən gəldin həyatıma,
Elə gözəl idin ki,
Yerin hərarətindən
Göylər tərlədi.
Adına “Yağış” dedilər.

O gündən bəri
İslandığım ən güclü,
Ən unudulmaz yağış oldun...

Və mən hələ də
Səni unutmaq üçün
Günəşi gözləyirəm…

 

NİYƏ QAYITMISAN?

 

Yavaş-yavaş sevgi də, 
çökdü-çökdü dərindən 
Öldürüb hisslərimi 
su kimi torpağına 
çəkdi-çəkdi dərindən… 
Parça-parça ümidlər 
Düşüb göydən aşağı 
İçimdə vulkan təki 
çalxalandı yerindən. 
Qurduğu tələsində, 
Can verən ovçu kimi, 
Soruşursan yenə də, 
Gecəmi səhərimdən. 
Bir zəlzələ sonrası 
qayıdan dalğa kimi 
De, niyə qayıtmısan? 
Ürək qorxur hələ də 
keçmişin havasından, 
gələcəyin şərindən… 
Ey gözümün dağ yeri, 
Başıma düşən daşın, 
indi ayaqlarıma 
hasar yeri, bağ yeri, 
Sən nədən narahatsan, 
Ölümdən,ya dirimdən?

 

AYRILIĞI GÜLLƏLƏ

 

Ey sən!
Ömür savaşlarında
Qoşun-qoşun hisslərin
sonuncu güman yeri,
Beş ulduz xəyalların
çoxdandır əsir düşən
yaralı komandiri!
Ha tutsan yaxasından, 
Həyat özbaşınadı. 
Qaçmağa çalışma heç, 
O səndən aşinadı. 
Kim nə deyir, qoy desin 
Olmasın da vecinə! 
Axır çata bilərsən, 
Dustaq arzularının 
Qurtuluş həvəsinə!
Ey sən! 
Ürəyində can verən 
ümidlərin əsgəri! 
Bircə dəfə məni dinlə, 
Götür bu darıxmağı, 
Ayrılığı güllələ!

 

HƏSRƏT OLDUM

 

Həsrət külək kimidir
güclü olurmuş demə…
Nəhəng bir ağac olsam,
yıxılardım bəlkə də…
Ya qorxub tısbağa tək,
qaçmağa yer tapmayıb,
çəkilib öz qınıma,
yığılardım bəlkə də…
Amma insan doğuldum,
dözüb-dözüb hər şeyə.
Tanrı belə yaratdı,
İçimdə fırtınalar, sellər 
coşub daşsa da,
sığdım evə-eşiyə…
Sürünüb ilan oldum
istəklərin dalınca,
ömrümdən keçdi ömür
soyuldum qabığımdan,
hər il yaşa dolunca.
Gah qurda köks ötürdüm,
Tutdu hər kəs alqışa,
Gah da ki, gecə -gündüz
Daş üstünə daş qoyub
Tay oldum qarışqaya…
Döyüşüb Aslan qədər
Haqq-nahaq sürüsündə,
Oturdum əvvəl-axır
Ədalət kürsüsündə…
Yenə həsrət içimdə,
dayanmadı, hey əsdi…
Sonra məni apardı,
Sonra mən həsrət oldum,
Külək beləcə kəsdi…

 

GİZLİ QORUQ

 

Mən səni sevəndə
Sən heç yox idin
Bəlkə yüz il əvvəl,
milyon il əvvəl,
Gizli saxladığım
Bir qoruq idin.
Qıyıb toxunmadım
o gündən bəri,
şirin nəğmə kimi
yuxuya daldım.
Uzun bir yol keçib,
bu yol boyunca
biraz sevinc aldım
biraz qəm aldım.
Axır sənə çatıb
bugün ayıldım.

 

YAXIN UZAQLAR

 

Mən də dünya kimi, mən də yer kimi
Özüm öz başıma dolanıb durdum.
Ha ki, dincəlirdi çarəsizliyim,
Düşüb gözlərimdən, çıxıb özümdən
Keçib öz içimdən özümü yordum

Yıxıldı adamlar, yıxıldı yollar,
Qırılıb yerindən qopdu arzular
Hardasa yırtıldı yalanın üzü
Parladı ömrümün sınmış güzgüsü.

Gördüm bu güzgüdə, özümü gördüm,
Boğulub, hələ də ölə bilməyən,
çırpınıb vurnuxan sözümü gördüm.
Səssiz addımların düşüb dalınca,
sözümə dırmaşan dözümü gördüm…

Hər şey uzaq idi yaxın olsa da,
Ulduza əl atan bir uşaq kimi,
Toxunmaq istədim mən də özümə
Burnumun ucunda dayansam da hey,
di gəl heç çatmadı əlim dizimə…

Arada bir zolaq sərhədim vardı,
Ayrı ölkələrin yaxınlığı tək.
Səsini eşidib görsəm də heç vaxt,
qovuşa bilmədik can çıxanadək.

 

QALIB ÇƏTİRİM

 

Hər şey gözəl idi, möhtəşəm idi,
Biraz çılğın idi, biraz şən idi,
Gülüb coşduğumuz səhnələr kimi,
Ürəkdə hönkürən nəğmələr kimi,
Susdum, dodağımdan asıldı qaldı.

Qaldı o günlərin lap arxasında,
Gizlən-paç oynayan böyüklər kimi,
Büdrəyib zamanın düz yaxasında.
Bəs niyə yenidən üz-üzə gəldik,
Bu qərib ömrümün astanasında?

Sərin bir meh idik, xoş və astaca,
Üzündən öpərdik xatirələrin.
Darıxan, çiskinli, yorğun gecələr,
Üstünü örtməzdi açan səhərin.

Hərdən üşüyərdi günəşin özü,
Yenə isidərdi çəməni, düzü
Ayı görməsə də kor olan gözü,
Buludda gəzərdi, çayda üzərdi.
Bir parça xəyaldan dadıb gizlicə,
Muncuq tək günləri ömürə düzərdi.

Bəs niyə yenidən üz-üzə gəldik,
Pozuldu keçmişin sirri, sehiri.
Bir də, görüşməsək nə dəyişərdi?
Yağış çoxdan kəsib, qalıb çətirim.