ANA SƏHİFƏ / YAZARLAR

Aqil olmaq missiyası

51410    |   2013-03-30 07:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aprelin 1-də Aqil Abbasın 60 yaşı tamam olur. Biz tələsməmişik. Onsuz da həmkarlarımız neçə gündü ki, yubilyarı sual atəşinə tutublar. Aqil bəy də özü demişkən, populyar olmağı sevən adam, geninə-boluna müsahibələr verir. Necə deyərlər, istədiyim yar idi, yetirdi...

Biz yubileyi fərqli qeyd etmək istədik. Tanınmışların Aqil Abbas haqqında fikirlərinə yer ayırdıq. Qəzetimizin təsisçisi, ilk baş redaktoru və baş məsləhətçisi səxavətli adam olduğundan biz də səhifələrin sayında xəsislik etmədik.

Nizami Cəfərov (Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, millət vəkili): "Evləri köndələn yar" povesti Aqil Abbasa yazıçı şöhrəti gətirdi. Yadımdadır ki, 80-ci illərin əvvəllərində meydana çıxan bu əsər ədəbi-ictimai mühitdə nə qədər geniş rezonans verdi, böyük xalq sənətkarı Qədir Rüstəmova, onun şəxsiyyətinə, sənətinə diqqəti necə cəlb elədi və ona hələ sağlığında necə əzəmətli bir abidə qoydu. Bu əsərlə Aqil sübut etdi ki, o, ədəbiyyatda təsadüfi adam deyil, əksinə, ədəbiyyata yeni mövzular, yeni ideyalar, özünəməxsus yeni detal və təfərrüatlar, üslub-intonasiya gətirməyə qadir bir yazıçıdır. Və belə də oldu.

Aqil Abbasın son illərdə qələmə aldığı əsərlər arasında "Dolu" romanı xüsusi yer tutur. Və mənə elə gəlir ki, bu roman Qarabağın yeni tarixi barədə yazılmış ən dəyərli əsərlərdən biri, bəlkə də birincisidir. Bir neçə il öncə yazdığım məqalədə bu əsəri müasir ədəbiyyatımızın "Qarabağnamə"si adlandırmışam".

Novruz Novruzov (Şabran Rayon İcra Hakimiyyətinin başçısı): "Qəzetlərdən oxudum ki, Aqil Abbasın 60 yaşı tamam olur. Açığı heç inanmadım.

Axı, mən neçə illərdən bəri səmimi ünsiyyətdə, ülfətdə olduğum Aqil Abbası həmişə cavanlara xas əsl coşqunluqda, şuxluqda görmüşəm. Hərçənd ki, bəzən o şuxluğun arxasında bəlkə də yüz yaşlı qocalara xas müdrikliklə yanaşı bir dərin kədər də gizlənir.

Bəri başdan deyim ki, hələ ötən əsrin 70-ci illərindən, Aqil Abbasın mətbuatda ilk nəsr nümunələrinin dərc olunduğu vaxtdan onun oxucusu olmuşam. Əsərlərini düşünə-düşünə oxumuşam.

Aqil Abbas Azərbaycanımızın mərd, qeyrətli oğlanlarını təkcə vəsf edən bir yazıçı deyil. Eyni zamanda Vətən torpaqlarını qarış-qarış gəzib dolaşan bir səyyahdır ki, bu da yeniyetməlik yaşlarından indiyəcən görkəmli yazıçının Azərbaycan, yurd sevgisindən qaynaqlanır.

Sözümün bu yerində yadıma ötən əsrin 90-cı illəri düşür. Aqil müəllimlə Azərbaycanımızın dilbər guşələrindən birində, Lerik bölgəsində Diabar çökəkliyini, Zuvandda gəzdiyimiz günləri sanki dünənmiş kimi kövrəkliklə xatırlayıram. Aqil Abbasla ulu Savalanla üz-üzə dayanan Sahal dağının dibinəcən gedib çıxmışdıq və burasını da deyim ki, o yerlərin vur-tut 50-60 metrliyindən keçib, Azərbaycanımızı ikiyə ayıran tikanlı sərhəd məftillərini də acı-acı süzmüşdük. Həsrətlə o taya baxa-baxa qəhərimizi udub yazıçı ilə özünün də söhbətlərimizdə arabir xatırlayıb dilə gətirdiyi Kəlvəz kəndində, bir müəllimin süfrəsində bir tikə şirin çörək də kəsmişik. Və burasını da deyim ki, Aqil Abbas o səfərə özü ilə oğlanlarını da gətirmişdi. Bununla yazıçı bəlkə də övladlarına da ikiyə bölünmüş Vətən torpaqlarını tanıtmaq istəyirdi.

Aqil Abbasla daha sonralar yağı düşmənlə üz-üzə dayanan Goranboyda da dəfələrlə görüşmüşük. Düşmənlə təmas xəttinəcən qorxu-ürkü bilməyib birgə gedib çıxmışıq. Todanın, Buzlucun havasını udmuşuq. Yuxarı Ağcakəndi gəzib dolaşmışıq. Zirvəsi qarlı Murovdağın ətəklərinə dirənən "Məmməd ölən" yaylağında əziz dostumun dizini yerə söykəyib buz bulaqların ayna gözündən "oxqay" deyənəcən su içdiyinin də şahidi olmuşam.

Bir sözlə, Aqil Abbas ustad şairimiz Məmməd Arazın ölməz misralarında deyildiyi kimi, "Vətən torpağının hər daşına baş qoyan" bir sənətkardır.

Aqil Abbası Azərbaycanın hər yerində olduğu kimi bizim Şabranda da əziz, doğma bir adam, tanınmış yazıçı-publisist, ictimai xadim kimi dəyərləndirir və sevirlər.

Bölgəmizdə elə bir mədəni-kütləvi tədbir olmaz ki, bu böyük yazıçını, millət vəkilini dəvət eləməyək və o da vaxt tapıb o tədbirdə məmnuniyyətlə iştirak etməklə məclisi şərəfləndirməsin.

Bir neçə il bundan qabaq rayonda yerli yazarları birləşdirən Şabran ədəbi məclisinin 30 illiyində, ötən il rayon mərkəzi Şabran şəhərində Xaqaninin möhtəşəm heykəlinin və bu ulu şairin adını daşıyan poeziya evinin açılışında iştirakını və məzmunlu çıxışlarını şabranlılar hələ də xatırlayırlar.

Ssenarisi əsasında çəkilən "Dolu" filminin bölgələr arasında ilk nümayişlərindən biri də bizim Şabranda olub. Bu isə Aqil Abbasın ulu, qədim yurd yerlərinə məhəbbətinin bir ifadəsi, Şabran sevgisidir. Aqil Abbasa yaşının üstünə daha bir "60" gəlmək arzusu ilə..."

Rəşad Məcid (Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru): "Aqil Abbasla dostluğumuzun 30 ilə yaxın bir tarixi var.

Bütün bu illər ərzində tanıdığım, müşahidə etdiyim Aqil Abbas haqqında fikirlərimi bir yazıda əhatə etmək mənim üçün çox çətindi. Aqil Abbasın 50 illiyində "Əlli ilin Aqil Abbası" adlı bir yazı yazmışdım. Ötən il 59 yaşı tamam olanda isə "Unikal adam"ı çap etdirdim. Elə bilirəm ki, həmin yazımda Aqil Abbası tam xarakterizə edə bilmişəm. Aqil doğrudan da unikal adamdı".

Tofiq Abdin (yazar): "Sevimli Rəşad Məcid Aqil Abbasın 60 illik yubileyini qabaqlayaraq düz bir il əvvəl bir yazı yazmışdı və orada inadla deyirdi ki, o heç dəyişməyib. Rəşad bəyin yazısı dostanə bir yazı idi və bir çox insan bu yazını bəyənsə də mənim bir neçə şəxsi düşüncələrim var.

Bunları tam açıqlamasam da deyə bilərəm ki, Aqil Abbas necə də olsa bir az dəyişib və bu dəyişiklik yalnız mənim zərərimə işlədiyi üçün demirəm. Həm də elə məsələlər var ki, bunun aydınlatılması zor işdi, hələlik bəzi şeylərin heç məqamı da deyil. Bəzən ən böyük həqiqətlər çox narahat qarşılanır, xoşumuza gəlmir və biz bu həqiqətlərdən intiqam almaq üçün çalışmayaq. Aqil haqqında bir neçə dəfə yazmışam və inanın ki, indiki məqamda həqiqətləri yazmağa gücüm çatmadığı üçün baxdım ki, bu orijinal addımı nəylə mübarək edə bilərəm. Aqil Abbas son illər böyük ictimai işlər müqabilində həm də son dərəcə məhsuldar işləyib.

Əlini hara atıbsa ordan bir maraqlı ədəbi hadisə ola biləcək yazılar çıxarıb və bütün yazıları uğurlu olub. Mübahisə doğuran yazıları da olub ki, alimindən tutmuş mənim kimi sıravi oxucu da bu qədər işin içində onun bu yazıları nə vaxt yazdığından baş çıxar bilmir. Mizahı, esprisi və qələminin gücü ilə və üstəlik də naşirliyi ilə Mirzə Cəlili xatırladan bir ziyalı öz işinin başındadır və nəinki işinin başındadır və bu qədər zorluqların içindən sıyrılıb "Batmanqılınc", "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Qiyamət gecəsi", "Dolu" kimi sanballı əsərlər yazmağa da zaman tapır və yaşamağa da zaman ayırır".

Seyran Səxavət (yazışı): "Ədəbiyyata gələn kənd uşaqlarından bir də Aqil Abbasdı. Elə mən özüm də həmin uşaqlardan biriyəm. Biz elə bilirdik ki, Bakıya gəlməklə ədəbiyyata gəlmək eyni şeydi. Amma zaman paytaxta gəlməklə ədəbiyyata gəlməyin ayrı-ayrı şeylər olduğunu bizə göstərdi.

Aqil Qarabağdan, Boyatdan Bakıya içi dolu gəlmişdi. İçi sözlə, ədəbiyyatla dolu idi. Bu günə kimi də kənddən gətirdiklərini xərcləyir. Aqil şirin bir yazıçıdı. İlk hekayəsi o zaman "Ədəbiyyat və incəsənət" adlanan qəzetdə rəhmətlik Sabir Əhmədlinin razılığı, bir az da mənim köməyimlə işıq üzü görüb. Səhv etmirəmsə, elə adı da "Şirinlik" idi.

Aqil Abbas bu gün ədəbiyyatda var. Tanınır, oxunur, romanı əsasında film çəkilir. Ruslar demiş, o, özü-özünü təşkil edib. Jurnalist kimi də, yazıçı kimi də, deputat kimi də Aqil özü-özünü təşkil etməyi bacarıb. Bunların hamısının cəminə Aqil Abbas deyilir.

Aqil 50 illiyi ilə bağlı qurduğu məclisə məni də dəvət etmişdi. Həmin vaxt Mərdəkanda roman yazırdım. Həmin məclisdə iştirakım üçün elə bir xahiş elədi ki, o xahişi heç Tolstoy öz müasirlərindən eləməmişdi. Yubileyə gələnlər də yeyib-içəndən sonra onu geninə-boluna təriflədilər. Ümumiyyətlə Aqil Abbas çörək verən adamdı. Ötən 10 il ərzində bu xasiyyətini dəyişdiyinə inanmağım gəlmir. Bu dəfə məclisə çağırsa, sözlərimin ardını orada deyəcəm".

Zakir Fəxri (şair): "Aqil bir zarafat edib aprelin 1-də - yalan günündə doğulub. O gün dünyanın ən dəqiq günü olsun. Şəhriyar "Heydərbabaya salam" əsərində deyir ki:

Heydərbaba, dünya yalan dünyadı,

Süleymandan, Nuhdan qalan dünyadı,

Oğul doğan, dərdə salan dünyadı.

Hər kimsəyə hər nə verib, alıbdı,

Əflatundan bir quru ad qalıbdı.

Bu mənada Aqil Abbas aprelin 1-də - yalan günündə yox, yalan dünyada doğulub. Şəhriyar demişkən, doğru olanı Aqildən bir quru ad qalacaq. Doğru olan dünya qələmlə yazılanlardı.

Aqil Abbas taleyimin bir parçasıdı. Doğma, əziz bir parçası. Şair ömrümü Aqil Abbassız təsəvvür etmək mənim üçün çox çətindi. Heç yerdə işləmədiyim vaxtlarda çox olmayan məvacibini Aqil mənimlə yarıya bölüb. Naxçivanikdə şəhid olan qardaşım Kamilin yandırılmış cəsədini qucağına alan və bu günə kimi qucağında daşıyan qardaşımdı Aqil. Yandırılmış şəhid cəsədini qucağında gəzdirən adamın yeri cənnətlikdi.

60 yaş ömrün hesablanan günləridi, ona yaş demirlər. Aqilin yaşı ruhun yaşı qədərdi. Nə qədər ruh varsa, o qədər də Aqil Abbasın yazdıqları qalacaq. Ömründə bir kimsənin xətrinə dəyməyən, hər kəsin sevincinə, qəminə şərik qardaşımı təbrik edirəm. Doğuluşu doğru olsun! Aqil Abbas İradə Tuncayın klassik üslubda bir memarlıq abidəsidi!"

Eldəniz Quliyev (Yazıçı-kinodramaturq): "Aqil Abbas varlığı ilə həmişə fəxr etdiyim şəxsiyyətlərdən, dostlardan biridi. İntellektual səviyyəsinə, səmimiyyətinə, milli-mənəvi dəyərlərimizə sadiqliyinə görə, həmişə digərlərindən fərqlənib. Ötən illərdə və yaşadığımız günlərdə deputat nişanı altında gizlənən çox adamlar görmüşük. Amma Aqil həmişə təltiflərin, mükafatların, vəzifələrin fövqündə durmağı bacarıb. Bu illər ərzində Qarabağ ağrısını qəlbində, çiyinlərində daşıyıb, onu bədii ədəbiyyata gətirməyi bacarıb.

Aqil Abbası uzun illərdi ki, yaxından tanıdığımdan onun 60 yaşının olduğuna inanmıram. Yəqin ki, sıfırlardan birini gizlədib. Mən tanıdığım Aqil Abbasın ən azından 600 yaşı var".

Xumar Qədimova (müğənni): "Hansısa əsəri oxuyub bəyənəndə ürəyindən bir fikir keçir - müəllif mənim düşündüklərimi, qəlbimdən keçənləri, demək istədiklərimi yazıb. Aqil Abbasın yazılarını oxuyanda bu hissləri tez-tez keçirirəm. Düzdü, Aqil bəyin bütün yaradıcılığı ilə tanış deyiləm, amma bəzi bədii əsərlərini, "Ədalət" qəzetində yazdığı publisistik məqalələrini oxuyanda mənim, sənin, bizim, ümumən xalqımızın ürəyindən keçənləri qələmə aldığını duymuşam. Aqil Abbas xalqın ürəyindən keçənləri elə xalqın öz dilində yazır. Deməli, Aqil Abbas dəyərli jurnalist, istedadlı yazıçı, tanınmış ictimai xadim olmaqla yanaşı, həm də xalq adamıdı.

Mənim Aqil Abbasın ailəsinə özəl bir münasibətim var. Onun xanımı İradə Tuncayın yazılarına, düşüncələrinə vurulmuşdum. Maraqlıdı ki, İradə xanımın poeziyamızın qüdrətli nümayəndəsi Məmməd Arazın qızı olduğunu bilmirdim. Bunu sonralar öyrəndim və İradə xanıma hörmətim daha da artdı. Əvvəllər İradə xanımı çox qısqanırdım. Düşünürdüm ki, görən İradə xanımın həyat yoldaşı ona yaraşırmı, qəlbindən keçənləri duyurmu? Aqil Abbası kəşf edəndən sonra bir çox suallara cavab tapdım.

Aqil bəyin yubileyini təbrik edirəm. Nə arzulaya bilərəm? Qoy xalqımız üçün gərəkli ömrünün bundan sonrakı illərini özünün, həyat yoldaşı İradə xanımın arzuladığı kimi yaşasın".

Mahir Qarayev (şair-tərcüməçi): "Aqil Abbas çox şən adamdı, çox şux adamdı. Hər halda özünü belə göstərməyə meyllidi və biz də onu belə görməyə öyrəşmişik. O qədər zarafatcıldır ki, hərdən adama elə gəlir Aqil Abbasın aprelin 1-də doğulması onun biz dostları ilə bir zarafatıdı. Amma hərdən də mənə elə gəlir ki, Aqil Abbası həyatda bu cür şən görmək, şux görmək dostlarına həm də hardasa sərf edir və biz onun bu şən, şux təbiətindən bəzən su-istifadə də etməyə çalışırıq. Özü də bədbəxtlikdənmi, xoşbəxtlikdənmi dostların sayı çoxdu - mən təsəvvür edə bilmirəm ki, dostlarının sayı Aqil Abbas qədər çox olan ikinci bir yazıçı tapılsın. Bu da təsadüfi deyil, daha doğrusu bunun özəl bir sirri var - Aqil Abbas hər dostla onun yaşında olmağı bacarır. Yəni 30 yaşlı dost üçün Aqil Abbas 30 yaşında cavan bir oğlandı, 70 yaşlı dost üçün 70 yaşında bir qoca. Bu səbəbdən Aqil Abbasın 60 yaşı son dərəcə nisbidi. Aqil Abbas olsa-olsa yəqin 60 yaşlı dostu üçün 60 yaşındadı.

O ki, qaldı Aqil Abbasın yaradıcılığına- burda o, kifayət qədər ciddi, hətta mən deyərdim xeyli kədərlidi. Xüsusən də "Dolu" romanının ikinci hissəsində. Amma Aqil Abbasın bugünkü şən ovqatında kədərli şeylərdən çox danışmaq istəməzdim. Bu şən ovqatında mən Aqil Abbası sadəcə təbrik edirəm. Amma 60 yaşlı Aqil Abbası yox, mənim yaşıdım olan Aqil Abbası..."

Vüqar Rəhimzadə ("İki sahil" qəzetinin baş redaktoru): "Əvvəla onu deyim ki, Aqil Abbasa 60 yaş vermək olmaz. Çox gənc, sağlam, enerjilidi. Bütün bu xüsusiyyətlər onun yazılarında da hiss olunur. İstedadlı jurnalist, gözəl yazıçı olmaqla yanaşı Aqil Abbas həm də mehriban dostdu. Yubileyini təbrik edir, ən xoş arzularımı yetirirəm. Əziz dostumuzdan yeni əsərlər gözləyirəm. Vətənimiz, Xalqımız, Dövlətimiz üçün gördüyü işləri bundan sonra da davam etdirsin. Torpaqlarımızın bütövlüyü yolunda ürəyində gəzdirdiyi bütün arzularının həyata keçdiyini görmək nəsibi olsun".

Elxan Cəfərov (kinorejissor): "Aqil bəyi özümə böyük qardaş saydığımdan həmişə ona "Abi" - deyə müraciət edirəm. Mən yalnız özümdən daha yaxşı düşünən, daha doğru qərar verən və düzgün yol göstərənlərə abi deyirəm. Onunla təmas quranda elə şərait, ovqat yaradır ki, yaş fərqini unuduram. Elə bilirəm ki, Aqil mənimlə yaşıddı. Amma tarix də sübut edir ki, aramızda yaş fərqi var, Aqil abi ən azından 10-15 bayram məndən böyükdü.

Aqil Abbas çox mərd, dəyanətli, qəlbi geniş, sözü bütöv kişidi. Bütün məqamlarda şəxsiyyətini qorumağı bacarır. Aqil Abbas xoşbəxt yazıçıdı. Çünki ətrafımızda baş verən həyat hadisələrini bədii ədəbiyyata gətirməyi ustalıqla bacarır. Tanrı hər yazıçıya bu ustalığı bəxş etmir".

Qulu Ağsəs (şair): "Aqil Abbasın janrını tapmaq müşkül məsələdi, sözün açığı. Tragikomediya... hə. Bir az uyğun gəlir. İşğal günləri, bir də 1 Aprel - Gülüş bayramında gözüm onu axtarır. Bu adam bir gözü ilə ağlamağı, bir gözü ilə gülməyi bacarandı. Milli Məclis rəhbərliyi əgər onu oturan görübsə xoşbəxt adamlardı. Aqil Abbas dizini qatlaya bilmir. 60 yaşa qaça-qovla gəlib çatıb. İstəsə, geri dönüb təzədən uşaq olar. Özü də yüyürə-yüyürə. Kolanı Məhəmməd kişinin oğlu. Ağdam cayıllarının dostu. Universitet tələbəsi. Məmməd Arazın kürəkəni. Bir neçə kitab müəllifi. "Ədalət"in sahibi. Yox, Ədalətin sahibi o deyil. Aqil Abbasınkı qəzetdi, dəftərdi, qələmdi, davadı, torpaqdı, yazıdı, man... dat deyil. Ondan məmur olmaz. Heç hakim də! Məhkəmədə hamını götürüb yeyib-içməyə aparar, zərərçəkəni də müttəhimin sağlığına içməyə vadar edərdi. "Zakuska"sız-zadsız. Amma futbol məşqçisi olar. Rəqib komandaya elə söz deyər ki, topu buraxıb qaçarlar..."

Deyilən, hələ deyiləcək bütün yaxşı sözlərə qoşuluram. Təbii ki, Aqil Abbasa öz təbrikim də var.

Aqil bəy, sizin ən doğru addımınız "Ədalət" qəzetinin baş redaktorluğunu etibar edib İradə Tuncaya təhvil verməyinizdi. İndiki zamanda qardaş qardaşa bu vəzifəni keçməzdi. Halal olsun...

Etibar CƏBRAYILOĞLU



İmza:

YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK