adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Dekabr 2017 00:08
21265
GÜNDƏM
A- A+

LƏYAQƏTLİ VƏ ŞƏRƏFLİ ÖMÜR YOLU

Musa
NƏBİOĞLU
Əməkdar
Mədəniyyət
İşçisi

Peyğəmbərimizin yaxın adamları bir gün ondan soruşmuşlar: "Ey Allahın peyğəmbəri, dünyada görülən işlərin ən yaxşısı nədir?" Peyğəmbər cavab verir ki, dünyada görülən işlərin ən yaxşısı elm öyrənməkdir. Və elmi "imanın meyvəsi və İslamın çırağı" adlandıraraq buyurub ki, "Mən bir müəllim olaraq göndərildim. Mən gözəl əxlaqı tamamlamaq üçün gəldim".
Peyğəmbərimizin bu qiymətli kəlamlarından da aydın olur ki, bütün zamanlarda müəllimə böyük hörmət olub, müəllimin zəhməti yüksək dəyərləndirilib. Müəllimlik Tanrı peşəsi hesab edilib, müəllimə hörmət Allaha hörmət kimi sayılıb.
Müəllim təkcə o deyil ki, sənə orta, yaxud da ali məktəbdə dərs demiş olsun. İnsanın bütün ömrü boyu müəllimə - özünün zəngin həyat təcrübəsi və müdrikliyi ilə həyatın çətinliklərinə sinə gərməyi, sədaqətli, etibarlı, dözümlü olmağı, Vətəni sevməyi öyrədən müəllimə - ağsaqqala ehtiyacı olur. Bu yazıda haqqında söhbət açmaq istədiyim Əli müəllim də bu mənada mənim həyatda qarşılaşdığım əsl müəllimlərdəndir. Atam da, özüm də müəllim olduğumdan, tərəddüdsüz deyə bilərəm ki, o, müəllim adını ikiqat haqq edənlərdəndir. Çünki bütün ömrü boyu elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq ali məktəbdə dərs deməklə yanaşı, həyatda da şəxsi nümunəsi ilə çoxlarına örnək olub.
Əli Pənah oğlu Həsənov əslən Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. 1937-ci il dekabrın 30-da Beyləqan rayonunun Binnətli kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirib, o dövrün ali məktəblərə qəbul qaydalarına uyğun olaraq bir fəndən imtahan verib və "əla" qiymət alaraq 1957-ci ildə o vaxtkı K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Dövlət İqtisad Universiteti) ticarət-iqtisad fakültəsinin əmtəəşünaslıq şöbəsinə daxil olub. İlk günlərdən intizamı, əla oxuması və institutun ictimai həyatındakı fəallığı ilə seçilib. Tezliklə institut komsomol komitəsinin katibi seçilib. İnstitut komsomol komitəsinin katibi kimi, 1958-ci ilin yay tətili zamanı Qazaxıstan respublikasının xam torpaqlarına taxıl yığımına gedən azərbaycanlı tələbələr arasında Xalq Təsərrüfatı İnstitutunun tələbələrinə başçılıq edib, təşkilatçılıq bacarığına görə Qazaxıstan respublikasının "Fəxri fərman"ı ilə təltif olunub.
1959-cu ildə K.Marks adına AXTİ-nin əmtəəşünaslıq fakültəsi də daxil olmaqla bir neçə ixtisası Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tərkibinə daxil edilib və bu səbəbdən də Ə.Həsənov 1962-ci ildə həmin universiteti bitirib. Ali məktəbi də fərqlənmə diplomu ilə bitirdiyinə görə, elmi şuranın qərarı ilə ixtisasına müvafiq kafedrada saxlanılıb. Böyük elmi uğurlara aparan yolda ilk addımlarını atmağa başlayıb. Elmi axtarışlarla yanaşı, ictimai işlərdən də kənarda qalmayıb, universitetin Birləşmiş Həmkarlar İttifaqı komitəsi sədrinin müavini kimi fəaliyyət göstərib.
Alman filosofu Şopenhauerin belə bir ibrətamiz fikri var: "Böyük zəkalar bəşəriyyətə nə verməlidirlərsə, onlar onu artıq gənclikdən toplamağa başlayırlar". Əli müəllim də gənclik illərindən bir sıra uğurlara imza atıb.
1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yaradılanda bu ali təhsil ocağının birləşmiş Həmkarlar İttifaqı komitəsinin sədri seçilən Əli müəllim on il bu vəzifədə uğurla çalışıb, əməyi müxtəlif mükafatlarla qiymətləndirilib. O, eyni zamanda uzun müddət institut partiya komitəsinin və elmi şuranın üzvü kimi ictimai vəzifələri də yerinə yetirib. Necə deyərlər, uğurları bir-birini əvəz edib.
1967-ci ildə əmtəəşünaslığın mühüm problemlərinə həsr olunmuş dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb, az sonra qeyri-ərzaq malları əmtəəşünaslığı kafedrasının rəhbəri vəzifəsinə irəli çəkilib.
1987-ci ildə - SSRİ-nin süqutu ərəfəsində heç bir əsas olmadan Xalq Təsərrüfatı İnstitutu Leninqrad Maliyyə-İqtisad İnstitutunun filialına çevrildi. Üstəlik bu azmış kimi, Əli müəllimin də çalışdığı əmtəəşünaslıq ixtisası üzrə qəbul isə tamamilə dayandırıldı. Haqq işi uğrunda mübarizənin elə də asan olmadığı həmin ərəfədə, bəlkə də, çoxları yaranmış vəziyyətlə barışardı. Ancaq hər zaman prinsipiallığı ilə seçilən, düz sözü deməkdən çəkinməyən Əli müəllim bu "rahat" yolu tuta bilməzdi. Kafedrada onunla birgə çalışan Nurəddin Həsənov, Tofiq Osmanov, Sahib Dadaşov və digərləri ilə birlikdə Azərbaycanın iqtisadi inkişafında vacibliyini əsaslandıraraq bu ixtisasın bərpası uğrunda mübarizəyə başlayıb. Zəhməti hədər getməyib, necə deyərlər, haqq iş qalib gəlib, əmttəşünaslıq ixtisası üzrə yenidən mütəxəssis hazırlanmasının vacibliyi nəzərə alınaraq 1989-1990-cı tədris ilində bu ixtisas üzrə tələbə qəbulu aparılması işi Azərbaycan Neft-Kimya İnstitutuna həvalə olunub. Az sonra isə Gəncə Texnologiya İnstitutunun Bakıda Əmtəəşünaslıq fakültəsi yaradılıb. Ancaq bununla da razılaşmayan Əli müəllim mübarizəsini sonadək davam etdirib və bir il sonra həmin fakültənin filiala çevrilməsinə nail olub. Daha sonra isə bu filialın bazasında Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutu yaradılıb. Bu illər ərzində Əli müəllim dekan, filialın direktoru və adıçəkilən institutun rektoru vəzifələrində çalışıb, eyni zamanda YAP-ın əmtəəşünaslıq fakültəsi üzrə partiya təşkilatının sədri kimi də qayğıları çox olub.
2000-ci ildə Əmttəşünaslıq-Kommersiya və İqtisad İnstitutlarının bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılanda Əli müəllim texniki və texnoloji ixtisaslar üzrə prorektor vəzifəsinə təyin edilib, sonra elmi-pedaqoji fəaliyyətini əmtəəşünaslıq fakültəsinin dekanı kimi davam etdirib. Hazırda ADİU-da istehlak mallarının keyfiyyət ekspertizası kafedrasının müdiridir.
Ə.Həsənov Azərbaycanda ali təhsil işinin bacarıqlı təşkilatçısı və bu sahəni dərindən bilən bir alim kimi tanınmaqla yanaşı, həm də respublikamızda qeyri-ərzaq malları əmtəəşünaslığı və istehlak mallarının ekspertizası üzrə yeganə professordur. Ali məktəb tələbələri üçün bu ixtisas üzrə ilk dərslikləri də məhz o yazıb. Respublikamızda əmtəəşünaslıq ixtisasının tədrisinin bünövrəsini qoyan və bu sahədə böyük elmi-tədqiqat işləri aparan, ilk dərsliklər yazan alimdir. 50 ilə yaxın elmi-pedaqoji staja malik olan bu tanınmış alim 200-dən çox elmi əsərin, o cümlədən 30-a yaxın dərslik və dərs vəsaitinin müəllifidir. Dəfələrlə beynəlxalq, keçmiş ittifaq və respublika səviyyəli elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib. Bu gün ölkəmizin elə bir guşəsini, iqtisadiyyatın elə bir sahəsini tapmaq çətindir ki, orada Əli müəllimin yetirmələri çalışmasın.
Əli müəllim, müdriklər demiş, keçmişlə gələcəyin arasında öz yerini müəyyənləşdirə bilən, elmi ictimaiyyət arasında və bütövlükdə cəmiyyətdə özünəməxsus mövqeyi olan ziyalı, xoşbəxt taleli insandır. Çünki keçmişlə gələcək arasında qurduğu körpüdən zaman-zaman keçən insanlar onun yaradıcısına minnətdarlıqlarını ifadə edəcəklər. Əli müəllim kimi möhkəm özülü, sarsılmaz dayağı olan bu körpünün uzunömürlülüyünə isə kimsədə şübhə ola bilməz.
Təbii ki, bir qəzet yazısında Əli müəllim kimi görkəmli alimin keçdiyi ömür yoluna hərtərəfli ayna tutmaq mümkünsüzdür. Ancaq onu bircə kəlmə ilə xarakterizə etmək lazım gələrsə, sadəcə onu demək lazımdır ki, Əli müəllim ləyaqətli insan, sözü və əməli bir olan bütöv şəxsiyyətdir. Heç vaxt şan-şöhrət dalınca qaçmayıb, etdiyi yaxşılıqlarla öyünməyib, bunu bir insanlıq borcu sayıb. Bir həqiqətə inanıb və tələbələrinə də bunu təlqin etməyə çalışıb ki, Xalq şairi Osman Sarıvəlli demiş:

Ləyaqətin varsa, taparlar səni,
Şan-şöhrət dalınca qaçmaq əbəsdir!

Ləyaqətli və şərəfli ömür yolu keçmiş Əli müəllimin bu günlərdə anadan olmasının 80 illik yubileyi tamam olur. Bu münasibətlə onu təbrik edir, uzun və sağlam ömür, respublikamızda elmin, təhslin və iqtisadiyyatın inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıram.