Əbülfət Mədətoğlu: Sənlə birgə, biz qocaltdıq illəri...
Sığalladıq saçın, telin həsrətin
Bir üzü qız, biri gəlin həsrətin!
Buraxmadıq bir an əlin həsrətin -
Sənlə birgə , biz qocaltdıq illəri...
Çəkilən ah - yerdən göyə körpüdü
Bu görünən kölgəsidi, görküdü ...
Ürəyimə hava çatmır - bürküdü -
Sənlə birgə , biz qocaltdıq illəri...
Dağ dumandan çiynimizə şal saldı
Kəhərimiz hamar yolda nal saldı...
Təklik bizim qəlbimizə xal , saldı -
Sənlə birgə , biz qocaltdıq illəri...
Baxa-baxa susub qaldı gün - günə
Qoymadıq ki , qulluq etsin bir dinə!
Daşıyaraq çox döngəyə, çox tinə -
Sənlə birgə , biz qocaltdıq illəri...
Bizə belə taleh seçib, bəxt seçib -
Öz -özünü qınamaqdan ta , keçib !
Ya arxada boynun büküb, ya keçib!-
Sənlə birgə , biz qocaltdıq illəri...
Sevgimizlə biz ucaltdıq, illəri!


Bakı -°C

